52. 812 dəfə oxunub ,   1 şərh   Çap et

Sadə paltar geyinmək

Geyim-kecimdə israf etməmək

Geyinərkən sağdan başlamaq

Səliqəli geyinməyi tövsiyə etməsi

Geyim-kecimlə lovğalanmaq

Gündəlik geyindiyi paltarlar  

Rəsmi libasları

Paltarlarının rəngi

Ağ paltar geyinməsi və geyinməyə təşviq etməsi

Paltarların hazırlandığı parçalar

Şübhəsiz ki, bəşər övladının yemək-içməkdən sonra ən ümdə ehtiyaclarından biri də geyim-kecim və insanlar arasında gözəl görkəmdə görünməkdir. Həzrət Adəmdən bu günədək insanlar bu geyim-kecim ehtiyaclarını iqlim şəraitinə (isti və ya soyuq), inanclarına (müsəlman, qeyri-müsəlman), adət-ənənələrinə uyğun təmin etməyə çalışmışlar.

Rəsulullahın zamanında müsəlmanlarla müşriklərin həyat tərzi tamamilə fərqlənirdi. Buna görə də Allah Rəsulu (s.ə.s) səhabələrin geyimi ilə maraqlanır, paltarlarının növünə, rənginə, uzun və ya qısalığına diqqət yetirir, tövsiyələr verirdi. İndi isə Peyğəmbərimizin (s.ə.s) geyim tərzinə və tövsiyələrinə nəzər yetirək.

Sadə paltar geyinmək

Peyğəmbərimiz (s.ə.s) səhabələrinə mümkün qədər sadə geyinməyi tövsiyə edirdi. Muaz ibn Ənəs (r.a) Allah Rəsulunun belə buyurduğunu nəql edir: “Bir insan imkanı ola-ola təvazökarlıq edib bahalı paltar geyinməzsə, Allah qiyamət günü məxluqatından əvvəl onu hüzuruna çağırar. Və ona “İman əhlinin geyinəcəyi libasdan istədiyini seç geyin”, – deyər[1].

Bir insan imkanı ola-ola sırf təvazökarlıqdan dəbdəbəli deyil, sadə paltarlar geyinərsə, Allah-Təala ona böyük mükafatlar lütf edər. Bu, Allah və Rəsuluna ürəkdən iman edən və inancı istiqamətində yaşayan bir bəndə üçün çox böyük mükafatdır.

Geyim-kecimdə israf etməmək

Peyğəmbərimiz möminlərin geyim-kecimdə israfa yol verib dəbdəbəli libaslar geyinməsini və beləcə insanları qibtə və həsədə sövq etməsini xoşlamazdı.

Allah-Təala: “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb bilən insanlara belə ətraflı izah edirik[2] – bəyanı ilə dünyadakı bütün nemətləri bəndələrin faydalanması üçün yaratdığını və şükür edərək halal nemətlərdən yararlanmağın mümkün olduğunu bildirmişdir.

Bu mövzu ilə əlaqədar Peyğəmbərimiz (s.ə.s) də: “İsraf etməmək və təkəbbürlənməmək şərti ilə yeyin, için, sədəqə verin və geyinin,[3] – buyurur.

Geyinərkən sağdan başlamaq

Allah Rəsulu (s.ə.s) hər bir işə sağ tərəfdən başlamağı tövsiyə edirdi. Həzrət Aişə nəql edir: “Allah Rəsulu saç-saqqalını darayanda, ayaqqabılarını geyinəndə, dəstəmaz alanda həmişə sağ tərəfdən başlamağı xoşlayardı”[4].

Xüsusilə, geyim mövzusunda sağ tərəfə üstünlük verdiyini Əbu Hüreyrədən (r.a) rəvayət edilən bu hədisdən öyrənirik. Allah Rəsulu belə buyurur: “Ayaqqabınızı geyinərkən sağ ayaqdan, çıxaranda isə sol ayaqdan başlayın. Beləliklə, sağ ayaq birinci geyinilən, axırıncı çıxarılan olsun[5]. Hədisdə ayaqqabının geyinilmə və çıxarılma ardıcıllığı müəyyən edilir. Bu da möminlərə sağdan başlamaq və sağ üzvlərə dəyər vermək vərdişini aşılayır. Ayaqqabısının sağ tayı birinci geyinilib axırıncı çıxarılanda ayaqqabı sağ ayaqda bir qədər çox qalır. Bu ardıcıllıq sağ üzvlərə verilən dəyəri göstərir.

Paltarların hansı tərəfdən geyinilməsi ilə əlaqəli olaraq Allah Rəsulu belə buyurmuşdur: “Paltar geyinərkən, dəstəmaz alarkən sağ tərəfdən başlayın[6]. Bu hədisi-şərif paltarın geyinilmə ədəbindən xəbər verir. Köynək, jaket, pencək, palto və b. geyimlər sağ qoldan, şalvar, pijama və d. paltarlar da sağ ayaqdan başlamaqla geyinilməlidir.

Səliqəli geyinməyi tövsiyə etməsi

Allah Rəsulu (s.ə.s) səhabələrin səliqəli geyinmələrini istəyirdi.

Abdullah ibn Məsud (r.a) nəql edir:

Bir gün Peyğəmbərimiz (s.ə.s): “Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girə bilməz”, − buyurdu. Bu vaxt bir səhabə:

– İnsan gözəl libas və ayaqqabı geyinmək istəyir, – dedi.

Allah Rəsulu belə buyurdu:

Allah gözəldir, gözəl olanı sevər. Təkəbbür isə haqqı qəbul etməmək və insanlara xor baxmaqdır[7].

