8. 437 dəfə oxunub ,   0 şərh   Çap et

Gülmək “xoş və qəribə hadisə və hallara hissi münasibəti əksər vaxtlarda səsli şəkildə bildirmək, sevinc və ya heyrəti biruzə vermək, səssizcə gülümsəmək, təbəssüm etmək” mənalarına gəlir[1]. Gülməyin üç növü var: təbəssüm, gülmək və qəhqəhə çəkmək.

Təbəssüm – üz cizgilərinin sevinc hissi ilə geriyə doğru xəfifcə çəkilməsi və dişlərin görünməsi ilə müşayiət olunan gülümsəməkdir. Bu hissin təzahürü səsli olarsa və uzaqdakı adamlara da çatarsa, qəhqəhə çəkmək, yox əgər gülüşün səsi uzağa getməz və ancaq yaxındakı adamlar eşidərsə, “dahiq”, yəni gülmək sayılır. Buna görə də ağzın ön tərəfində yerləşən dişlər dəvahiq, yəni “gülən dişlər” deyilir[2].

Qurani-Kərimdə kimlərin, nələrə və hansı səbəbdən gülməsinə dair ayələr vardır. Onlardan bir neçəsinə baxaq:

a. Qeyri-adi hadisəyə gülmək təbii haldır: “Nəhayət, onlar Qarışqa vadisinə gəlib çatanda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” (Süleyman qarışqanın) bu sözünə təbəssüm edib dedi: “Ey Rəbbim! Məni nəfsimə elə hakim et ki, həm mənə, həm də ata-anama ehsan buyurduğun nemətə şükür edim, Sənin razı qalacağın yaxşı işlər görüm! Və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et![3]

b. Güldürən də, ağladan da Allahdır. “..Güldürən də, ağladan da Odur!..”[4]

c. Gülmək – məsxərəyə qoymaq mənasında: “Bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsğərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə unutmuşdunuz. Siz (istehza ilə) onlara gülürdünüz[5]. “(Musa) möcüzələrimizi onlara gətirər-gətirməz onlar bu möcüzələri məsxərəyə qoyub gülmüşdülər[6].

ç. Müşriklər dünyada möminlərə istehza ilə baxıb gülürlər, möminlər də axirətdə onlara güləcək: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları ələ salmaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə bu əməlləri ilə öyünürdülər. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər), kafirlər öz əməllərinin cəzasını aldılarmı?![7]

Hədislərdən görürük ki, Allah Rəsulu (s.ə.s) heç vaxt qəhqəhə ilə gülməmişdir. Ən çoxu səssiz gülümsəmiş və bu təbəssümdə sadəcə azı dişləri görünmüşdür. Demək ki, Allah Rəsulunun gülüşü təbəssüm idi. Peyğəmbərimiz (s.ə.s) gülməli şeylərə gülərdi. Bunlar da insanların nəfslərinə uyub bəzi işlər görmələri, fürsətdən istifadə etməyə çalışmaları, gözlənilməz gözəl davranışları, niyyətlərini səmimi etiraf etmələri, uşaq kimi hərəkətləri, təbii davranışları, nadir rast gəlinən qəribə hadisələr, zarafatyana sözlərdir ki, Allah Rəsulunun üzünə təbəssüm qondurmuşdur. Gülməkdə həddi aşmamaq və orta yolu tutmaq üçün Allah Rəsulunun (s.ə.s) həyatına nəzər salmağa ehtiyac var.

Təbəssümlü olması

Allah Rəsulu (s.ə.s) qəhqəhə çəkib gülməsə də, üzündən heç vaxt təbəssüm əskik olmazdı. Ən çətin anlarda belə dərdini büruzə verib əshabını kədərə qərq eləməzdi. Xüsusilə, çox istədiyi insanları görəndə təbəssümü daha da artardı. Səhabələr bir neçə dəfə Allah Rəsulunun (s.ə.s) bu halına şahid olmuşdular.

a. Həzrət Aişə (r. anha) nəql edir: “Allah Rəsulunun (s.ə.s) qəhqəhə çəkib güldüyünü heç vaxt görməmişəm. O, həmişə təbəssüm edərdi[8].

b. Abdullah ibn Haris deyir: “Allah Rəsulundan (s.ə.s) çox təbəssüm edən başqa bir adam görməmişəm”[9].

