Qurban əti neçə hissəyə bölünməli və necə paylanmalıdır?
İslam alimlərinə görə, qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilir. İkinci hissəsi varlı olsalar da həyat yoldaşı, dost və qohum-əqrabaya pay verilir. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanır. Dəlil Kitab və Sünnədir. Quranda belə buyrulur:
“Onlardan özünüz də yeyin, biçarə yoxsullara da yedirdin!” (Həcc, 22/28)
“Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin” (Həcc, 22/36).
İbn Abbas (r.anh) Rəsulullahın (s.a.s.) qurbanı ilə əlaqədar bunu rəvayət etmişdir:
“O, üçdə birini ailə fərdlərinə ayırar, üçdə birini yoxsul olan qonşularına paylayar, geri qalan üçdə birini də sədəqə verərdi.“
Bununla birlikdə orta vəziyyətdə olan qurban sahibinin, baxmaqla məsul olduğu şəxslər çox olarsa, qurban ətini onlara ayırıb qoyması məqsədəuyğundur.
Dr. Anar Qurbanov