3. 059 dəfə oxunub ,   1 şərh   Çap et

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Quranı doğru anlamaq və İlahi məqsədlərini dərk etmək üçün müəyyən qaydalara əməl etmək lazımdır. Bunun üçün əvvəlcə Rəsulullah (s.a.s.) və səhabələrin izah və təmsilləri, həmçinin İslam alimləri fikirləri nəzərə alınmalıdır. Ancaq Quranı anlamaq üçün bu prinsiplərdən əvvəl insanda hiss və düşüncə saflığı, kəlamullaha həqiqi ehtiyac olmalıdır.

Hislərin saflığı 

Hisləri saflığı deyərkən insanın düşüncələrinin təmizliyi, səmimiliyi və hər hansı mövzu haqda danışarkən tərəfsizliyi nəzərdə tutulur. Hislərin saflığı bu nöqteyi-nəzərdən istənilən mövzuda önəmlidir. Quran və Sünnəyə saf hislərlə yaxınlaşmaq əslində insanın qərəzsiz olması, yad ideologiyaların təsirində qalmaqdan bu iki mənbəni ilahi istəyə uyğun anlamağa çalışmasıdır. Hisləri saf və təmiz olan insan Allahın rizasından başqa heç nə düşünməz. Yəni Quranı özünü ifadə vasitəsinə çevirməz. Quran “libası” geyinən insan Allahın kəlamını heç nəyə alət eləməz. Çünki onun əsas məqsədi əvvəlcə ilahi kəlamı Yaradanın məqsədinə uyğun anlamaq, sonra da bunu başqalarına çatdırmaqdır.

Əgər bir insan Quranın ayələrini, surələrini, mövzularını çox yaxşı bilər və bunları öz fikirlərini izah etmək üçün istifadə edərsə, onun hiss və düşüncələrinin saflığından söhbət gedə bilməz. Düşüncələri “kirlənən” insan Qurandan “öyrəndiklərinə” əsaslanaraq başqalarının ona hörmət etməsini istəyər və bununla müəyyən “dərəcələrə” çatmağı düşünər. Onun düşündüklərinə çatması mümkün deyil. Bəziləri aldanaraq onun arxasınca düşsə də, bu mütəmadi olmaz.

Hislərin saflığı insanın niyyət və məqsədi ilə birbaşa əlaqəlidir. Yəni insanın Qurandan faydalanması niyyətinin yaxşı və ya pis olmasına bağlıdır. Özünü “savadlı” göstərmək, başqalarının “hörmətini” qazanmaq kimi saxta niyyətlərlə Quran oxuyan və öyrənən insan “istəklərinə” nail olsa belə, Qurandan həqiqi mənada faydalana bilməz. Ancaq səmimi niyyətlə Quran öyrənən, sadəcə Allahın rizasını düşünən, İlahi kitabı oxumaqla Yaradanın məqsədlərini anlamağa və beləcə kamil bəndə olmağa çalışan mömin Qurandan daha çox faydalanar. Uca Allah da ona bir çoxlarının görmədiyi həqiqətləri göstərər.

Bu səbəbdən mömin əvvəlcə Quran haqqındakı hiss və düşüncələrini nəzərdən keçirməli, Quranın düşüncəsindəki yerinə nəzər salmalıdır. Həmçinin Quranın Allah kəlamı olduğunu unutmamalı, ona insanların yazdığı kitablar kimi səthi nəzərlərlə baxmamalıdır. Yadda saxlamalıdır ki, Quranın özünəxas üslubu və ifadə tərzi var. Əgər Quran ona “qapılarını” açarsa, hiss və düşüncələrinin təmizliyi xüsusunda daha həssas davranmalıdır. Qurandakı mənaları doğru anlamaq və Allahın Quranda bildirdiyi ilahi muradı başa düşmək üçün zehnini hər cür kirli fikirlərdən təmizləməli, niyyətini pak tutmalıdır.

Düzdür, Qurana qarşı bu mövqedə olmaq bir az çətindir. Mömin bu çətin hədəfə çatmaq üçün Uca Allaha nə qədər dua etsə azdır. Bu cür düşünən mömin əllərini qaldırıb belə dua edə bilər: “Allahım! Bizə göndərdiyin ilahi kəlamdakı ali məqsədini anlamaq isktəyirəm. Kəlamınla Səni tanımaq və Səni hiss etmək istəyirəm. Müqəddəs kəlamını səndən və ya Rəsulundan eşidirmiş kimi duymaq istəyirəm. Allahım! Mənə Quranı anlama qabiliyyəti nəsib eylə!”  

