2. 675 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanın düşüncə, qərar, seçim və davranışlarında yaşadıqları dövrün, cəmiyyətdəki hakim fikirlərin, qavrayış qəliblərinin, qısacası, ictimai rəyin təsiri böyükdür. İnsanın ətrafda daha çox gördüyü, eşitdiyi və təsirləndiyi şeylər onun qərarlarına, hərəkət və ünsiyyətinə təsirsiz ötüşmür. Hazırda soyuq müharibənin getdiyi dünyada insanları idarə etmək və yönləndirmək üçün reklam ticarətində bundan ustalıqla istifadə olunur. İnsanlarda müəyyən düşüncələri formalaşdırmaq üçün müxtəlif vasitələrə (sosial şəbəkələr, televiziya, radio, qəzet, jurnal və s.) müraciət edilir. Bunlar vasitəsilə insanların niyyət, diqqət və baxışları “istənilən” istiqamətə yönləndirilir. Bu fəaliyyətlər cəhalət, qərəzli yanaşma, şişirtmək, hərislik, həsəd, millətçilik və mənfəətpərəstlik düşüncələri ilə birləşəndə insanlığa daha çox zərər verir. Ən saf dini-əxlaqi dəyərlər, ali fikirlər və insanlar cəmiyyətdə formalaşdırılan ictimai rəylə ən qaranlıq, ən kirli və ən təhlükəli hala gətirilə bilər. Eyni üsulla ən zərərli, ən dağıdıcı və ən bölücü ünsürlər məsum və faydalı göstərilə bilər.

Peyğəmbərlər tarixinə bu müstəvidən baxanda peyğəmbərlərin çox həssas hərəkət etdiklərinə şahid oluruq. Onların məqsədi insanlara dünya və axirət səadətinə aparan yolları təbliğ etmək idi. Peyğəmbərlər gətirdikləri ilahi vəhyin kimlərsə tərəfindən yanlış başa düşülməməsi və əleyhlərində formalaşdırılan ictimai rəyə qurban getməməsi üçün çox həssas və düşünərək addım atırdılar.

Bəli, bütün peyğəmbərlər təmiz həyat yaşamış, qayda-qanunlara əməl etmiş, ümumbəşəri dəyərlərə uyğun davranmış, insanlara sevgi, sülh, şəfqət və mərhəməti tövsiyə etmiş, yeri gələndə insanlarla məsləhətləşmiş, dünyəvi gözləntiləri olmamış, gətirdikləri prinsipləri və məqsədlərini insanların başa düşəcəyi tərzdə ifadə etmişlər. Son peyğəmbər həzrət Muhamməd (s.a.s.) də bu xüsuslarda daha həssas davranmış, hərəkət və davranışlarında həmişə insanların müsbət və ya mənfi qənaətini, ictimai rəyi nəzərə almışdır. Bununla yanaşı təmsil və təbliğ elədiyi dəyərlərə zidd heç bir hərəkət etməmişdir. Rəsulullahın (s.a.s.) qərar verərkən ictimai rəyi nəzərə almasına bir neçə nümunə verək:

Təmkinlə hərəkət etməsi

Rəsulullah (s.a.s.) təbliğ vəzifəsini icra edərkən, qarşılaşdığı problemlərin və çətin situasiyaların həllində, atdığı addımlarda, verdiyi qərarlarda diqqətli davranır, Allahın nurunu söndürmək istəyənlərin əlinə fürsət vermirdi. Məhz buna görə idi ki, Məkkədə olarkən edilən o qədər zülm və işgəncələrə səbirlə dözür və səhabələrində də bunu tövsiyə edirdi. Müşriklərin dözülməz işgəncələrinə belə eynilə cavab verilməsinə razı olmurdu. Elə buna görə yarımadada müsəlmanlar əleyhinə təbliğat aparan Məkkə müşrikləri heç vaxt axtardıqları bəhanəni tapmır, yalan və iftiralarla tərəfdar toplamaq məcburiyyətində qalırdılar. Hətta müşriklər, müsəlmanlar haqda mənfi rəy formalaşdırmaq üçün farsların bizanslılara qarşı qələbəsindən belə istifadəyə cəhd etmişdilər. İnsanların çox keçdiyi yerlərdə oturur, qarşılaşdıqları şəxslərə Rəsulullahın (s.a.s.) şair, məcnun, kahin, cadugər, dəli və s. olduğunu deyirdilər. Ancaq onların bütün cəhdləri hədər gedir və məqsədlərinə çatmırdılar.[1] Çünki cəmiyyətdə müsəlmanlar əleyhində aparılan təbliğat, edilən ittihamlar və formalaşdırılan mənfi rəy Rəsulullahı (s.a.s.) görməklə, Onunla bir neçə dəqiqə söhbətləşməklə dəyişirdi.[2]