Hamının maddi vəziyyəti eyni deyil. İnsanların imkanı nə qədərdisə, geyim-kecimlərinə o qədər diqqət edirlər. Əsas məsələ məkan və zamana uyğun olaraq, israfa yol vermədən orta səviyyədə geyinməkdir. Əlbəttə, hər bir insan cəmiyyət arasına səliqəli və gözəl libasda çıxmaq istəyir. Kasıb insanların libasından həddən artıq fərqlənən dəbdəbəli paltarlar geyinməmək lazımdır. Maddi imkanı yaxşı olan bir adam, əlbəttə ki, keyfiyyətli paltar geyinməyə çalışır. Ancaq sadə geyimlərə üstünlük verib özünü göstərməkdən çəkinmək daha məqsədəuyğundur.

Cündüb ibn Məqyis (r.a) belə rəvayət edir:

“Bir heyət gələndə Allah Rəsulu ən gözəl paltarlarını geyinər və böyük səhabələrə də gözəl paltar geyinməyi buyurardı. And olsun ki, Kində heyəti gələndə Allah Rəsulunu gördüm, əynində Yəmən cübbəsi var idi. Əbu Bəkir ilə Ömər də Onun kimi geyinmişdi”[8].

Təzə paltar geyinəndə Allaha həmd etməsi

Abdullah ibn Ömər (r.a) nəql edir: “Rəsulullah atam Ömərin əynində ağappaq bir köynək görüb: “Köynəyin təzə yuyulub, yoxsa təzədir?” − soruşdu. Həzrət Ömər: “Xeyr, təzə deyil, yuyulub”, − cavabını verdi.

Allah Rəsulu ona:

− Təzəsini geyin(əsən), həmdlə yaşa(yasan) və şəhid olaraq dünyadan köç(əsən)! − buyurdu[9].

Paltarların uzun-qısalığına dair tövsiyələr

Səhabələr Rəsulullahın libasları ilə yanaşı, bu paltarların uzunluğu haqqında da məlumat vermişlər. Bu məsələ bəzi insanlara təfərrüat kimi görünsə də, İslami həyat tərzinin və standartlarının təşəkkülündə mühüm rol oynamışdır.

Sadə insanlar məşhur adamları baxışlarına, gülüşlərinə, mimikalarına qədər ən incə detala qədər təqlid edirlər. Bir müğənninin geyindiyi libasın rəngi və modeli eynilə təqlid edilir. Hətta bəzən geyindiyi paltar ilin modasına çevrilir.

Peyğəmbərimizin izi ilə addımlayan möminlər də Onun libaslarının parçasına, rənginə, uzun və ya qısalığına diqqət yetirir və Rəsulullahın geyim tərzini özlərinə örnək götürürlər.

Əsma binti Yezid (r.a) nəql edir: “Rəsulullahın köynəyinin qolu biləyinə qədər idi”[10].

İslam alimləri Peyğəmbərimizin geyimi ilə bağlı hədisləri təhlil edərək paltarların uzunluğunu müəyyən etmişlər. Onların qənaətincə, köynəyin qolu biləklərə qədər, cübbə kimi geyimlərin qolu isə barmaqların uclarına qədər uzadıla bilər.

Rəsulullahın qadın paltarlarının uzunluğu haqqında tövsiyələri

Abdullah ibn Ömər (r.a) rəvayət edir: Allah Rəsulu (s.ə.s) bir dəfə belə buyurdu:

Bir insan təkəbbürlənərək paltarının ətəyini yerlə sürüyərsə, Allah qiyamət günü onun üzünə baxmaz. Bunu eşidən Ümmü Sələmə anamız:

− Bəs qadınlar ətəklərini necə eləsinlər? − deyə soruşdu.

Allah Rəsulu da:

– Onlar bir qarış aşağı uzatsınlar, − deyə cavab verdi.

 Ümmü Sələmə (r.anha):

– Onda ayaqları görünər, − deyəndə Peyğəmbərimiz (s.ə.s):

– Elə isə, bir arşın uzatsınlar, bundan artıq olmaz, − buyurdu[11].

Kişilərlə qadınların geyimləri təbii ki, fərqlidir. Qadınlar bir hissəli (xalat kimi) uzun paltar geyinsələr belə, yenə də bu libasları kişilərinkindən bir az uzun olmalıdır. Hədisi-şərifdən də göründüyü kimi, Ümmü Sələmənin qadın paltarlarının uzunluğu haqdakı sualına Allah Rəsulu dizləri nəzərdə tutub: “Bir qarış (dizdən) aşağı uzatsınlar,” – cavabını vermişdir. Belə olanda paltar baldırın üstündə dayanır. Bu da kişilərin geyimləri üçün nəzərdə tutulan ölçüdür. Bu dəfə Ümmü Sələmə anamız: “Onda ayaqları görünəcək,” demişdi. Peyğəmbərimiz (s.ə.s) də: “Elə isə bir arşın uzatsınlar,” – cavabını vermişdi. Bu ölçü topuqların örtülməsi deməkdir. Fiqh alimlərinin fikrincə, qadın geyimlərinin ətəkləri ayaqlarının üstünə qədər olmalıdır.

Dəri görsənəcək dərəcədə nazik geyinmək

Paltar o qədər nazik və şəffaf olmamalıdır ki, dərinin rəngi görünsün. Allah Rəsulu bir gün Həzrət Aişənin bacısı Əsmanın (r. anha) əynində nazik bir paltar görüb üzünü yana çevirdi və buyurdu:

− Ey Əsma! Qadınların həddi-büluğa çatandan sonra, – üzü və əlinə işarə edərək, – bunlardan başqa bir yerinin görünməsi doğru deyil[12].

