3. 748 dəfə oxunub ,   0 şərh   Çap et

  • Allah Rəsulu (s.a.s) dəyəri böyük, əhəmiyyətli olan günlərə əshabını əvvəlcədən hazırlayar və onların diqqətini həmin günlərə yönəldərdi. Həcc ziyarətindən bir neçə gün əvvəl əshabını məlumat vermiş, Kəbəni ziyarət edəcəklərini bildirmişdi. Allah Rəsulu (s.a.s.) həmçinin Ramazan ayı yaxınlaşanda da ümmətini bu bərəkətli aya hazırlamışdır. Şaban ayının son günündə oxuduğu bir xütbədə ümmətinə Ramazan ayının əhəmmiyyətini, necə dəyərləndirilməsi lazım gəldiyini bildirmişdir. Üstəlik möminlərin diqqətini min aydan daha xeyirli Qədr gecəsinin olduğu bu aya çəkmişdir.

İbn Xüzeymənin “Səhih” əsərində Allah Rəsulunun (s.a.s.) “Salman bizdən, Əhli-beytdəndir” deyərək öz ailə fərdlərindən saydığı Salman Farisidən (r.a.) nəql etdiyi hədis də elə bu haqdadır. Allah Rəsulu (s.a.s) Şaban ayının son günü səhabələri bir yerə yığaraq onlara bir xütbə oxumuş və həmin xütbədə Ramazan ayının fəzilətinə diqqət çəkmişdir:

 عَنْ سَلْمَانَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي آخِرِ يَوْمٍ مِنْ شَعْبَانَ، فَقَالَ: أَيُّهَا النَّاسُ، قَدْ أَظَلَّكُمْ شَهْرٌ عَظِيمٌ، شَهْرٌ مُبَارَكٌ، شَهْرٌ فِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ، جَعَلَ اللهُ صِيَامَهُ فَرِيضَةً، وَقِيَامَ لَيْلِهِ تَطَوُّعًا، مَنْ تَقَرَّبَ فِيهِ بِخَصْلَةٍ مِنَ الْخَيْرِ، كَانَ كَمَنْ أَدَّى فَرِيضَةً فِيمَا سِوَاهُ، وَمَنْ أَدَّى فِيهِ فَرِيضَةً، كَانَ كَمَنْ أَدَّى سَبْعِينَ فَرِيضَةً فِيمَا سِوَاهُ، وَهُوَ شَهْرُ الصَّبْرِ، وَالصَّبْرُ ثَوَابُهُ الْجَنَّةُ، وَشَهْرُ الْمُوَاسَاةِ، وَشَهْرٌ يَزْدَادُ فِيهِ رِزْقُ الْمُؤْمِنِ، مَنْ فَطَّرَ فِيهِ صَائِمًا كَانَ مَغْفِرَةً لِذُنُوبِهِ، وَعِتْقَ رَقَبَتِهِ مِنَ النَّارِ، وَكَانَ لَهُ مِثْلُ أَجْرِهِ مِنْ غَيْرِ أَنْ يَنْتَقِصَ مِنْ أَجْرِهِ شَيْءٌ.

      قَالُوا: لَيْسَ كُلُّنَا نَجِدُ مَا يُفَطِّرُ الصَّائِمَ. فَقَالَ: يُعْطِي اللهُ هَذَا الثَّوَابَ مَنْ فَطَّرَ صَائِمًا عَلَى تَمْرَةٍ، أَوْ شَرْبَةِ مَاءٍ، أَوْ مَذْقَةِ لَبَنٍ، وَهُوَ شَهْرٌ أَوَّلُهُ رَحْمَةٌ، وَأَوْسَطُهُ مَغْفِرَةٌ، وَآخِرُهُ عِتْقٌ مِنَ النَّارِ، مَنْ خَفَّفَ عَنْ مَمْلُوكِهِ غَفَرَ اللهُ لَهُ، وَأَعْتَقَهُ مِنَ النَّارِ.

         وَاسْتَكْثِرُوا فِيهِ مِنْ أَرْبَعِ خِصَالٍ: خَصْلَتَيْنِ تُرْضُونَ بِهِمَا رَبَّكُمْ، وَخَصْلَتَيْنِ لا غِنًى بِكُمْ عَنْهُمَا، فَأَمَّا الْخَصْلَتَانِ اللَّتَانِ تُرْضُونَ بِهِمَا رَبَّكُمْ: فَشَهَادَةُ أَنْ لا إِلَهَ إِلا اللهُ، وَتَسْتَغْفِرُونَهُ، وَأَمَّا اللَّتَانِ لا غِنًى بِكُمْ عَنْهَا : فَتُسْأَلُونَ اللهَ الْجَنَّةَ، وَتَعُوذُونَ بِهِ مِنَ النَّارِ، وَمَنْ أَشْبَعَ فِيهِ صَائِمًا، سَقَاهُ اللهُ مِنْ حَوْضِي شَرْبَةً لا يَظْمَأُ حَتَّى يَدْخُلَ الْجَنَّةَ

“Ey insanlar!

Böyük və mübarək bir ay daha da yaxınlaşır. Artıq kölgəsi üzərinizə düşür. Bu, içində min aydan daha fəzilətli olan Qədr gecəsinin olduğu bir aydır. Bu, Allah Təalanın, gündüzləri oruclu olmağı fərz buyurduğu, gecələri isə nafilə olaraq təravih namazı qılınan mübarək bir aydır.

