Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?
Namazın fərzlərindən biri də namaz qılarkən övrət yerinin örtülməsidir. Buna sətri-övrət deyilir. Kişilər üçün övrət yeri diz göbəkdən diz qapağının altına qədər, qadınlar üçün isə üz, əllər və ayaqlar xaricində bütün bədəndir. Namaz qılarkən bədənin qalan yerlərini – qolları, başı, ayaqları, örtmək, kişilər üçün sünnədir. Üzərində müəyyən rəsimlər və yazılar olan paltarla namaz qılmaq haqqında hökmlərə keçməzdən əvvəl bu haqdakı bəzi hədislərə nəzər salaq.
Hz. Ənəs (r.a) nəql edir ki, “Həzrət Aişənin (üzərində şəkillər olan) nazik pərdəsi var idi və bu pərdəni evin bir tərəfindən asmışdı. (Namaz qılandan sonra) Həzrət Peyğəmbər ona: “Bu pərdəni çıxar, çünki üstündəki şəkillər namazda gözümə ilişir (diqqətimi yayındırır),”[1] − buyurdu.
Hz. Aişə (r.anha) belə nəql edir: Rəsulullah (s.ə.s) üzərində naxışlar olan xamisa[2] ilə namaz qıldı. Namazda xamisanın naxışlarını gördü. Namazı qurtarandan sonra, “Mənim bu xamisamı Əbu Cəhmə aparın və mənə Əbu Cəhmin ənbicaniyəsini[3] gətirin. Çünki xamisadakı naxışlar namazda diqqətimi dağıtdı”, – buyurdu.
Digər hədisdə bu hadisə belə keçir: “Mən namazda onun naxışlarına baxırdım, onun məni fitnəyə salmağından qorxuram” – buyurdu.
Başqa bir hədisdə isə bildirilir ki, “Üzərində quş rəsmi olan pərdə vardı. Evə girənin görə biləcəyi bir yerə asılmışdı. Allah Rəsulu (s.ə.s) bunu görüb: “Ey Aişə! Bu pərdənin yerini dəyişdir. Evi girib onu görəndə dünya ağlıma gəlir.” – demişdir.[4]
“Mələklər, içərisində rəsm olan evə girməzlər; qumaş parça üzərindəki naxış və işləmələr istisnadır.”[5]
Nəql edildiyinə görə, bir rəssam fətva almaq üçün İbn Abbasa müraciət edir, “Mən gördüyün bu təsvirləri çəkərək dolanıram. Bu xüsusda mənə fətva ver.” – dedi. İbn Abbas, rəssamdan özünə yaxın oturmağı istədi. Sonra əlini onun çiyninə qoyaraq, “İndi sənə Rəsulullahdan eşitdiyim bir hədisi xəbər verəcəm. Hz. Peyğəmbər (s.ə.s), “Hər rəsm çəkən (təsvirçi) cəhənnəmdədir və Allah, çəkdiyi rəsmə ruh üfləyəcəyi (yəni onu canlandıracağı) vaxta qədər bu adama cəza verər. (Onun çəkdiklərinə) ruh üfləməyi onsuz da mümkün deyil.” – buyurdu. Bu sözləri eşidən rəssam ürpərdi. İbn Abbas sözünə belə davam etdi, “Əgər sən sənətinə davam etmək məcburiyyətindəsənsə ruh daşımayan (cansız) şeylərin rəsmini çək.”[6]
Əbu Hüreyrənin nəql etdiyi hədisdə isə belə buyrulur: Bir dəfə Hz. Cəbrail (ə.s) Rəsulullahın (s.ə.s) yanına daxil olmaq üçün icazə istəyir. Rəsulullah icazə verdiyi halda o içəri daxil olmur və səbəbini də belə izah edir:
“İçərisində bəzi at və insan rəsmlərinin olduğu pərdəli evə mən necə daxil olum? Bu rəsmlərin ya başlarını qoparmalı və ya onu yerə sərməlisən. Biz mələklər içində rəsm olan evə girmirik.”[7] Müəllif bu hədisi belə izah gətirmişdir: “Hədisin zahiri mənasından başı qoparılmış rəsmlərin qadağan olunmadığını başa düşmək mümkündür. Ruh daşımayan canlıların rəsmləri qadağan olunmamışdır”.
İmam Nəvəvi isə hədisin izahında: “Bu hədis canlıların rəsmini çəkməyin haram olduğuna, ağac və ruhu olmayan cansızların rəsmini çəkməyin və bu yoldan qazanc əldə etməyin isə haram olmadığına dəlildir.” – buyurur.
