12. 340 dəfə oxunub ,   0 şərh   Çap et

Qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.[1] 

1. Müsəlman olmaq

Qurban iman əhlinə aid ibadətdir. Qeyri-müsəlmanlara vacib deyil. Qurbanda mükəlləf olmaq iman etməklə mümkündür. Bu şərt digər ibadətlər üçün də keçərlidir. Qurban bayramının ilk üç günü ərzində hətta müsəlman bir fırıldaqçı da –əgər zəkat miqdarı mala sahibdirsə– ən gec üçüncü gün günəş batmazdan əvvəl qurbanını kəsməlidir.[2]

2-3. Əqli cəhətdən sağlam olmaq və yetkinlik yaşına çatmaq

Əqli cəhətdən sağlam olmaq və yetkinlik yaşına çatmaq qurban kəsmək üçün bir-biri ilə bağlı olan ayrı-ayrı şərtlərdir.

Həddi-büluğa çatan, amma ağıl nemətindən məhrum olanlara qurban kəsmək vacib deyil. Yetkinlik yaşına çatmamış uşaqların və ruhi xəstələrin malından qurban kəsmək vacib deyil. Hənəfi məzhəbində fitva da bu şərtə əsaslanır. Lakin bununla yanaşı hər kəs öz malından övladı üçün qurban kəsə bilər ki, bu da gözəl davranışdır.[3]

Şafeilərdə isə əqli sağlamlıq və həddi-büluğ şərtdir, uşağın və ruhi xəstənin qurban kəsməsi sünnət deyil.

Qurban bayramının ilk üç günü (əyyami-nəhr) içində həddi-büluğa çatan müsəlman –nisab miqdarında mala sahibdirsə– ən gec üçüncü gün günəş batmazdan əvvəl qurbanını kəsməlidir.[4]

4. Azad olmaq

Azadlıqdan məhrum olan əsir, məhkum, məhbus və ya kölələrə qurban kəsmək vacib deyildir.

5. Səfərdə olmamaq

Şəriətlə səfərdə sayılan şəxs[5] qurban kəsmə mükəlləfiyyəti daşımır.[6] Lakin bununla yanaşı tək başına yaxud da muqimlərlə[7]birlikdə şərikli qurban kəsə bilər. Belə ki, səfərdə olan varlı da olsa, (onun) kəsdiyi qurbanı nafilə hökmündədir, vacib deyil. Hənəfi alimlərinin səfər zamanı qurbanlıq heyvan tapmağın, kəsməyin və ən əsası ətini dəyərləndirməyin çətin və əziyyətli olacağını nəzərə alıb ona rüsxət verməsi ibadətlərin çətinliyini yüngülləşdirmək istədikləri və qurbana xas hikmətlərin gerçəkləşməsinə önəm verdiklərib üçündür. Digər məzhəblərə görə qurban kəsmək muqim[8] üçün də, yolçu üçün də sünnədir.

Səfər imkan və şərtlərinin olduqca asanlaşması  baxımından rəsmi bayram tətillərini fürsət bilib ya xarici, yaxud ölkə daxili gəzintiyə çıxan, yay tətilinə gedən və ölkəsinə qayıdan şəxslərin vəziyyəti bir az fərqlidir. Belə yolçular qurban kəsməmək icazəsindən yararlanmaq yerinə, yaxşı olar ki, ya əvvəlcədən tədbir görərək vəkalətlə qurban kəsdirsinlər, yaxud da qurbanı getdikləri yerdə kəssinlər. Lakin bu, əksər alimlərin fikrincə, nafilə qurban olacaq. Əgər bir şəxsin səfərə yollandığı yer onun doğulub boya-başa çatdığı yerdirsə və ya orada onu kirayəyə verdiyi bir mülkü vardırsa (bağ-bağçası, ərazisi), bu yolçunun qurbanı nafilədir, başqa bir fikrə görə, vacibdir. Bu hökm fərqləri isə belə şəxslərin doğulub boya-başa çatdığı yerdə yaşamadığı halda səfərdə sayılıb-sayılmaması  ilə bağlıdır.[9]

6. Müəyyən miqdar maddi imkana sahib olmaq

“Müəyyən miqdar” dedikdə dini ölçüdə “yetərli miqdar” nəzərdə tutulur. Şəriətə görə, minimum səviyyədə də olsa, varlı sayılan şəxsə qurban kəsmək vacibdir. Zəngin olmağın ölçüsü isə zəkatda və fitr sədəqəsi üçün nəzərdə tutulan varlılıq meyarıdır ki, buna da “nisab miqdarı mala sahib olmaq” deyilir. Borc və zəruri ehtiyacları çıxmaqla  (artan olsa da, olmasa da) ən azı 20 misqal (85 qr)[10] qızıl, yaxud 200 dirhəm (595qr)[11] gümüşə, ya da bu dəyərdə sərvətə sahib olanlar varlı sayılır. Zəkat və ya fitr sədəqəsi verməklə mükəlləf olanların qurban kəsməsi də vacibdir. Həm də qurban kəsmək üçün tələb olunan məbləğin üstündən (nisabın) zəkatdan fərqli olaraq bir il keçməsi vacib deyil, eləcə də çoxalan, dəyəri artan növdən olmasına da ehtiyac yoxdur. Həvaici-əsliyyəyə, yəni insanın zəruri ehtiyaclarına – onun evi, evin əşyaları, evində, yaxud, iş yerində istifadə etdiyi alətlər (aparat, cihazlar), dolanışıq yeri sayılan iş yerindəki peşə ləvazimatları, bir aylıq qazancı və borcları daxildir. Bəzi alimlər üç dəst paltardan daha artığını insanın zəruri ehtiyaclarından çıxarıb nisaba (zəkat ölçüsünə) daxil etmişlər.