Qubada 14 gün qalması

Rəsulullah (s.a.s.) hicrətdən sonra Qubaya gəlmiş və Mədinəyə girmədən 14 gün burada qalmışdı. Mədinənin əhalisi o vaxt təxminən on min nəfər idi. Rəsulullahı (s.a.s.) Mədinəyə dəvət edənlərin sayı isə cəmi 75 nəfər idi. Rəsulullah (s.a.s.) Qubada gözlədiyi bu müddət ərzində mədinəlilərin Onun gəlişinə münasibətlərini öyrənmək istəyirdi. 14 gün bunun üçün qalmışdı. Mədinəyə gedəndən sonra ilk gördüyü işlərdən biri şəhərin konstitusiyası sayılan, müxtəlif statusda olanların birgə və sülh şəraitində yaşamasına təminat verən Mədinə vəsiqəsini hazırlatdı və icrasına başladı. Baxmayaraq ki, bu 14 gün ərzində qaldığı ev daşlanmış, rəhbər olmağa hazırlaşan İbn Übeyy onun əleyhində təbliğat aparmış, Nadir, Kaynuka və Qureyzaoğulları qəbilələrinin Ona düşmən ola biləcəyini öyrənmişdi. Mədinə vəsiqəsi ilə xüsusən bu üç qəbilənin  insanlar arasında nifrət və nifaq toxumları səpərək digər tərəfdarlarını da hərəkətə keçirmələrinə mane olmuşdur. Mədinə vəsiqəsinə görə, həmin qəbilə mənsubları öz dinlərini istədikləri kimi yaşaya, ticarət edə bilərdilər. Aralarındakı köhnə münaqişələri də sonlandırmalı idilər…  

Həmraul-əsəd həmləsi

Uhud döyüşündən 24 saat keçməmiş Rəsulullah (s.a.s.) yaralı səhabələri ilə birgə Həmraul-əsədə hərəkət etdi. Onun bu həmləsi ictimai rəyin formalaşmasında böyük rol oynamışdır. Çünki məkkəlilər Uhudda baş verənləri bütün yarımadaya bildirəcək və Mədinəyə hücuma keçmək istəyənlərin əlinə fürsət düşəcəkdi. Çünki Bədir zəfəri bəzi qəbilələri qorxutmuşdu. Cəmiyyətdə hakim olan bu ictimai rəy Uhudda sarsılmışdı. Müsəlmanlara düşmən olan qəbilələr Mədinəyə hücum edə bilərdilər. Bəli, müsəlmanlar Uhudda itki vermiş, ancaq tam məğlub olmamışdılar. Bunu hamıya göstərmək lazım idi. Bu və digər səbəblərlə Rəsulullah (s.a.s.) Uhuddan dərhal sonra Həmraul-əsədə gəlmiş və burada qərargah qurmuşdu. Geri qayıdaraq Mədinəni yağmalamaq istəyən müşriklər isə müsəlmanların bu hərəkətindən qorxmuş və Məkkənin yolunu tutmuşdular…

Rəməl

Məkkə müşrikləri Hüdeybiyyə sülh müqaviləsi imzalanandan sonra Məkkədə müsəlmanlar əleyhinə təbliğata başlamışdılar. Onlar camaatı bu sözlərlə inandırmağa çalışırdılar: “Müsəlmanlar çox kasıblayıblar. Aralarında xəstəlik yayılıb. Mədinədə yayılan qızdırma xəstəliyi onları zəiflədib. Zəiflikdən gecələr yata bilmirlər.” Rəsulullah (s.a.s.) da bunlardan xəbərdar idi. Ertəsi il qəza ümrəsi üçün yola çıxan müsəlmanların bu “pərişan” vəziyyətini  görmək üçün xalq Darun-Nədvədə və Hicrdə toplaşmışdı.

