Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Nizami Gəncəvi
Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.” (Buxari, Təbir, 10; Tirmizi, Rüya, 4.)
Bu hədis haqqında müxtəlif mülahizələr var. Bəzi alimlər necə görünməyindən (saqqallı və ya saqqalsız, gənc və ya yaşlı) asılı olmayaraq, gördüyü haqqında qəlbinə “bu şəxs Peyğəmbərimizdir” hissi düşən şəxsin həqiqətən Rəsulullahı (sallahu aleyhi va salləm) gördüyünü söyləmişlər.
Bəziləri isə, Rəsulullahın (sallahu aleyhi va salləm) yuxuda öz sima və şəmaili ilə görüldüyü təqdirdə Özü (sallahu aleyhi va salləm) olduğunu, əks təqdirdə şeytanın başqa surətə bürünərək “mən Məhəmmədəm” deyə biləcəyini bildirmişlər.
İmam Rəbbani həzrətləri deyir ki, “Rəsulullah (sallahu aleyhi va salləm) öz surətində görüləndə həqiqətən O olduğu qənaətinə gəlirik. Çünki, şeytan Onun surətinə girə bilmir.” Muhiddin ibn Ərəbi həzrətləri isə, “istənilən surətdə yuxusunda “mən peyğəmbərəm” deyən şəxsi görən Rəsulullahı (sallahu aleyhi va salləm) görmüşdür” demişdir. İmam Nəvəvi də bütün bilinən və bilinməyən xüsusiyyətləri ilə doğru yuxu görən şəxsin hər iki halda gördüyü şəxsin Rəsulullah (sallahu aleyhi va salləm) olduğunu deyir. Bir çox alim də bu fikrə meyl etmişdir. Amma Qadı İyaza görə isə, Rəsulullahı (sallahu aleyhi va salləm) bilinən xüsusiyyətləri xaricində başqa surətlərdə (saqqalsız və s.) görən şəxsin yuxusunun izaha (yoruma) ehtiyacı olduğunu bildirir.
Əslində Rəsulullahı (sallahu aleyhi va salləm) istənilən şəkil və surətdə yuxuda görmək bir müjdənin ifadəsidir, bu sevindirici haldır. Ən Gözəl İnsanın (sallahu aleyhi va salləm) gözəllər gözəli camalı, mübarək qara saçları, qara saqqalı, mənalı baxışları və müstəsna bəşəri gözəlliyi ilə yuxuda görən şəxs necə də bəxtiyardır. Alimlərin fikrincə yuxuda Rəsulullahı (sallahu aleyhi va salləm) görmək insanın sıxıntılardan qurtulmasına, nemətlərin artmasına, tövbəsinin qəbuluna, axirətdə şəfaətə nail olmağa və cənnətdə Onun (sallahu aleyhi va salləm) mübarək çöhrəsini açıqca görməyə işarədir.
Yuxuda ortaya çıxan hüzün
Nəbilər Sərvərinin (sallahu aleyhi va salləm) yuxuda müxtəlif surətlərdə görülməyinin fərqli mənaları var. Əgər Rəsulullah (sallahu aleyhi va salləm) röyada özünəxas gözəlliyinin bir hissəsi olmadan görülərsə, bu o deməkdir ki, onu yuxuda görən insanın mənəviyatında Rəsulullahı (sallahu aleyhi va salləm) görməyə hər hansı bir maneə var. Məsələn, bir şəxs Rəsulullahı (sallahu aleyhi va salləm) saqqalsız görübsə deməli onun mənəviyyatında Rəsulullahın (sallahu aleyhi va salləm) saqqalını görməyə mane olan nöqsanlar mövcuddur. Məhz həmin nöqsanlar Onun gözəlliyini tam müşahidə etməyə imkan vermir. Həmin şəxs Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda gördüyünə görə özünü bəxtiyar saysa da mənəviyyatındakı nöqsanlıqları düzəltməyə çalışmalıdır.
Amma unutmamaq lazımdır ki, Rəsulullahı (sallahu aleyhi va salləm) həqiqi surətilə görməmək sadəcə mənəviyyatda nöqsanın və qəlbdə hər hansı qüsurun olmasından qaynaqlanmır. Bəzən yuxu görən şəxsin mənsub olduğu yerin, hərəkatın və ya millətin başına gələcək bəzi müsibətlər səbəbilə Rəsulullah (sallahu aleyhi va salləm) misal aləmindən müxtəlif şəkildə görünə bilər. Rəsulullah (sallahu aleyhi va salləm) bənizi ağarmış, köhnə paltar geyinmiş və ya hər hansı bədən üzvü kəsilmiş olaraq yuxuda görülsə bu həmin yerdə dinin zəiflədiyi və bidətlərin yayğınlaşdığına işarədir.
Ola bilər ki, Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görən şəxs Allahın sevimli bəndələrindəndir və mənəvi olaraq məqamı yüksəkdir. Lakin Rəsulullahın (sallahu aleyhi va salləm) həmin insanın yuxusuna girməsi onun könül dünyasındakı vəziyyətinə uyğun gerçəkləşir. Məsələn, əhəmiyyətli vəzifəni yerinə yetirən şəxsə Rəsulullah (sallahu aleyhi va salləm) yuxuda gözüyaşlı və saqqalı qırxılmış, məhzun görünə bilər. Bəlkə də (doğrusunu Allah bilir) bunu belə yozmaq olar: bu yuxu ilə Allah Rəsulu həqiqi surətinin xaricində görünərək həmin şəxsin icra etməyə çalışdığı vəzifədə qarşılaşacağı çətinliklərə, məşəqqətlərə təəssüfləndiyinə görə sanki buna kədərləndiyini bildirmək istəyir.
Bununla yanaşı dövrümüzdə Rəsulullahın (sallahu aleyhi va salləm) məhzun çöhrəylə görüldüyü yuxular bir mənada inananları sanki xəbərdar edir və onları başlarına gələcək müsibətə qarşı dərhal Allaha yönəlməyə, bəlalardan müdafiə olunmaq üçün sədəqə verməyə səsləyir.
Xülasə:
Rəsulullah (sallahu aleyhi va salləm): “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz. (Buxari, Təbir, 10; Tirmizi, Rüya, 4.)” buyurmuşdur.
Yuxuda Rəsulullahı (sallahu aleyhi va salləm) görmək qəm və kədərdən, narahatlıqdan, sıxıntıdan qurtulmağa, nemətlərin bərəkətlənməsin və tövbənin qəbuluna işarədir.
Rəsulullah (sallahu aleyhi va salləm) röyada kədərli surətdə görülməsi ümmətə sanki xəbərdarlıq mahiyyətindədir. Belə yuxular mənəviyyatımızı yenidən gözdən keçirməyimiz mənasına gəlir.
***