3. 743 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizdə etibarlılıq

Risalət vəzifəsində etibarlılığı

Bütün varlığa etibarlı olması

Ümmətini etibarlılığa dəvət etməsi

Hicrətdəki etibarlılığı

Müharibə meydanında əminliyi

Möhtəşəm təslimiyyət

Peyğəmbərlərə aid xüsusiyyətlərdən biri də əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub “iman”la eyniköklü sözdür. “Mömin” inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur.

Peyğəmbərlərin və Peyğəmbərimizin ən mühüm vəsfi əminlik, etibarlılıq olduğu kimi, Cəbraili-Əminin də ən əhəmiyyətli xüsusiyyəti əminlikdir. Qurani-Kərimdə belə buyurulur: “(Elə bir elçi ki,) itaət ediləndir, həm də etibarlıdır”[1] Bəli, Cəbrail Allaha (c.c.) itaətkar və Onun yanında tutduğu vəzifəsi etibarilə də əmin bir elçidir. Məhz Quran da bizə bu əminlər mənbəyindən gəlmişdir. Allah Mömindir. Onun bəyanı əminlik təlqin edir. Quran Allahın “Əmin” adlandırdığı Cəbrail vasitəsilə nazil olmuşdur. Və yenə bu Quran o Əmin Peyğəmbərə və Onun əminlik xüsusiyyətinə namizəd qüdsilərə − ümmətinə nazil edilmişdir.

Qurani-Kərimdən hər kəs səviyyəsi nisbətində mütləq faydalanmışdır. Cəbrail də həmçinin… Bir gün Allah Rəsuluna belə demişdi: “Allah (c.c.) Quranında mənim haqqımda “Əmin” ifadəsini işlədənə qədər aqibətimdən narahat idim. Bu ifadəni eşitdikdən sonra iliklərimə qədər əminliklə doldum…”[2]

Peyğəmbərimizdə etibarlılıq

Peyğəmbərimiz, əvvəla, Allahdan gələn bəyanlara əmindir, etibarlıdır. Onun əmanətə zərrə qədər xəyanətini düşünmək mümkün deyil. Sonra bütün məxluqata qarşı əmindir. Hər kəs Ona etimad edir. Çünki əvvəlcə O, hər kəsə etibarını göstərmiş, insanların etibar və güvənini qazanmışdır. Daha sonra da bizə əminlik və etibarın nə qədər gərəkli olduğunu anlatmış və bizi ona inandırmışdır. İstəsəniz, indi də bu məqamlardan ardıcıllıqla bəhs edək:

Risalət vəzifəsində etibarlılığı

Allah (c.c.) Rəsulunu əmanətə riayət edən bir insan kimi seçmiş, O da bunun həyəcanını ömrü boyu yaşamışdır. Belə ki, vəhy gələndə “birdən bir sözü unudaram” deyə həyəcanlanır və Cəbrail (ə.) sözləri bitirməmiş deyilənləri hifz etmək üçün dayanmadan təkrar edirdi. Hətta bu məsələdə o qədər həssaslıq göstərirdi ki, bir gün Allah-Təala Ona belə buyuracaqdı: “(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!”[3]

Quran Ona bir əmanət kimi verilmişdi. O da bu qüdsi əmanətə riayət etməməkdən qorxur və tir-tir titrəyirdi. Buna görə də Allah (c.c.) Onu təsəlli edir və əmanətdə etibarlı edəcəyinə təminat verirdi.

Allah Rəsulu ömrünü həyəcan içində keçirdi, əmanətə riayətə ciddi cəhd göstərdi və bu yükün bütün ağırlığını çiynində hiss etdi. Ona görə də Vida həccində − ümməti ilə vidalaşdığı həcdə günəş qüruba doğru əyilərkən həyat günəşinin də qürubuna çox qalmadığını bilən Rəsulullah sədaqətli əshabına o dərin məsuliyyətini bir daha hiss etdirmiş və uca səslə: “Yaxında sizdən mənim haqqımda soruşacaqlar”. Yəni “ondan əvvəl mən soruşuram: vəzifəmi yerinə yetirdimmi?” – demişdi. Orada olanların hamısı bir ağızdan hayqıraraq yeri-göyü titrətmişdilər: “Bəli, Sən vəzifəni layiqincə və qüsursuz yerinə yetirdin!” Bu sözləri eşidən İki Cahan Sərvəri əllərini qaldırıb: “Allahım, şahid ol!” – demişdi.[4]

Bəli, əmanətə riayət, əmanətdə əminlik birbaşa Allahda başlamış, Cəbrailə keçmiş və Allah Rəsulunda aram etmiş, daha sonra da ümmətə keçmişdi və Vida həccində ümmətin şahidliyi ilə yenidən Allaha dönmüşdü.

