1. 867 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin ana-atası Fətrət dövründə yaşamışdır. Fətrət dövrü iki peyğəmbər  arasında keçən dövr deməkdir. Bu terminlə daha çox Allah Rəsulu ilə Hz. İsa (əleyhissalam) arasında keçən zaman nəzərdə tutulur. O dövr ki, Hz. İsaya(a.s.) gələn dinin əsasları unudulmuş, ondan yayılan nurlar Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) qədər gəlib çatmamış, insanlar zülmət qaranlıqla­ra qərq olmuşdu. O dövr ki Hz. Məsihlə Peyğəmbərimizin (əla nəbiyyina və əleyhissalam) nuru bir birinə qovuşmamış və arada qaranlıq bir boşluq yaranmışdı. Bu boşluq Fətrət dövrü, bu zaman kəsiyində yaşayan insanlar da Fətrət dövrü insanlarıdır.

Bu dövrün insanları nə Hz. İsa (a.s.)  gətirdiyi dinin əslini tam qavramış, nə onun nurundan və hikmətindən istifadə edə bilmiş, nə də vəhyin şəfəqləri altında irəliləyərək Peyğəmbərimizə (sallallahu əleyhi vəsəlləm) çata bilmişdilər. Alimlərin yekdil rəyinə görə, bu insanlar bir bütə sitayiş etməmiş, bir bütü ilahlaşdırmamışlarsa, Allahı layiqincə tanımamış olsalar belə, əfv ediləcəklər. Ehtimal ki, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) valideynləri və babası bu inanca görə bağışlanacaq, çünki onlar da Fətrət dövrünün insanlarıdır. Peyğəmbərimiz hədislərinin birində ana-atasının yenidən dirildilərək ona iman gətirdiyini bildirmişdir. Bu hədis hədis üsulu baxımından zəif olsa da, İmam Suyuti kimi Allah Rə­sulu ilə təxminən iyirmi dəfə yəqzan halında[1] görüşən böyük bir mücəddid[2] bu hədisi qəbul edərək Allah Rəsulunun ata və anasının qurtulduğunu deyir. Belə ki, Allah Rəsulu ana-atasının qəbrinə gəlib dua etmiş və onların da ümmətindən olmasını Allah-Təaladan diləmişdir.  Məhz bu dua da Allah (c.c.) tərəfindən qəbul edilmiş və  həm anası, həm də atası iman edərək Məhəmməd ümmətinə daxil olmuşdur.

Digər tərəfdən istər Əminə anamızın, istərsə də Peyğəmərimizin möhtərəm atası Abdullahın bütə sitayiş etməsinə dair heç bir dəlil yoxdur. Belə ki, mənbələr o dövrdə muvahhidlərin[3] olduğunu, onların qətiyyən bütlərə sitayiş etmədiyini və Hz. İbrahimin dininə inandığını xəbər verir. Üstəlik bunlar Fətrət əhlidir. Fətrət dövrünün insanları bağışlanacaqsa, Peyğəmbərimizin (əleyhi əkməlüt-təhaya) anası və atası niyə bundan məhrum edilsin?!

Heç nəyi hədər etməyən, insan bədənində olan maddi atom və elektronları belə yox etməyən, qiyamət günü insanı yenidən dirildib əbədi axirətə göndərən və əbəs işdən uzaq olan Allah-Təala Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dünyaya gəlməsinə vəsilə olan ana-atasını Cəhənnəmə atarmı?

O dövrdə yaşayan Hz. Ömərin əmisi Zeyd ibn Amr, Varaqa ibn Nəvfəl kimi insanların əməlləri də qarşılıqsız qalmayacaq. Onlar bir olan Allahı vicdanlarında hiss etmiş və inanmışdılar. Bəlkə, inandıqları Allahın adını bilmir,  “Allah” deyə bilmirdilər. Lakin mahiyyət etibarilə bir Allahın varlığına inanır və Ona dua edirdilər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) zühuruna yaxın ab-hava olduqca yumşalmışdı və bu uca ruhlar hiss, duyğu, xafi və əxvaları[4] ilə bu gələn İlahi yağmuru qabaqcadan sezirdilər, sanki. Sezir və insanlara müjdə verirdilər. Ümid etmək olar ki, geniş şəfaət halqası olan Allah Rəsulu Onun dünyada zühurunu səmimi qəlbdən və ürəkdən müjdələyən bu insanları da hesab günü unutmayacaq, axirətdə əllərindən tutub öz nurlu və xoşbəxt dünyasına aparacaq və səadətə çatmalarına vəsilə olacaqdır. İnanırıq ki, bu məlum zatlar kimi fətrət qaranlıqlarında hənif olanlar və eyni dövrün digər insanları – açıq-aşkar bir bütə sitayiş etməyiblərsə  –  nicat tapacaqlar.

Hər şeyin düzgününü Allah bilir.

[1] Yuxu ilə oyanıqlıq arası

 [2] Hər yüz ilin başında dini həqiqətləri dövrün ehtiyacına uyğun izah etmək üçün göndərilən böyük alim və Allah Rəsulunun varisi olan şəxs. Bu haqda da səhih hədislər var

 [3] Allahın bir olmasına inananlar

 [4] Mənəvi duyğuları

 




Şərh yaz