3. 506 dəfə oxunub ,   0 şərh   Çap et

Münafiq sözü “ən-nəfəqu” sözündən törəyib “köstəbək dəliyi” mənasına gəlir. Köstəbək öz yuvasına bir tərəfdən girib o biri tərəfdən çıxdığı kimi, münafiq də İslama bir tərəfdən girib o biri tərəfdən çıxır. Yəni küfrünü gizləyib özünü inanan kimi göstərir. 

Bir düşüncə, məfkurə, ideoloji, siyasi və ya fikri hərəkat uğur qazandığı zaman riyakarlıq, münafiqlik özünü göstərməyə başlayır. Allah Rəsulunun zamanında də münafiqlik müsəlmanların çox sıxıntı çəkdiyi və zəif olduğu Məkkədə deyil, Mədinədə ortaya çıxmış və ətrafdakılara təsir etməyə başlamışdı. Allah Rəsulu və ilk müsəlmanlar Məkkədə güclü deyildilər, ona görə də bir qrup insanın münafiqlər kimi, müsəlmanlardan qorxmasına və yaxud onlardan mənfəət ummasına, özlərini onlara yaxın göstərməsinə və eyni zamanda gizli düşmənçilik etməsinə, hiylələrə əl atmasına “ehtiyac” yox idi. Məkkəlilər, xüsusən, nüfuzlu müşriklər Rəsulullaha qarşı düşmən mövqeyini açıq-aşkar ortaya qoyur, müsəlmanlara amansız işgəncələr verir, İslama dəvətə çəkinmədən etiraz edirlər. Belə ki, müsəlmanları təhdidlə, zorla, aldadaraq və ya müxtəlif oyunlarla dindən döndərməyə çalışırdılar. Bəzi müsəlmanlar bu işgəncələrə dözə bilməyib imanlarını müşriklərdən  gizlətməyə məcbur olurdular.

Ancaq Mədinədə vəziyyət tamamilə fərqli idi. Rəsulullah hicrətdən əvvəl orada Övs və Xəzrəc kimi güclü müttəfiqlər tapmış, İslam orada yayılmadan və onlara tam güvənmədən Mədinəni tərk etməmişdi. Bu ərəfədə Mədinədə ya cahillik və ağılsızlıq, ya da kin, qəzəb və inadkarlıq ucbatından inanmayanlar vardı. Şübhəsiz ki, Rəsulullahın Mədinəyə gəlməsi ilə onların nüfuz və hakimiyyəti sarsılmışdı. Ancaq Allah Rəsuluna,  mühacir və ənsara açıq-aşkar düşmənçilik etməsi asan deyildi. İslamın gün keçdikcə yayıldığını və gücləndiyini, öz saylarının isə azaldığını görən bu xəbis tinətli insanlar gizli-gizli düşmənçiliyə başladılar. Məhz bu çirkin niyyətlilərdir ki, həmişə müsəlmanlara pislik etməyə çalışmış və Rəsulullahı ən böyük düşmən hesab etmişdilər.

Münafiqlər həmişə müsəlmanlarla birlikdə ibadət edir və eyni zamanda əl altından fitnə törətməyə çalışırdılar. Onlar küfr əla­mətlərini büruzə vermədiklərinə, yəni zahirən müsəlman olduqlarına görə  İslam toplumundan təcrid edilmirdilər.

Münafiqlər möminlərlə üz-üzə gələndə ya mənfəətlərinə görə, ya da qorxudan əsl niyyətlərini gizlədib mömin olduqlarını deyir, ancaq xəlvətə düşən kimi iç üzlərini ortaya qoyurdular: “Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, – deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, – deyirlər[1], “(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”, – deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?” – söyləyirlər[2].

Münafiqlər Rəsulullahla üz-üzə gələndə elə gözəl danışırdılar ki, görənlər onların, həqiqətən, Peyğəmbərə aşiq olduğunu sanardı. Ancaq Onun hüzurundan ayrılar-ayrılmaz, dərhal iç üzlərini göstərir, yer üzünə fitnə-fəsad salmaqda davam edirdilər. Quran onları belə təsvir edir:

(Ya Rəsulum!) Elə insanlar vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, İslamın ən qəddar düşmənidir. Sənin yanından ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!  Ona: “Allahdan qorx!” – deyildiyi zaman qürura qapılar ki, bu da onu daha çox günaha sürükləyər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!”[3]

Münafiqlər inananlar üçün daha təhlükəli idilər. Buna görə də Allah-Təala bir sıra ayələrində onların iç üzünü açıb göstərmiş, hətta onlar haqda ayrıca “Munafiqun” surəsini nazil etmişdir.

Münafiqlər fitnə-fəsad salmaq niyyəti ilə Rəsulullah hicrət ərəfəsində inşa etdiyi məscidin yanında yeni bir məscid tikməyə belə cəsarət göstərdilər. Bununla müsəlmanları parçalamaq istəyirdilər. Məscidi tamamlayıb qurtardıqdan sonra Rəsulullahın hüzuruna gəlib orada namaz qılmasını xahiş etdilər. Məqsəd həmin məscidə müasir dillə desək, “hüquqi status” almaq  idi. Ancaq Allah Rəsulu (s.ə.s) xahişə dərhal cavab vermədi. Daha sonra nazil olan ayələr bu məscidin tikilməsində əsl niyyətin küfrü yaymaq, inananları parçalamaq olduğunu və onların həmin məscid vasitəsilə möminlərə nəzarət edəcəyini bildirirdi. Rəsulullah da bəzi səhabələri göndərib bu fəsad yuvasının uçurulmasını əmr etdi.