Məscidi-Harama daxil olan Rəsulullah (s.a.s.) səkkiz gündür yol gələn səhabələrinə belə dedi: “Bu gün özünü müşriklərə güclü və göstərənlərə Allah rəhm eləsin. Çalışın ki, müşriklər sizdə bir zəiflik və nöqsan görməsin. Onlara güclü olduğunuzu göstərmək üçün üç şavtta rəməl (sağ çiyni açıq, sürətli yerimək) edin.”

Rəsulullah (s.a.s.) bununla da kifayətlənmədi və tavaf əsnasında Abdullah ibn Rəvahaya şeir oxutdurxu, səhabələr də yüksək səslə onu təqlid etdilər. Bunu görən müşriklər böyük xəyal qırıqlığı yaşamış və belə demişdilər: “Ora baxın! Mədinədə yayılan qızdırma xəstəliyi müsəlmanları heç də zəiflətməyib. Çox güclü və sağlamdırlar. Bizə isə zəif və xəstələndiklərini demişdilər. Halbuki bizdən daha güclüdülər və daha sürətlə yeriyirlər.”[3]

Rəsulullah (s.a.s.) təvaf ibadətinə daxil elədiyi rəməl sünnəsi ilə müşriklərin cəmiyyətdə formalaşdırmağa çalışdığı mənfi rəyi dəyişmiş, müsəlmanlara düşmənlik düşüncələri bəsləyənlərin cəsarətini qırmışdır.

Münafiqlərin başçısı Abdullah ibn Übeyyin aqibəti

Müseyri səfərində quyudan su çəkərkən bir mühacir və ənsar arasında anlaşmazlıq olmuşdu. Abdullah ibn Übeyy də bunu fürsət bilərək fitnə çıxarmaq istəyirdi. Əgər Allah Rəsulu hadisəyə vaxtında müdaxilə etməsə və hər iki tərəfdəki liderlərin sağlam mövqeyi olmasa idi mühacir və ənsar arasında münaqişə olacaqdı. Beş il ərzində Rəsulullahın şəxsinə sataşan, məkkəlilərlə əlbir olaraq Mədinədən məlumatlar sızdıran, müşrikləri Mədinəyə hücuma təşviq edən, Uhudda müsəlmanlarla döyüşə getməkdən boyun qaçıran, bu da azmış kimi fitnə çıxarmağa cəhd edən, Qaynuqa və Nadiroğulları qəbilələrini üsyana səsləyən Abdullah ibn Übeyyin hərəkətlərinə səbir edə bilməyən müsəlmanlar onu öldürmək üçün Rəsulullahdan icazə istədilər.

Sözsüz ki, Rəsulullah (s.a.s.) onlar kimi düşünmürdü. Onun öldürülməsi ətrafdakı bir çox insanın qəlbindəki nifaqı artıra və müsəlmanlar üçün təhlükə törədə bilərdi. O isə tərəfdarlarının gözündə bir qəhrəman sayılardı. Ailəsindən və qəbiləsindən olan müsəlmanlar da bundan narahat olardılar. Təsir sadəcə bununla qalmaz yarımadadan kənardakı ölkələrə qədər gedib çıxar, müsəlmanlar əleyhində mənfi rəy formalaşardı.

Necə ki, bəzi qruplar normal vəziyyətləri belə bu məqsədlər üçün istifadəyə cəhd etmişdilər. Hicrətdən 7 ay sonra Əsad ibn Zürarə xəstələnərək vəfat etmişdi. Onun vəfatını fürsət bilən bəzi müşriklər: “əgər o həqiqətən peyğəmbər olsaydı səhabəsi ölməzdi” deyərək Rəsulullah (s.a.s.) əleyhinə təbliğata başlamış və bununla Rəsulullahın etibarını zədələmək istəmişdilər.

Rəsulullah (s.a.s.) Uhudda yaralanmışdı. Müşriklər bunu da fürsət bilərək: “Əgər həqiqətən peyğəmbər olsaydı, məğlub olmazdı. Onun hakimiyyətdən başqa dərdi yoxdu.” – deyərək cəmiyyətdə mənfi fikir formalaşdırmağa, müsəlmanlar arasında fitnə-fəsad çıxarmağa cəhd etmişdilər. Bəli, Mədinədə baş verənlər, hətta müsəlmanların öz aralarındakı münasibətləri belə bütün bölgədə yaxından izlənilirdi.

Belə bir vaxtda Rəsulullah (s.a.s.) münafiqlərin rəhbərini öldürməyi təklif edənlərə belə cavab verdi: “Bu mümkün deyil! Bəziləri “Muhamməd səhabələrini öldürür” deyərək bundan əleyhimizə istifadə edə bilər. Əsla! Mən belə bir işə əsla razı ola bilmərəm!”[4] Bu əsnada söhbətdən xəbər tutan ibn Übeyyin oğlu Abdullah gələrək: “Elə bir fikriniz varsa, həmin işi mən görə bilərəm.” – dedi. Rəsulullah ona da belə cavab verdi: “Əsla! Əksinə ona qarşı nəzakətlə rəftar etməliyik. Aramızda olduğu müddətcə o bizim yoldaşımızdır…”[5]

Rəsulullah (s.a.s.) son sözləri ilə bir mənada münafiqlərin özlərinə qarşı fikirlərini də dəyişdirməyə çalışdığını deyə bilərik. Rəhbərlərinin elədiyi bu qədər pisliyə rəğmən Rəsulullahın bu müsbət davranışı, münafiqləri tədricən düşünməyə, elədiklərini sorğulamağa təşviq etmişdir. Hətta Rəsulullah (s.a.s.) son dəfə Abdullah ibn Übeyiin cənazə namazını qıldırmışdı. Bunu görən mindən çox münafiq dayana bilməyərək həmin gün səmimi müsəlman olmuşdu.

Uyeynə ibn Hısn

Nümunələrdən biri də Rəsulullahın (s.a.s.) Onun haqda “Axmağın biridir. Ancaq qəbiləsi ona itaət edir”[6] deyən Bəni-fərəzə qəbiləsinin rəisi Uyeynə ibn Hısna münasibətidir. Xeybərə qədər müsəlmanlara düşmən olan Uyeynə, Xeybərdən sonra gücün müsəlmanlarda olduğunu görərək mənfəət əldə etmək üçün təslim olmuşdu. Uyeynə həm də çox kobud və hiyləgər insan idi. Bir gün Rəsulullah (s.a.s.) Uyeynənin uzaqdan gəldiyini görmüş və yanındakılara nə qədər töhlükəli olduğunu demişdi. Ancaq hüzuruna gələndə Uyeynə ilə xoş rəftar eləmişdi. Bu mənzərəyə təəccüblənən səhabələrinə isə belə demişdi: “İnsanların ən pisi, şərindən əmin olmaq üçün hörmət ediləndir.”[7]

Uyeynə qənimət əldə etmək məqsədilə Məkkənin fəthində və Huneyndə iştirak etmişdi. Taif səfərinə də getmək istəyirdi. Rəsulullahın yanına gələrək qalaya girib taiflilərlə danışmaq üçün izin istədi. Bu yolla onları Allaha dəvət edəcəyini dedi, onlardan bəzilərinin müsəlman olacağına ümid etdiyini bildirdi. Allah Rəsulu (s.a.s.) izin verən kimi birbaşa qalaya yönəldi. İçəri girər-girməz başına yığışan saqiflilərə səsləndi:

– Atam sizə fəda olsun! Nəbadə yerlərinizi tərk edəsiniz! Vallah, biz kölələrdən daha zəifik! Allaha and olsun ki, Onun başına bir iş gəlsə, ərəblər yenidən izzət və şərəf sahibi olacaq! Ağacların kəsilib məhv edilməsi nəbadə sizin gücünüzə təsir göstərməsin və əsla özünüzü təslim etməyin!

Bunları söylədikdən sonra qalanı tərk edib hüzura gələn Uyeynə Allah Rəsulunun sualı ilə qarşılaşdı:

– Onlara nə dedin, ey Uyeynə?

Bunu söyləyərkən hiss olunurdu ki, Allah Rəsulu Uyeynənin göründüyü kimi olmamasına vaqif idi. Görünür, məsələni başa düşmüş və ya Cəbraildən xəbər almışdı! Ancaq Uyeynə hələ də bunu sezmirdi və:

– Onlara İslamdan danışıb imana dəvət etdim, cəhənnəm barədə xəbərdarlıq edib cənnətə çatmanın yollarını göstərdim, – dedi. Demək ki, anlamamışdı və onunla daha açıq danışmağa lüzum vardı. Buna görə də Allah Rəsulu əvvəlcə:

– Yalan söyləyirsən, – dedi.

 Ardınca da qalada söylədiklərini bircə-bircə təkrarladı. Sanki, qalaya birlikdə girmişdilər. Bunları eşidən Uyeynənin rəngi qaçdı. Kiminsə gəlib xəbər verməsi mümkün deyildi. Demək, Məhəmmədül-Əmin, həqiqətən də, səmalardan  dəstək alırdı. Xəcalətdən Rəsulullahın üzünə baxa bilmədi və:

– Doğru deyirsən, ya Rəsulullah, – deyə Uyeynə sözə başladı, – bu xətamdan Allaha tövbə edir və Səndən də üzr istəyirəm!

Zahirən belə bir istək, tövbə etmək, əlbəttə, müsbət hal idi. Allah Rəsulu (s.a.s.) da Uyeynənin üzrünü xoş qarşılayıb qəbul etdi.

Bəli, Uyeynə saqiflilərlə müsəlmanların arasını vurmağa çalışmış, üstəlik Rəsulullaha yalan demişdi.

Hadisəni dinləyən bəzi səhabələr bu xəyanətin cəzalandırılmasını istədilər. Onlardan biri: “Ya Rəsuluallah! İcazə ver Uyeynəni öldürüm.” – dedi. Rəsulullah (s.a.s.) bu cür reaksiyanı başa düşürdü. Ancaq kimlərsə, Hüdeybiyyə müqaviləsindən sonra daha sürətlə yayılmağa başlayan İslam dinini yox etmək, insanları dindən uzaqlaşdırmaq üçün bəhanələr axtarırdı. Buna görə də müsəlmanlar çox diqqətli olmalı, ədalətlə hərəkət etməli və ictimaiyyətin anlayacağı, qəbul edəcəyi şəkildə davranmalı idilər. Rəsulullah da həmin sözü deyən səhabəyə belə cavab verdi: “Əsla! İnsanlar bundan “Muhamməd dostlarını öldürür” deyərək, İslama qarşı istifadə edərlər…” Uyeynəni isə bağışladı.[8]

Heyət və elçiləri qarşılaması

İctimai rəyi formalaşdırmaq üçün Rəsulullahın (s.a.s.) diqqət elədiyi xüsuslardan biri də Mədinəyə gələn heyətlərin qarşılanması, qonaqlaması və yola salınması idi. Rəsulullah (s.a.s.) yanına gələn heyət və elçiləri birbaşa özü qarşılayır, otağında, məscidində və ya yaxınlıqdakı evlərdə qonaq edir, hamısı ilə yaxından maraqlanır və qucaq dolusu hədiyyələrlə yola salırdı. Gələnlər də İslamın mərkəzindəki yaşayışı, tolerantlıq və anlayışı, müsəlmanların birlik və bərabərliyini, məqsədlərini daha yaxşı dərk edir, onlar əleyhində deyilənlərin, atılan iftiraların nə qədər əsassız olduğunu gözləri ilə görürdülər. Rəsulullahın (s.a.s.) məqsədi də elə bu idi. Çünki gələnlərin əksəriyyəti fikirlərini dəqiqləşdirmək, şübhələrini aydınlaşdırmaq üçün gəlirdilər. Təbii ki, ən doğru qərarı verərək geri dönür və qarşılaşdıqları mənzərəni, gördüklərini qəbilələrinə və ya təmsil etdikləri dövlət rəhbərlərinə çatdırırdılar. Beləcə onlar da o vaxta qədər təsirində qaldırları yanlış ictimai fikirlərdən uzaqlaşır, şərtlənmələrdən qurtulur və əksəriyyəti haqq və həqiqəti qəbul edirdi.  

Təbukdə səfərdə olarkən bir elçi Heraklın məktubu ilə Rəsulullahın (s.a.s.) yanına gəlmişdi. Rəsulullah (s.a.s.): “Sən bir xalqın elçisisən və bizim üzərimizdə haqqın var. Ancaq indi bir səfərdəyik.” – deyərək onu Mədinədə qonaq edə bilmədiyi və hədiyyələr vermədiyi üçün narahat olduğunu dedi. Bunu eşidən bəzi səhabələr yanlarında olan ən qiymətli şeyləri elçiyə hədiyyə etsin deyə Rəsulullaha (s.a.s.) verdilər.[9]

Rəsulullah (s.a.s.) bu məsələyə o qədər əhəmiyyət verirdi ki, vəfatı yaxınlaşanda etdiyi vəsiyyətlərdən biri belə idi: “Eynilə mənim elədiyim kimi gələn heyətləri siz qəbul edin və ən gözəl şəkildə qarşılayın. Yola salarkən də onlara hədiyyələr verərək hörmətinizi bildirin.”[10] Çünki elçinin müsəlmanlarla əlaqəli qənaəti həm özünün, həm də dövlətinin müsəlmanlara qarşı mövqeyinə birbaşa təsir edirdi…

Nəticə

Rəsulullah (s.a.s.) bir lider olaraq ta ilk günlərdən idarəçiliklə əlaqəli qərarlarında ictimai rəyi nəzərə almışdır. Kimlərinsə şəxsini, ailəsini, Quranı və səhabələrini təndiq edəcəyini, beləcə insanları İlahi vəhydən uzaqlaşdıracaq yanlış qənaətlər formalaşdıra biləcəyini ilk günlərdən anlamışdı. Nümunələrdə də göründüyü kimi Rəsulullah (s.a.s.) həm müsəlmanların öz aralarındakı münasibətlərinə, həm də düşmənlik edənlərin əməllərinə qarşı mövqeyinə diqqət edirdi. Ədalət və təmkinlə hərəkət edir, İslamın təmizliyinə xələl gətirəcək heç nəyi mübah görmür və buna əsla icazə vermirdi. Buna baxmayaraq yalan və iftiralarla cəmiyyətdə formalaşdırılmağa çalışılan mənfi rəyi də, müsbət davranışları və hikmətli qərarları ilə dəyişirdi. Beləcə elədiyi həmlələr insanlara müsbət təsir bağışlayır və qəlbləri fəth edirdi. Bununla həm də Onun (s.a.s.) yolunu gedən möminlərə İslam əleyhində dünya ictimaiyyətinə mənfi fikirlər təbliğ edənlərə qarşı çox gözəl nümunə olurdu. Onlara belə vəziyyətlərdə necə hərəkət etmək lazım gəldiyini öyrədirdi…  

[1] İbn Hişam, Sirə, 123, 124.
[2] İbn Hişam, Sirə, 176.
[3] Bax: Əbu Davud, Həcc 51; Əhməd ibn Hənbəl, Müsnəd, I, 305, 314, 356; İbn Hişam, Sirə, 529, 530; Beyhəqi, Sünən, V, 72; Dəlail, IV, 315.
[4] İbn Hişam, Sirə, 491.
[5] İbn Hişam, Sirə, 491; İbn Sad, Təbəqat II, 65; Təbəri, Tarix, II, 608; Beyhəqi, Dəlail, IV, 62.
[6] İbn Sad, Təbəqat VI, 123.
[7] Buxari, Ədəb 38, 48, 82.
[8] Beyhəqi, Dəlail, V, 163; Vaqidi, Məğazi, 621.
[9] Əhməd ibn Hənbəl, MüsnədXXIV, 418, 419 (15655); İbn Əsakir, Tarixu Diməşq, II, 40, 41; İbn Kəsir, Bidayə,V, 31.
[10] Buxari, Cihad, 176.



Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?

Təbliğdə tədricilik

Sual: İndiki dövrdə yaşayan müsəlmanlar Rəsulullahın (s.a.s) təbliğ üsulundan nələri nümunə götürə bilərlər?


Şərh yaz