Qurana olan ehtiyac

Qurana olan ehtiyac möminin Quranı şirin su mənbəyi kimi görməsi və ona həmişə ehtiyacının olduğunu düşünməsidir. Bu cür düşünən mömin fikir, məntiq və mühakimə qabiliyyətlərini səfərbər edərək həmin mənbədən istifadə etməyə çalışar. Təkcə düşüncələrində yox, qəlbinin və vicdanının dərinliklərdə də bunu hiss edər. Əks təqdirdə insan həmin şirin su mənbəyindəki “sudan” içə bilməz və “susuz” qalar. 

Bəli, ehtiyac insanı yeni şeylər öyrənməyə və kəşf etməyə təşviq edən əsas amildir. Zərurət və ya çarəsizlik (dara düşmək) ehtiyacdan fərqlidir. Zərurət halında insannın istək və davranışları başqa cür olur. Quranda zərurətin (çarəsizlik və dara düşməyin) Allaha müraciət üsullarından biri olduğu və Allahın darda qalanların duasını qəbul edəcəyi bildirilir.

Mömin də məhz bu cür zəruri ehtiyacla Qurana yönələr və “Allahım! Mən Quransız yaşaya bilmərəm. Quran olmadan doğru yolu tapa və sirati-müstəqimdə qala bilmərəm.” − deyə yalvararsa, Uca Allah ona Quranda axtardığını tapmağı nəsib edər.

İstəməkdən doyan, ehtiyacını hiss etdirmədən üzünü o tərəfə çevirərək “istəsən ver, istəsən vermə” düşüncəsilə nə isə istəyən dilənçiyə heç kim bir şey verməz. Ancaq bütün varlığı ilə ehtiyac içərisində olduğunu hiss elətdirən dilənçiyə “yox” demək isə bir az çətindir. Yəni bir dilənçi belə ehtiyacının fərqində olmalı, dilənməyi və istəməyi bacarmalıdır ki, məqsədinə çatsın.

Bilmədiyi halda bildiyini zənn edərək sual verən insanın alacağı cavab buna uyğun olar. Həmsöhbəti bu cür soruşulan suala cavab ya verə bilməz, ya da ki, bir neçə cümlə ilə onu başından edər. Ancaq insan sual verəcəyi şəxsə etimad edərək həqiqətən onun cavabına ehtiyacı olduğunu göstərərək sual verərsə, cavablayan əlindən gəldiyi qədər onun ehtiyacını qarşılamağa çalışar.  

Mömin də bunun kimi Qurana olan ehtiyacını anlayaraq sidq-ürəkdən ona yönəlsə, Quranı daha dərindən anlayar və faydalanar. Quran xəzinələrini ancaq səmimi hislərlə ona yönələnlərə açar. Qurana ehtiyacı yoxmuş kimi rəftar edənlə Quran da bu cür davranar və həmin kəs Qurandan faydalana bilməz. Düzdür, həmin insan da Quran ayələrini oxuyar və zahiri mənalarından nələrsə anlayar. Ancaq məsələlərin arxa planını əsla görə, dərinliklərə enə və həqiqi ilsahi məqsədi anlaya bilməz.

Ehtiyacın fərqində olmaq

Mömin Qurandan ehtiyacı nisbətində faydalanmaq üçün əvvəlcə ehtiyacının fərqində olmalıdır. Bu fərqindəlik üçün bəzi xüsuslara riayət etmək lazımdır. Məsələn: Quranın necə bir kitab olduğunu anlamaq, möminin dünyəvi və üxrəvi ehtiyaclarını necə qarşıladığını dərk etmək, Qurandakı müəyyən məsələləri daha yaxşı anlamaq üçün xatırlatmaq və s. Bunun üçün lazım gələrsə, Quranla əlaqəli bəzi əsərləri birgə müzakirə etmək də olar. Quranla əlaqəli söhbət və ya müzakirə vasitəsilə də Qurana olan ehtiyacı gö(stə)rmək mümkündür. Sadalanan xüsuslar üzərində təcrübələr aparmaqla, Qurana aid bəzi xüsusları önə çıxarmaq və insanların diqqətini İlahi kəlama çəkərək ehtiyaclarını göstərmək olar. Beləcə, insanlar Qurana yönələr.

Əks təqdirdə Quran açarları tapılmayan bir xəzinə kimi önümüzdə durar və biz həmin xəzinədən faydalana bilmərik. İstənilən qiymətli xəzinədən istifadə etmək üçün açara ehtiyac var. Qurana olan ehtiyacı anlamaq və hislərin saf olması da Quran xəzinəsinin açarları mahiyyətindədir. Bu nöqteyi-nəzərdən mömin bu açarlara sahib olmağın və bu xüsusda başqalarına kömək etməyin yollarını axtarmalıdır.

