Mənəviyyata Açılan Pəncərə

Rəsulullahın (s.ə.s) müşriklərlə əlaqələri necə idi?

Bildiyimiz kimi, Rəsulullah (s.ə.s) Məkkədə doğulmuş, uşaqlığını və gəncliyini burada keçirmişdi. Peyğəmbərlikdən əvvəl Rəsulullahla Məkkə müşrikləri arasında hər hansı xoşagəlməz hadisənin baş verməsinə dair məlumat yoxdur. Hətta səhih rəvayətlər müşriklərin Ona çox güvəndiyini, Onu əmin şəxs kimi qəbul etdiyini və düyünə düşmüş məsələlərin həllində Ondan kömək istədiyini nəql edir. Ancaq Hz. Məhəmməd (s.ə.s) müşrikləri İslama açıq şəkildə dəvət etməyə başlayınca onlar da bu çağırışa amansız düşmənçiliklə cavab vermişdilər. Rəsulullah (s.ə.s) qohum-əqrəbasını və qüreyşliləri Səfa təpəsinə toplayaraq orada özünün Allah-Təala tərəfindən göndərilmiş bir elçi olduğunu bəyan etmiş və illərlə çəkən din düşmənçiliyinin ilk addımı –  başda əmisi Əbu Ləhəb olmaqla bəzi müşriklərin etirazı ilə qarşılaşmışdı.

Müşriklərin əməllərinin bir hissəsini belə sıralamaq olar:

Rəsulullahın nübüvvətinə etiraz etmişdilər

Qüreyş müşrikləri nübüvvətin Hz. Məhəmmədə (s.ə.s) verilməsini qəbul etmirdilər. Onların fikrincə, belə bir məqam ancaq varlı və nüfuzlu bir şəxsə verilməli idi. Allah-Təala müşriklərin bu tutarsız düşüncələrinin yanlış olduğunu bildirərək nübüvvətin heç kimin deyil, yalnız Allahın seçdiyi şəxslərə verildiyini, dolayısilə, bu işin də ilahi iradənin əlində olduğunu bəyan etmişdir.

 Rəsulullahı yolundan döndəmək üçün hər vasitəyə əl atmışdılar

Müşriklər Rəsulullahın dəvətini etirazla qarşılamış və onunla mübahisə etməkdən çəkinməmişdilər. Ancaq O, bütün bunlara sinə gərmiş və mötədil davranmışdı. Onların İslama dəvətdən əl çəkmək müqabilində təklif etdikləri mal-mülk, məqam-mənsəb kimi şeylərə gözünün ucu ilə də baxmamış və vəzifəsinin insanları Allaha çağırmaq olduğunu bildirmişdi.

Məkkə müşrikləri Rəsulullahı davasından vaz keçirmək, Onu çıxılmaz vəziyyətə salmaq və inananların beynini qarışdırmaq üçün Mədinə yəhudiləri ilə əlbir olub Ona müxtəlif suallar ünvanlamış və cavab tələb etmişdilər.

Onu məsxərəyə qoyub qeyri-adi şeylər istəmişdilər

Müşriklər Allah Rəsulu ilə birlikdə bir mələyin də gəlməsini tələb etmiş, başqa bir vaxt isə ona nazil olan ayələrin nağıl (əsatir) olduğunu iddia etmişdilər. Nübüvvəti öz ağıl tərəziləri ilə ölçən müşriklər Allah Rəsulunun qeyri-adi işlər görməsini istəyirdilər. Hər dəfə əlləri ətəklərindən uzun dönən müşriklər bir yerə yığışaraq ağlasığmaz tələblər ortaya atır,  Rəsulullahın Məkkə civarındakı dağları yox etməsini, ətrafdan çaylar axıtmasını, ölən ata-babalarını yenidən diriltməsini istəyir, ata-babaları dirilərsə, bu məsələni onlara da danışacaqlarını deyirdilər.