Digər məzhəblərdə qurban sünnə olduğundan qurban mükəlləfiyyəti üçün ayrıca ölçü təsbit olunmamışdır. Məsələn, Şafeilərə görə,[12] qurban bayramı günlərində özünün, eləcə də ailəsinin ehtiyaclarını ödədikdən sonra yerdə qalan pul və ya malla qurban heyvanı almağa imkanı çatan şəxsə qurban kəsmək sünnədir. Qurbanın sünnə olması üçün nisab miqdarı sərvət tələb olunmadığı kimi, səfərdə olmama şərti də yoxdur.[13]

Əyyami-nəhr adlanan Qurban bayramının ilk üç günü qurbanlıq heyvanın itməsi, yaxud ölməsi mükəlləfiyyətin vacibliyini aradan qaldırmır. Bu günlərin əvvəlində yoxsul olanlar əgər Qurban günlərinin sonunda varlansa, qurban kəsməlidir. Qurban kəsməklə mükəlləf olan şəxs aldığı qurbanlıq heyvanı itirərsə və malı nisab miqdarından aşağı düşərsə, əyyami-nəhrdə yoxsul olduğuna görə təzə qurban almasına ehtiyac yoxdur. Əgər varlıdırsa, itmiş  qurbanın yerinə başqasını alıb kəsir, itmiş heyvanı tapdıqda isə onu kəsməyə ehtiyac yoxdur.[14] Yoxsulun qurbanı kəsilməmişdən əvvəl ölsə, onun yerinə başqasını alıb kəsməyə ehtiyac yoxdur.


[1]Səraxsi, əl-Məbsut, 12/8; Kəsani, 5/63; Fətavayi-Hindiyyə, V, 292.

[2]Kəsani, 5/63; Fətavayi-Hindiyyə, V, 293.

[3]Əqli cəhətdən sağlam olma və həddi-büluğa çatma məsələlərinin şərti ilə bağlı ixtilaf var. Qurban kəsmək mükəlləfiyyəti üçün Şeyxeynə (iki şeyxə – Əbu Hənifə və Əbu Yusifə görə) əqli cəhətdən sağlam olmaq və həddi-büluğa çatmaq şərt deyildir. Buna görə də varlı uşağın və ruhi xəstələrin valideynləri onların malından qurban kəsməlidir. Həmin uşaq və dəli (ruhi xəstə) öz adına kəsilən qurbanın ətindən yeyə bilər. Qurbanın yerdə qalan hissəsini isə, onların faydalanması üçün bir şeylə (məsələn, paltarla) dəyişdirmək olar. Lakin İmam Məhəmmədə görə, qurban mükəlləfiyyəti üçün əqli cəhətdən sağlam olmaq və həddi-büluğa çatmaq şərtdir, yəni uşaqların və ruhi xəstələrin mallarından qurban kəsməyə ehtiyac yoxdur. Fətva da buna əsaslanır. Valideynlər onların adına onların malından qurban kəsəsi olsalar, qurbanın haqqını onlara ödəməlidirlər. Ancaq Müsəlmanın öz malından uşağının adına qurban kəsməsi məndubdur”. Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, s. 413-414; Fətavayi-Hindiyyə, V, 293.

[4]Kəsani, 5/634; Fətavayi-Hindiyyə, V, 293

[5]Yolçu – Ən azı 90 km-lik səfərə çıxan və getdiyi yerdə on beş gündən az qalmağa niyyət edən müsəlman.

[6]Qurban kəsmək üçün Qurban bayramından əvvəl heyvan almasına baxmayaraq, qurban kəsimi günlərində səfərə çıxan şəxs istəsə, həmin qurbanı vəkalət verib kəsdirə, yaxud da satıb heç kəsməyə bilər.

[7] Muqim: evində olan, yolçu olmayan.

[8]Ailə üzvlərin yaşadığı yerdə olan və ən azı 15 gün, yaxud daha çox qalmağa niyyət edən şəxsə deyilir.

[9]İbn-i Abidin, Raddul-Muxtar, 2/132 Misir nəşri.

[10] Bəzi hesab fərqlərinə görə, 80.18 qr. qızıl hesab edənlər də var.

[11]Bəzi hesab fərqlərinə görə, 571 qr. gümüş deyənlər də var.

[12]Şafeilərə görə, Qurban bayramında özünün və təminatına mükəlləf olduğu şəxslərin bayram günlərindəki zəruri ehtiyaclarından başqa qurban almağa gücü çatan şəxs varlı sayılır

[13] Əş-Şirbani, Muğnil-Muhtac, 4/283.

[14] Kəsani, Bədayiüs-Sənayə, 5/62-64.



Bənzər məqalələr

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.


Şərh yaz