Ən mötəbər hədis kitablarının nəql etdiyinə görə, Aişə anamız (r.a.) Allah Rəsulunun əmanətə riayət düşüncəsi ilə bağlı belə buyurur: “Əgər Allah Rəsulu nazil olan ayələrdən hər hansı birini − fərz edək − gizləyəsi olsaydı, şübhəsiz, bu ayəni[5] gizləyərdi:

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللّٰهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللّٰهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللّٰهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللّٰهُ أَحَقُّ أَنْ تَخْشَاهُ [6]

Bu ayə bir hadisə ilə əlaqədar nazil olmuşdu: “Allah Rəsulu yanında böyütdüyü, daha sonra da övladlığa götürdüyü  və köləlikdən azad etdiyi Zeyd b. Harisəni bibisinin qızı Zeynəb binti Cahşla evləndirmişdi. Ancaq onların ailəsi hüzurlu deyildi. Zeynəb anamız (r.a.) sırf Allah Rəsulunun əmrindən çıxmamaq üçün bu nikahı qəbul etmişdi. Könülsüz ailə qurduğu üçün də ərinə qarşı lazımi hörmət və ehtiramı göstərmirdi. Allah onun Zeyddən boşanıb əzvaci-tahiratdan[7] biri olmasını çoxdan murad buyurmuşdu. Ancaq o günəcən hökm sürən ərəb adətinə görə, övladlığa götürülənlər doğma övlad hesab olunurdu. Başqa sözlə, övladlığa götürülən şəxsin həyat yoldaşı övladlığa götürənin gəlini sayılırdı. Daha əvvəl anası Zeynəbi Allah Rəsuluna təklif etmişdi, ancaq Rəsulullah qəbul etməmişdi. İndi bu nikahı birbaşa Allah (c.c.) əmr edirdi. Zeynəblə izdivac İki Cahan Sərvərinə, həqiqətən, çox ağır gəlmişdi. Amma nə etmək olardı, əmr yuxarıdan idi.

Ona görə də Aişə anamız (r.a.) bu məsələ haqda deyir: “Əgər Allah Rəsulu gələn vəhydən hər hansı bir ayəni gizləyəsi olsaydı, bu izdivacla bağlı ayələri gizləyərdi”. Ancaq O, vəhy kimi müqəddəs bir əmanətə riayətdə olduqca həssas idi. Onun ən kiçik bir məsələni belə gizlətməsi mümkün deyildi. Ayədə məalən belə deyilir:

“(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin də yaxşılıq etdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir”, – deyəcəklərindən) çəkinirdin. Halbuki əslində qorxmağa ən çox layiq Allahdır”.[8]

Bəli, əgər bir ayə gizləsəydi, məhz bunu gizlədərdi, lakin O, əmanətə etibarlı idi və əsla heç bir şeyi gizləməzdi.

Bütün varlığa etibarlı olması

Ruhu etibarlılıq, əminlik vəsfi ilə yoğrulmuş Rəsulullah peyğəmbərlik vəzifəsində Rəbbindən gələn vəhy əmanətinə ciddi və həssas riayət etdiyi kimi bütün varlığa da əminlik, etibar saçırdı:

Bir gün etikafda olanda Safiyyə anamız (r.a.) Ona baş çəkməyə gəlmişdi. Bir az oturandan sonra da öz otağına getmək üçün icazə istədi. Allah Rəsulu də xanımını yola salmaq üçün onunla birlikdə çölə çıxdı və bir neçə addım getmişdilər ki, bir-iki səhabə onların yanından sürətlə uzaqlaşdılar. İki Cahan Sərvəri dərhal onları dayandırdı, sonra da Safiyyə anamızın üzünü açaraq: “Baxın, bu mənim xanımım Safiyyədir” – dedi. Elə bil səhabələrin üstünə qaynar su tökdülər. “Allah qorusun, ya Rəsulullah! Sənin haqqında heç pis düşünməkmi olar?!” – dedilər. Ancaq Allah Rəsulu hər davranışı kimi, bu davranışı ilə də bir dərs vermək istəyirdi. Buyurdu: “Şeytan daim insanın qan damarlarında gəzib-dolaşır.”[9] Şeytan insanın bu qədər yaxınındadırsa, demək, istənilən vaxt onun beyninə şübhə toxumları səpə bilər. Əgər mində, hətta milyonda bir ehtimal da olsa, insanın ağlına “Görəsən Allah Rəsulunun yanındakı qadın kim idi?” şəklində bir şübhə və tərəddüd gəlsə, Allah qorusun, o düşüncə həmin şəxsin əbədi həyatını məhv edib iman nurunu söndürər. Elə buna görə də O şəfqət abidəsi uca Nəbi vəziyyətə dərhal müdaxilə edərək həm öz əminliyini göstərir, həm də əshabının imanını qorumuş olurdu.