Qurana hörtmətsizlik etmişdilər

Müşriklər Allah Rəsulundan başqa bir Quran gətirməsini və ya onu dəyişdirməsini  və yaxud da Quranın hamısını birdən gətirməsini tələb etmişdilər. Daha sonra onun qədim xalqların rəvayətləri, əfsanələri və uydurmadan ibarət olduğunu iddia etmişdilər. Eyni zamanda “biz istəsək, Quran kimi sözlər deyə bilərik” iddiası ilə də çıxış etmişdilər. Bu əsassız iddialara cavab olaraq nazil edilən ayələr onlara meydan oxumuş, onun oxşarını və ya onun  kimi on surə, yaxud bir surə və ya  bir söz söyləmələrini, hətta bu mövzuda hər kəsi köməyə çağırmalarını bildirmişdi. Daha sonra Quran onlara belə bir işdə həmişə uğursuz olacaqlarını və onların iddialarının heç bir əsasa söykənmədiyini bəyan etmişdi.

Müşriklər Allah Rəsuluna və Müsəlmanlara olmazın əziyyətini vermişdilər

Qüreyş böyükləri təkcə qarşı çıxmaq, mane olmaq və məsxərəyə qoymaqla qalmır, xüsusilə də, daha zalımları müsəlmanlara işgəncə verməyə, onları əlacsız vəziyyətdə qoymağa və İslamdan uzaqlaşdırıb küfrə çəkməyə çalışırdılar.

İslamın Məkkə dövrü onların azğın zülmləri ilə müşayiət olunmuşdur. Hətta deyə bilərik ki, təzyiq və işgəncə Məkkə dövrünün ən “nəzərəçarpan” xüsusiyyətidir. Quranın bir çox ayələri bu hadisələrlə bağlı nazil olmuşdur. Həmin ayələr göstərir ki, təqib, zülm və işgəncə İslama dəvətin ilk vaxtlarından başlamış, daha sonra Məkkə dövrü boyunca davam etmişdir. Hətta bəzi müsəlmanlar Mədinə dövrünün səkkizinci ilinə qədər təzyiq və işgəncə altında yaşamışdılar. Təzyiq və zülmlərin bir nəticəsi olaraq öncə Həbəşistana, daha sonra da kütləvi şəkildə Mədinəyə üz tutmuşdular. Allah Rəsulunun Taifə gedişi də bu qəbildəndir.

Onlar əvvəlcə Rəsulullaha sözlə qarşı çıxmış, məsxərə, təhqirdən sonra güc tətbiq etməyə başladılar. Təkcə Rəsulullaha deyil, bütün müsəlmanlara, xüsusilə də, kimsəsiz, yoxsul və gücsüz səhabələrə olmazın zülmünü etdilər. Qüreyşlilər Ammarı, atası Yasiri və anası Sümeyyəni dindən dönməyə məcbur etdilər. Ancaq onların dindən dönmədiyini görüb Sümeyyənin hər ayağını bir dəvəyə bağladılar və “Sən kişilər üçün müsəlman oldun”, – deyərək ön tərəfindən nizə sapladılar,  ardınca da dəvələrlə sürüyüb parça-parça etdilər. Yasiri də öldürdülər. Onlar İslamın ilk şəhidləri oldu.

İşgəncəyə məruz qalan Müsəlmanların iniltisi Məkkənin hər yerini bürümüşdü. Səhabələrdən Habbab ibn Ərət (r.a.) zülmün dözülməz həddə çatdığını görüb Rəsulullahın hüzuruna gəlmiş: “Ya Rəsulullah! Dua edib Allah-Təaladan nüsrət və yardım istəməyəcəksənmi?” – demişdi Rəsulullah da cavabında: “Allaha and olsun ki, əvvəlki ümmətlər daha dəhşətli işgəncələr gördü. Onların bəzilərini xəndəklərə salır və dəmir mişarlarla bədənlərini iki yerə bölürdülər, amma yenə də dindən dönmürdülər. Ətlərini sümükdən ayırırdılar, yenə də bu yoldan geri çəkilmirdilər. Allah bu dini tamamlayacaq, ancaq siz tələsirsiniz. Bir gün gələcək bir qadın Hirədən Hadramuta qədər təkbaşına səfərə çıxacaq, yolda vəhşi heyvanlardan başqa heç bir şeydən əndişə etməyəcək“[1], – deyərək ona təsəlli vermişdi.

Mədinə dövründə müşriklərlə münasibətlər

Allah Rəsulunun (s.ə.s) müşriklərlə və digər din mənsubları ilə siyasi və diplomatik münasibətləri Mədinədə başlamışdır. Çünki Məkkə dövründə dövlət və sərhəd məfhumlarının olmaması dövlətin təşkilinə mane olurdu. Məkkədə Darun-Nədvə tərəfindən idarə edilən şəhər dövləti mövcud idi və hakimiyyət müşriklərin əlində idi. Müsəlmanlar bu müşrik dövlətinin idarəsi altında dinini və inancını yaşamağa çalışırdı. Məkkəni idarə edən Darun-Nədvə Peyğəmbərimizin (s.ə.s) və müsəlmanların həyatına qəsd etmək və onları qanda boğmaq qərarını verəndə artıq Məkkədə qalmaq mümkün deyildi. Və nəhayət, Hz. Məhəmməd (s.ə.s) əshabına Mədinənin yolunu göstərdi, onları Mədinəyə yola salıb özü də hicrət etdi.

Hicrətdən sonra da müşriklər Rəsulullahı (s.ə.s) və müsəlmanları rahat buraxmadılar, bu dəfə də onların hamısını məhv etmək məqsədi ilə Mədinəyə hücum etdilər. Beləliklə, müsəlmanlarla müşriklər arasında Bədir, Uhud, Xəndək kimi müharibələr baş verdi. Ardınca Hudeybiyyə müqaviləsinin bağlanması ilə sülh dövrü başladı. Ancaq bir müddət sonra müşriklər bu müqaviləni pozdular, müsəlmanların müttəfiqi olan bir qəbiləyə basqın etdilər. Basqına məruz qalan qəbilə Rəsulullahdan onları himayə etməsini və qorumasını xahiş etdi. Bu hadisələrdən sonra Peyğəmbərimiz (s.ə.s) on min nəfərlik bir ordu ilə Məkkə üzərinə yeridi. Məkkəlilər İslam ordusunu görüb müqavimətsiz boyun əydilər. Peyğəmbərimiz onların rəisi Əbu Sufyanla yaxşı davrandı. İslam ordusu Məkkəyə girdi. Birbaşa Kəbəyə gedən Rəsulullah oranı yeddi dəfə təvaf edib bütlərdən təmizlədi.

Müşriklərlə bütün əlaqələrin kəsilməsi

Məkkədə dünyaya gələn Allah Rəsulu İslamın təbliğində müşriklərə yumşaq üslubla, təmkinli və şəfqətlə yaxınlaşmağa çalışsa da, onlar buna zülmlə cavab vermiş, Onu və inananları vətənlərindən çıxarmış və bir müddət sonra öz istəkləri ilə bağladıqları Hudeybiyyə müqaviləsini də pozmuşdular. Məkkənin fəthi ilə onların hakimliyinə son qoyulmuş və siyasi etibarı itirmişdilər. Ancaq müşriklər təkcə Məkkədə deyil, eyni zamanda Ərəbistanın başqa bölgələrində də yaşayırdılar. Buna görə də bütün müşrikləri ehtiva edən və müsəlmanların onlarla münasibətlərini tənzimləyən son hökmlər hicrətin doqquzuncu ilində nazil olmuşdu.

Qaynaqların verdiyi məlumata görə, Rəsulullah hicrətin doqquzuncu ilində Təbük səfərindən qayıtdıqdan sonra Hz. Əbu Bəkri həcc rəhbəri təyin edərək Məkkəyə göndərmişdi. Karvan Mədinədən ayrıldıqdan sonra sözügedən hökmlər, yəni “Tövbə” surəsi nazil olmuşdu. Allah Rəsulu bu hökmləri Məkkə müşriklərinə çatdırmaq üçün Hz. Əlini həcc karvanının arxasınca göndərmişdi. Hz. Əli Məkkədə Həcc günlərində bu surənin əvvəlindən otuz-qırx ayə oxuyub əmrləri onlara çatdırmışdı.

Məhz bu son xəbərdarlıq və hökmlərlə onların bəzi mənfi adətlərinə son qoyulmuş və təvaf ibadəti həqiqi şəklini almışdı. Bu xəbərdarlıq məcbur etmək deyildir, çünki Kəbə nə Ərəbistanın başqa biri yeridir, nə də onlar Yəhudilik, Xristianlıq və b. dinlərə mənsub qeyri-müsəlmanlardır. Müşriklər bundan sonra başqa çıxış yolunun olmadığını anlamışdılar. Bir il sonra Rəsulullahın Vida həcci ilə İslamın hakimiyyəti möhkəmlənmiş və müşriklərin bir çoxu müsəlman olmuşdur.

 


[1] Buxari, Mənaqib, 25.

Exit mobile version