Peyğəmbərimiz (s.ə.s) bir  gün  yenə eyni mövzuya diqqət çəkərək belə buyurmuşdu: “Cəhənnəmliklərdən hələ görmədiyim (daha sonra ortaya çıxacaq) iki dəstə vardır: Bunlardan biri öküz quyruğuna oxşayan qırmancla insanları döyən bir tayfadır. Digəri isə geyinsələr belə, çılpaq görünən, başqalarını da özləri kimi geyinməyə məcbur edən və başları dəvə hürgücünə bənzəyən qadınlardır. Bu qadınlar Cənnətə girə bilməyəcəklər. Hətta onun qoxusunu da ala bilməyəcəklər. Halbuki Cənnətin qoxusu filan məsafədən hiss ediləcək”[13].

Bu hədisdə “geyinsələr belə, çılpaq görünən” ifadəsi ilə dərinin rəngini göstərən nazik paltarlar geyinən və ya bədənin bir hissəsini örtüb, bir qismini açan qadınlar nəzərdə tutulur. Əslində, Allah Rəsulu Həzrət Əsmanın timsalında bütün qadınlara geyim barədə diqqətli olmağı tövsiyə edirdi.

Bədənin əzalarını göstərən dar paltarların geyinilməsi

Dərinin rəngini göstərən paltarlar caiz olmadığı kimi, bədən əzalarını göstərən dar libaslar geyinmək də düzgün deyil. Üsamə ibn Zeydin (r.a) belə dediyi nəql edilir: “Allah Rəsulu Dihyətül-Kəlbinin hədiyyə etdiyi qalın kətan paltarı mənə geyindirdi. Mən də onu zövcəmə verdim. Bunu bilən Allah Rəsulu: “Zövcənə de, altından bir şey geyinsin, əzalarının bilinməsindən narahatam,” – buyurdu[14].

Geyim-kecimdə qadınlarla kişilərin bir-birinə bənzəmələri

Peyğəmbərimiz geyim-kecimdə kişilərlə qadınların bir-birinə bənzəməsini qadağan etmişdi. Əbu Hüreyrə (r.a) nəql etdiyi bir hədisi-şərifdə: “Rəsulullah qadın kimi geyinən kişiyə, kişi kimi geyinən qadına lənət etdi,” – buyuraraq, əks cinsin paltarlarını geyən şəxslərin ilahi rəhmətdən məhrum olacağını bildirmişdir[15].

Mövzu ilə əlaqəli başqa bir hədisi-şərifi İbn Abbas (r.a) nəql edir: “Allah Rəsulu qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi”[16].

“Qadınlara oxşamağa çalışan kişilər” deyəndə qadın kimi geyinən, onlar kimi danışan və yeriyən kişilər nəzərdə tutulur. “Kişilərə bənzəməyə çalışan qadınlar” isə, danışıqlarında, hal və hərəkətlərində özlərini kişilərə oxşadan qadınlardır. Dinimizə görə, hər iki cinsin nümayəndələri anadangəlmə xüsusiyyətlərini qorumalı, qadın qadın kimi, kişi də kişi kimi olmalıdır. Bunun əksinə hərəkət edənlər Allah Rəsulu tərəfindən lənətlənmişdir.

Ehtimal ki, Allah Rəsulu fitrətə zidd hərəkət etdiyinə görə Cənabi Allahın qəzəbinə tuş gələn əvvəlki qövmlərin sapıq davranışları təkrar olunmasın deyə məsələyə belə həssas yanaşmışdır. Bəzi qadın və ya kişilərdə hissi pozulmalar əks cinsin geyim-kecimini təqlid etməklə başlayır və qarşısıalınmaz fəsadlara gətirib çıxarır. Peyğəmbərimizin bu xəbərdarlığını nəzərə alıb gənc nəsilləri bu cür təqlidlərdən qorumalıyıq.

Kişilərin ipək paltar geyinməsi

Həzrət Ömər (r.a), Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu nəql edir: “İpək paltar geyinməyin, çünki ipək libası dünyada geyinən axirətdə geyinə bilməyəcək[17].

Əbu Musa əl-Əşaridən (r.a) gələn bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İpək geyinmək və qızıl taxmaq ümmətimin kişilərinə haram, qadınlarına isə halal qılındı[18]”.

Bu mövzu ilə bağlı digər rəvayəti Həzrət Hüzeyfə (r.a) nəql edir: “Allah Rəsulu (s.ə.s) qızıl və gümüş qablarda yeyib-içməyi, ipək və atlasdan paltar geyinməyi və üstündə oturmağı qadağan etdi[19].

Xəstəliyə görə ipək paltar geyinməyə icazə verməsi

Allah Rəsulu (s.ə.s) xəstəlik səbəbi ilə ipək paltar geyinməyə icazə vermişdir. Bu mövzuda Ənəs ibn Malikdən (r.a) gələn hədis belədir: “Allah Rəsulu Zübeyr və Əbdürrəhman ibn Avfa qaşınmaya tutulduqlarına görə, ipək paltar geyinməyə icazə vermişdi[20].

Kişilərin ipək geyinməsi qəti şəkildə qadağan olsa da, bəzi istisna hallar mövcuddur. Bu, dinimizin hər problemə cavab verdiyini göstərir. Bəzən şəxslərin vəziyyətindən asılı olaraq, məxsusi hökmlər verilə bilər. Bəzən də eyni üzrü olan bir neçə adam həmin hökmdən faydalana bilər. Hədisi-şərifdə gördüyümüz kimi qaşınmaya tutulan Həzrət Zübeyrə və Həzrət Əbdürrəhmanın (r.a) ipək paltar geyinməsinə icazə verilmişdir. Haram hökmlər istər, bir şəxs, istərsə, bir toplum üçün (məşhur və varlı olsalar belə) dəyişdirilə bilməz. Lakin üzrlü bir səbəb olarsa, şəxs və toplum üçün istisnalar qəbul ediləndir. Xüsusi qayda tətbiq olunur. Yəni bir insan nə qədər məşhur olsa da, heç bir üzrlü səbəb yoxdursa, onun üçün hökm dəyişdirilmir. Buna baxmayaraq, heç tanınmayan, sıravi bir insan üzrlü səbəbdən bu istisna haldan yararlana bilir.