Bəli, O, etibar və əminliyə bu qədər əhəmiyyət verirdi. Təsadüfi deyil ki, peyğəmbərlik gəlməmişdən əvvəl  Əmin adını almışdı.[10] İslamiyyətin zühuru ilə amansız düşmənə çevrilənlər belə Onu həmişə “Əmin” kimi tanımamışdımı?! O, o qədər etibarlı sayılırdı ki, zənnimcə, Əbu Cəhlin yanına gedib “İsmət və namusun da daxil olmaqla ən qiymətli şeylərini kimə əmanət edərsən?” deyə soruşsaydılar, hər halda “əl-Əminə” cavabını verərdi. Bəli, ilk ağlına gələn insan Məhəmmədul-Əmin (s.a.s.) olardı. Allah Rəsulunun bütün həyatı bu cür əminlik, etibarlılıq məhvərində keçmişdi.

O qədər etibarlı insandı ki, bir qadının “Gəl, gör sənə nə verəcəyəm!” deyə uşağını çağırdığını eşidər-eşitməz dərhal: “Nə verəcəksən?” deyə soruşmuşdu. Qadın “Bir neçə xurma verəcəyəm, ya Rəsulullah” deyincə: “Əgər ona bir şey verməyəsi olsaydın, yalan danışmış olacaqdın” buyurmuşdu.[11]

Çünki Allah Rəsulu yalanı münafiqlik əlaməti sayırdı. Münafiqin üç əlaməti vardı ki, biri də yalan danışmaqdı. Digər ikisi isə əmanətə xəyanət və verilən sözə əməl etməmək kimi günahlar idi.[12] Münafiqlik Allah Rəsulundan necə və nə qədər uzaqsa, əmanətə xəyanət etmək də o qədər uzaq idi.

Allah Rəsulunun əminlik ruhu və etibar anlayışı təkcə insanlarla münasibətdə özünü göstərmirdi. Onun əminlik dünyası bütün varlığı əhatə edirdi. Bir səhabə əlini ot varmış kimi göstərib atını yanına çağırmışdı. Bunu görən Rəsulullah onu yanına çağırıb xəbərdarlıq etmişdi. Bəli O, heyvanlara qarşı belə etibarlı, doğru-dürüst olmağın zəruruliyini söyləyirdi.

Yenə bir dəfə döyüşdən qayıdırdılar. Bir-iki səhabə bir quşun balalarını yuvadan götürüb oxşayırdılar. Elə o əsnada ana quş gəldi. Balalarını yuvada görməyib çırpınmağa başladı. Narahat halda qalxıb enir, dayanmadan sağa-sola dövrə vururdu. Allah Rəsulu vəziyyətdən xəbərdar olunca dərhal quş balalarını yerinə qoymağı, ana quşa əziyyət verməməyi əmr etdi. Bununla sanki bu hərəkətin yer üzündə əminliyin, etibarın təmsilçiləri olan insanlara – müsəlmanlara yaraşmadığını bəyan edirdi.[13]

Osmanlının dünya hakim olmasında da eyni əminlik abı-havasının təsirini görmək mümkündür. Döyüşə gedəndə bağ-bağçalarda yedikləri meyvələrin pulunu budaqlara asan bu etibar təmsilçiləri, soylu və nəcib insanlar ölkələri qılıncla fəth etməzdən əvvəl bu əminlik ruhu və cömərdliklə könüllərə yol tapmışdılar. Yoxsa nə o qorxunc səlib zehniyyəti qarşısında Avropaya girə, nə də uzun müddət orada qala bilərdilər.

Ümmətini etibarlılığa dəvət etməsi

Nəbilər Sultanı Allahdan gələn bəyanları etibarla hifz edir və etibar halqasına da bütün varlığı daxil edirdi. Ümmətini də eyni əxlaqa yiyələnməyə çağırır, insanlar arasında əmin və etibarlı  yaşamağa səsləyirdi. Onun yanında ən kiçik xəyanət və qeybətə yer yox idi. Belə hallarda dərhal qarşısındakına xəbərdarlıq edir və ruhuna qeybətin tozunun belə qonmasına imkan vermirdi.

“Filan qadının ətəyi nə uzundur” deyən Həzrət Aişə anamıza (r.a.): “Onun qeybətini etdin və ətini dişlədin” deməsi,[14] Maizin arxasınca danışan bir başqa səhabəyə də oxşar xəbərdarlığı etməsi[15] – hamısı Onun əmin, etibarlı olmasından və əminlik haləsinin ruhlara necə hüzur, itminan gətirəcəyini bilməsindən qaynaqlanırdı.

