Müsəlman olaraq neçə-neçə xeyirxah, gözəl insanların xeyirli, ixlaslı əməllərini unutmuşuq. Abidlərin namazından, Allah üçün verənlərin sədəqələrindən, Allaha təslim olanların göz yaşlarından xəbərsizik.
Əfsus ki, qulluqda var qüvvəsi ilə çalışanların səylərindən, özünü Allah yoluna fəda edənlərin cəhdlərindən, ixlaslı insanların sədaqətindən və Allah dostlarının göz yaşlarından necə də bixəbərik.
Zahidə, səbir qəhrəmanı, ömrünü ibadətə həsr etmiş qadınları niyə heç yada salmırıq?
Bu ayədə Allah dostlarına vəd edilən əcr və savabları nə üçün unuduruq?
“Həqiqətən, Allaha təslim olan kişilər və təslim olan qadınlar, İslam dininə iman gətirən kişilər və iman edən qadınlar, Allahın əmrlərini yerinə yetirən kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbir edən kişilər və səbir edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, infaq edən kişilər və qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətini qoruyan kişilər və iffətini qoruyan qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlanmışdır!”[1]
* Neçə-neçə böyüklərimiz xəstəlikdən belləri bükülsə də, yorğunluq və qocalıqdan əldən düşsələr də, əsaya söykənə-söykənə camaatla vaxt və ya təravih namazına gəlirlər. Niyə bu insanlardan ibrət götürmürük? Nəyi gözləyirik? Həyat keçir, ömür qısalır. Bilmirik, əmr nə zaman gələcək və dünyadan nə vaxt gedəcəyik? Bəzilərimizin belini illər yox, tənbəllik və rahatlığa düşkünlük büküb. İyirmi, otuz və qırx yaşlarında olanlar bundan nəticə çıxarmalı deyillərmi?
* Dükan-bazarda qazanc arxasınca qaçmayıb, Allah yolunda oruc tutanlara iftar vermək üçün əlindən gələni əsirgəməyən neçə-neçə insanlar var. Onların ticarəti daha sərfəli, daha bərəkətli və səmərəlidir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Sədəqə qulun malından heç nə azaltmaz”, – buyurur. “Sən xəsislik etsən, Allah da ruzini azaldar”, – deyən Allah Rəsulu başqa bir hədisində hər səhər iki mələyin yer üzünə enib belə səsləndiyini bildirir: “Allahım! İnfaq edib comərdlik edənin malını artır. Xəsislik edib verməyənin də malını tələf et!”[2]
* Ramazan ayında məscid künclərində göz yaşı töküb için-için ağlayan haqq ərənlərini görürük. Rəsulullah Allah qorxusundan ağlayan gözün cəhənnəmə girməyəcəyini sağılan südün geri qayıtmamasına bənzədir: “Allah qorxusundan ağlayan insan sağılan süd təkrar yelinə qayıtmadıqca cəhənnəmə girməz.”[3]
Ramazan ayında qulluq vəzifəsini yerinə yetirən, isti yatağından uzaq, üzü yerdə, gözü yaşlı nə qədər haqq dostları var. “Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən Allah yolunda sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan nə cür nemətlər saxlandığını kimsə bilməz!”[4] ayəsi bizə onların halından və axirət mükafatından xəbər verir. Həmişə doğru danışan, yalnız Allaha sığınan, gecələri ibadət, Quran tilavəti, təvazökarlıq və dua-niyazla keçirən nə qədər gözü yaşlı insanlar var ki, alınlarında səcdə izi parlayır. Ramazan ayında bunlar qazanmayıb kimlər qazanmalıdır? Yoxsa vaxtını yuxuda, oyun və əyləncələrlə keçirən, boş-boş gəzib əylənən insanlarmı?
Bir dəfə Allah Rəsulu, (s.ə.s) xüsusən, qadınların sədəqə verməsini, infaq etməsini istəmiş və Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu bildirmişdi.[5] Bunun səbəbini soruşduqda isə daha çox qadınların pis söz danışdığını və lənət etdiyini, yaxşılıqlara nankorluq etdiyini demişdir. Peyğəmbərimizin tövsiyəsinə uyğun bu ayda daha çox sədəqə vermək, xeyirxah işlər görmək ramazan ayının əhya olunması baxımından əhəmiyyətlidir.