Hədisi-şəriflərdən görürük ki, Peyğəmbərimizin (s.ə.s) siması həmişə təbəssümlü olardı. Allah Rəsulu (s.ə.s) təbəssümlü siması ilə insanlara xoş təsir bağışlayırdı.

İnsanları rahatlatmaq üçün təbəssüm etməsi

Cərir ibn Abdullah nəql edir: “Müsəlman olandan sonra Allah Rəsulu məni heç bir istəyimdən məhrum etməmiş və harada görsə, üzümə gülümsəmişdi”[10].

Cərir ibn Abdullah Büceylə qəbiləsinin başçılarından idi. Hicrətin onuncu ilində Allah Rəsulunun (s.ə.s) vəfatından təxminən 40 gün əvvəl müsəlman olmuşdu. Gözəl və yaraşıqlı bir səhabə idi[11]. Cərir ibn Abdullah: “Allah Rəsulu məni heç bir şeydən məhrum etmədi” sözləri ilə gec müsəlman olmasına baxmayaraq, onu utandırmadığını demək istəmişdi.

Həddən çox gülməməyi tövsiyə etməsi

Daima mütəbəssim olan Allah Rəsulu (s.ə.s) səhabələrinə də gülər üzlü, təbəssümlü olmağı tövsiyə buyurardı. Gülməli şeylərə özü gülər, bəzən də zarafat edərdi. Gülməli şeylərə gülmək fitrətdən irəli gəlir və təbii haldır, həddən artıq gülmək isə qafillik əlamətidir. Əbu Hüreyrə (r.a) Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Çox gülməyin! Çünki çox gülmək qəlbi öldürür”[12].

Həzrət Əbu Hüreyrədən gələn başqa bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Əgər siz mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız”[13].

Qəhqəhə çəkib gülməməsi

Allah Rəsulu (s.ə.s) qəhqəhə ilə gülməzdi. Həzrət Aişə anamız deyir: “Allah Rəsulunun dilçəyi görünənədək qəhqəhə çəkib güldüyünü heç vaxt görməmişəm. O, həmişə təbəssüm edərdi[14]. Çünki Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) məqsədi Allahın rizasını qazanmaq və insanların axirətdə nicat tapmasına vəsilə olmaqdı.

Allah Rəsuluna təbəssüm etdirən hadisələr və davranışlar

Qəfil baş verən qəribə davranışlar

Bir gün qadınlar yığışıb Allah Rəsuluna suallar verir, dərdlərini ərz edirdilər[15]. Hərə bir tərəfdən sual verir, bir söz deyirdi. Heç də ürəkaçan mənzərə deyildi. Hamı, üstəlik də bərkdən danışdığına görə, Rəsulullahın səsi eşidilmirdi. Elə bu vaxt Həzrət Ömər (r.a) otağın qapısını döydü. Həzrət Ömərin gəldiyini eşidən qadınlar təlaşlandılar. Dərhal özlərini yığışdırıb örtüklərinə büründülər. Həzrət Ömərin içəri girməsinə icazə verən Allah Rəsulu için-için gülürdü. Allah Rəsulunun (s.ə.s) təbəssüm etdiyini görən Həzrət Ömər soruşdu:

− Anam, atam Sənə fəda olsun, ey Allahın Rəsulu! Allah sevincinizi artırsın, niyə gülürsünüz?

Allah Rəsulu:

− Bu qadınların davranışları xoşuma gəldi. Sənin səsini eşidən kimi örtülərinə büründülər.

Məsələdən hali olan Həzrət Ömər üzünü Allah Rəsuluna (s.ə.s) tutub:

− Ey Allahın Rəsulu! Siz onların ehtiramına daha layiqsiniz, − dedi, sonra da:

− Demək, Allah Rəsulundan çəkinmir, məndən qorxursunuz? − deyib qadınlara məzəmmət elədi.

Qadınlar da bu cavabı verdilər:

− Sən çox sərtsən, Allah Rəsulu kimi mülayim deyilsən. Ona görə də belə etdik!