Daim bu duanı oxuyur və ümmətinə də tövsiyə edirdi: “Allahım, aclıqdan Sənə sığınaram, o, nə pis yoldaşdır. Xəyanətdən də Sənə sığınaram, o, nə pis sirdaşdır.”[16]

Əmanətə riayət etmək nə qədər əhəmiyyətlidirsə, xəyanət etməmək də o dərəcə önəmlidir və bunlar bir-biri ilə sıx bağlıdır.

Əhdinə vəfa göstərməyib xəyanət edən insanlar haqqında buyurulan bu tükürpərdici ifadə də yenə Allah Rəsuluna aiddir: “Allah qiyamət günü əvvəl-axır bütün insanları bir yerə toplayanda hər vəfasız üçün bir bayraq sancılacaq və: “Baxın, filankəsin oğlu filankəsin vəfasızlığı budur” deyiləcək.”[17]

Pislik Rəsulullahın ruh dünyasına nəinki ayaq basa, heç yaxın dura bilməzdi, o qapılar pisliklərin üzünə əbədi bağlanmışdı. Ən kiçik yaxşılığa, hətta təfərrüat sayılana da ürəyini geniş açır və yaxşılıq hissi ilə oturub-dururdu. O, güvən, əminlik və etibar ab-havasında ömür sürdü. Bəşəriyyət də Ona güvəndi, etimad etdi. Ona arxa çevirənlər yanılıb yollarda qaldılar. Ancaq O, daima qoruyucu mələk kimi ümmətinin üstündə titrədi. Kim, nə vaxt və hansı şəraitdə Onun qapısını döydüsə, Ondan “Ləbbeyk!” (Buyur) səsini eşitdi.

O, necə etibarlı insan idisə, Allaha da o cür etibar və etimad bəsləyirdi. Onun Allaha güvənib etimad etməsi əminlik vəsfinin Nəbidən Allaha yüksəlməsi deməkdir. Əminlik Allahdan nazil olaraq peyğəmbərdə etibarlılıq və itminan şəklində zühur edir. Bu iki qövsün ucu birləşəndə də ümumi əmina-amanlıq, etibar və etimad hasil olur.

Hər bir peyğəmbər Allaha etimadla şərəflləndirilmişdir. Bu, onların ayrılmaz xüsusiyyətlərindən və uca vəsflərindən biridir. Quran bunu bu ayələrdə bəyan edir:

“(Ya Rəsulum!) Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirin), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!)”[18]

Həzrət Nuh (ə.) Rəbbinə güvənir, etimad edir və bütün kafirlərin qarşısında mətanətlə dayanaraq: “Əgər aranızda olmağım, davranışım, mövqeyim və əmri təbliğim sizə ağır gəlirsə, həzm edə bilmirsinizsə, istədiyinizi edin. Mən bu vəziyyətdə Allaha (c.c.) güvənib arxalandım, bu siz, bu da mən. Siz bir dəstə insan, mən isə təkəm. Lakin bilin ki, Allah (c.c.) məni sizin qarşınızda tək qoymayacaq. Siz indi bir yerə yığışın, baş-başa verib məsləhətləşin, məşvərət edin və mənim əleyhimə müxtəlif planlar qurun, bunu edəndə də bütün şəriklərinizi, ortaqlarınızı və köməyə gələcək hər kəsi çağırın. Bir yerə yığın ki, sonra içinizdə bir peşmançılıq, bir narahatçılıq qalmasın. “Kaş ki bunu da edəydik!” deməyin və əlinizdən nə gəlirsə, edin, nəyi düşünürsünzsə, hamısını ortaya qoyun! İndi mən sizdən hər şey gözləyirəm, edə bilirsiniz, edin!” deyir və onlara meydan oxuyurdu.

Həzrət Nuh (ə.) bunları Allaha fövqəladə güvən və etimadla söyləyirdi. O, əmin idi ki, Rəbbi onu qoruyub hifz edəcək. Gəmisinə neçə insan mindi, bilmirik, lakin bir şeyi bilirik ki, Həzrət İbrahim (ə.) də daxil nə qədər peyğəmbər varsa, hamısı Onun soyundan gəlmişdir. Çünki Quran Həzrət İbrahimi Onun millətindən sayır və belə deyirdi: “Həqiqətən, İbrahim də Nuhun millətindən idi”[19]

Həzrət İbrahimin (ə.) halı, təslimiyyəti və təvəkkülü bu şəkildə dilə gətirilir:

“İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə düşmənçilik və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm!” – deməsi istisnadır. (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.” [20]

Məhz bütün peyğəmbərlərin həyatını tədqiq və təhqiq etsək, onlarda Allaha təvəkkül və etimad kəfəsinin daha ağır gəldiyini görərik. Onların təvəkkülü sadə insanların təvəkkül və etimad hissi ilə eyni deyil. Üstəlik bu təvəkkül Peyğəmbərlər Sultanının təvəkkülüdürsə… Bəli, İki Cahan Sərvərinin təvəkkül və etimadı bütün peyğəmbərlərin etimad və təvəkkülündən daha əngin və daha dərindi.