Münafiqlərin Rəsulullaha və möminlərə qarşı törətdikləri ən çirkin əməllərdən biri də Hz. Aişə validəmizə atılan iftiradır. Allah Rəsulu səfərə hazırlaşanda xanımları arasında püşk atar, kimə düşərsə, onu özü ilə aparardı. Bəni-Müstəliq qəzvəsində püşk Hz. Aişəyə düşmüşdü. Səfərdən qayıdanda ordu bir az istirahət etmiş və gecə yarısından sonra yola düşmüşdü. Ehtiyacını görmək üçün ordudan bir qədər uzaqlaşan Hz. Aişə qayıdanda boynundakı boyunbağını unutduğunu gördü. Təkrar gəldiyi yerə geri qayıdıb boyunbağını tapdı və dərhal orduya tələsdi. Bu vaxt ordu yerindən tərpənmişdi artıq. “Hər halda qayıdıb məni də götürərlər”, – deyə düşünüb  gözləməyə başladı. Ordu hərəkətindən sonra geridə qalanları toplama vəzifəsini yerinə yetirən şəxslər vardı. Bu qəzvədə həmin iş Saffan ibn Muattal adlı səhabəyə tapşırılmışdı. Saffan da ordu dayanan yerə gələndə orada bir nəfərin, yəni Hz. Aişənin oturduğunu gördü. Yaxınlaşıb onu dəvəyə mindirdi və günorta vaxtına qədər orduya çatdırdı.

Belə bir adi hadisəni yaxşı fürsət bilən münafiqlər məkrli əməllərini dərhal işə saldılar. Hz. Aişənin ordudan geri qaldığını, sonra da Saffan ilə birlikdə arxadan yetişdiyini başqa mənalara yozaraq hər tərəfə yaydılar. Bu dedi-qodu nəticəsində camaat bir-birinə dəydi. Hətta bəzi müsəlmanları da buna inandıra bildilər. Allah Rəsulu üzüldü. İş müşkül bir vəziyyət almışdı. Nəhayət, Allah-Təala bu hadisənin gerçək üzünü ortaya qoyaraq münafiqlərin hiyləsinin üstünü açdı.

Münafiqlər özləri döyüşə getmir, gedənlərə mane olmağa çalışırdılar. Uhud döyüşündə müsəlmanlarla birlikdə döyüş yerinə gəlmiş, sonra da nümayişkaranə şəkildə çıxıb getmişdilər.

Müsəlmanlar daxildən yəhudilərin, xaricdən də müşriklərin təhdidi ilə üz-üzə gəldiyi ən çətin anlarda – Xəndək döyüşündə münafiqlər yenə iç üzlərini göstərərək müsəlmanların zəifləməsi, əhvali-ruhiyyələrinin sarsılması üçün əllərindən gələni etmiş, min bir bəhanə gətirərək ordudan ayrılıb getmişdilər.

Qurani-Kərim bəzi münafiqləri ifşa etmiş və onların küfr etdiyini bildirmişdi. Halbuki Allah Rəsulu (s.ə.s) mürtədlərə (dindən dönən) aid hökmü onlara tətbiq etməmiş, əksinə, onlarla daima müsəlman kimi rəftar etmişdir. Münafiqlərlə bağlı nazil edilən ayələr konkret şəxsləri deyil, ümumi məsələləri səciyyələndirirdi. Bu ayələrdə məqsəd onları yanlış yoldan çəkindirmək və xəbərdarlıq etmək, aqibətlərinin ağır olacağını göstərib tövbəyə vadar etməkdi. Necə ki Quranın ifşalarından sonra bir çoxları tövbə etmişdi. Çünki anlamışdılar ki, sözügedən məsələlərdən Allahdan başqa heç kim xəbərdar ola bilməz.

Xülasə, bu məlumatlardan belə anlaşılır ki, Mədinədə ortaya çıxan münafiqlər müsəlmanları dəfələrlə çətin vəziyyətdə qoyublar. İkiüzlülük, hiyləgərlik, yalançılıq kimi hər cür sifəti olan bu insanlar “iman etdik” desələr də, həmişə müsəlmanları arxadan vurmuş, düşmənlərin lehinə hərəkət etmiş, hər cür xəyanəti işləmiş və İslamın ən böyük düşmənləri olmuşlar. Ancaq Rəsulullah onların riyakarlığını üzlərinə vurmamış, yumşaq davranmış və bəlkə də, nə vaxtsa inanacaqlarına ümid etmişdir.

[1] Bəqərə, 2/14.

[2] Bəqərə, 2/76.

[3] Bəqərə, 2/204-206.



Açar sözləri

münafiq nifaq

Bənzər məqalələr

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

Kimlər həqiqi iman etmiş sayılır

İman gətirənlərdən, yəhudi, xristian və sabiilərdən hər kim Allaha, axirət gününə (tam səmimiyyətlə) inanar, yaxşı işlər görərsə mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. Bəqərə 62

Münafiqliyin əlamətləri

Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.

Münafiqə hörmət etmək olmaz

   عَنْ بُرَيْدَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَقُولُوا لِلْمُنَافِقِ سَيِّدٌ، فَإِنَّهُ إِنْ يَكُ سَيِّدًا فَقَدْ أَسْخَطْتُمْ رَبَّكُمْ » Hz. Bureydə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Münafiqə “seyyid” (ağa, cənab)  deməyin. Əgər o, həqiqətən, “seyyid” yerinə qoyulmağa və hörmət olunmağa layiq bir mövqedədirsə, o halda siz bu zillətinizlə Qüdrətli və Əzəmətli […]

Münafiq kimə deyilər?

İnsanlar iman baxımından üç qrupa ayrılır: mömin, kafir və münafiq.


Şərh yaz