Rəhmət Peyğəmbərinin evi ən sadə adamın evindən fərqlənmirdi. Çox şey yox idi. Əgər istəsəydi, şahlar kimi yaşaya bilərdi. Heç kim də buna bir söz deməz, deyə bilməzdi. Ancaq O (s.ə.s), başqa aləm üçün yaşamışdı. Buranın fani olduğunu evi ilə də göstərəcəkdi. Evini əbədi məkan kimi görməmiş, buna xanımlarını da alışdırmışdı. O sultanlar sultanı vəfat edəndə evində yataq, yorğan, içi xurma lifləri ilə dolu bir yastıq, yemək yediyi bir tabaq, su bardağı, əl dəyirmanı, kuzə və bir də su qabı var idi.
Bu qiymətli əşyalar Ömər İbn Abdüləzizə (r.a.) qədər gəlib çatmışdı. O da bunlara baxıb ibrət almışdı. Bunları yanına gələnlərə göstərib: “Baxın, Allah Rəsulunun qoyub getdiyi miras bunlardan ibarətdir!” – deyirmiş.
Təbii ki, belə əşyaları olan ev də çox sadə idi. Xanımlarının olduğu bu evlərə kiçik otaq mənasında “hücrə”, “hücurat” deyilirdi. Sonralar buraları söküb Məscidə qatmağa məcbur olmuşdular. O günlərin şahidi Səid ibn Müseyyib (r.a.) belə demişdi: “Vallah, nə qədər arzu edərdim ki, bu otaqlar olduğu kimi saxlansın. Mədinə camaatından bəzi adamlar bunlara baxıb heç olmasa, təsəlli tapalar. Başqa yerdən gələnlər də Rəsulullahın nə ilə kifayətləndiyini görüb zühd dərsi alalar”.