Allah (c.c.) Ona “Hasbiyallah” deməyi öyrətmişdi.[21] Rəsuılullah da bütün həyatını Ona etimad, təvəkkül və əminlik hissi ilə keçirmişdi. Düşünün ki, Həzrət Əli (r.a.) kimi heydəri-kərrar, qəhrəman və şücaətli bir insan belə deyirdi: “Biz hərb meydanlarında dara düşəndə və içimizi qorxu alanda dərhal Allah Rəsulunun arxasına sığınar, nəfəsimizi dərib özümüzə gələrdik.”[22]

Hicrətdəki etibarlılığı

Hicrət ərəfəsində evinin dörd tərəfinin canına qəsd niyyəti ilə gələn düşmənlər tərəfindən mühasirəyə alındığını görüb: “Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq”[23] ayəsini oxumuş, onların üstünə bir ovuc torpaq atmış və rahatca aralarından keçib getmişdi.[24] Bəli, O, bu qədər cəsarətli və qorxu bilməzdi.

Daha sonra yolu Sevr mağarasından düşdü. Sevr dağın hündür bir yerində idi, gənclər belə, çətinliklə çıxırdı. O, düz əlli üç yaşında bu zirvəyə dırmaşdı. Onsuz da, bütün həyatı əziyyət və iztirabla keçmişdi, bu da məşəqqətlərdən biri idi. İndi də bu xoşbəxt mağaranın öz diliylə etdiyi dəvəti yerə salmır, mağarada bir neçə gün qonaq qalıb oranı təşrifi ilə şərəfləndirirdi.

Məkkə müşrikləri mağaranın ağzına qədər yaxınlaşdılar. Arada bir metrlik məsafə olmazdı və Həzrət Əbu Bəkir (r.a.) təşvişə düşdü. Çünki Allah Rəsulunun ona əmanət olduğunu düşünür və: “Birdən bu əmanəti yerinə çatdırmadan başına bir iş gələr…” deyə narahat olurdu. Üzü sapsarı saralmış. Halbuki Allah Rəsulunun dodaqlarındakı təbəssüm zərrə qədər dəyişməmişdi. O itminan və əminlik timsalı dostu Həzrət Əbu Bəkrə təsəlli verərək: “Qəm yemə, Allah bizimlədir!”[25] deyir və təkrar edirdi: “Sən bu iki adama görə narahat olma, onların üçüncüsü Allahdır.”[26]

Müharibə meydanında əminliyi

Huneyn döyüşünün başlanğıcında İslam ordusunda qarışıqlıq düşdü. Belə ki, bütün səhabə sağa-sola qaçışır və artıq  hər kəs İslam ordusunun məğlub olduğunu düşünürdü. Elə bu əsnada gözlənilməz hadisə oldu. Allah Rəsulu (s.a.s.) Həzrət Abbasın dayandırmağa çalışdığı mübarək miniyinin üstündə düşmən cərgələrinə doğru atıldı. O gur və heybətli səsiylə hayqırdı: أَنَا النَّبِيُّ لاَ كَذِبْ أَنَا ابْنُ عَبْدِ الْمُطَّلِبِ “Mən Allahın Rəsuluyam, bunda yalan yoxdur! Mən Əbdülmüttəlibin nəvəsiyəm, bunda da yalan yoxdur!”

Onun bu davranış və şücaəti qısa zamanda İslam ordusunun özünə gəlməsini təmin etdi. Və o dönmüş tale zəfərlə gülümsədi.[27]

Möhtəşəm təslimiyyət

Rəsullallah (s.a.s.) bir ağacın altında istirahət edirdi. Elə bu zaman Qavrəs adlı bir kafir Onun yatmasından istifadə edib yaxınlaşır, budaqdan asılmış qılıncını götürür və az qala boğazına dirəyib istehzalı bir əda ilə: “İndi səni mənim əlimdən kim qurtaracaq?” deyir. Bunu görən Allah Rəsulu zərrə qədər təşvişə düşmür. Çünki Onun Allaha (c.c.) tam etimadı var. Arxayın-arxayın və qətiyyətlə “Allah!” deyə hayqırır. Onun hayqırtsından kafirin ürəyi ağzına gəlir, qılınc əlindən düşür və yerində donub qalır. Bu səfər də qılıncı Allah Rəsulu əlinə alır və soruşur: “Bəs indi səni kim qurtaracaq?” Kafir qızdırmaya tutulmuş xəstə kimi titrəməyə başlayır. O əsnada Allah Rəsulunun səsini eşidənlər də özlərini yetirirlər. Gördükləri mənzərə onları da heyrətə salır. Daha sonra baş verənləri öyrəndikdə Allaha qarşı iman və etimadları daha da qüvvətlənir, Qavrəs də Onun Allaha etimadını görüb “əl-Əmin”ə Müsəlmanlarla döyüşməmə sözü verir və oradan ayrılır.[28]

Qərbin məşhur mütəfəkkiri Bernard Şou deyir: “Həzrət Məhəmməd heyrətamiz və ağlasığmaz üstünlüklərə malik bir insandır. Bu əsrarəngiz insanı tam anlamaq mümkün deyil. Onun xüsusilə bir üstünlüyünü başa düşmək olduqca çətindir ki, o da Allaha olan güvən və etimadıdır.” Şou doğru deyirdi…

O, Allaha elə etimad və təslimiyyət hissi bəsləyirdi ki, Onu məlum bəşəri meyarlarla nə ölçmək, nə də qiymətləndirmək mümkündür. Və Onun Allah dərgahında yeri, dəyəri, nazı da Allaha güvən və etimadı səviyyəsindədir. Onun istəyi, diləyi və arzusuyla gecələr gündüzə dönər, zülmətlər nur olar, kömür almaza çevrilər və dilənçilərə sultanlıq mülkü bağışlanar.

İnsanlar arasında etibar və etimada ən layiq Zat Rəsulullahdır. Ümməti də eyni etimada layiq olmalıdır. Bu səbəbdəndir ki, bir ayədə belə buyurulur:

“Allah sizə əmanətləri layiq olanlara verməyi və insanlar arasında ədalətlə hökm etməyi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir “[29]

Təfsir kitabları bu ayənin nüzul səbəbini belə izah edir:

“Məkkə fəth edilincə Peyğəmbərimiz Kəbənin açarlarını hələ yeni müsəlman olmuş Osman b. Talhadan alıb Kəbəni şəxsən özü açdı. Bu əsnada Həzrət Abbas gəlib açarları istədi. Ehtimal, Osman b. Talha o əmanətə daha layiq idi və eyni zamanda açarların ona verilməsi onun könlünü İslama daha da isindirəcəkdi. Və elə də oldu. Bəli, bu ayə nazil olunca Kəbənin açarları təkrar Osman b. Talhaya əmanət edildi.[30] Ancaq ayənin hökmü ümumidir. Çünki Allah Rəsulu əmanətin ortadan qalxmasını qiyamət əlaməti sayır və belə buyurur: “Əmanət hədər ediləndə qiyaməti gözləyin!” Səhabələr soruşur: “Ya Rəsulullah! Əmanət necə hədər edilir?” Cavab verir: “İş layiq olmayana tapşırıldıqda!”[31]

Bəli, əmanət çox əhəmiyyətlidir. İşi mütəxəssisinə həvalət etmək bir əmanətdir, bu da dünya nizamının qorunub saxlanmasında ən mühüm amillərdən biridir. Əmanətin layiq olmayanalara verilməsi, yəni hədər edilməsi ümumi tarazlığın və nizamın pozulması deməkdir. Belə bir dünyanın isə varlığı ilə yoxluğu arasında fərq yoxdur. Allah Rəsulu başqa bir hədisində belə buyurur:

“Sizin hər biriniz rai (çoban) və hamınız əlinizin altında olanlara cavabdehsiniz: Dövlət başçısı bir raidir, əlinin altında olanlara görə mısuliyyət daşıyır. Hər fərd əhli-əyalının raisidir (rəisidir) və rəiyyətinə görə məsuliyyət daşıyır. Qadın ərinin evinin raisi və öhdəliyində olan şeylərə cavabdehdir. Xidmətçi ağasının malının raisi və əlinin altında olanlara cavabdehdir. Hər biriniz raisiniz və hər biriniz rəiyyətinizə görə məsuliyyət daşıyırsınız.”[32]

Bu hədisdə geniş perspektivdə hər kəsin bir-birinə əmanət olmasından bəhs olunur. Varlıq bütünlüklə Allaha əmanətdir. Quran əvvəlcə Cəbrailə, sonra da Həzrət Məhəmməd Mustafaya əmanətdir. Quran həqiqətləri və Həzrət Məhəmməd Mustafanın nübüvvət məfkurəsi ümmətə əmanətdir. Yenə bütün ümmət Allaha (c.c.) əmanətdir.

Həyatı meydana gətirən və cəmiyyəti təşkil edən bütün ünsürlər bir-biri içinə girmiş dairələr kimidir. Bunlardan birinin azacıq zədələnməsi dərinləşib digər dairələrə də sirayət edir. Zənn edirəm, buna kimsənin şübhəsi də olmaz. Fərdi bir yara var və bu yara dərhal aradan qaldırılmırsa, çox keçmədən onun qanqrenə çevrilməsi qaçılmaz olur. Elə isə hər bir dairə öz öhdəsinə düşən əmanətə layiqincə riayət etməlidir ki, ehtimal olunan bütün qəzaların, zədələrin qarşısı alınmış olsun.

Hədisi-şərifdə də məhz bu əlaqəyə və bütünlüyə işarə edilir. Qapıçıdan dövlət başçısına qədər milləti meydana gətirən bütün fərdlər əmanət mövzusunda öz məsuliyyətlərinin şüurunda olsalar, insanlıq utopyalarda axtardığını bu “əmin”lər cəmiyyətində tapar.

Əmanət o qədər əhəmiyyətlidir ki, Allah Rəsulu: “Əmanətə riayət etməyənin imanı da yoxdur” buyurur. Əmanətə riayət etməyən və əmanətin haqqını qorumayan insanın imanı da tam və kamil deyil.[33]

Yəni bir mənada imanla əmanət bir-birinin səbəb və nəticəsidir: Əmanətə riayət etməyən bir insan kamil mömin sayılmadığı kimi, kamil möminlər istisna, digər insanlarda sağlam əmanət düşüncəsi tapmaq da çətindir. Bəli, əgər insan kamil mömindirsə o, əmanətdə də etibarlı olacaq, əgər əmanətdə etibarlı ola bilmirsə, deməli, imanı da kamil olmayacaq.

Allah Rəsulu başqa bir hədisində mömini belə təsvir edir: “Həqiqi mömin odur ki, insanlar ondan mallarına və canlarına zərər gələməyəcəyinə əmin olurlar.”[34]

Peyğəmbərimizin sədaqətindən danışarkən ərz etdiyim bir hədisi mövzumuzla bağlı olduğu üçün  təkrar etmək istəyirəm. Allah Rəsulu belə buyurur: “Siz mənə altı məsələdə söz verin, mən də sizə Cənnəti vəd edim”[35]

1. “Danışarkən doğru danışın!” Bəli, nə hərəkət, nə də sözlərinizdə yalana yol verməyin və ox kimi dümdüz olun!

2. “Verdiyiniz sözü yerinə yetirin!” Bunun əksi münafiqlik əlamətidir ki, yuxarıda haqqında bəhs edilmişdi.

3. “Əmanətə riayət edin!” Sizi etibarlı sayıb bir şey əmanət etmişlərsə, onların etibarını doğruldun! Hətta onların hüsnü-zənnini axirətdə də yanıltmamağa çalışın!

4. “İffətli olun!” İsmət və namusunuzu qoruyun, başqalarının ismət və namusunu öz namusunuz kimi mühafizə edin! (Bu mövzu haqqında iffət bəhsində ətraflı danışılacaq)

5. “Gözlərinizi haramdan çəkin!” Sizə aid olmayan şeylərə baxmayın və istifadəsinə icazəniz olmayan şeylərə göz dikməyin!

Harama baxmaq qəlbin ahəngini pozur. Bir qüdsi hədisdə belə buyurulur: “Harama baxmaq şeytanın zəhərli oxlarından biridir. (Sizin iradə yayınızdan çıxıb ürəyinizə saplanar. Və ya şeytana aid bu yay sizin iradənizin əlindədir). Kim Mənə hörmətinə görə harama baxmaqdan əl çəkərsə, onun qəlbinə elə bir iman salaram ki, onun ləzzətini bütün qəlbində hiss edər.”[36]

6. “Başqalarına əllə zərər verməkdən uzaq olun!” Heç kimə və heç bir şəkildə pislik etməyin!

Bir mənada etibarlılığın şərtləri sayılan bu maddələrə riayət edən şəxs əmin, etibarlı insan kimi yaşayar, axirət səadərini də bu yolla təmin etmiş olar. Elə Allah Rəsulu da bu məsələlərə əməl etməyə söz verənə Cənnəti vəd etmişdir.

Bəli, yer üzündə əmin-amanlığın bərqərarı və davam etməsi etibarlı və əmin insanların söz sahibi olmasından asılıdır. Əgər bütün İslam aləmi əmanətə riayət etsə, yer üzündə etibar və güvənin timsalı olsa, dünya da yenidən əsl müvazinət və tarazlığını tapacaqdır.