Uca Allah Quranda belə buyurur:

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.[1]

Deməli, bizim dirilməyimiz Allah və Rəsulunun dəvətinə cavab verməklə, yəni Quranın hölmlərinə tabe olmaqla mümkündür. Bu dəvəti eşitməyənlərin canlı qalması mümkün deyil. Dəvətə həqiqətən cavab verməyin yolu insanın hər cür qərəzli mövqedən, şərti yanaşmadan uzaq saf hislərlə Qurana yanaşması və ehtiyaclarının fərqində olaraq bunları Quranla aradan qaldırmağa çalışmasıdır.

Başqa sözlə mənən diri qalmaq üçün mütləq Qurandan istifadə etmək lazımdır. Bunun üçün də ondan nələrsə “dadmağa”, onu hiss etməyə, xarakterin bir hissəsinə çevirməyə və özümüzünküləşdirməyə ehtiyac var. Bunlarla yanaşı əsla Quranın Allah kəlamı olduğundan şübhəyə düşmək olmaz. Uca Allahdan istəniləcək əsas şeylərdən biri də məhz bu olmalıdır.

Qurana bizə öyrədilən saf əqidə ilə baxmamalıyıq. Quana olan imanımızı ağlımıza, məntiqimizə, hislərimizə qısaca bütün varlığımıza elə hopduramlıyıq ki, bunun əksinə bir şeylə qarşılaşanda düşünmədən reaksiya verə bilək. Yəni Quranı müdafiə mexanizmi bizdə təbii hala gəlməlidir. Kənardan gələn səhv, yanlış fikirlərə qarşı güclü qalxanımız olmalıdır. Əgər hər hansı tərəddüd və şübhəyə düşsək, bu Quranı anlamağımıza mane olar. Bu səbəbdən əllərimizi qaldırıb: “Allahım! Mənə elə bir iman nəsib elə ki, qarşıma min şeytan çıxsa, əqli və məntiqi sübutlarla məni Quranın kəlamullah olmadığına inandırmağa çalışsa, mən onların hamısını özümdən uzaqlaşdırmağı bacarım. Ağıl, təsəvvür və təxəyyülümə Qurana olan imanıma müxalif heç bir düşüncə yaxın düşməsin. Əgər birdən düşərsə, imanım onları əritsin.” – deməliyik.

Əvvəldə də qeyd olunduğu kimi bu xüsusda Allahdan nə qədər çox istəsək yenə azdır. Əfsus ki, bu mövzuda möminlər Allahdan çox az istəyirlər. Allaha bu xüsusda yalvaran bir insan, “görəsən belə imanı necə əldə edə bilərəm?” deyərək bu işin arxasınca düşər. Səyyah kimi araşdırar, tapdıqları ilə yetinməz və həmişə “daha artığı yoxdurmu?” deyə düşünər. Bu cür düşünən mömin ciddiyyətini itirmədən bütün varlığı ilə əlindən gələni edərsə, əvvəl-axır məqsədinə çatar. Təbii ki, axtarmayan tapa da bilməz.

Xülasə, biz tez-tez özümüzə nəzər salmalı, bu xüsusda harada olduğumuzu yoxlamalıyıq. Nəyin ardınca getdiyimizə baxmalı, bizim üçün həyatdakı əsas məsələnin (məqsədin) nə olduğunu düşünməliyik. İman və mərifətdə dərinləşmək əsas qayəmiz olmalıdır. Yemək-içmək, oğul-uşaq sahibi olmaq kimi dünyəvi işlərimiz də bu məqsədə xidmət etməlidir. Əks halda xaos yaşayarıq. Tədricən bəzi dünyəvi işlər bizim üçün məqsəd halına gəlməyə və bizi əsl yaradılış qayəmizdən uzaqlaşdırmağa başlayar.


[1] Ənfal surəsi, 8/24.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


1 şərh yazılıb
  1. Gündüz , 18/12/2020 tarixində, saat 07:12

    Çox faydalı bir məqalədir.
    Son dərəcə vacib bir məsələyə toxunmusuz.
    İnsan həmişə kamilləşmə yolunda olmalıdır. Bunun da yolu Yaradıcı ilə davamlı ünsiyyətdə olmaqdır. Çünki “bir məhsulun instruksiyasını” onun istehsalçısı daha yaxşı bildiyi kimi, insanın nəyə, necə və nə vaxt ehtiyacı olduğunu onun Yaradıcısı daha yaxşı bilir.
    Yaradıcı istəyən hər kəslə Quran vasitəsilə ünsiyyət qurur. Quranı davamlı oxumaqla insan sanki, yaradılış qayəsini xatırlayır, hər şeyə Quran prizmasından dəyər və əhəmiyyət verir. Əks təqdirdə, insan subyektiv dəyərləndirmə mexanizmini işə salır və ətrafındakılara ehtiyacdan daha çox və ya daha az dəyər verə bilər.
    Məqalədən o qədər qeyd götürdüm ki, axırda məqaləni bütövlükdə çap etmək qərarına gəldim ))
    Zəhmətinizə görə çox sağ olun!

Şərh yaz