2. 606 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (s.ə.s) ibadətləri tamamilə başqa idi! Onun ibadətinə baxan insan sanki o ibadətdən başqa bir iş görmədiyini zənn edərdi. Bəli, O, qulluğunda bu qədər dərin idi. Bütün gözəlliklərdə də belə deyildimi? Hər sahədə əlçatmazdı!

O, namazda Allaha qulluğu elə dərindən təmsil edirdi ki, demək olar, ürpərib ağlamadığı namaz yox idi. Səhabələr namaz qılarkən Onun sinəsinin dəyirman daşı kimi səs çıxardığını söyləyir.[1] Qulluğun ağır mükəlləfiyyətləri Onun iztirabını birə-min artırırdı. Əlbəttə ki, bu hal Onun qulluğu ən mükəmməl şəkildə ifa etmə səyindən irəli gəlirdi.

Namaz Onun gözünün nuru idi. Heç bir şeydən namaz qədər zövq almırdı. Onun üçün də bir gün belə buyurmuşdu: “Mənə (üç şey) sevdirildi: Qadın, gözəl qoxu və gözümün işığı namaz.”[2]

Kişinin meyil etdiyi ən önəmli ünsürlərdən biri də qadındır. Həzrət Adəm (ə.) bu duyğu ilə yaradılmışdır. Bu hissin çoxluğu şəhvətdir. Şəhvət isə nəsilin davam etdirilməsində bir mənada “avans” rolunu oynayır. Bu hiss olmasaydı, heç bir insan nəslini davam etdirməyi düşünməzdi. Çünki digərləri məcburi mükəlləfiyyətlərdir. Tək başına uşaq istəmək də nəslin davamı üçün kafi deyil. Onun üçün Allah (c.c.) kişinin qadına, qadının da kişiyə meyil etməsi üçün şəhvəti yaratdı.

İnsan mahiyyətində var olan və yaradılışla gələn bu hissi məhv etmək mümkün deyil. Mümkün olsaydı, bunu başda Həzrət Adəm (ə.) edərdi. Və elə Peyğəmbərimiz də bu fitrətdən və təbii xüsusiyyətdən danışır: “Mənə qadın sevdirildi” buyururdu. O, fitrətlə, təbiətlə iç-içə olduğunu bilən peyğəmbər idi. Onun gətirdiyi dində rahiblik yox idi. Özünü ibadətə həsr etmək və vaxtının hamısını Allaha (c.c.) ibadətlə keçirmək məqsədilə  şəhvət hissini öldürmək istəyən səhabələrinə beə deyirdi: “Allahı (c.c.) ən çox biləniniz və Ondan ən çox qorxanınız mənəm. Amma mən ibadət edirəm, xanımlarımla da yaxınlıq edirəm. İstirahət edirəm, gecə ibadətini də edirəm. Oruc tuturam, yemək də yeyirəm. Bu, mənim yolumdur. Mənim yolumdan üz döndərən isə məndən deyil…”[3]

Gözəl qoxuya gəlincə, uca ruhlar gözəl qoxudan xoşlanarlar. Allah Rəsulu ruhaniyyəti ilə (ruhən) incəlmiş və cismən zərifləşmişdi, elə bil ruhuyla yarışır, mələklərlə bütünləşirdi.

Gözəl qoxu mələklərin və ruhanilərin qidasıdır. Allah Rəsulu da onlarla həm ruhən, həm də cismən  irtibatda olduğuna görə, gözəl qoxudan son dərəcə xoşlanırdı: gözəl qoxu Onun qəlbinə  inşirah, hüzur verirdi.

Elə Allah Rəsulu “Mənə qadın və gözəl qoxu sevdirildi,” buyuraraq həm ruh və cisminin ehtiyacını bildirir, həm də bu xüsusiyyətlərin bir-biri bağlı olmasına işarə edir. Eyni zamanda özünə aid xüsusiyyətləri bəyan etmiş olurdu…

Ancaq bu ilk iki xüsusiyyət bəşərə xasdır və başqalarında da ola bilər. Yəni qadını və gözəl qoxunu sevmək yalnız Peyğəmbərimizə məxsus deyil. Çünki bunlar Allahın insan fitrətinə yerləşdirdiyi duyğularla sevilir. Və bu xüsusiyyət az-çox hər kəsdə vardır.

Üçüncü xüsusa gəlincə, burada bir az dayanmaq lazımdır, çünki Allah Rəsulu: “Namaza gəlincə, o, mənim gözümün nuru, o, mənim həmdəmim və o, mənim şəhvətimdir,” – deyir.