[1]Təkvir surəsi, 81/21

[2]Qazi İyaz, əş-Şəfa, 1/17.

[3]Qiyamət surəsi, 75/16-19.

[4]Buxari, Həcc 132; Müslim, Həcc 147; Əbu Davud, Mənasik 57.

[5]Əhzab surəsi, 33/37.

[6]Buxari, Tövhid 22; Müslim, İman  288.

[7]Pak zövcələr: Rəsulullahın xanımları nəzərdə tutulur

[8]Əhzab surəsi, 33/37

[9]Buxari, Etikaf, 8; Bədül-xalq, 11; Müslim, Salam, 24-25; Təbərani, əl-Mücəmül-kəbir, 24/72.

[10]Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/425; Hakim, əl-Müstədrək, 1/628; İbn Hişam, əs-Siratun-nəbəviyyə, 1/323; İbn Sad, ət-Tabaqatul-kübra, 1/121.

[11]Əbu Davud, Ədəb 80; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/447.

[12]Buxari, İman 24; Müslim, İman  107.

[13]Əbu Davud, Cihad 112; Ədəb 164; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/404.

[14]Əbu Davud, Ədəb, 35; Tirmizi, Qiyamə, 51; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/189.

[15]Əbu Davud, Hüdud, 23.

[16]Əbu Davud, Vitr, 32; Nəsayi, İstiazə,19, 20.

[17]Buxari, Ədəb, 99; Müslim, Cihad,  9-16 (İfadə Müslimdəndir.)

[18]Yunus surəsi, 10/71

[19]Saffat surəsi, 37/83

[20]Mumtəhinə surəsi, 60/4

[21]Baxın.: Tövbə surəsi, 9/129.

[22]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/156; Əbu Yala, Müsnəd, 1/258.

[23]Yasin surəsi, 36/9

[24]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/8-9; Təbəri, Tarixul-üməm vəl-müluk, 1/567.

[25]Tövbə surəsi, 9/40

[26]Buxari, təfsir (9) 9; Müslim, Fəzailüs-səhabə 1.

[27]Buxari, Cihad, 52; Müslim, Cihad76-80.

[28]Buxari, Cihad, 84; Məğazi 31; Müslim, Fəzail 13; Hakim, əl-Müstədrək, 3/29.

[29]Nisa surəsi, 4/58

[30]İbn Kəsr, Təfsirul-Quranil-azim, 1/516-517.

[31]Buxari, Elm 2; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/361.

[32]Buxari, cümə 11; Vəsaya 9; Müslim, İmarə 20.

[33]Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/135; Təbərani, əl-Mücəmül-kəbir, 8/195; Beyhaqi, əs-Sünənul-kübra, 4/97.

[34]Tirmizi, İman 12; Nəsayi, İman 8.

[35]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/323; Təbərani, əl-Mücəmül-kəbir, 8/262; əl-Mucəmul-övsat, 3/77; Beyhaqi, əs-Sünənul-kübra, 6/288.

[36]Təbərani, əl-Mücəmül-kəbir, 10/173.



Açar sözləri

etibar əmanət əminlik

Bənzər məqalələr

Etibar timsalı

Onun uşaqlıq, gənclik və yetkinlik dövrləri peyğəmbərliyinin müqəddiməsi, mərhələləri və pillələri mahiyyətini daşıyırdı. Bunun nəticəsi olaraq da Onu tanıyan bir çox insanlar peyğəmbərlik gələr-gəlməz dərhal inanıb müsəlman olmuşdular.

Peyğəmbərimizin (s.ə.s) əmanətlərinə ehtiram göstərmək dinə görə caizdir?

Rəsulullahın (s.ə.s) maddi və mənəvi miraslarını qoruyub saxlamaq bir vəfa borcudur. Səhabələr Onun müqəddəs davasına könül verdikləri kimi Onun hər izini də müqəddəs əmanət olaraq dəyərləndirmiş və göz bəbəyi kimi qoruyublar. Saçını, mübarək saqqalının tüklərini, dırnaqlarını, ümumiyyətlə, Ona aid hər şeyi böyük bir ehtiramla qoruyub saxlamışlar.

Etibar qazanmaq

Etibar və etimad uşaqlıq çağından peyğəmbərlik verilənədək Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) səciyyələndirən əxlaqi məziyyətlərdir. Müşriklər belə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “dürüst” və “etibarlı” (əs-Sadiq, əl-Əmin) olduğunu söyləmişlər. İnsanların güvənib etibar etdiyi şəxslər cənnətə gedər.  Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir insanın cənnətə gedəcəyini xəbər vermişdir; Əbu Səid Rəsullulahın (sallallahu əleyhi […]


Şərh yaz