Buna görə də, İslam bir tərəfdən fərd və toplumu qorumaq üçün qadağalar qoyur, digər tərəfdən də üzrlü səbəblərə görə fərdlər üçün istisnalar nəzərdə tutur. İslam alimləri bu hədisi dəlil götürüb belə bir hökm vermişlər: “İpək paltar geyinmək sadəcə qaşınma xəstəliyinə tutulanlara şamil olunmur. İpək geyinməsi məsləhət görülən hər bir xəstə ondan istifadə edə bilər”.

Təkəbbür və qürur niyyəti ilə paltarın ətəyinin uzadılması

Təkəbbür “bir insanın özünü hamıdan üstün sayması və hər kəsə xor baxması”[21] mənasına gəlir. Təkəbbür Allah-Təalanın xoşlamadığı bir xüsusiyyətdir. Bu cür adamlar hər kəsə yuxarıdan-aşağı baxdıqlarına və dəyər vermədiklərinə görə yanlarında etibarlı dostları qalmaz. Çünki təkəbbürləri üzündən dürüst və səmimi insanları özlərindən uzaqlaşdırarlar. Belələrinin yan-yörəsində ancaq şəxsi mənafe arxasınca qaçan adamlar qalar ki, onlar da öz mənfəətlərini əldə edə bilməyəndə dağılıb gedərlər. Allah Rəsulu (s.ə.s) hədisi-şəriflərində təkəbbürün bu çirkin üzünü göstərib insanları bu cür davranışlardan çəkindirməyə çalışmışdır.

Əbu Hüreyrədən (r.a) nəql edilən bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s): “Allah libasının ətəyini təkəbbürdən yerlə sürüyənlərin qiyamət günü üzünə baxmaz” buyuraraq[22] bu şəxslərin ilahi rəhmətdən məhrum olacağını bildirmişdir.

Allah Rəsulu: “Paltarın topuqdan aşağı olan hissəsi atəşdədir”[23] – bəyanları ilə təkəbbürün insanı Cəhənnəm oduna sürüklədiyini bildirmişdir. Ancaq burada əsas ölçü təkəbbürdür. İbn Ömərdən (r.a) gələn bir hədisi-şərifə nəzər yetirək. Allah Rəsulu (s.ə.s):

– Allah-Təala təkəbbürdən paltarının ətəyini yerlə sürüyən şəxsin qiyamət günü üzünə baxmaz, − buyurmuşdur.

Bunu eşidən Həzrət Əbu Bəkir (r.a):

– Ey Allahın Rəsulu! Fikir verməyəndə mənim də paltarımın ətəyi yerlə sürünür, − demişdi.

Allah Rəsulu (s.ə.s):

– Şübhəsiz ki, sən bunu təkəbbür göstərmək üçün etmirsən[24], – buyuraraq əvvəlki hökmün bu cür təşəxxüsdən uzaq insanlara aid olmadığını bildirmişdir.

Bu üç hədisi-şərifə diqqətlə baxanda görürük ki, təkəbbür və qürur niyyəti ilə paltarların ətəyini uzadıb yerlə sürümək xoş qarşılanmamışdır.

Təkəbbürlü olmaq şəxsiyyətin zəifliyini göstərir. Bir insanı dəyərli edən onun ağlı, kamalı, əxlaqı və elmidir. Gözəl libaslar geyinmədiyi və ya geyinə bilmədiyi halda, elmi ilə çox böyük uğurlara imza atan insanların sayı az deyildir. Elə imkanlı insanlar da var ki, təvazökarlıqdan sadə paltarlar geyinirlər və əyin-başlarına baxanda varlı olduqlarını hiss eləməzsiniz.

Buna görə də geyim-kecimə baxıb kimin zəngin, kimin kasıb, kimin elmli olduğunu müəyyən etmək çətindir. Lakin istər kasıb, istər varlı olsun, təkəbbürlü adam özünü dərhal büruzə verir. İnsanlardan fərqləndiyini hər hərəkəti ilə hiss etdirməyə çalışır. Çünki təkəbbürdən başqa əlində heç nəyi yoxdur.

Təkəbbürün əlamətləri

Əbu Hüreyrə (r.a) nəql edir: “Bir nəfər yaraşıqlı adam Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlib:

− Ey Allahın Rəsulu! Mən gözəlliyə qarşı hədsiz maraq göstərən bir insanam. Gördüyünüz kimi gözəllikdən mənə də pay verilib. Belə ki, bir insanın yar-yaraşıqda məndən üstün olmasını götürə bilmirəm. Hətta istəmirəm ki, kiminsə ayaqqabısının bağı mənimkindən yaxşı olsun. Bu davranışım görəsən, təkəbbürdən irəli gəlmir ki?

Allah Rəsulu (s.ə.s) belə cavab verdi:

− Xeyr, əsla! Təkəbbür verilən neməti həzm edə bilməyib həddi aşmaq, xalqa yuxarıdan aşağı baxmaqdır”[25].

Bu hədisi-şərifdən də göründüyü kimi üç məsələdə diqqətli olmalıyıq:

a. İsrafdan uzaq olmalı, b. Geyim-kecimi təkəbbür, qürur və göstəriş vasitəsi etməməli, c. Aid olduğumuz sosial zümrənin imkan və şərtlərinə uyğun geyinməliyik.

Xülasə, kim istəsə, paltarının ətəklərini dizin aşağısına qədər qaldıra bilər, bundan xoşu gəlməyənlər isə topuqlarına qədər uzada bilər. İndi geyinilən şalvarların ölçüsü Peyğəmbərimizin (s.ə.s) tövsiyəsi ilə üst-üstə düşür.

Geyim-kecimlə lovğalanmaq

 İnsanlar arasında geyim-kecimlə özünü göstərmək əxlaqlı davranış deyil. Bu cür davranış Allah qatında da xoş qarşılanmır. Abdullah ibn Ömər (r.a) Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu nəql edir: “Kim dünyada məşhur olmaq üçün paltar geyinərsə, Allah da qiyamət günü ona zillət libası geyindirər, sonra da o paltarın içində bir atəş yandırar[26]. Hədisi-şərifdə insanlar arasında gözə çarpmaq və məşhur olmaq üçün geyinilən bərbəzəkli, bahalı və şux libaslarla yanaşı, diqqət çəkmək, özünü zahid və müttəqi göstərmək, yoxsul görünmək üçün geyinilən köhnə-külə paltarlar da nəzərdə tutula bilər. Ona görə də bu cür məqsədlərlə paltar geyinməkdən uzaq olmalıyıq.

Şükür niyyəti ilə gözəl paltar geyinmək

Amr ibn Şuayb (r.a) atasından və babasından belə bir hədis rəvayət edir. Allah Rəsulu (s.ə.s) həmin hədisdə buyurmuşdu: “Şübhəsiz ki, Allah lütf etdiyi nemətinin əsərini bəndəsinin üzərində görməkdən xoşlanır[27].

Nemətinin əsəri, əlaməti bir mənada geyimlə əlaqəlidir. Hər kəs maddi imkanına uyğun geyinməlidir. Kasıb insan imkanı çatanı geyinməlidir ki, kənardan baxanda köməyə ehtiyacı olduğu bilinsin, varlı möminlər də köməklərini əsirgəməsinlər. Varlı da imkanına uyğun geyinməlidir. Bununla həm Allaha şükür etmiş olar, həm də imkanlı ola-ola yoxsul adamlar kimi görsənməz. Nəticə olaraq, hər kəs imkanı daxilində paltar geyinməlidir. Üstəlik mömin elə geyinməlidir ki, kənardan baxanlar onu məsxərəyə qoymasınlar.

Küçə-bazarda pəjmürdə görkəmdə gəzmək

Allah Rəsulu istəyirdi ki, əshabı səliqəli geyinib-keçinsin. Buna görə də maddi imkanı ola-ola pəjmürdə görkəmdə gəzən səhabələrinə xəbərdarlıq edərdi. Səhabələrdən Malik ibn Nadlə başına gələn hadisəni belə nəql edir: “Bir gün səliqəsiz və pəjmürdə halda Allah Rəsulunun hüzuruna getmişdim. Məni belə görüb soruşdu:

– Sənin malın-mülkün varmı?

Mən:

– Bəli, var, ya Rəsulallah, − dedim.

Allah Rəsulu (s.ə.s):

– Nəyin var? − soruşdu.

Mən də:

– Allah mənə dəvə, qoyun, at sürüləri, arpa və buğda sahələri lütf edib, − dedim.

Bunu eşidən Allah Rəsulu:

– Allah sənə mal-mülk ehsan edibsə, Onun nemətinin əsəri, əlaməti üzərində görünsün[28], – buyurdu”.

Demək ki, müsəlman imkanı nəyə əl verirsə, ona uyğun geyinməlidir.

Üzərində heyvan rəsmi olan paltarların geyinilməsi

Üzərində insan və ya heyvan şəkli olan paltarların geyinilməsi də caiz görülməmişdir. Bu da məlumdur ki, Peyğəmbərimiz (s.ə.s) canlı şəkli və it olan evlərə mələklərin girməyəcəyini bildirmiş, şəkilli örtüklərin yığışdırılmasını əmr etmişdi[29]. Ancaq üzərində cansız varlıqlara aid işləmə və naxışlar olan paltarlar geyinmişdir.

Gündəlik geyindiyi paltarlar  

Allah Rəsulu (s.ə.s) adətən iki hissəli paltarlar geyinirdi. Həmin paltarın beldən yuxarı hissəsi rida, beldən aşağı hissəsi isə izar adlanırdı[30]. Ancaq Allah Rəsulu (s.ə.s) qamis adlanan əba kimi ayaqlara çatan, önü bütöv və uzun paltar geyinməyə daha çox üstünlük verərdi[31]. Bəzən ehtiyac olanda paltarın üzərindən cübbə, əba geyinərdi[32].

Ən çox sevdiyi paltar: Köynək

Ümmü Sələmə (r. anha) nəql edir: “Allah Rəsulunun ən çox xoşladığı libas köynək idi”[33].

Burada “libas” kəlməsi pambıq, yun, kətan, ipək, dəri və bu kimi məmulatlardan hazırlanan bütün geyimləri ehtiva edir. Köynək, əsasən, kətan, ipək, pambıq kimi yüngül və bədəni narahat etməyən məmulatlardan hazırlanır. Köynəklər nazik olduğu üçün üst paltarların altından geyinilir. Həm də insanı daha zərif və kübar göstərir. Rəsulullah (sallallahu aleyhi və səlləm) ola bilsin ki, köynəyi nazik olduğuna, bədəni narahat etmədiyinə və həmçinin vücudu başdan ayağa örtdüyünə görə xoşlamışdır. (Allahul Aləm – ən yaxşısını Allah bilir.)

Rəsmi libasları

Allah Rəsulu (s.ə.s) əlbəttə ki, həyatının hər sahəsində eyni geyimdən istifadə etməmişdir. İstər cümə və bayramlarda, istərsə də yerli və əcnəbi heyətləri qəbul edərkən xüsusi paltar, müasir dillə desək, rəsmi libas geyinmişdir.

Cabir ibn Abdullah (r.a) nəql edir: “Peyğəmbərimiz cümə və bayramlarda qırmızı cübbə geyinərdi”[34].

Zübeyr ibn Əvvamın oğlu Ürvədən belə bir hədis nəql edilir: “Peyğəmbərimiz gələn heyətləri qəbul edərkən Hadramutda[35] hazırlanmış paltar və ridasını geyinərdi. Həmin paltarın uzunluğu dörd arşın, eni isə iki arşın bir qarış idi. Bu paltarlar xəlifələr tərəfindən də istifadə edildiyinə görə xeyli köhnəlmişdi. Xəlifələr həmin paltarların içərisinə astar çəkib Qurban və Ramazan bayramlarında geyinmişdilər”[36]

Paltarlarının rəngi

Allah Rəsulu (s.ə.s) adətən ağ rəngli paltar geyinməyi xoşlayır və əshabına da tövsiyə edirdi. Bir hədisi-şərifində: “Ağ rəngli paltar geyinin. Çünki ağ paltar təmiz və daha xoş görünür. Ölülərinizi də ağ kəfənə sarıyın”[37]− buyuraraq həm ağ paltar geyinməyi, həm də vəfat edənləri ağ kəfənlə kəfənləməyi tövsiyə etmişdir.

Ağ paltar geyinməsi və geyinməyə təşviq etməsi

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) müxtəlif rəngli paltarlar geyinmişdir. Lakin O, ən çox ağ rəngli paltar geyinməyi xoşlayırdı. Özü ağ rəngə üstünlük verdiyi kimi səhabələri də ağ libaslar geyinməyə təşviq edirdi. İbn Abbas (radiyallahu anh) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Ağ rəngli paltarlar geyinin. Çünki paltarların ən xeyirlisi (ən gözəli) ağ rəngli olanlardır. Ölülərinizi də ağ kəfənlə dəfn edin”[38]. Eyni mənada başqa bir hədisi-şərif isə belədir: “Ağ rəngli paltar geyinin. Çünki ağ daha təmiz və daha xoş görünür. Ölülərinizi də ağ kəfənə sarıyın”[39].

Ağ rəng təmizliyin, duruluğun, saflığın, məsumluğun və günahsızlığın da rəmzidir. Ağ paltarın ləkəsi, kiri daha tez gözə çarpır. Buna görə də ağ paltar geyinən insanlar təmizliyə daha çox diqqət etməli olurlar.

Rəsulullah (s.ə.s) müxtəlif vaxtlarda ağ, qara, sarı, yaşıl və qırmızı rəngli paltarlar geyinmişdir.

Bəra ibn Azib (r.a) nəql edir: “Allah Rəsulu orta boylu idi. Mən onun əynində qırmızı paltar gördüm. Həyatım boyu Allah Rəsulundan daha gözəl bir insan görməmişəm”[40].

Eyni mövzu ilə əlaqəli başqa bir rəvayət Əbu Cühayfə Vəhb ibn Abdullahdan (r.a) nəql olunur: “Peyğəmbərimizi Məkkənin Əbtah bölgəsində dəridən tikilmiş qırmızı çadırında gördüm. Bilal Rəsulullahın dəstəmaz aldığı su qabı ilə çadırdan çıxdı. Səhabələrin bəzisi həmin sudan bədəninə çiləyir, bəziləri də ovcuna alırdı. Elə bu vaxt Allah Rəsulu əynində qırmızı paltar çadırdan çıxdı. Ağappaq ayaqları hələ də gözümün önündədir. Sonra dəstəmaz aldı. Bilal azan oxudu. Mən də Bilalın sözlərini təkrarlamağa başladım: Hayyə aləssəlah, hayyə aləlfəlah. Sonra Allah Rəsulunun önünə sütrə[41] olaraq sivri uclu dəmir bir əsa basdırdılar. Allah Rəsulu önə keçib namaz qıldırdı”[42]. Rəsulullahın əynindəki paltarın və çadırın rəngi qırmızı idi. Bu hadisə qırmızı rəngli əşyalardan və paltarlardan istifadə edilməsinin caiz olduğuna dəlildir. Bununla yanaşı, həmin paltarın tamamilə qırmızı olmadığı, qara ilə qarışıq qırmızı naxışlarla toxunduğu haqda rəvayətlər də var. Alimlərin fikrincə, həmin libasın üzərində qırmızı xətlər olduğuna görə “qırmızı rəngli paltar” şəklində təsvir edilib.

Əbu Rimsə ət-Təmimi (r.a) belə demişdi: “Mən Allah Rəsulunun əynində iki yaşıl paltar gördüm”[43]. Peyğəmbərimiz (s.ə.s) ağ kimi, yaşıl rəngi də çox sevər və tövsiyə edərdi. Çünki Cənnət əhli yaşıl paltarlar geyinir[44]. Lakin burada xüsusi bir məsələyə diqqət yetirmək lazımdır. “Cənnət əhlinin paltarları yaşıldır” deyə həmin rəngdə paltar geyinmək fərz deyildir. Həmçinin başqa bir rəvayətə görə, bu yaşıl paltar da saya yaşıl olmamış, üzərində yaşıl xətlər işlənmişdir.

Paltarların hazırlandığı parçalar

Allah Rəsulu (s.ə.s) pambıqla yanaşı, yun parçadan tikilmiş paltarlar da geyinmişdir[45]. Kişilərin ipək paltar geyinməsini qadağan etmiş, lakin xəstəlik, müharibə kimi istisna hallarda bəzi səhabələrin ipək parçadan hazırlanmış köynək geyinməsinə icazə vermişdir.

Ayaqqabıları

Allah Rəsulu (s.ə.s), əsasən, səndələ oxşar nəleyn, çəkmə və ya məstə oxşayan və huffeyn adlanan ayaqqabılar geyinmişdir.

Məstləri

Allah Rəsulunun (s.ə.s) geyindiyi ayaqqabı çeşidlərindən birinin adı “huff”dur. Cütünə “huffeyn” deyilir. Huff çəkmə və məst kimi boğazı topuqların yuxarısını da tutan ayaqqabılara deyilir. Rəvayətlərdən də göründüyü kimi bu ayaqqabılar tək geyinilirdi. İndiki məstlər kimi üstündən ayaqqabı geyinilmirdi.

Allah Rəsuluna (s.ə.s) iki məst hədiyyə edilmişdi. Birini Həbəşistan Nəcaşisi[46], digərini isə səhabələrdən Dihyətül-Kəlbi (r.a) hədiyyə vermişdi. Peyğəmbərimiz (s.ə.s) hər iki məsti köhnələnə qədər geyinmişdi.

Həbəş hökmdarının hədiyyə etdiyi məstlə əlaqəli Büreydədən (r.a) gələn rəvayət belədir: “Nəcaşi Əshama Peyğəmbərimizə bir cüt qara, sadə, naxışsız və bəzəksiz məst hədiyyə göndərmişdi. Peyğəmbərimiz bu məsti dəstəmazlı geyindi. Daha sonra dəstəmaz alanda ayaqlarının üzərinə məsh etdi”[47].

Dihyətül-Kəlbinin hədiyyə etdiyi məstlə bağlı rəvayət isə Muğirə ibn Şubədən (r.a) gəlmişdir: “Dihyətül-Kəlbi Peyğəmbərimizə məst hədiyyə etmişdi. Peyğəmbərimiz bu məstləri köhnələnə qədər geyinmişdi”.

Hədis kitablarında belə bir hadisə nəql olunur: “Peyğəmbərimiz (s.ə.s) çöldə təbii ehtiyacını dəf etmək istəyəndə camaatın gözündən xeyli uzaqlaşardı. Günlərin bir günü təbii ehtiyacını dəf etmək üçün bizdən aralandı. Bir ağacın altında oturub məstlərini çıxardı və başqa bir yerdə təbii ehtiyacını dəf edib həmin ağacın altına qayıtdı. Məstin bir tayını geyindi. O birini əlinə götürüb geyinmək istəyirdi ki, bir quş məsti götürüb uçdu. Quş xeyli yüksəyə qalxıb məsti tərsinə çevirdi. İçindən qara bir ilan düşdü. Bu mənzərəni görən Peyğəmbərimiz: “Bu, Allahın mənə bir lütfüdür, – deyib belə dua etdi, – Allahım! Qarnı üzərində sürünən, iki və ya dörd ayağı üstə gəzən canlıların zərərindən Sənə sığınıram![48]

Sarıqları

Allah Rəsulu (s.ə.s) sarığını başına yalın sarımazdı. Əvvəlcə bir şey geyinər, sonra onun üstündən dolayardı. Sarığın altından qoyulan bu baş geyimi indiki təsək (araqçın), fəs və külaha uyğun gəlir. Sarığını baş geyiminin üstündən sarıyar və ucunu da iki çiyni arasına atardı.

Abdullah ibn Ömər (r.a) nəql edir: “Allah Rəsulu sarığın ucunu iki çiyni arasına sallayardı”[49].

Sarıqlarının rəngi: Peyğəmbərimiz (s.ə.s) ağ rəngli sarıq sarıyardı. Bununla yanaşı, müəyyən vaxtlarda müxtəlif rəngli sarıqlardan da istifadə etmişdir. Məkkə fəthində və fəthdən sonra bir xütbəsində qara rəngli sarıq sarıdığı rəvayət edilir. Həzrət Cabirdən (r.a) rəvayət edildiyinə görə: “Allah Rəsulu Məkkə fəthində şəhərə başında qara bir sarıqla girmişdi”[50].

Bəzən də sarığı zəfəranla sarı rəngə boyayardı[51]. Bununla yanaşı, bayram və cümə günlərində qırmızı cübbəsini geyinib qırmızı sarığını sarıdığı da rəvayət olunur[52].

Xülasə, paltarlarımız təmiz, gözəl və səliqəli olmalı, eyni zamanda sadə geyinməyə, geyim-kecimdə israfa yol verməməyə çalışmalıyıq. Təzə paltar geyinəndə Allah-Təalaya şükür etməli, sağdan başlayaraq geyinməyə də diqqət etməliyik. Həddən artıq dar və nazik paltarlar geyinməməliyik ki, dərinin rəngi və əzalar bilinməsin. Bununla yanaşı, əks cinsin paltarlarını, dinin caiz görmədiyi geyimləri, bir də təkəbbürə sövq edən həddən artıq bahalı paltar geyinməməyə çalışmalıyıq. İnsanı təkəbbürə sövq edən paltarlardan uzaq olmaqla yanaşı, rişxənd və istehza doğuran köhnə-külə və səliqəsiz paltarlar da geyinməməliyik.

[1]Tirmizi, “Sifətül-Qiyamə”, 29. Həmçinin baxın: Əhməd ibn Hənbəl, “Müsnəd”, 3/338, 339

[2]“Əraf” surəsi, 7/32

[3]Buxari, “Libas”, 1

[4]Buxari, “Vudu”, 32; Əbu Davud, “Libas”, 42; Tirmizi, “Şəmail”, s. 86-87

[5]Buxari, “Libas”, 39; Müslim, “Libas”, 67

[6]Əbu Davud, “Libas”, 41; Tirmizi, “Libas”, 37

[7]Müslim, “İman” 147. Həmçinin baxın: Əbu Davud, “Libas” 26; Tirmizi, “Birr” 6

[8]İbn Sad, “Təbəqat”, 4/346

[9]Əhməd ibn Hənbəl, “Müsnəd”, 2/89

[10]Əbu Davud, “Libas” 3; Tirmizi, “Libas” 27

[11]Əbu Davud, “Libas”, 36; Tirmizi, “Libas” 9. Həmçinin baxın: Nəsayi, “Zinət” 105; İbn Macə, “Libas” 15

[12]Əbu Davud, “Libas”, 31.

[13]Müslim, “Cənnət”, 52.

[14]Əhməd İbn Hənbəl, “Müsnəd”, 5/205.

[15]Əbu Davud, “Libas”, 28.

[16]Buxari, “Libas”, 62, Həmçinin baxın. Tirmizi, “Ədəb”, 24; Əbu Davud, “Libas”, 28.

[17]Buxari, “Libas” 25; Müslim, “Libas” 11. Həmçinin baxın: Tirmizi, “Ədəb” 1; İbn Macə, “Libas” 16

[18]Tirmizi, “Libas” 1. Həmçinin baxın: İbn Macə, “Libas” 19.

[19]Buxari, “Libas” 27. Həmçinin baxın: Buxari, “Ətimə (Təamlar, yeməklər)”, 29, 32, “Əşribə (İçəcəklər)” 27, 28; Müslim, “Libas” 4,5; Əbu Davud, “Əşribə” 17; Tirmizi, “Əşribə” 10.

[20]Buxari, “Libas” 29; Müslim, “Libas” 24-25. Həmçinin baxın: Buxari, “Cihad” 91; Əbu Davud, “Libas” 9; Nəsayi, “Zinət” 92

[21]İlhan Ayverdi,“Misalli Büyük Türkçe Sözlük”, s. 656

[22]Buxari, “Libas” 1, 5; Müslim, “Libas” 43

[23]Buxari, “Libas”, 4 Həmçinin baxın: Əbu Davud, “Libas”, 27 (Hədisin ravisi Əbu Hüreyrədir)

[24]Buxari, “Libas”, 2, “Fəzailüs-səhabə” 5; Müslim, “Libas”, 43-44. Həmçinin baxın: Əbu Davud, “Libas”, 25

[25]Müslim, “İman”, 92; “Birr”, 60; Əbu Davud, “Libas”, 26

[26]İbn Macə, “Libas”, 24

[27]Tirmizi, “Ədəb” 54. Həmçinin baxın: Əbu Davud, “Libas” 14

[28]Əbu Davud, “Libas”,14

[29]Əbu Davud, “Libas”, 45

[30]İbn Sad, “Təbəqat”, 1/452

[31]Baxın.: Əbu Davud, “Libas”, 3

[32]Baxın.: İbn Sad, “Təbəqat”, 1/450, 451

[33]Əbu Davud, “Libas”, 3; Tirmizi, “Libas”, 27

[34]İbn Sad, “Təbəqat”, 1/451

[35]Yəmənin şərqində yerləşən bir bölgə.

[36]İbn Sad, “Təbəqat”, 1/458

[37]Tirmizi, “Ədəb”, 46

[38]Əbu Davud, “Tibb” 14, “Libas” Tirmizi, “Cənaiz” 18, “Ədəb” 46. Həmçinin baxın: Nəsayi, “Cənaiz” 38, “Zinət” 97; İbn Macə, “Cənaiz” 12, “Libas” 5

[39]Nəsayi, “Cənaiz” 38, “Zinət” 97; Hakim, “Müstədrək” 4/185. Həmçinin baxın: Tirmizi, “Ədəb” 46; İbn Macə, “Libas” 5

[40]Buxari, “Mənaqib” 23, “Libas” 35; Müslim, “Fəzail” 91. Həmçinin baxın: Nəsayi, “Zinət” 59

[41]Sütrə – namaz qılarkən qiblə yönündə divar, sütun və s. olmayanda qarşıdan keçənlərin namaza zərər verməməsi ücün səcdə yerinin önünə qoyulan maneə.

[42]Buxari, “Salət” 17; Müslim, “Salət” 249. Həmçinin baxın: Buxari, “Vudu” 40, “Libas” 42; Əbu Davud, “Salət” 34

[43]Əbu Davud, “Libas” 19; Tirmizi, “Ədəb” 48

[44]“Kəhf” surəsi, 18/31; “İnsan” surəsi, 76/21

[45]Əbu Davud, “Libas”, 5

[46]Nəcaşi Həbəş hökmdarlarına verilən tituldur. Həmin kralın əsl adı Əshamadır. Bəzi qaynaqlarda Əzhama və ya Əhbar da keçir.

[47]Tirmizi, “Şəmail”, s. 80; Buxari, 1/443

[48]Təbərani, “Mücəmül-övsat”, 9/121; Heysəmi, “Məcməüz-zəvaid”, I, 121.

[49]Tirmizi , “Libas”, 12, Əbu Davud, “Ziynə”, 110, Əbu Davud, “Libas”, 21.

[50]Əbu Davud, “Libas”, 21.

[51]İbn Sad, “Təbəqat”, I, 452.

[52]İbn Sad, “Təbəqat”, I, 451.



Açar sözləri

geyim libas paltar

Bənzər məqalələr

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Kirli paltarlar neçə dəfə yuyulmalıdır?

Nəcasət bulaşaraq kirlənən paltarlar üç dəfə yuyulmalı sonra suyu sıxılaraq və ya suyu tam süzüldükdən sonra asılmalıdır. Belə paltarlar paltaryuyan maşında yuyulsa üç dəfə yuyulmuş sayılır. Çünki paltaryuyan maşınlar paltarı əldə yumadan daha yaxşı yuyurlar.


1 şərh yazılıb
  1. Elif Aydın , 07/08/2015 tarixində, saat 09:08

    Peyğəmbərimiz(S.ə.s) çoox yaxşı tövsiyələr etmişdir.

Şərh yaz