1. 096 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun nübüvvətdən əvvəl səfərlər zamanı bəzi kitab əhli ilə görüşdüyünə dair qaynaqlarda məlumatlara rast gəlinir. Bu da bir həqiqətdir ki, Rəsulullah birinci və ikinci Şam səfərində, Yəməndə olarkən, Şərqi Ərəbistan səfərində bəzi kitab əhli ilə görüşsə də, bu söhbətlər məqsədli, məlumat mübadiləsi və ya uzun söhbət şəklində olmamışdır. Bu səfərlər zamanı Rəsulullah onlardan heç bir dini məsələ soruşmamış və onlarla gizli görüşməmişdir.

Bütün bəşəriyyətə peyğəmbər olaraq göndərilən Rəsulullahın əhli-kitabla münasibətlərini Quran ayələrindən izləyəndə ilk olaraq onların tövhid anlayışının yanlışlığının nəzərə çatdırıldığını görürük. Quran onların Tövhid inancının yanlışlığını bəyan etdikdən sonra, onları həqiqi Tövhid dininə dəvət etmiş və ortaq nöqtələri göstərmişdir.

Onlar isə Rəsulullaha inanmadıqları kimi, inananların da fikirlərini qarışdırıb dindən döndərməyə çalışırdılar. Yəhudilər Rəsulullah hələ Məkkədə ikən müşriklərlə əlbir olub Rəsulullahı (sallallahu əleyhi və səlləm) çətin vəziyyətə salmaq üçün cürbəcür suallar vermişdilər. Məqsəd  Rəsulullahı haqq və ədalətdən uzaqlaşdırıb yanlış hökm verməsinə nail olmaq idi. Beləliklə, Onun etibarını sarsıdacaq və xəbis əməllərini gerçəkləşdirmiş olacaqdılar.

Yəhudilər ilk vaxtlar Rəsulullahla ədəb-ərkanla mübahisə edir, qəbul etməsələr də, əxlaqi çərçivədən kənara çıxıb nalayiq davranışlara təşəbbüs göstərmirdilər. Ancaq get-gedə azğınlaşdılar. Ədəbi bir kənara atıb hücuma keçdilər. Onu məsxərəyə qoymağa və çirkin əməllərə əl atmağa başladılar.

Onlar Rəsulullahın hicrət edib Mədinədə məskunlaşmasını heç cür həzm edə bilmir, Onu şəhərdən çıxarmaq və ya öldürmək üçün hər vasitəyə əl atmaqdan çəkinmirdilər. Müsəlmanlar hansı düşmənlə üz-üzə gəlirdisə, yəhudiləri onların yanında görürdü. Onlar həmişə Müsəlmanların düşmənlərinə kömək edirdilər. Qurani-Kərim onların bu xəbis xarakterini Xəndək döyüşü ərəfə­sində də nümayiş etdirdiyini bildirir.

Yəhudilərin bu çirkin əməllərinin tez-tez təkrarlandığını və dözülməz həddə çatdığını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onların üstünə yürüş edərək fitnə-fəsadın qarşısını aldı və bəzi yəhudi qəbilələrini də yerlərindən çıxarıb sürgün etdi.

Allah Rəsulu bütün insanlar kimi yəhudilərlə də yaxşı əlaqələr qurmağa çalışmış, onlarla yumşaq rəftar etmiş, onların dininə və həyatına qarışmamışdır. Ancaq onlar Rəsulullahın xoş niyyətinə və gözəl rəftarına yaxşılıqla cavab vermək əvəzinə, fürsət düş­dükcə Müsəlmanları arxadan vurmağa çalışmış, düşmənlə əlbir olmuş və ən acınacaqlısı isə Rəsulullahın canına qəsd etməyi belə düşünmüşdülər. Onların yola gəlmədiyini, baş verən hadisələrdən bir nəticə çıxarmadığını və gündən günə  yollarını əməlli-başlı azdığını görən Allah Rəsulu da lazımi tədbirləri həyata keçirmişdi.

Xristianlara gəlincə, Allah Rəsulu yəhudilər kimi, onları da İslama dəvət etmiş, yaxşı münasibətlər qurmağa çalışmışdı. Bəziləri bu dəvəti qəbul edib müsəlman olmuş, bəziləri də qəbul etməyib düş­mənçilik etmişdi. Rəsulullah yalnız o bölgənin Xristianlarını de­yil, digər ölkələrdə yaşayanları da İslama dəvət etmiş, onlara elçilər göndərib dini qəbul etməyə çağırmışdı. Bunlardan da bə­ziləri müsəlman olmuş, bəziləri də inadkarlıq etmişdi. Ancaq  çox keçmədən İslam dini bütün Ərəbistan yarımadasına yayılmışdı.



Açar sözləri

ehli kitab ehli kitap

Şərh yaz