4. 191 dəfə oxunub ,   0 şərh   Çap et

Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. 

Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin[1].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) müsəlmanın müsəlman qardaşının üstündəki haqları arasında dəvətə getməyi də qeyd etmişdir: “Bir müsəlmanın müsəlman qardaşı üstündə beş haqqı var: Salamını almaq, dəvətinə getmək, dəfnində iştirak etmək, xəstələnəndə ziyarət etmək, asqırıb “əlhəmdulillah” deyəndə “yərhəmukallah” deyib dua etmək[2].

Bu hədisi-şərifdə dəvət olunan yerə getmək müsəlmanın əsas vəzifələrindən biri kimi qeyd edilmişdir. Allah Rəsulu yeməklərə, toylara və bəzi yerlərə dəvət edilmişdir. O, bu dəvətləri qəbul etməklə yanaşı, bəzən səhabələri evinə qonaq çağırmışdı.

Dəvətlərə getmək

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yemək dəvətlərinə gedərdi. Əbu Hüreyrə (r.a)  Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Paça və ya kürək əti yeməyə dəvət edilsəm belə, dərhal gedərəm. Mənə kürək və ya paça hədiyyə gətirilsə, dərhal qəbul edərəm[3].

Paça və kürək əti heyvanın digər hissələri kimi olmadığına görə çox yeyilmir. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu cür dəvətləri qəbul etməsi Onun nə qədər təvazökar olduğunu bir daha sübut edir. Digər tərəfdən bir insan “yemək yaxşı deyil, şəraitim yoxdur” deyib dəvət sünnəsini ehmal etməməlidir. Dəvət edilən şəxs də qabağına qoyulan xörəyi dəyərsiz görməməlidir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qəbilələrin də dəvətinə gedərdi. Ənəs ibn Malik nəql edir: “Bir gün Allah Rəsulu bizə ikindi namazını qıldırdı. Namazdan sonra Bəni Səlimə qəbiləsindən bir nəfər gəldi və: “Ey Allahın Rəsulu! Biz bir dəvə kəsmək istəyirik. Sizi də dəvət edirik”, – dedi. Rəsulullah dəvəti qəbul etdi. Birlikdə getdik. Oraya çatanda gördük ki, dəvə hələ kəsilməyib. Dəvəni kəsib bir hissəsini bişirdilər.  Günəş batmamış o ətdən yedik”[4].

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu dəvəti qəbul etməsi, bərəkətli olsun deyə o dəvənin ətindən yeməsi Onun nə qədər alicənab, təvazökar olduğunu, səhabələrini nə qədər sevdiyini göstərir.

Kasıbların dəvətini qəbul etməsi

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) insanlar arasında ayrı-seçkilik salmaz, hər kəsin dəvətini qəbul edərdi. İstər varlı olsun, istər kasıb – dəvət edənlərin xətrinə dəyməz, dəvətlərinə gedərdi. Xüsusilə, bol süfrə aça bilməyən yoxsulların könlünü almağa çalışardı. Buna görə də onların dəvətini sözsüz qəbul edərdi. Həzrət Ənəs rəvayət edir: “Bir gün nənəm Məleykə yemək hazırlayıb Allah Rəsulunu qonaq çağırdı. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə gəldi və yeməkdən yedi. Sonra “Qalxın, sizə namaz qıldırım”, – buyurdu. Mən işlənməkdən qaralmış həsirimizi gətirib yerə sərdim və üstünə su səpdim. Peyğəmbərimiz onun üzərində namaza durdu. Mən və yetim[5] Ona qoşulduq. Nənəm də bizim arxamızda dayandı. Allah Rəsulu bizə iki rükət (nafilə) namaz qıldırıb getdi”[6].

Həzrət Ənəs (r.a) bir dərzinin Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) yeməyə dəvət etməsini belə nəql edir: “Bir dərzi Peyğəmbərimizi Onun üçün xüsusi hazırladığı yeməyə dəvət etdi. Mən də Allah Rəsulu ilə birlikdə getdim. O, Allah Rəsuluna arpa çörəyi ilə qurudulmuş ət və balqabaqdan hazırlanmış  şorba gətirdi. Allah Rəsulunun qabın kənarından qabaqları seçib yediyini gördüm. Mən də öz qabımın içindəki balqabaqları seçib Peyğəmbərimiz tərəfə qoydum. O gündən bu günə balqabaqdan xoşum gəlir”[7].

Burada Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) təvazökarlığı, insanlara verdiyi dəyər gözəl bir hadisə ilə nəql edilir. Allah Rəsulunun adı belə çəkilməyən kasıb bir insanın dəvətinə getməklə onun könlünü aldığını görürük.

