2. 543 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təala hər bir insanın qəlbində faydalı və gözəl şeylərə qarşı bir sevgi yaratmışdır. İnsanlar bu sevgini fərqli yerlərə yönləndirə bilirlər. Ancaq hər bir mömin bu sevginin, bəlkə də, ən çox və ən əhəmiyyətli hissəsini Allah və Rəsuluna ayırmalıdır. Allaha sevgidən sonra Rəsulunu da sevmək vacibdir. Çünki O (sallallahu əleyhi və səlləm), insanların zəlalətdən aydınlığa, küfrdən imana çıxmasına böyük vəsilə olmuşdur. Eyni zamanda O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir. Möminlərin ən böyük qurtuluş vəsiləsi olan Kainatın Fəxrini sevməsindən təbii bir şey varmı? Uca Allah da həm özünün, həm də Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) hər şeydən çox sevilməsini istəmişdi: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (“Tövbə” surəsi, 9/24)

Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Məni ananızdan, atanızdan, övladlarınızdan və hər kəsdən çox sevmədikcə həqiqi iman etmiş olmazsınız“, (Buxari, İman, 8) – buyuraraq bu sevginin vacibliyini vurğulamışdır.

Rəsulullahı qəlbən sevmək möminə imanın mənəvi zövqünü daddırır. Mömin bu sevgi olmadan yemək yeyib dadını bilməyən insanlar kimi iman və İslam zövqündən məhrum qalır. Möminin axirətdə birlikdə olmaq istədiyi insanların başında Hz. Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) gəlir və təbii ki, dünyada da (Allahdan sonra) ən çox Onu sevməlidir. 

Yəni Peyğəmbərimizi sevmək bir vəzifədir. Allahın dəyər verdiyi Uca Peyğəmbərə dəyər verməkdir. Dəyər verməklə Allahı sevdiyini göstərməkdir. Elə Müqəddəs Kitabımız da Onu sevməyi həm Allahı sevməyin əlaməti, həm də səbəbi saymışdır: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (“Ali İmran” surəsi, 3/31)

Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Üç şey vardır ki, bunlar kimdə olsa, imanın dadını hiss edər. Allah və Rəsulunu hər şeydən çox sevərsə, sevdiyini yalnız Allah üçün sevərsə, Allah küfrdən qurtardıqdan sonra, təkrar küfrə dönməkdən oda atılmaqdan qorxduğu kimi qorxarsa“. (Buxari, İman, 9) İnsan öləndən sonra axirətdə kimin yanında, kimin cərgəsində olmaq istəyirsə, dünyada onu sevməlidir, onun həyatını örnək götürməli, onun yolu ilə getməlidir. Çünki insan axirətdə sevdikləri ilə birlikdə olacaq. Mömin də təbii ki, Rəsulullahı sevməlidir, çünki axirətdə ən çox Onun yanında olmaq istəyir.




Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.


Şərh yaz