Peyğəmbərimiz (s.ə.s) söhbəti daha da şirinləşdirib:

− Doğrudur, Ey Ömər! Şeytan enli bir yolda səninlə üz-üzə gəlsə, vallah, yolunu dəyişdirər, − buyurdu[16].

Yağışdan qaçan insanların halı

Həzrət Aişə (r. anha) nəql edir ki, quraqlıqdan əziyyət çəkən xalqın istəyi ilə Allah Rəsulu Musalla adlı açıq bir ərazidə qısa xütbə vermiş, namaz qılıb dua etmişdi. Çox keçməmiş göy guruldadı, ildırım çaxdı və güclü yağış yağmağa başladı. Sel suya qarışdı. Bu vaxt insanların islanmamaq üçün ora-bura qaçışdığını görən Allah Rəsulu (s.ə.s) təbəssüm elədi[17].

Təəccübünü səmimiyyətlə dilə gətirən adamın halı

Abdullah ibn Məsudun (r.a) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

 “Allah Cəhənnəmdən ən axırda çıxan adamı və Cənnətə ən axırıncı girən bəndəni mənə göstərdi. Bu şəxs Cəhənnəmdən iməkləyə-iməkləyə çıxacaq.

Uca Allah ona:

− Get Cənnətə gir, − buyuracaq.

O adam Cənnətə çatanda elə biləcək ki, Cənnət tamamilə doludur. Hamı öz yerini tutub ona yer qalmayıb.

− Ey Rəbbim, Cənnət ağzına qədər doludur, hər kəs öz yerini tutub, mənə yer qalmayıb – deyəcək.

Allah yenə: “Get Cənnətə gir”, − buyuracaq. O da Cənnətə gedəcək, ancaq yenə də oranı dopdolu görəcək. Geri qayıdıb:

− Ey Rəbbim, hər kəs öz yerini tutub, girməyə yer yoxdur, − deyəcək.

− Əvvəlki zamanı (yəni dünyanın nə qədər geniş olduğunu) unutmusan?

O da:

− Yadıma gəlir, ey Rəbbim, − cavabını verəcək.

 Sonra ona:

− Elə isə nə istəyirsənsə, dilə, − deyilir. O da istədiyini diləyir.

Ona:

− Get Cənnətə gir. Sənə dünyanın on misli qədər yer verildi, − buyurulur.

O bəndə də:

− Ey Rəbbim, Sən yeganə Məlik olduğun halda, məni ələ salırsan? (yaxud mənə gülürsən) – deyir”.

Hədisi danışan Abdullah ibn Məsud (r.a) əlavə edir: “Vallah, bu sözləri deyəndə Allah Rəsulu elə güldü ki, arxadakı dişləri göründü”[18].

Bu hadisədə görürük ki, Allah Rəsulu (s.ə.s) axirətə aid bir mənzərəyə gülmüşdür. Buradakı diqqət çəkən xüsus Abdullah ibn Məsudun Peyğəmbərimizin (s.ə.s) gülüşünü and içərək nəql etməsidir. Çünki Allah Rəsulu çox nadir hallarda bu cür gülmüşdür.

Ər və arvadın başına gələn hadisə

Allah Rəsulunun (s.ə.s) Əbu Rafi adlı azadlı köləsi[19], onun da Səlma adlı zövcəsi var idi. Onların ailəsindən söz-söhbət əskik olmasa da, qəlbləri Allah Rəsulunun (s.ə.s) məhəbbəti ilə dolu idi. Əbu Rafi həyat yoldaşını tez-tez döyürdü. Bir gün Səlma (r.a) onu götürüb Allah Rəsulunun (s.ə.s) yanına gəldi və:

− Ey Allahın Rəsulu, ərim məni döyür, − deyib şikayətləndi.

Allah Rəsulu (s.ə.s) onlardan:

− Nə olub ki, yola gedə bilmirsiniz? − soruşdu.

Əbu Rafi (r.a) belə cavab verdi:

− Mənə əziyyət verir, ey Allahın Rəsulu.

Allah Rəsulu üzünü Səlmaya tutub:

− Söylə görək, ona necə əziyyət verirsən? − dedi.