Birimiz ən çox sevdiyimiz insanın gəldiyini eşidəndə necə sevinir və həyəcanlanırıqsa, Allah Rəsulu da namaza duranda bundan bəlkə də yüz qat artıq sevinc hissi keçirir və mənən coşur. Məsələn, O, uzun müddət Fatimədən (r.a.) ayrı qalsaydı, sonra da Fatimə (r.a.) gəlir” desəydilər, nə qədər sevinər, necə məsrur olardı. O, namaz vaxtının çatmasını xəbər verən səsi eşidəndə bundan daha çox sevinir, daha çox məsrur olurdu. Çünki namaz Onun sevimlisi, namaz Onun sevgilisi və namaz Onun  göz bəbəyi idi.

Təbəraninin rəvayət etdiyi başqa bir hədisdə Peyğəmbərimiz belə buyurur: “Allah hər nəbiyə bir arzu, istək və şəhvət vermişdir. Mənə gəlincə, mənim şəhvətim gecə  namaz qılmaqdır.”[4]

Yəni: “Siz cisminizə, bədəninizə aid müxtəlif zövqləri addım-addım izləyirsiniz: o zövqlərdən gələn siqnallar sizi özünə cəzb edir, siz də o zövqlərin ardınca gedirsiniz. Mənə gəlincə, vicdan adlı vaizdən gələn “Qalx, namaz vaxtıdır!” səsi məni çəkib özü ilə aparır və elə məst edir ki, namazsız dayana bilmirəm. Gecə (təhəccüd) namazı qılmadığım, gecə qalxa bilmədiyim anlar mənim üçün ən hüzünlü anlar və dəqiqələrdir. Və mənim üçün ən zövqlü və məsud anlar da namazda keçən anlardır.”

Allah Rəsulunun qulluğu və Allahla münasibəti  və eyni zamanda tövhidi-üluhiyyəti elan və etirafı elə dərin idi ki, indiyə qədər bu dərinliyə çox adamlar ağıl çatdıra bilməmişdir. Elə yuxarıda nəql etdiyimiz hədis də bunun ən bariz nümunəsidir.

Həzrət Aişə Anamız (r.a.) nəql edir:

“Bir gecə oyananda, Allah Rəsulunu yanımda görə bilmədim. Dedim, bəlkə də, xanımlarından birinin yanına gedib. Əlim ilə ətrafı yoxladım. Əlim ayağına toxundu. O zaman Allah Rəsulunun namaz qılmaqda olduğunu anladım.. başı səcdədə idi. Qulaq asdım, hıçqıra-hıçqıra ağlayır və belə yalvarırdı:

“Allahım! Sənin qəzəbindən Sənin rızana sığınıram. Şiddətli əzabından əfvinə sığınıram. Allahım! Başqasına deyil, Səndən yenə Sənə sığınıram. (Cəlalından camalına, qəzəbindən rəhmətinə, əzəmət və heybətindən şəfqət və həlimliyinə sığınıram.) Zatını səna etdiyin səviyyədə Səni səna etməkdən aciz olduğumu etiraf edirəm.”[5] “Sənin qonşuluğun, yaxınlığın əzizlikdir. (Sənə qonşu olan əziz olmuşdur.) Sənin səna və mədhin ucadır. Sənin ordun məğlub edilməzdir. Sən vədindən dönməzsən. Səndən başqa ilah, Səndən başqa məbud da yoxdur.”[6]

Bəli, Onun namaza yönəlişi şəhvani yanaşma kimi idi. İndi də Əbu Zərri (r.a.) dinləyək. Deyir ki: “Bir gecə səhərə qədər namaz qıldı. (Dua ayələrinə çatanda o duaları israrla təkrar edən Allah Rəsulu namazını səmimiyyət, xüşu və itaətin mozaikasına çevirirdi. Nafilə namazlarında, səcdədə, rükuda, qiyamda oxuduğu müxtəlif və çox uzun dualar vardır.) O gün səhərə qədər:

إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

ayəsini[7] oxudu və ağladı.”[8] O, namaza heç cür doymaq bilmir, sanki heç doyum nöqtəsinə çata bilmirdi.

İbn Məsud (r.a.) deyir ki: Bir gün Allah Rəsulu ilə birlikdə gecə namazı qılmaq qərarına gəldim. Gecəni Onunla keçirəcək və Onun etdiyi ibadəti mən də edəcəkdim. Namaza durdu, mən də durdum. Lakin elə bil heç rükuya getmək fikri yox idi. “Bəqərə” surəsini oxuyub qurtardı, “İndi rükuya gedər,” deyə düşündüm, lakin O, davam etdi. Sonra “Ali-İmran”ı, sonra da “Nisa” surəsini oxudu və ardınca rüku etdi. Namaz əsnasında o qədər yoruldum ki, bəzən ağlıma pis düşüncələr gəldi. (Bu pis düşüncə nə ola bilərdi? İlk anda, “Görəsən, Allah Rəsulu Həzrət Süleyman (ə.) kimi qiyamda vəfat etmədi ki?!”fikri  ağıla gələ bilər.) Buna görə də dinləyənlər arasından biri soruşdu: Nə düşünmüşdün? İbn Məsud (r.a.): “Namazı pozub Onu namazıyla baş-başa qoymağı düşünmüşdüm.”[9]

Abdullah b. Amr da bu hadisəni nəql edir: Bir gecə Allah Rəsulunun arxasında namaza durdum. Dayanmadan bu ayəni oxuyur və hıçqıra-hıçqıra ağlayırdı:

“Ey Rəbbim! Onlar, həqiqətən, çox insanı (haqq yoldan) azdırmışdır. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən!”[10]

Və yenə belə hüznlü olduğu bir gün idi. Ağlayır, ağlayır, dayanmadan ağlayırdı. Cəbrail (ə.) gəldi, Allahdan (c.c.) salam gətirdi. Və “Allah “Məhəmmədim nə üçün ağlayır, görəsən?” deyə soruşur”, dedi.

O, Əllamül-Ğüyubdur (Qeybi bilən). Elmi bütün əşyanı əhatə etmişdir. Heç kim Onun elm, qüdrət və iradəsi xaricində ola bilməz.. amma soruşur… Bunu soruşmaqda məqsəd istər göstərmək, istərsə də Onun örnək olduğunu elan etmək olsun, fərqi yoxdur.

Allah Rəsulu ağlamaqdan cavab verə bilmirdi. Yalnız dodaqlarından bu söz töküldü: “Ümmətim, ümmətim!” Dərdin, iztirabın səbəbi artıq bəlli idi: Onun ümməti… Cəbrail vəziyyəti sanki, qeydə alıb apardı. Və Allah mələyini ikinci bir salamla yenidən göndərdi və Rəsuluna bu sözlərlə təsəlli verdi:

“Get Həbibimə (salam de) və de ki: Şübhəsiz ümmətin haqqında Səni razı edəcək və Səni əsla dərd və kədər içində qoymayacağıq.”[11]

O, ömürünü qulluqla keçirmişdi. Namaz Onun ən sevimli həmdəmi idi. Gecə-gündüz namaz qıldı və bütün peyğəmbərlik ömrünü belə keçirdi. “İnsan necə yaşayırsa, elə ölür” həqiqətini elə özü söyləməmişdimi?[12] Və hər fani kimi O da dünyadan köçəcəkdi.  Amma o, namaz deyə-deyə yaşayacaq və namaz deyib həyatla vidalaşacaqdı…

Son günləri idi. Gözlərini açmağa taqəti də qalmamışdı. Üzünə soyuq su səpilincə gözlərini açır, bir cümlə deməyə taqəti çatırdısa, “Camaat namazı qıldımı?” deyə soruşurdu. Bircə cümləni demək Onu haldan salır, yenə huşunu itirirdi. Soyuq su ilə özünə gəlincə yenə eyni sualı verirdi: “Camaat namazı qıldımı?”

Xeyr, camaatı saatlardır, Onu gözləyirdi. Gözlər Onun qapısına dikilmişdi. Nə vaxt pərdə aralanacaq, məscidə günəş doğacaqdı.. hamı bunu gözləyirdi. Çoxu O Günəşin qüruba yönəldiyini hiss edirdi, ancaq buna heç cür inanmaq istəmirdi. Bu vaxt Allah Rəsulu artıq namaz qıldırmağa  taqətinin olmadığını görüb “Əbu Bəkirə söyləyin, namazı qıldırsın,” buyurdu. Bir az yaxşılaşan kimi məscidə doğru yeridi. Bir qolundan əmisi Abbas (r.a.), birindən də əmisi oğlu və  kürəkəni Həzrət Əli (r.a.) tutub məscidə gətirdilər. Namazın ehtişamı, namazın dəyəri, namazın füsunkarlığı vardı Onun gəlişində… Özündən sonra imam olacaq şəxsin arxasında dayandı və namazını oturaraq qıldı. O, bu şəkildə məscidə yalnız iki dəfə gələ bildi. Birində namazı özü qıldırdı, Həzrət Əbu Bəkir (r.a.) də təkbir və təsbehləri ucadan deyərək  səsini camaata eşitdirdi.[13] Digərində isə, namazını Həzrət Əbu Bəkirin (r.a.) arxasında qıldı.[14] Sanki camaatına özündən sonra gələcək imamı işarə edirdi.

Bəli, O, namazla və camaatla bu dərəcə bütünləşmişdi. Son anına qədər də camaatla namazı tərk etməmişdi.. hətta çətinliklə də olsa məscidə gəlmiş və namazını camaatla qılmışdı.

Adi bir insan belə namazı şüurunda ola-ola qılsa, bu namaz onu günahlardan və pisliklərdən çəkindirər.[15] Bir namaz ki, onu qılan Allah Rəsuludur, Onu günah işləməyə qoyarmı!.. Xeyr, heç vaxt qoymamışdı.. qoymazdı da!

Həzrət Aişə Anamız (r.a.) Onun namazı haqda: “Elə qiyamda dayanardı ki, heç soruşma. Elə rükuya gedərdi ki, heç soruşma və elə səcdə edərdi ki, heç soruşma!”[16] deyir

Allahın varlığına başqa heç bir dəlil olmasa belə, Allah Rəsulunun qıldığı namaz dəlil kimi yetər. Çünki Onun bütün namazında, namazının rüknlərində sanki, Allah təcəlli edərdi. Heç namazı belə olan bir insan günaha meyl edərmi?

Onun ibadəti bir bütövlük təşkil edirdi. Namazı mükəmməl şəkildə qılır, başqa bir ibadətə, məsələn, oruca da laqeyd yanaşmırdı. Həftənin bir iki gününü mütləq oruclu keçirir, hətta bəzən də o qədər oruc tuturdu ki, heç iftar etmədiyini sanırdılar.[17] Bəzən də işi təbii axarına buraxır və hər kəs kimi iftar edirdi. Ancaq oruclu günləri daha çox idi.[18]

O, bəzən də sövmi-vüsal tuturdu. Yəni heç iftar etmədən bir neçə gün ard-arda oruc tuturdu. Səhabələr Onun kimi oruc tutmağa çalışsalar da, bu, çox çətin idi. Bir dəfə Ramazanın son günləri sövmi-vüsala niyyət etmişdi. Səhabələr də eyni şəkildə niyət etdilər. Ancaq oruc bir neçə gün çəkincə, hamısının taqəti tükəndi. Şükür ki, bayram gəlmiş və hər kəs sevinmişdi. Çünki bayram bir gün də geciksəydi, bəlkə də, yarı yolda qalacaqdılar. Allah Rəsulu onların bu vəziyyətini görüncə təbəssüm buyurdu və “Əgər bayram geciksəydi, mən yenə oruca davam edəcəkdim,” dedi. Ardınca  da özündən fərqli olaraq, onların bu ibadəti yerinə yerirməyə güclərinin çatmayacağını söylədi. “Çünki Allah məni sizin anlamayacağınız şəkildə yedirib-içirir” buyurdu.[19]

Xüsusilə, Ramazan ayının son günlərində Allah Rəsulu ciddi şəkildə hazırlaşır və bütün gününü ibadətlə keçirirdi.[20] Elə bil o günlərdə heç yatmırdı.

Yayın ən qızmar günlərində də Allah Rəsulu oruc tuturdu. Bir çox müharibədə oruclu olmuşdu. Bəzən hərbi səfərlər ağır keçirdi. Belə məşəqqətli döyüşlərin birində özü ilə Abdullah b. Rəvahadan (r.a.) başqa oruc tutan qalmamışdı.[21] O, “Oruc insanı günahdan qoruyan bir zirehdir,”[22] demişdi. Və bu zirehin ən möhkəmini də özü geyinmiş və qorunmuşdu…


[1]Əbu Davud, Səlat 161; Nəsayi, səhv 18.

[2]Nəsayi, İşrətün-nisa 1; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/128, 199, 285.

[3]Buxari, Nikah 1; Müslim, Nikah 5.

[4]Təbərani, əl-Mücəmül-kəbir, 12/84; Deyləmi, Müsnəd, 1/172; Heysəmi, Məcməüz-zəvaid, 2/271.

[5]Müslim, Səlat 221-222; Əbu Davud, Səlat 148.

[6]Tirmizi, Daavat 90; Əbu Davud, Ədəb 97; Heysəmi, Məcməüz-zəvaid, 10/124.

[7]Maidə surəsi, 5/118.

[8]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/149.

[9]Buxari, Təhəccüd 9; Müslim, Müsafirin 204.

[10]İbrahim surəsi, 14/36.

[11]Müslim, İman  346.

[12]Müslim, Cənnət 83.

[13]Buxari, Əzan 51; Müslim, Səlat 90-97.

[14]Tirmizi, Səlat 151; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/159.

[15]Baxın.: Ənkəbut surəsi, 29/45.

[16]Buxari, Təhəccüd 16; Müslim, Müsafirin 125.

[17]Əbu Davud, Savm 53; Tirmizi, Savm 43; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/91.

[18]Buxari, Savm 53; Müslim, Siyam 178.

[19]Buxari, Savm 49; Müslim, Savm 59.

[20]Buxari, Leylətul-qadr 5; Müslim, Etikaf 7.

[21]Müslim, Siyam 108-109; Əbu Davud, Siyam 45.

[22]Buxari, Savm 2; tövhid 35; Müslim, Siyam 162-163.



Açar sözləri

ibadət qulluq

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Yüzdən biri…

Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.


Şərh yaz