Toy dəvətlərinə getməsi

Bu gün insanlar müxtəlif mərasim və məclislərdə bir yerə toplaşırlar. Bu cür məclislər dostluq və qardaşlıq tellərini gücləndirir, insanları daha da mehriban edir. Şübhəsiz ki, bu məclislərdən toy-düyünlərdir. Ailə quranları bu ən xoşbəxt günlərində tək qoymamaq insanlar cəmiyyətdə həmrəyliyi möhkəmləndirən əsas amillərdən biridir. Buna görə də Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) toy dəvətlərinə getməyi tövsiyə etmişdir. Abdullah ibn Ömər (r.a) Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Kim toy yeməyinə çağrılsa, getsin”[8]. Toya dəvət edilən şəxs üzrlü səbəb yoxdursa, gedib bu yeməkdən yeməlidir. Rəsulullah (sallallahu aleyhi və səlləm)  buyurur: “(Toy) yeməyinə dəvət edilən şəxs getsin. Əgər orucludursa, toy yiyəsinə dua etsin, oruclu deyilsə, toy yeməyindən yesin”[9].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) toy dəvətlərinə getməyi tövsiyə edərdi. Rəsulullah heç bir üzrlü səbəb olmadan dəvətə getməyənlər haqqında belə buyurmuşdu: “Kim dəvətə getməzsə, Allah və Rəsuluna üsyan etmiş olar[10].

Hər bir davranışında Allah Rəsulunun sünnəsinə tabe olmağa çalışan Abdullah ibn Ömərin (r.a) istər toy yeməklərinə, istərsə digər dəvətlərə oruclu olsa da, getdiyini İmam Nafidən öyrənirik[11].

Dəvətsiz gələn qonaqlar üçün ev sahibindən icazə istəməsi

Müsəlman dəvət olunmadığı yerə getməməlidir. Çağrılmayan yerdə görünmək dində olduğu kimi cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Həmçinin bir insanın tək dəvət edildiyi yerə özü ilə kimisə aparması da xoş qarşılanmır. Belə hallarda özü ilə apardığı adam üçün ev sahibindən icazə almalıdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Bir süfrəyə dəvətsiz əyləşən adam oğru kimi oturar, qarətçi kimi qalxar”[12], – buyurur. Əgər bir nəfəri də aparmaq məcburiyyətində qalsaq və ya istəmədiyimiz halda kimsə bizimlə gəlsə, dəvət edən şəxsdən mütləq icazə almalıyıq. Bununla bağlı aşağıdakı hadisəyə nəzər salaq.

Əbu Şuayb əl-Ənsari (r.a) bir gün Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) ziyarət etməyə gəlir. Mübarək bənizinin avazıdığını görüb başa düşür ki, xeyli vaxtdır, yemək yeməyib. Qəssablıq edən oğlunun yanına gedib: “Beş nəfərlik yemək hazırla, Allah Rəsulu bizə qonaq gələcək”, – deyir. Yemək hazır olanda Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) dəvət edir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yolda gələrkən bir nəfər də arxasınca düşür. Qapıya çatanda ev sahibinə:

− Bu bizim arxamıza düşüb gəldi. Evə girməsinə icazə verə də bilərsən, verməyə də bilərsən, − dedi.

Ev sahibi:

− Xeyr, ona da icazə verirəm, ey Allahın Rəsulu, − dedi[13].

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmin şəxsin arxalarına düşüb gəldiyini ev sahibinə deməklə  həm dəvət olunanları çıxılmaz vəziyyətdən qurtarmış, həm də dəvətsiz qonağın könül rahatlığı ilə orada olmasına zəmin hazırlamışdır. Üstəlik bu davranışı ilə belə hallarda istər dəvətlinin, istərsə də dəvət edənin necə davranacağını öyrətmişdir.

Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) getmədiyi dəvətlər

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dəvət edilən yerlərə mümkün qədər getməyə çalışardı. Bununla yanaşı, gedəcəyi yerdə Allahın rizasına zidd bir şey görəndə həmin dəvəti qəbul etməzdi. Həzrət Ənəs nəql edir ki, Allah Rəsulu bahalı qab-qacaqdan istifadə edən təkəbbürlü insanların süfrələrində yemək yeməzdi[14].

Bu cür dəvətlərdə haram olan yemək və içkilərin olmamasına, işlənən qab-qacaqların dinə görə qadağan olub olmadığına diqqət etmək lazımdır.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) məclislərə sırf təkəbbür üzündən varlıların dəvət edilib yoxsulların çağırılmamasını xoş qarşılamamışdır: “Yeməklərin ən şərlisi varlıların dəvət edilib kasıbların çağırılmadığı toy yeməkləridir. Kim dəvət edilən yerə getməzsə, Allah və Rəsuluna üsyan etmiş olar”[15].