* Ramazan ayının son on günündə daha çox ibadət etmək bu ayın əhyasında həm də bir sünnədir. Etiqaf, Quran tilavəti, niyaz və dua, namazı göz yaşları ilə süsləmək, yataqdan uzaqlaşaraq yuxuya həsrət qalmaq, vird, zikir və istiğfarı çoxaltmaq, təhəccüd başda olmaqla nafilə namazlar qılmaq, bütün bu ibadətləri edərkən qorxu və ümid hisləri ilə yaşamaq… Ramazan ayını fürsət və qənimət bilənlər bu sadalananları bütün ramazan boyunca, xüsusən də, son on gündə yerinə yetirməyə çalışar…
* Uşaqları təravih namazı başda olmaqla digər ibadətlərə də hazırlamaq, müntəzəm ibadətlərə təşviq etmək, onları məscidə gətirib buranın mahiyyətini, məqsədini, önəmini izah etmək, yeri düşdükcə Peyğəmbərimizin və səhabələrin həyatından misallar çəkmək, gözü yaşlı, dərin inanclı bir insanın söhbətinə aparmaq, ona namazın mahiyyətini, nə üçün namaz qıldığını başa salmaq, Rəbbimiz yanında vəzifələrimizi izah etmək, bu dünyaya elə-belə gəlmədiyimizi anlatmaq, yaradılış hikmətini onun dili ilə başa salmaq, bunu edə bilmiriksə, heç olmasa, sözügedən mövzuları kitabdan oxumaq… Bu dini bilikləri və ibadətləri uşaqlarımıza öyrətmək və aşılamaq isə bir mənada ramazanı dəyərləndirmək və əhya etmək deməkdir ki, bunları digər aylarda həyata keçirmək bir az çətindir.
* Əsl xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün yuxarıda qeyd olunan xüsusları maddələr şəklində sıralayaq:
1. Səy göstərmək. Ramazan ayını əhya etmək buna səy göstərmək və çalışmaqla mümkündür. Uca Rəbbimiz buyurur: “Bizim uğrumuzda səy göstərib mücahidə edənlərə, əlbəttə ki, müvəffəqiyyət yollarımızı göstərəcəyik. Şübhəsiz ki, Allah yaxşı əməl edənlərlədir!”[6]
2. Ciddi cəhd və əzmkarlıq. Ramazan ayını əhya etməkdə əzmli, çətinliklərə sinə gərməyə də hazır olmaq ikinci addımdır. İbnül-Cövziyə görə bu ibadəti tamamlamağa gücü çatanların yol verdiyi nöqsan və qüsurlar böyük eyib sayılır.
3. Ramazan ayının fəzilətlərini və xüsusiyyətlərini bilmək. İnsan bildiyi şeyi əldə etməyə həvəsli olur və bu istiqamətdə səy göstərir.
4. Ramazan günlərinin məhdud olduğunu bilmək. Ramazan ilin on ikidə birini təşkil edir və çox tez keçib gedir. Ramazan ayı sona çatdığı kimi, bir gün ömrümüz də son akkordlarını vuracaq. Bunu düşünərək ramazanı əhya etmək naminə niyyətimizi təzələyə bilərik.
5. Xeyirdə yarışmaq. Allahın saleh qulları xeyir işlərdə bir-biri ilə yarışmış və gözəl işlər görmüşlər. Şəhvətin əsiri və ləzzətin köləsi olmamaq üçün xeyirli işlərdə yarışmaq da ramazan ayının əhyası baxımından mühüm əhəmiyyət kəsb edir. Uca Rəbbimiz buyurur: “Qullarımızdan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər. Məhz bu, böyük lütfdür!”[7]
6. Ölümü xatırlamaq və aqibəti düşünmək. “Bu, sonuncu ramazanım ola bilər”, “Bu ramazan ayı son ayım ola bilər” şəklində düşünərək qulluq vəzifələrimizi ömrümüzün axır ibadətləri kimi son dərəcə diqqətlə yerinə yetirməyə çalışmalıyıq. Beləcə ramazan ayının dəyərini daha dərindən anlayarıq.
İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.