4. 175 dəfə oxunub ,   0 şərh   Çap et

Ramazan orucunun fərz olmasından əvvəl Peyğəmbərimiz (s.ə.s) Mədinədə aşura orucu tuturdu. Ramazan orucu hicrətin ikinci ilində Bədir döyüşündən əvvəl fərz buyurulmuşdur. Peyğəmbərimiz (s.ə.s) bütün həyatı boyu doqquz il ramazan orucu tutmuşdur və bu müddət yay aylarına təsadüf etmişdir.

Muaz ibn Cəbəlin rəvayətinə görə, orucun fərz olması üç mərhələdən keçmişdir. Belə ki, Rəsulullah (s.ə.s) Mədinəyə gəldi. Hər aydan üç gün oruc tutdu. Aşura günü də oruc tutdu. Sonra Allah-Təala Cəbrayılı yeni bir müjdə ilə göndərdi. Allah-Təala yeni vəhylə ramazan ayının gündüzlərini oruc tutmağı əmr edirdi. Uca Rəbbimiz möminlərə səslənirdi:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tuta bilməyənlərə isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Kim fidyə miqdarını artırarsa, bu, onun üçün daha xeyirlidir. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (“Bəqərə” surəsi,  2/183-184)

Bu ayələrin nazil olmasından sonra müsəlmanlardan istəyən oruc tutur, oruc tutmayan isə yoxsullara yemək verirdi. Sonra nazil olan ayə “sayı müəyyən olan” ifadəsini dəqiqləşdirdi. Bu günlərin ramazan olması sonrakı ayədə məlum oldu: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.” (“Bəqərə” surəsi, 2/185)

Artıq səfərdə və xəstə olmayan hər bir müsəlmana oruc tutmaq qəti hökm olaraq bildirildi. Xəstələr və yolçular isə üzrlü hesab olundu. Oruc tuta bilməyən yaşlı şəxslərin isə orucun əvəzində yoxsullara yemək verməsi (fidyə) bu hökmün fərz olması ilə bağlı ikinci mərhələ idi. Bu mərhələdə müsəlmanlar iftardan sonra yatana qədər yeyib-içə, xanımları ilə yaxınlıq edə bilirdilər. Yuxuya gedəndən sonra artıq yeyib-içmir və xanımları ilə yaxınlıq etmirdilər. Bir gün ənsardan Sırma adlı səhabə gündüz vaxtı oruclu ola-ola axşamadək işləmişdi. Axşam düşən kimi evinə gedib yatsı (işa) namazını qılmış, sonra yemədən-içmədən yatmışdı. Səhər açılanda oyanıb yenidən orucuna davam etmişdi. Rəsulullah (s.ə.s) onun həddindən artıq zəiflədiyi görüb səbəbini soruşdu. O da olanları danışdı.

Həzrət Ömər gecə bir qədər yatandan sonra xanımı ilə yaxınlıq etmişdi. Bunun oruca xələl gətirməsindən narahat olub Rəsulullahın yanına gəlib soruşdu. Bu hadisədən sonra Allah-Təala “Bəqərə” surəsinin 187-ci ayəsini nazil etdi:

Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin nəfsinizə qarşı zəiflik göstərəcəyinizi bildiyi üçün  üzünüzə baxıb sizə lütf etdi; artıq siz onlara yaxınlaşın, Allahın sizə yazdığını istəyin; sübh açılınca, ağ sap qara sapdan seçilənə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, o hədlərə yaxınlaşmayın! Allah (insanlara) hökmlərini bu cür açıq-aşkar bildirir ki, zərərli şeylərdən çəkinib qorunsunlar!

Ehtimal ki, bəzi səhabələr yəhudi və xristian adətlərinin təsiri ilə ramazan gecələrində xanımlarla yaxınlıq etməyin caiz olmadığını zənn edirdilər. Bəziləri isə elə sanırdı ki, sahur yatmamışdan qabaq yeyilməlidir və yatsı naamazını (işa) qılıb yatandan sonra oyanıb sahur yemək olmaz. Buna görə də bəzi səhabələr əziyyət çəkir, orucu sahursuz tutduğuna görə gündüz huşunu itirib özündən gedirdi. Hədis kitablarında və təfsirlərdə bu hadisələrə dair bir çox misallara rast gəlmək olur. İslam orucunun fərz buyurulduğu günlərdə (yuxarıdakı) ayə nazil oldu. Ayəyə görə, oruc ibadəti gecənin sonunda başlayacaq və axşam düşənədək davam edəcəkdi, yəni oruc gecə deyil, gündüz ibadəti idi. Günəşin batması ilə başlayan gecə boyu yemək, içmək, cinsi yaxınlıq və b. (günah olmayan) şeylər sərbəst idi.

Bu ayənin nazil edilməsi orucun fərz olması ilə bağlı üçüncü mərhələni tamamladı.

Aşağıda verilmiş hadisələr də ramazan orucunun fərz olduğunu bildirir.

“İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilah olmadığına və Həzrət Məhəmmədin (s.ə.s) Allahın qulu və elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq, gücü (imkanı) çatanlar üçün Beytullahı ziyarət etmək.”[1]

Digər bir rəvayət belədir: “Saçı-başı dağınıq bir adam Peyğəmbərimizin (s.ə.s) hüzuruna gələrək: “Ya Rəsulallah! Allahın oruc olaraq mənə nəyi fərz buyurduğunu xəbər ver”, – dedi. Peyğəmbərimiz (s.a.s.) buyurdu: “Ramazan ayını (orucunu) fərz buyurdu”. Adam: “Mənim üstümdə bundan başqa bir borc varmı?” – deyə soruşduqda, Rəsulullah (s.a.s.): “Xeyr, ancaq öz istəyinlə nafilə oruc tutsan, bu, istisnadır”, – buyurdu… Həmin şəxs belə dedi: “Sənə nemət verən Allaha and olsun ki, bunlardan nə artıq, nə də əskik edəcəyəm”. Allah Rəsulu buyurdu: “Bu adam doğru söyləyirsə, qurtulmuşdur (Cənnətə gedəcək)”.[2]

Rəsulullah bir hədisində deyir:

Allah belə buyurdu: “Adəm oğlunun hər əməli özü üçündür. Ancaq oruc müstəsnadır. Onun mükafatını Mən verirəm. Çünki yeməkdən və nəfsani istəklərdən sırf Mənim üçün imtina etdi. Oruclunun iki sevinc anı vardır. Bir iftar etdiyi, digəri isə Allaha qovuşduğu vaxtdır. Oruclunun ağzının qoxusu Allahın dərgahında müşk qoxusundan gözəldir”.[3]


[1] Buxari, İman, 1; Müslim, İman, 20; Tirmizi, İman, 3.
[2] Buxari, İman, 3; Savm 1; Müslim, İman, 8.
 [3] Buxari, Savm, 2; Müslim, Siyam, 152; Tirmizi, Savm, 54.



Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz