7. 471 dəfə oxunub ,   0 şərh   Çap et

Görüşərkən əlini sıxmaq, əl verib görüşmək, salamlaşma, təbrikləşmə, dost münasibət göstərmə və s. şəkildə qarşılıqlı əl sıxmaq müsafihə adlanır. Bir-biri ilə qarşılaşan möminlərin salamlaşarkən əl verib görüşməsi İslamın ədəblərindən biridir. Buna görə də əllə görüşməyə xüsusi diqqət yetirməli, arada küskünlük olsa belə, uzadılan əli cavabsız qoymamalıyıq. Əbül-Xəttab Qatadə deyir: “Mən Ənəsdən: “Allah Rəsulunun (s.ə.s) səhabələri arasında əllə görüşmək adəti var idi?” − deyə soruşdum. O:

− Bəli, − cavabını verdi”[1].

Bununla yanaşı uzaqdan gələn dost və qohum-əqrəbalarla qucaqlaşmaq, böyüklərin əllərindən, kiçiklərin alnından və başından öpmək dinimizdə xoş qarşılanmışdır. 

Rəsulullahın səhabələri ilə görüşməsi

Həzrət Ənəsdən gələn bir hədis Allah Rəsulunun (s.ə.s) əl ilə görüşməyə nə qədər diqqətli yanaşdığını, insanları incitməmək üçün həmsöhbəti əlini çəkmədən əlini buraxmadığını xəbər verir: “Allah Rəsulu bir insanla qarşılaşanda əl verib görüşər, həmin adam əlini çəkmədən onun əlini buraxmazdı. Qarşısındakı adam üzünü çevirmədən üzünü çevirməzdi. Allah Rəsulu heç vaxt qarşısında oturan adama tərəf ayağını uzatmazdı”[2].

Allah Rəsulu (s.ə.s) səhabələri ilə qarşılaşanda əvvəl salam verib sonra əllə görüşərdi. Həzrət Cündüb (r.a) deyir ki: “Peyğəmbərimiz (s.ə.s) səhabələri ilə qarşılaşanda salam verməmiş əllə görüşməzdi”[3]. Allah Rəsulunun (s.ə.s) əl ilə görüşməyə böyük əhəmiyyət verdiyini Həzrət Hüreyrənin rəvayətində görürük:

“Bir dəfə Peyğəmbərimiz Hüzeyfəyə rast gələndə onunla salamlaşıb əllə görüşmək istədi. Hüzeyfə, “Qüslüm yoxdur” deyib əlini uzatmadı. Allah Rəsulu:

İki müsəlman bir-biri ilə əl verib görüşərkən hər ikisinin xətaları, kiçik günahları ağac yarpaqları kimi tökülər, − buyurdu”[4].

Bu hədisi-şərif mənəvi kirin (qüslsüzlük) belə əllə görüşməyə mane olmadığını, müsafihənin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Əllə görüşməyə təşviq etməsi

Həzrət Bəradan (r.a) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İki müsəlman qarşılşanda əl verib görüşərlərsə, bir-birlərindən ayrılmamış günahları bağışlanar[5].

Allah Rəsulu (s.ə.s) əllə görüşən müsəlmanlara bir-birinə dua etməyi tövsiyə buyurur: “İki müsəlman qarşılaşanda əl verib görüşərkən Əziz və Cəlil olan Allah-Təalaya dua edib bir-birinə bağışlanma diləsələr, yerlərindən ayrılmamış Cənabı-Haqq ikisinin də günahını əfv edər”[6].

Təbii ki, burada qeyd edilən “əfv” qul haqqı istisna olmaqla, kiçik günahlara aiddir. Ancaq sözügedən hədis  salamlaşmağın və qarşılıqlı dua etməyin nə qədər əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırır. Ona görə də bu cür davranışlara laqeyd yanaşmayıb Peyğəmbərimizin (s.ə.s) tövsiyələrinə əməl etməliyik.

Beyət zamanı qadınlarla əl ilə görüşməməsi

Naməhrəm kişilərlə qadınların əllə görüşməsi caiz deyildir. Mədinə dövründə nazil olan: “Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir![7] məallı ayə beyətin şərtlərini ortaya qoymuşdur. Bundan sonra Allah Rəsulu (s.ə.s) Mədinəli müsəlman qadınları toplamış və onları beyətə çağırmışdır. Həzrət Aişə (r. anha) nəql edir: “Peyğəmbərimiz ayədəki şərtləri qəbul edən mömin qadınlara sözlə “Səninlə beyət etdim” deyirdi. Allaha and olsun ki, beyət vaxtı Onun əli heç bir qadının əlinə dəymədi”[8].

Bundan əlavə, rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s): “Mən qadınlarla əl ilə görüşmərəm,” demiş, əlini bir qumaş üzərinə qoymuş, qadınlar da eyni qumaşa əllərini qoyub beyət etmişdilər[9]. Bir başqa hədisdə “Allah Rəsulunun əlini iri bir su qabına saldığı, qadınların da eyni qaba əllərini salıb beyət etdikləri rəvayət olunur[10]. Allah Rəsulunun (s.ə.s) naməhrəm bir qadınla əllə görüşmədiyini unutmamalı, müsafihədə diqqətli olmalıyıq. 

Qucaqlaşma və öpmə ədəbi

Allah Rəsulu (s.ə.s) əl ilə görüşməyi caiz görmüş, amma qucaqlaşıb-öpüşməyi bəzi hallar istisna olmaqla, xoş qarşılamamışdır.

Səhabələr bir-biri ilə qarşılaşanda əl verib görüşər, uzaq səfərdən gələndə qucaqlaşardılar. İslam alimləri əllə görüşmək haqqında olan rəvayətləri əsas götürərək, bu qənaətə gəlmişlər: İki insan bir-biri ilə qarşılaşanda əl verib görüşməlidir. Uzaq səfərdən gələn dost və qohum-əqrəba ilə qucaqlaşmaq olar. Öpmək mövzusuna gəlincə, İslam alimləri möhtərəm, yaşlı, dərin elmi və dindarlığı ilə tanınan bir insanın əlini öpməyi müstəhəb, zənginlik, vəzifə, şan-şöhrət və başqa dünyəvi səbəblərə görə əl öpməyi isə məkruh saymışlar. Bununla yanaşı, təkcə əl və alından öpmək caizdir, dodaq və yanaqdan öpmək olmaz.

Uzaq yoldan gələn yaxınlarla qucaqlaşmaq, yaşlarına görə əl, alın və ya başlarından öpmək gözəl adətlərdəndir. Allah Rəsulu uzaq səfərdən gələnlərləri qarşılayardı. Gələnlər yaxını və və ya bir qohumudursa, onu  qucaqlayar və alnından öpərdi. Həzrət Aişə anamız Allah Rəsulunun (s.ə.s) Mədinəyə gələn Zeyd ibn Harisəni (r.a) qarşılayıb qucaqladığını və alnından öpdüyünü deyir[11]. Allah Rəsulu (s.ə.s) Həbəşistandan qayıdan Həzrət Cəfəri də qucaqlayıb alnından öpmüşdü[12].

Zeyd ibn Harisə (r.a) Peyğəmbərimizin övladlığı idi. Allahın Rəsulu Həzrət Zeydi çox istəyirdi. Bir neçə dəfə səriyyə ilə göndərmiş, bəzən də hərbi dəstələrə sərkərdə təyin etmişdi. Həzrət Aişə anamız nəql edir: “Allahın Rəsulu mənim evimdə olanda Zeyd ibn Harisə Mədinəyə gəlmişdi. Sonra Rəsulullahın yanına gəlib qapını döydü. Allah Rəsulu ayağa qalxdı, onu qucaqlayıb alnından öpdü”[13].

Alimlər öpməyi – tahiyyə (xeyir-dua), şəfqət, rəhmət, şəhvət və məvəddət (dostluq, sevgi, məhəbbət) kimi növlərə ayırmışlar. Bir atanın və ya ananın öz uşağını öpməsi “rəhmət öpüşü” adlandırılmışdır. Bu iki səhabənin atası yerində olan Allah Rəsulu şəfqət və qayğısını onların alnından öpərək göstərmişdir.

Əlini öpmək istəyənlərlə rəftarı

Allah Rəsulu (s.ə.s) çox vaxt əlinin öpülməsinə razı olmaz, israr edənlərin də xətrinə dəyməzdi. Abduallah ibn Ömərin rəvayətinə görə, Allah Rəsulu (s.ə.s) əlini öpmək istəyən səhabələrə icazə vermişdi[14]. Mövzu ilə bağlı Savfan ibn Assalın (r.a) nəql etdiyi bir hədisdə əl öpməyin yerinə görə düzgün davranış olduğu göstərilir.

“Bir yəhudi digər yəhudi yoldaşına: “Məni Peyğəmbərin yanına apar” − dedi. Bunu eşidən o biri yoldaşı: “Qətiyyən Ona peyğəmbər demə! Əgər belə dediyini eşitsə, çox sevinər”, – deyə xəbərdarlıq etdi. Sonra Allah Rəsulunun (s.ə.s) yanına gəldilər və (müsəlmanlarla yəhudilər arasında ortaq olan) doqquz əmri soruşdular. Allah Rəsulu onlara belə cavab verdi:

− Allaha heç bir şeyi şərik qoşmayın, oğurluq etməyin, zina etməyin, haqsız yerə bir cana qıymayın, günahsız bir adamı öldürtmək üçün dövlət məmuruna aparmayın, sehrbazlıqla məşğul olmayın, sələm yeməyin, namuslu bir qadına zina iftirası atmayın,  döyüşdən qaçmayın. Bir də yalnız siz yəhudilərə aid olan “şənbə günü qadağası”nı pozmayın!

Onlar bu sözləri eşidəndə Allah Rəsulunun əlini və ayağını öpüb belə dedilər:

− Şəhadət edirik ki, Sən həqiqi peyğəmbərsən.

Allah Rəsulu:

− O halda sizin mənə itaət etməyinizə nə mane olur? − deyə soruşdu.

Onlar:

− Davud peyğəmbər elə hey Rəbbinə dua edirdi ki, zürriyyətindən bir peyğəmbər çıxsın. Əgər sənə tabe olsaq, qorxuruq ki, yəhudilər bizi öldürər, − dedilər”[15].

Hədis alimləri bu hədisləri əsas götürərək qeyd edirlər ki, bir şəxsin doğruluğuna, ədalətinə, zöhd və təqvasına, elm və şərəfinə görə əlini öpmək olar, lakin var-dövlətinə görə və maddi təmənna umaraq əl öpmək  düzgün deyildir[16].


[1]Buxari, “İstizan”, 27
[2]Tirmizi, “Qiyamət”, 46, İbn Macə, “Ədəb”, 5
[3]Təbərani, Heysəmi, 8/36
[4]Heysəmi, “Məcməüz-zəvaid”, 8/37; Buxari, “Təcrid”, 6/435-436
[5]Əbu Davud, “Ədəb”, 143; Həmçinin baxın.: Tirmizi, “İstizan”, 31; İbn Macə, “Ədəb” 15
[6]Əbu Davud, “Ədəb”, 153
[7]“Əl-Mumtəhinə” surəsi, 60/12
[8]Baxın.: Buxari, “Əhkam” 49, Şurut 1, “Təfsiri-surə” 65/2, “Talaq” 20; Müslim, “İmarə” 88, 89; Əbu Davud, “İmarə” 9; Tirmizi, “Təfsirisurə” 60/2; İban Macə, “Cihad” 43; Əhməd  ibn Hənbəl, “Müsnəd”, 6/114, 154, 270
[9]Nəsayi, “Beyət”  18; İbn Macə, “Cihad” 43; Malik, “Muvatta”, “Beyət” 2,; Əhməd ibn Hənbəl, “Müsnəd”, 2/213, 6/357, 454, 459
[10]Baxın.: İbn İshaq, “Məğazi”
[11]Tirmizi, “İstizan”, 32 
[12]İbn Hişam, “Sirə”, 3/44
[13]Tirmizi, “İstizan”, 32.
[14]Əbu Davud, “Cihad”,  96; “Ədəb”, 148
[15]Tirmizi, “İstizan”, 33
[16]İbn Həcər, “Fəthül-bari”, 11/57



Bənzər məqalələr

Salamlaşma haqqında

  يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتّٰى تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلٰى أَهْلِهَا Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan ev­­lərə) sahiblərindən icazə almadan və onlara salam vermədən gir­məyin. {“Nur” surəsi, 24/27} فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلٰى أَنْفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللّٰهِ مُبَارَكَةً طَيِّبَةً Evlərə daxil olduğunuz zaman bir-birinizi Allah dərgahından bərəkət və […]

Əl ilə görüşmək, məhəbbəti, ehtiramı izhar etmək

İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar


Şərh yaz