Mənəviyyata Açılan Pəncərə

Quranın füsunkar kəlmələri insan sözü ola bilməz

Quranın nazil olduğu dövrdə şeir ən geniş yayılmış ədəbi sənətlərdən biri idi. İnsanlar söhbət edəndə, dava-dalaş salanda az qala şeirlə danışırdı. Hər il şeir müsabiqələri keçirilir və qalib gələn şeirlər qızılla yazılıb Kəbənin divarından asılırdı. Qəbilələr hörmət-izzət sahibi şairlərin sözü ilə müharibə edər və ya sülh bağlayardılar. Və hər kəsin bildiyi kimi, Peyğəmbərimiz (s.ə.s) belə bir cəmiyyətdə doğulub böyüməsinə baxmayaraq, nə şeirlə, nə də nəsrlə məşğul olmuşdu. Digər tərəfdən, Quranın sirli və ecazkar ifadələri nə Onun (s.ə.s), nə də başqa bir insanın sözlərinə bənzəyirdi. Nə şeirə, nə də nəsrə oxşayırdı, amma özünəməxsus orijinallığı hər kəsi ovsunlayırdı. Bu səbəbdən insanları ondan uzaqlaşdırmaq istəyən müşriklərin böyükləri: “Bu nə şeirdir, nə kahin sözüdür, dəli sözlərinə də oxşamır. Ən yaxşısı elə “sehrdir, qulaqlarınızı tutun, yoxsa sizə zərər yetirər” söyləyərik”, – deyib ilahi kəlamı inkar edirdilər.[1]

Müsasir dövrün inkarçıları da İlahi kitabın əsrlərdir, zülmətləri dağıdıb qaranlıqları qovan bəyanlarına ulu babaları kimi hay-küylə qarşı çıxmalarına, dialektika, demaqogiya və təkzib üsullarına əl atmalarına baxmayaraq, acizlik və hiddət içində udqunub durmaqdan başqa heç bir şeyə nail olmamışlar. Zaman dəyişsə, əsrlər başqalaşsa da, mücadilə alovlansa da, sözlü hücumlar artsa da, Quran hələ də bəşəriyyəti öz füsunkarlığı ilə heyrətləndirməkdə davam edir.

Qurani-Kərimin Peyğəmbərimizin (s.ə.s) sözü olmadığını indi də başqa yöndən qiymət­lən­dirək:

Bir nasir əsərini daha çox hiss və düşüncələrini topladığı vaxtlarda yazır, başına gələn kədərli hadisələrə, sevincli anlara az-çox toxunmamış keçmir. Yəni bir yazıçının ruh və qəlbində dərin izlər buraxmış hadisələrdən yan ötməklə nəsə qələmə alması asan məsələ deyil.

Allah Rəsulu (s.ə.s) məşəqqət, əziyyətlər və mübarizələrlə dolu həyatında bir yandan müstəsna səhabə nəslini yetişdirir, digər tərəfdən də amansız müşrik və kafirlərlə mübarizə aparırdı. Ancaq Quranda nə Onun çəkdiyi iztirablarla, nə də həyat yoldaşının, uşaqlarının vəfatı ilə bağlı bir ayəyə rast gəlirik. Deməli, bu kitab Onun (s.a.s.) əsəri deyil. O, kamil bir vasitədir və Quranı necə nazil olubsa, o şəkildə təbliğ etmişdir.


[1] “Ənbiya” surəsi, 21/25; “Saffat” surəsi, 37/36; “Sad” surəsi, 38/4.

Exit mobile version