Dəvətə getmək kimi, dəvət zamanı insanlar arasında ayrı-seçkilik etməmək də əhəmiyyətlidir. Allah Rəsulu ayrı-seçkilik edilən mərasimlərdəki yeməyin “şərli” olduğunu bildirərək bir mənada inanclı insanlara xəbərdarlıq edir. Nəticədə, bir şəxs Allahın rizasını qazanmaq istəyirsə, varlı-kasıb fərq qoymadan bu gözəl davranışı sərgiləməlidir.

Öz evinə qonaq dəvət etməsi

Nəbilər Sultanı (sallallahu aleyhi və səlləm) insanların ən comərdi və ən səxavətlisidir. Əlində-ovcunda olanı möhtac insanlara paylayar, əksər hallarda isə öz evində yemək olmazdı.

Həzrət Cabir atası Uhud döyüşündə şəhid olandan sonra yetim qalan yeddi bacısına baxmalı olmuşdu. Maddi imkanı yaxşı olmadığına görə gecə-gündüz işləyir, ailəsinin ehtiyaclarını ödəməyə çalışırdı. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Həzrət Cabirin (r.a) bu fədakarlığını çox bəyənir və ona böyük dəyər verirdi. Ona görə də bir gün Həzrət Cabirin evinə gedib onu öz evinə yeməyə dəvət etmişdi. Həzrət Cabir (r.a) hadisəni nəql edir:

“Bir gün evimizin həyətində oturmuşdum. Allah Rəsulu evin qarşısında dayanıb məni yanına çağırdı. Dərhal hüzuruna getdim. Əlimdən tutdu, Onunla birlikdə addımlamağa başladım. Zövcələrindən birinin evinin qabağına gəldik. Özü içəri girdi. Sonra məni də içəri çağırdı. Zövcəsinin bizimlə özünün oturduğu yerin arasına pərdə çəkmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Yeməyə bir şeyin varmı? − deyə soruşdu. Zövcəsi:

− Bəli, − dedi.

 Sonra xurma yarpağından düzəldilmiş tabaqda üç çörək gətirdi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) çörəyin birini öz qabağına, birini də mənim qabağıma qoydu. Üçüncünü isə iki yerə bölüb yarısını öz qabağına qoydu, yarısını da mənə verdi. Sonra: “Yavanlıq varmı? − deyə soruşdu.

− Evdə sirkədən başqa bir şey yoxdur, − deyə cavab verdi.

Allah Rəsulu sirkəni gətizdirdi.

– Sirkə nə gözəl yavanlıqdır, sirkə nə gözəl yavanlıqdır, − deyə-deyə çörəklə yeməyə başladı”[16].

Nəticə etibarilə, yemək və toy dəvətlərinə (xüsusilə, dost və qohumların, kimsəsizlərin və kasıbların dəvətlərinə), evlərə edilən dəvətlərə getmək lazımdır. Həmçinin qohum-əqrəba və dostlarımızı, tanış-bilişlərimizi evimizə dəvət etməliyik.

[1]Müslim, “Nikah”, 106.

[2]İbn Macə, “Cənaiz”

[3]Buxari, “Hibə” 2, “Nikah” 73; Müslim, “Nikah”, 104.

[4]Müslim, “Məsacid”, 197.   

[5]Bu şəxs Hüseyn ibn Abdullahın babası Dümeyrədir.

[6]Buxari, “Salət”, 20.

[7]Buxari, “Ətimə”, 25, 33, 35, 36; Müslim, “Əşribə” 144.

[8]Buxari, “Nikah”, 72.

[9]Müslim, “Nikah”, 106.

[10]Buxari, “Nikah”, 723.

[11]Buxari, “Nikah”, 75.

[12]Əbu Davud, “Ətimə”, 1.

[13]Buxari, “Büyu”, 21.

[14]Buxari, “Ətimə”, 8.

[15]Buxari, “Nikah”, 73. Hədisin ravisi  Əbu Hüreyrədir.

[16]Müslim, “Əşribə”, 167-169. Həmçinin baxın: Əbu Davud, “Ətimə”, 39; Tirmizi, “Ətimə”. 35; İbn Macə, “Ətimə”, 33.b



Açar sözləri

dəvət qonaq Toy yemək

Bənzər məqalələr

Ramazanda necə qidalanmalı

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

Bismillahsız kəsilən əti yemək olar?

“Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…”


Şərh yaz