2. 120 dəfə oxunub ,   0 şərh   Çap et

Cavab:Peğəmbərimizin dəfn hadisəsini bir neçə başlıq altında ələ alaq:

  Rəsulullahın nəşini kimlər və necə yumuşdular?

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) vəfat edəndə Onu yumaq üçün otağında, ailəsindən başqa əmisi Abbas, Əli ibn Əbu Talib, əmisi oğlu Fadl ibn Abbas, Üsamə ibn Zeyd, Quşəm və azad köləsi Saleh var idi. Bunlar dünyanın ən şərəfli insanının nəşini yumaq üçün toplaşmışdılar. Həmçinin qapının arxasında Bədir döyüşündə iştirak edən ənsardan Ənəs ibn Havl da Hz. Əlidən israrla icazə istəmiş, o da xahişini yerə salmayıb qəbul etmişdi.

Hz. Əli Rəsulullahı (sallallahu əleyhi və səlləm)  paltarını çıxarmadan yuyurdu. Hz. Abbas, Fadl və Quşəm Hz. Əli ilə birlikdə Rəsulullahı bir tərəfdən o biri tərəfə çevirirdilər. Hz. Üsamə ilə Saleh də su tökürdülər. Hz. Əli Onu yumağa başladı. Elə bil Rəsulullah vəfat etməmişdi, vücudu heç dəyişməmişdi. Bunu görən Hz. Əli belə: “Atam, anam sənə fəda olsun! Sən diri ikən də, ölü ikən də nə qədər gözəl, nə qədər təmizsən!” – dedi

 Hz. Aişə anamızdan bu mövzu ilə bağlı belə bir rəvayət nəql olunur:

“Rəsulullahın yuyulması ilə bağlı əvvəlcə tərəddüd etdilər. Görəsən, başqa mərhumlar kimi əynindəki paltarlar çıxarılıb yuyulacaq, yoxsa paltarlı yuyulacaq? Bunu müzakirə edirdilər ki, onlara yuxu gəldi. Hamı yuxuya getdi bir anlıq, çənələri önlərinə düşdü. Evin küncündə məchul bir nəfər Allah Rəsulunun nəşini paltarlı yumağı söylədi. Onlar da tez qalxıb Onu paltarlı halda su və sidrlə[1] yudular. Yuduqdan sonra qurulayıb iki və ya üç parça ağ bezə sarıdılar. Hörmətinə kainat yaradılan Peyğəmbərlər Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) bu dünyadan apardığı şey bu idi”.

Rəsulullahın cənazə namazının qılınması

Mərhuma son borc dua mənasına gələn cənazə namazıdır. Müsəlmanlar vəfat edən din qardaşlarını bu son borcu da yerinə yetirərək və onun yaxşı insan olmasına şahidlik edirlər. Ancaq bu dəfə yola salınan Kainatın Sultanı idi. Hər kəs də bir çaşqınlıq hiss olunurdu. Sevgili rəhbər dünyadan köçmüşdü. İndi kimdən soruşacaqdılar, Onun cənazə namazını necə qılmağı? Başqalarının cənazə namazını bir imamın arxasında durub qılmışdılar. Ancaq bu dəfə vəfat edən həmişə onlara imam olmuş Bəşəriyyətin Fəxri Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm)idi. Buna görə də heç kim cəsarət edib önə keçə bilmirdi. Hamı dəstə-dəstə Rəsulullahın (sallallahu əleyhi və səlləm) pak nəşinin olduğu yerə girir, tək cənazə namazı qılır və çıxırdı. Kişilərdən sonra qadınlar da eyni şəkildə tək-tək cənazə namazı qıldılar.

Rəsulullah üçün məzar yeri necə müəyyən olunması və nəşinin dəfn edilməsi

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) vəfat edəndən sonra Onu hara dəfn etmək barədə qəti qərara gələ bilmədilər. Müxtəlif fikirlər irəli sürüldü. Rəsulullahın ən yaxın dostu Hz. Əbu Bəkir Ondan eşitdiyi “heç bir peyğəmbərə vəfat etdiyi yerdən kənarda qəbir qazılmaz” sözünü xatırlatdı. Beləcə Allah Rəsulunun vəfat etdiyi yerdə məzar qazdılar. Əvvəl məzarın içinə qırmızı qumaş qoyuldu. Çərşənbə gecəsi Rəsulullah (sallallahu əleyhi və səlləm)orada dəfn edildi. Rəsulullahın (sallallahu əleyhi və səlləm) məzarına səhabələrdən Hz. Əli, Hz. Abbas, Aqil ibn Əbu Talib, əl-Fadl və Şükran endi.



[1] O dövrdə Ərəbistanda ölüləri sidr ağacının yarpaqları ilə yuyurdular




Şərh yaz