Mənəviyyata Açılan Pəncərə

Qütblərdə namaz vaxtları

Sual: Altı ay gecə, altı ay gündüz olan bölgələrdə namaz necə qılınmalıdır?

Cavab: Bu sualın cavabı ta Rəsulullahın (s.ə.s) dövründə verilmişdir. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə Dəccal haqqında məlumat verərkən, səhabələr onun yer üzündə nə qədər qalacağını soruşdular Rəsulullah (s.ə.s) belə cavab verdi: “Qırx gün qalacaq, lakin bu müddətin ilk günü bir il, ikinci günü bir ay, üçüncü günü cümə günü kimi, geri qalan günləri də sizin adi günləriniz kimi olacaqdır. Bu zaman biz dedik: “Ey Allahın Rəsulu! Biz, bir il uzunluğunda olan gün ərzində yalnız bir gün və gecənin namazını qılsaq olarmı?” Hz. Peyğəmbər buyurdu: “Xeyr, həmin günün miqdarını hesablayın.”[1] Bunun mənası odur ki, “olduğunuz enlik və meridiana görə gündəlik namaz vaxtlarını müəyyənləşdirin”. Yəni günü iyirmi dörd saatlıq zaman dilimlərinə bölərək ibadət etməlisiniz.

Vaxt namazın şərti olduğu kimi fərz olmasının da səbəbidir. Odur ki, bəzi alimlərə görə, bir bölgədə namaz vaxtlarından biri və ya ikisi gerçəkləşməzsə, o vaxtlardakı namazlar həmin bölgə əhalisinə fərz deyil.

Məsələn, bəzi bölgələrdə ilin bir mövsümündə üfüqdəki qırmızılıq itməmiş dan yeri ağararaq (ikinci fəcr çıxaraq) sübh namazının vaxtı girir. Belə bölgələrdə gecə olmadığı üçün yatsı namazı qılınmır. Bu rəyi mənimsəyən bəzi alimlər bu mövzuda dəstəmaz orqanlarından bir və ya ikisini itirənin bu orqanları yumamasına qiyas edərək, namazın da vacibliyinin olmadığı qənaətinə gəlmişlər.

İslam fəqihlərinin əksəriyyətinə görə isə, bu bölgələrdəki müsəlmanlar da beş vaxt namazdan məsuldurlar. Əgər olduqları bölgədə bir namazın vaxtı müşahidə olunmursa, həmin bölgəyə ən yaxın beş vaxt namaz vaxtı müşahidə olunan bölgənin vaxtlarına görə namazlarını qılmalıdırlar. Vaxt namazın şərti və səbəbi olsa da, namazın əsl səbəbi Allahın əmri olmasıdır. Elə buna görə də bütün müsəlmanlar beş vaxt namazı qılmaqla məsuldur.

Həmin bölgələrdə yaşayan insanlar gündəlik bir çox işlərini (yemək, içmək, yatmaq, və s.) necə tənzimləyirlərsə, ibadət məsələsinə də məsuliyyətli yanaşmalı və həmin bölgəyə ən yaxın normal gündüz və gecəsi olan ərazidəki vaxtlara uyğun hərəkət etməlidirlər.

Vaxt namazın səbəbi olsa da əslində namaz Allahın əmridir. Bu səbəbdən də günəşin uzun müddət çıxmadığı və ya batmadığı qütb bölgələrində və kosmik uçuşlarda yuxarıdakı qeyd olunan ikinci qaydayla əməl edilməlidir. Bu bölgələrdə yaşayan müsəlmanlar oruc və zəkatı da buna uyğun hesablamalıdırlar.[2]


[1] Əbu Davud, Məlahim, 14, H. No: 4321; Müslim, Fitən, H. No: 2137; Tirmizi, Fitən, H. No: 2241; İbn Macə, Fitən, H. No: 4075, 4077.

[2] Mehmed Zihni, Nimeti-İslam, İstanbul, 1976, s. 130; Bilmən, Büyük İslam ilmihali, İstanbul 1985, s. 117.

Exit mobile version