7. 179 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan və kainat kimin əsəridirsə, Quran da yalnız Onun əsəridir. Çünki Qurani-Kərim həm insanı insana tanıdır, həm də varlıq kitabını təfsir edir. Quran bir tərəfdən insanı bütün zəif cəhətləri və fəzilətləri ilə, digər tərəfdən də kainatı bütün sirr və incəlikləri ilə oxuyur ki, bütün kainata hökm edə bilməyən bir Zatın belə bir söz deməsi mümkün deyil.

Bu girişdən sonra Quranın Allah kəlamı olduğuna dair bəzi dəlilləri qısa şəkildə sıralayaq:

Quran bütün əsrlərə örnək olan bir nəsil yetişdirmişdir

Hər şeydən əvvəl Quranın yer üzünü şərəfləndirdiyi ilk dönəmdə həm ruh, həm ağıl, həm də qəlbə heyrətamiz dərəcədə nüfuz edərək kamil nəsil yetişdirmişdir. Əngin düşüncə üfüqündə, dərin ibadət şüurunda və gözəl əxlaqda o xariqə səhabə nəslinin tayı-bərabəri yoxdur. “Bu nəsil mələklərlə eyni səviyyədədir” deyilsə, heç də mübaliğə olmaz. 23 ildə yetişən səhabə nəsli Quranın Allah kəlamı olmasına ən bariz dəlillərdəndir.

Quran oxumaq insanı usandırmır, bezginlik gətirmir

Bəlkə də, Qurandan başqa ikinci bir kitab yoxdur ki, dəfələrlə oxunmasına baxmayaraq usanc gətirməsin. Quran daima oxunur, xətm edilir, amma heç vaxt usandırıcı, bezdirici olmur. Nə qədər nadir əsərlər, məqalələr və şeirlər var ki, zaman keçdikcə orijinallığını və dəyərini itirir. Aktual mövzuda yazılmış neçə-neçə əsər bir neçə il, hətta bir neçə ay aktuallığını saxlaya bilsə, böyük şeydir. Qurana gəldikdə isə o, solmaq, köhnəlmək bir yana dursun, zehinlərə və qəlblərə gündən-günə yeni fikir və mərifət mehləri üfləyir və get-gedə daha da gəncləşir.

Bir insana aid prinsiplərin əsrlər boyu nəsillərə yön verməsi mümkün deyil

İnsan həyatını maddi və mənəvi cəhətdən büsbütün əhatə edən Quranın bəşər sözü olmaması gün kimi aydındır. Heç bir bəşər övladı – üstəlik həmin adam yazıb-oxumağı bacarmırsa – istisnasız olaraq bütün dövrlərin problemlərinə həll yolları göstərə bilməz. Başqa sözlə, bir insanın zehin məhsulu olan prinsiplərin əsrlər boyu qitələrə hüzur və səadət gətirməsi mümkünsüzdür. İlahi kitaba və vəhyə söykənməyən bəşəri prinsip və sistemlər dəyişmədən, təkmilləşmədən əllicə il davam gətirə bilməz. İnsanın ortaya qoyduğu qaydalar, sistem, fikir, düşüncə və ideologiyalar, gün gəlir, köhnəlir və bir işə yaramır, zərər verməyə başlayır və yenilənməsinə, dəyişilməsinə ehtiyac duyulur. Halbuki Quranın heç bir mövzusunda, heç bir qayda və prinsipində, heç bir məsələsində bu kimi çatışmazlıq və nöqsan tapmaq mümkün deyil.

Sərvətin təkcə varlıların əlində dövr eləməməsini,[1] insana yalnız öz zəhmət və əməyinin qaldığını[2], əmanət və vəzifələri layiqli insanlara tapşırmağın və ədalətlə hökm eləməyin zəruriliyini[3], bir insanı öldürməyin bütün bəşəriyyəti öldürməyə bərabər olduğunu[4] təməl və əbədi qaydalar şəklində oturdan məhz Qurani-Kərimdir. Fərd, ailə və cəmiyyət həyatının düşməni olan faizə, qumara, içkiyə və hər cürə əxlaqsızlığa, yalana, iftiraya, dəbdəbəyə və israfçılığın hər çeşidinə yasaq qoyan da bu ilahi Kitabdır.

İnsanın insanlıq libasını geyinməsi, fərd və cəmiyyətin dünyada Cənnət kimi bir həyata qovuşması üçün namaz, oruc, həcc, zəkat və digər ibadətləri əmr edən, ağıl və ruhu əsl gözəllik və fəzilətlərə yönəldib, Allah qorxusunu hər qəlbdə bir gözətçi, Allah sevgisini də bir təşviqatçı edən bu Kitabdır. Belə bir kitabı elmi, hikməti və rəhməti sonsuz bir Yaradana deyil, kimə aid etmək olar?

Quranda bəyan edilən coğrafi həqiqətləri bir səhra sakininin bilməsi mümkünsüzdür

Quranın Allahın kəlamı olduğuna dair başqa bir dəlil isə belədir: Təbiət təsvir edən bir yazıçı daha çox yaşadığı yerin iqlimini, bitki örtüyünü, ümumiyyətlə, təbiətini, yaxud da gəzib-gördüyü yerlərin cizgilərini verir. Halbuki Quranda səhra və səhra həyatının təsvirindən çox gur çaylardan, yamyaşıl mənzərələrdən, torpağa can verən yağmur yüklü buludlardan, bağ-bağçalardan, dağlardan və dənizlərdən bəhs edildiyini görürük. Məsələn, “Nur” surəsində əngin dənizlərin zülmətindən danışılması, üst-üstə burulan dalğalardan, dalğaların başının üstünü buludların almasından və qatbaqat zülmətdə əlin görünməz olmasından bəhs edilməsi[5] və təsvir zamanı qeyri-adi bənzətmələrdən istifadə edilməsi nə o dövrün ərəb coğrafiyası, nə də dənizçilik lüğəti üçün xarakterik idi. Səhrada doğulub, səhrada böyüyən, yalnız gənc yaşlarında səhradan keçməklə iki dəfə Şama gedən Peyğəmbərimiz (s.ə.s) nə Quranın bəhs etdiyi mənzərələri və bitki örtüyünü görmüş, nə də dəniz səyahətinə çıxmışdı.

“Ənam” surəsində bir inkarçının halı göyə doğru yüksələrkən ürəyi daralıb sıxılan bir insanın vəziyyətinə bənzədilir.[6] Bu gün elmi tərəqqinin nəticəsində sübut olunmuşdur ki, lazımi cihazlardan istifadə etmədikdə dağların zirvəsinə qalxdıqca oksigen azlığından insan çətinliklə nəfəs alır, ürəyi daralıb sıxılır. Bunu isə ancaq hava şarı ilə səmaya qalxmaqla və ya hündür dağlara dırmaşmaqla hiss etmək mümkündür. Allah Rəsulunun dövründə hava şarı ilə səyahət heç insanın xəyalına da gəlmirdi. Bir də ki Ərəbistan yarımadası yüksək hündürlüyə malik dağlardan məhrumdur. Elə isə bu cürə bənzətmə və ifadə ancaq hər şeyi bilən Allaha aid ola bilər.


[1] “Həşr” surəsi, 59/7.

[2] “Nəcm” surəsi, 53/39.

[3] “Nisa” surəsi, 4/58.

[4] “Maidə” surəsi, 5/32.

[5] “Nur” surəsi, 24/40.

[6] “Ənam” surəsi, 6/125.

 



Açar sözləri

allah kəlamı quran sübut

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz