Nəzir qəbilindən olmayan qurbanın ətindən sahibi maddi vəziyyətindən asılı olmayaraq özü yeyə başqalarına da yedirə və paylaya bilər.
İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir. Bir hissə qurban sahibi və baxmaqla məsul olduğu şəxsləə ayrılmalıdır. İkinci hissə maddi imkanları olsa da qonşu, dost və qohum-əqrabaya pay verilməlidir. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanmalıdır. Bu təsnifat Kitab və Sünnəyə əsaslanır. Belə ki, Quranda belə buyurulur:
“Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!”[1]
“Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin.”[2]
İbn Abbas (r. a) Rəsulullahın (s.a.s.) kəsdiyi qurbanla əlaqəli bunları nəql edir:
“Allah Rəsulu kəsdiyi qurbanın üçdə birini ailəsinə ayırar, üçdə birini kasıb qonşularına paylayar, geri qalan üçdə birini də sədəqə verərdi.”[3]
İmkanı orta səviyyədə olan qurban sahibi baxmaqla məsul olduğu şəxslər çox olarsa, qurban ətinin çoxunu öz ailəsinə saxlaya bilər.
Rəsulullah (s.a.s.) əvvəllər qurban ətlərinin üç gündən çox saxlanmasını qadağan etmiş, lakin sonradan buna icazə vermişdir. Bir hədisdə belə buyurulur: “Mən sizə azuqə istəmək məqsədi ilə gələn bədəvi ərəblərə verəsiniz deyə üç gündən artıq qurban ətlərini saxlamağı qadağan etmişdim. Artıq Allah bolluq lütf etmişdir, qurban ətlərini istədiyiniz qədər saxlaya bilərsiniz.”[4] Başqa hədislərdəki “yeyin, saxlayın və sədəqə verin” və ya “yeyin, yedirin və saxlayın”[5] ifadələri qurban sahibinə öz vəziyyətinə görə hərəkət etmək fürsəti verir.
Nəzir olaraq kəsilən qurbanın ətindən nəzir edən şəxs, həmin şəxsin anası, atası, babası, nənəsi, övladı, nəvəsi və həyat yoldaşı kimi baxmaqla məsul olduğu şəxslər yeyə bilməz. Əgər yesələr, yediklərinin qiymətini yoxsullara verməlidirlər.
Nafilə olaraq kəsilən qurbanın ətindən, sahibi və baxmaqla məsul olduğu şəxslər yeyə bilər.
Qurban sırf Allahın razılığını əldə etmək məqsədilə kəsildiyi üçün, qurbanın ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlər üçün xərcləməsi caiz deyil. Odur ki, qurban əti, dərisi, yunu, bağırsaqları, sümükləri, piyi, baş-ayaq və digər hissələrinin satılması məkruhdur. Bu istər vacib, istərsə də nafilə qurban olsun hökm dəyişmir. Əgər satılarsa, qiyməti yoxsullara bağışlanmalıdır. Sadalanan şeylərdən qəssaba zəhmət haqqı da vermək olmaz. Hədisdə belə buyurulmuşdur: “Qurbanın dərisini satanın qurbanı olmaz.”[6] Həzrət Əli (r.a.) belə nəql edir: “Rəsulullah (s.a.s.) dəvələr qurban kəsilərkən başında dayanmağımı, dərilərini və bellərindəki çullarını paylaşdırmağımı əmr etdi. Götürdüklərimdən nəyisə, qəssaba zəhmət haqqı kimi verməyi mənə qadağan etdi və “qəssabın pulunu biz özümüz verərik” buyurdu.”[7]
Qurbanın dərisi Allahın rizasına uyğun bir yerə bağışlanar və ya ehtiyac olarsa, üstündə namaz qılmaq üçün və ya oturmaq üçün istifadə edilə bilər.
Kəsilməzdən əvvəl qoyunun yununu qırxmaq məkruhdur. Qırxılarsa, qiyməti yoxsullara bağışlanmalıdır. Ancaq kəsildikdən sonra yunundan istifadə etmək olar.
Dəri daimi olan və faydalı olan başqa bir şeylə dəyişdirilə bilər. Ancaq pulla satıla və yeyinti məhsulları ilə mübadilə edilə bilməz. Həzrət Aişənin (r.anha) və digər bəzi səhabələrin qurban dərilərindən su qabı düzəltdikləri rəvayət edilmişdir.[8]
Qurban ətinin zəkatda olduğu kimi kəsilən bölgədə paylanması tövsiyə edilmişdir. Ancaq ehtiyac sahibləri daha çox olduqda, başqa yerlərə göndərmək və ya orada kəsmək də caizdir.
Bir şəxs öz malından alıb savabını bir ölüyə bağışlamaq şərtilə qurban kəsə bilər, kəsdiyi bu qurbanın ətindən yeyə, başqalarına da verə bilər. Lakin bir şəxs vəfat edənin vəsiyyəti ilə onun adına kəsdiyi qurbanın ətindən yeyə bilməz həmin qurban ətinin hamısını sədəqə verməlidir.[9] Ölü üçün kəsilən belə bir qurban da qurban bayramı günlərində kəsilməlidir.
Hünnəş (r.a.) belə nəql edir: “Həzrət Əlini iki qoç kəsərkən gördüm və ona: “Niyə iki qoç kəsirsən?” − deyə soruşdum. Həzrət Əli: “Rəsulullah (s.a.s.) mənə onun üçün qurban kəsməyimi vəsiyyət etmişdi, mən də onları kəsirəm,” − dedi.”[10]
Şafeilərə görə, icazəsi olmadan başqasının adından qurban kəsmək olmaz. Vəsiyyət etməyibsə, ölünün adından da qurban kəsilməz. Çünki Uca Allah: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”[11] buyurmuşdur.
Müsəlman üçün vacib olan qurbanın əsas şərti qurbanlıq heyvanın kəsilməsidir. Bu olmadıqca qurban məsuliyyəti yerinə yetirilmiş sayılmır. Yəni qurbanlıq heyvanı kəsmədən, heyvanın özünü və ya qiymətinin yoxsullara verilmək qurban sayılmır. Ancaq hər hansı bir səbəblə alınan qurbanlıq heyvan kəsilmədən bayramın üçüncü günü günəş batarsa, diri olaraq bağışlanmalıdır. Çünki artıq həmin heyvanın ətindən sahibi yeyə bilməz.
Əhli-kitabın qurban kəsməsi məkruhdur. Atəşpərəst və ya ateistin qurban kəsməsi isə caiz deyil. Lakin kəsilən qurbanın ətindən qeyri-müsəlmanlara vermək olar.
Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.
[1] Həcc, 22/28.
[2] Həcc, 22/36.
[3] Bu hədisi Əbu Musa İsbəhani Vəzaif adlı kitabda rəvayət etmiş və hədis üçün “həsən” demişdir.
[4] Müslim, Cənaiz, 106, Ədahi, 37; Əbu Davud, Əşribə, 7; Tirmizi, Ədahi, 14; Nəsai, Cənaiz, 100, Fər, 9; Dahaya, 36, Əşribə, 40; İbn Macə, Ədahi, 16.
[5] Bax. Buxari, Ədahi, 16; Müslim, Ədahi, 28, 29, 33; Əbu Davud, Ədahi, 9; Tirmizi, Ədahi, 14; Nəsai, Cənaiz, 100, İbn Macə, Ədahi, 16.
[6] Zeyləi, Nəsbur-rayə, IV, 218. Hədisi Hakim rəvayət etmiş və “isnadı səhihdir” demişdir. Şövkani, e.a.ə., V, 129.
[7] Müslim, Həcc, 348; Əbu Davud, Lüqətə; Darimi, Mənasik, 89.
[8] Bax: Müslim, Ədahi, 28; Əbu Davud, Ədahi, 9; Nəsai, Dahaya, 37.
[9] İbn Abidin, e.a.ə., V, 229.
[10] Tirmizi, Ədahi, 1, (1495); Əbu Davud, Dahaya, 2, (2790). Bax: Şirbini, Muğnil-möhtac, IV, 292.