Təhavi (853-933) mövzu ilə əlaqəli ümumiləşdirici fikir olaraq bunu qeyd edir: “Peyğəmbərimizin (s.ə.s) İslamın ilk illərində insanlar bütpərəstlikdən tamam uzaqlaşsın deyə bütün növ büt, heykəltəraşlıq və rəsmləri qadağan etmişdir. İslamın yayılmağa başlamasından və müsəlmanların sayının artmasındans onra büt və bənzəri şeylər haqqındakı qadağalar davam etdi. Amma parça və kağız ya da bənzəri şeylər üzərinə çəkilən rəsmlər haqqında heç nə deyilmədi. Artıq bu cür rəsmlərə heç kim ibadət niyyəti ilə hörmət göstərmirdi.”
Hədis və izahlara baxaraq belə ümumi nəticəyə gəlmək olar ki, istər paltar, istərsə də namaz qılınan otaqda, namaz qılınacaq xalça və səccadə üzərindəki şəkilləri canlılara və cansızlara aid olmaqla iki yerə ayırmaq mümkündür.
Cansız sayılan göl, ağac, dağ, çəmənlik kimi təbiət mənzərələrində dini olaraq hər hansı qadağa yoxdur. Yəni cansız əşya və varlıqlara aid rəsm, şəkil və ya heykəllər, müxtəlif həndəsi naxış və işləmələrin namaza hər hansı maneəsi yoxdur. Ancaq namaz qılarkən diqqətimizi dağıdırsa ya dəyişdirməli və ya başqa yerə keçilməlidir. Əgər yer dəyişdirmək mümkün deyildirsə hər nə qədər namaz qılarkən gözlərin yumulması məkruh olsa da, diqqət dağılmaması üçün gözlər yumula bilər.
Canlı insan və heyvan şəkilləri olan paltarla gəldikdə isə belə paltarla namaz qılmaq məkruhdur. Namaz qılanın başının üstündə, qabağında, sağ və ya sol tərəfində çəkilmiş canlı şəklinin və ya heykəlin olması da məkruhdur. Əgər şəkil namaz qılandan bir az aralıda olarsa məkruhluq bir az azalır. Namaz qılanın ayaqları altında və ya oturduğu yerdəki baxanda seçilməyəcək qədər balaca və ya yarımçıq şəkillərin namaza hər hansı məkruhluğu yoxdur. Namaz əsnasında cibimizdən düşən sənəd, sənəd üçün çəkilən fotoqraf və üstü örtülü olan şəkillərin də hökmü eynidir, yəni məkruh deyildir.
Cibdə şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi kimi şəkilli sənədlərlə, şəkilli kağız pullarla namaz qılmaq məkruh deyil. Ailəvi şəkillərə gəlincə bu cür şəkillər namaz qılarkən görüləcək yerə qoyulmamalıdır. Ancaq cibimizdə olarsa və ya görülməyən bir yerdə olarsa məkruh olmaz.
Namaz qılınan səccadələrin üzərində Məkkə və Mədinə kimi müqəddəs şəhərlərə aid şəkillər olarsa bunlar namaza mane deyil. Namazda diqqəti yayınan şəxslər üzərində heç bir mənzərə olmayan səccadələrdən istifadə edə bilərlər.
Hənəfi fiqhində mötəbər mənbələrdən biri olan “əl-Hidayə” əsərindən:
“Əgər bir şəxs (namazda) üzərində rəsmlər olan paltar geyinərsə üzərində büt daşıyan şəxslərə bənzəyər. Belə paltar geyinmək məkruh olsa da şərtləri yerinə yetirilərək qılınan namaz səhihdir, keçərlidir.”[8]
“Üzərində canlı rəsmləri olan paltar ilə namaz qılmaq və canlıya aid rəsm olan xalçanın, səccadənin üzərinə səcdə etmək məkruhdur. Lakin bu patların üstündən başqa bir patlar (pencək, plaş və s.) geyilsə, həmin paltarla namaz qılmaq olar. Yerdəki xalçanın və ya səccadənin rəsm olmayan hissəsində namaz qılmaq məkruh deyil.”[9]
Xülasə, namaz dinin dirəyidir. İnsan ibadət edərkən diqqətli olmalı, fikrini yayındıracaq şeylərdən uzaq durmalıdır. Namaz qılarkən üzərində canlı rəsmi olan paltar geyinməməyə çalışmalıdır. Məsciddə namaz qılan şəxslər üzərində başqalarının diqqətini yayındıracaq yazı olan paltar geyməməlidirlər.