Qadın izah elədi:

− Əziyyət vermirəm, ey Allahın Rəsulu! O, dəstəmazı pozulduğu halda dəstəmaz almadan namaz qılır. Ona bunun yanlış olduğunu xatırlatdım. O da qalxıb məni o ki var döydü, − deyib hadisəni olduğu kimi danışdı.

Allah Rəsulunu (s.ə.s) gülmək tutdu və Əbu Rafiyə döndü:

− Ey Əbu Rafi! Zövcən sənə pis söz söyləməyib ki, − deyib onları barışdırdı[20].

Gözlənilməyən gözəl cavablar

Əbu Hüreyrə (r.a) belə nəql edir: “Bir nəfər Allah Rəsulunun yanına gəlib:

− Məhv oldum, ey Allahın Rəsulu, − dedi.

Allah Rəsulu (s.ə.s):

− Niyə məhv oldun? – deyə soruşdu.

Həmin adam:

− Ramazanda oruclu ola-ola zövcəmlə yaxınlıq etdim, − dedi.

Bunu eşidən Peyğəmbərimiz (s.ə.s):

− Bir köləni azad edə bilərsən? − buyurdu.

Adam:

− Xeyr, buna imkanım yoxdur, − dedi.

Allah Rəsulu (s.ə.s):

− Elə isə iki ay ara vermədən oruc tutmağa gücün çatar? − buyurdu.

− Xeyr, buna da gücüm çatmaz, − dedi.

Bu dəfə Allah Rəsulu (s.ə.s):

− Altmış yoxsula yemək verə bilərsən? − deyə soruşdu.

− Xeyr, verə bilmərəm, − dedi.

Sonra həmin adam keçib bir yerdə oturdu. Elə bu vaxt Allah Rəsuluna (s.ə.s) bir səbət dolusu xurma gətirdilər.

Peyğəmbərimiz (s.ə.s) ona:

− Bunu al və sədəqə et, − buyurdu.

O da:

− Məndən kasıbı var? – dedi, − Mədinədə mənim ailəmdən kasıbı yoxdur.

Bunu eşidən Peyğəmbərimiz (s.ə.s) elə güldü ki, azı dişləri göründü. Sonra o şəxsə üzünü tutub:

− Elə isə bunu öz ailənə ver, − buyurdu”[21].

Peyğəmbərimiz (s.ə.s) kasıb bir adamın günahına görə peşman olduğunu görür və ona tövbənin yolunu göstərir. Günaha kəffarə olaraq bəzi şərtlər yerinə yetirilməlidir. Ancaq Allah Rəsulu (s.ə.s) bu şərtləri (kəffarələri) yerinə yetirə bilməyəcəyini deyən həmin adamı anlayışla qarşılayır. Söhbətin sonunda Allah Rəsulu gözləmədiyi bir cavabla qarşılaşır. Bu cavab qarşısında təəccübünü gülərək ifadə edir.

Fitrətən kobud insanların davranışları

Allah Rəsulu (s.ə.s) çöldə yaşayan və buna görə də fitrətən kobud olan insanları təbəssümlə qarşılayardı. Ənəs ibn Malik nəql edir:

“Mən Allah Rəsulu ilə birlikdə gedirdim. Peyğəmbərimizin (s.ə.s) əynində Nəcran üsulu ilə toxunmuş qalın bir əba var idi. Bədəvinin biri Allah Rəsuluna yaxınlaşdı və Onun əbasını möhkəm dartdı. Allah Rəsulunun (s.ə.s) boynunda əbanın izi qaldı. Bədəvi bu hərəkətinin ardınca:

− Ey Məhəmməd, əmr et, mənə bir şey versinlər, − dedi.

Peyğəmbərimiz (s.ə.s) bədəviyə (şəfqətlə) baxıb güldü və ona bir az hədiyyə verilməsini tapşırdı[22].

Allah Rəsulu (s.ə.s) camaat içində necə davranacağını bilməyən, çöldə yaşadığı üçün bunu öyrənməsi mümkün olmayan insanlara davranışlarına görə qəzəblənməz, əksinə təbəssümü ilə onların qəlbinə yol tapardı.

Kobudluq edən şəxs istər kəndli, istərsə bədəvi yaxud kasıb bir adam olsun. Ancaq o, insandır. Bir mömin bu cür insanlara davranışlarına görə həqarət etməməli, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) kimi mehribanlıq göstərməli və doğru davranışları incitmədən öyrətməlidir.

Nüktəli sözlər

Süheyb Rumi (r.a) ilk müsəlmanlardan idi. İslam uğrunda çox böyük əzab-əziyyətlər çəkmişdir. Hazırcavablıqda mahir idi. Özü nəql edir: “Hicrət edəndə Allah Rəsulu (s.ə.s) ilə Quba kəndində görüşdük. Səhabələri ilə yemək yeyirdi. Süfrədə çörək və xurma var idi. “Buyur, sən də ye”, – deyə təklif elədilər. O əsnada gözüm ağrıyırdı. Süfrəyə oturub xurmadan yeməyə başladım. Peyğəmbərimiz (s.ə.s) mənə:

− Həm gözün ağrıyır, həm də xurma yeyirsən? − dedi.

Mən də:

− Ağrımayan tərəfimlə yeyirəm, ey Allahın Rəsulu, − dedim. Bu cavabıma dişləri görünənədək güldü”[23].

Xülasə, Peyğəmbərimizin (s.ə.s) həyatı boyunca təbəssümlü olduğu üçün biz də həmişə gülərüz və təbəssümlü olmalıyıq. Güləsi yerdə gülməli, lakin həddi aşmamalıyıq. İnsanların xəta və qüsurlarına gülməməliyik. Xüsusilə də, ictimai yerdə və camaat arasında qəhqəhə çəkməməli, cidiyyətimizi qorumalıyıq. Çünki Kainatın Fəxri Rəsulullah bu cür həyat yaşamışdı. Onu sevən və izi ilə getməyə çalışan ümməti də Onun kimi olmalıdır.

[1]İbn Manzur, “Lisanül-ərəb”, 10/459; İlhan Ayverdi, “Misalli Büyük Türkçe Sözlük”, 2/1110; Mehmet Doğan, “Büyük Türkçe Sözlük”, 435

[2]Zəbidi, “Tacül-arus”, 13/603; Rağib, “Müfrədat”, 381; M. Sofuoğlu, “Buxari Tercümesi”, 13/6061

[3]“Nəml” surəsi, 27/18-19

[4]“Nəcm” surəsi, 53/43

[5]“Muminun” surəsi, 23/109-110

[6]“Züxruf” surəsi, 43/47

[7]“Mutaffifin” surəsi, 83/29-36

[8]Buxari, “Təfsirus-surə”, 46/2

[9]Tirmizi, “Mənaqib”, 10

[10]Buxari, “Cihad”, 161; Tirmizi, “Şəmail”, s. 188-189

[11]İbnül-Əsir, “Üsdül-ğabə”, 1/279-280

[12]Tirmizi, “Zöhd”, 2; Əhməd ibn Hənbəl, “Müsnəd” 7748

[13]Buxari, “Küsuf” 2, Təfsir (5) 12, “Riqaq” 27

[14]Buxari, “Təfsirus-surə”, 46/2

[15]Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qadınların istəyi ilə həftənin bir gününü onların məsələlərini həll etməyə, suallarını cavablandırmağa ayırmışdı.

[16]Buxari, “Ədəb”, 68

[17]Əbu Davud, “İstisqa”, 2

[18]Buxari, “Riqaq”, 27; Müslim, “İman”, 186; Tirmizi, “Sifətü Cəhənnəm”, 40/10

[19]Sahibi tərəfindən ya təmənnasız azad edilən, ya da müəyyən məbləğ qarşılığında sərbəst qalan köləyə deyilir.

[20]Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/27; İbnül-Əsir, “Üsdül-ğabə”, 5/478-479; İbnül-Həcər, “əl-İsabə”, 4/333

[21]Buxari, “Ədəb”, 68; Tirmizi, “Siyam”, 28; İbn Macə, “Siyam”, 14

[22]Buxari, “Ədəb”, 68

[23]İbn Macə, “Kitabüt-tibb”, 3




Bənzər məqalələr

Sədəqə nədir?

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Hansı əməllər sədəqə sayılır?


Şərh yaz