Bu ayda hər kim kiçik bir yaxşılıq edərsə, başqa günlərdə bir fərzi yerinə yetirmiş kimi savab qazanar. Bir fərzi yerinə yetirən də, başqa aylarda yetmiş fərzi yerinə yetirmiş kimi savab qazanar.

Ramazan hər baxımdan səbir ayıdır. Səbrin mükafatı isə Cənnətdir.

Bu ay, ehsan, yardım və bərabərlik ayıdır.

Bu, möminin ruzisinin artdığı aydır.

Kim (bu ayda) bir orucluya iftar verərsə, bu, onun günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına vəsilə olar. İftar verdiyi müsəlmanın əldə etdiyi savabdan bir şey əksilmədən, iftarı verən də savab qazanar.

İftar verməyin mükafatını eşidən səhabələrdən bəziləri:

–  Aramızda elə insanlar var ki, bir orucluya iftar verəcək qədər imkanı yoxdur – deyincə, Allah Rəsulu:

  • Allah bir orucluya bir xurma və ya bir qurtum su ya da bir qurtum süd ilə iftar verənə də nəsib edər, buyuraraq xütbəsinə belə davam etdi:

Bu, əvvəli rəhmət, ortası məğfirət, sonu da Cəhənnəmdən qurtuluş olan bir aydır.

Bu ayda işçisinə və ya xidmətçisinə mülayim, mehriban davranaraq onların işini asanlaşdıranları Allah bağışlayar və Cəhənnəmdən uzaq tutar.

Bu ayda, ikisi ilə Rəbbinizi razı edəcəyiniz, digər ikisindən isə uzaq dura bilməyəcəyiniz dörd şeyi çox edin. Rəbbinizi sevindirəcək iki şey: çoxlu kəlməyi tövhid gətirərək “lə iləhə illəllah” demək və Allahdan bağışlanma diləyib istiğfar etməkdir. Uzaq dura bilməyəcəyiniz digər iki şeyə gəlincə, onlar da Allahdan cənnəti istəyib cəhənnəmdən Allaha sığınmaqdır.

Kim Ramazanda bir oruclunu doyurarsa, Allah ona mənim hovuzumdan doyana qədər içirəcək, o da cənnətə girinənə qədər bir daha susuzluq nədir bilməyəcək.[1]

Bu hədisə əsasən Ramazan ayından necə faydalanmaq olar? 

Salman Farisinin (r.a) nəql etdiyi hədisə əsasən Ramazan ayından daha yaxşı faydalanmaq üçün bu əməlləri etmək olar:

  1. Ramazan ayı min aydan xeyirli olan Qədr gecəsi ehtimalı olan günləri gözləmək və əhya etmək möminlərin əsas hədəfi olmalıdır.
  2. Ramazanın gündüzlərində oruc tutmamaq üçün bəhanələr axtarmamaq lazımdır. Həqiqətən oruc tutmalarına mane olan şəxslər bundan istisnadır.
  3. Ramazan gecələrini əhya etmək üçün təravih namazları qılınmalı, mümkün qədər Quran qiraəti uzun oxunmalıdır.
  4. Kiçik-böyük demədən xeyir əməllər etməyə çalışılmalı, comərdlikdə Allah Rəsulu (s.a.s) örnək alınmalıdır.
  5. Fərz namazlar haqqı ilə əda edilməlidir.
  6. İbadətlərə davam etməkdə səbir edilməli, kiçik günahlara qarşı belə həssasiyyət göstərilməli, başa gələn müsibətləri səbirlə, təmkinlə qarşılamalı, qısacası, qarşılaşılan bütün çətinliklər səbirlə aşılmalıdır.
  7. Hər hansı bir şəxslə və ya şəxslərlə konflikt yarandıqda səbirli olmalı, problem düzgün ünsiyyətlə, mübahisəsiz danışaraq həll edilməlidir.
  8. Kasıb və xüsusi qayğıya ehtiyacı olan insanlara yardım əli uzadılmalı, insanların “insanlıq ölüb” deməyinə fürsət verməməlidir.
  9. Oruc tutanların iftar sevincinə ortaq olmalı, gücü çatdığı qədərilə iftar verilməlidir. İftar süfrələrində israf edilmədən, hər kəsə örnək olmaq və iftar verməyə təşviq etmək düşüncəsilə hərəkət edilməlidir.
  10. Rəhbərlər oruc tutan işçilərinə bəzi məsələlərdə güzəştə getməli, imkan nisbətində fərq qoymadan hamıya Ramazan hörmətinə xoşrəftar olmalıdır.
  11. Möminlər bu ayda Allahı daha çox xatırlayıb zikr etməli və günahlara qarşı digər günlərdən daha çox tövbə-istiğfar etməlidirlər.
  12. Mömin ən çox istədiyi “cənnəti qazanmaq” və “cəhənnəmdən qorunmaq” xüsusunda həm feili, həm də qövlü dualar ilə İlahi dərgaha üz tutulmalıdır.
[1] İbn Xüzeymə, Səhih, III, s. 191-192.

 




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.


Şərh yaz