Mənəviyyata Açılan Pəncərə

Rəsulullahın su içmə ədəbi

Hədis mətnləri və “Təbəqat”[1] kitablarına baxanda Allah Rəsulunun (s.ə.s) dövründə təxminən 15 növ içəcək olduğunu görürük. Allah Rəsulunun (s.ə.s) ən çox içdiyi məşrubat (içəcək) növləri bunlardır; bal şərbəti, xurma şirəsi, quru üzüm şirəsi və süd.

Ənəs ibn Malik (r.a) Peyğəmbərimizdən qalan bir su bardağını qoruyub saxlamış və insanlara göstərərək: “Mən Allah Rəsuluna bal şərbətini, xurma və üzüm şirəsini, suyu və südü həmişə bu bardaqda gətirərdim[2], − deyərək Rəsuli-Əkrəmin (s.ə.s) ən çox içdiyi məşrubatı sadalamışdır.

Ənəs ibn Malik anasında da belə bir bardaq olduğunu danışır: “(Anam) Ümmü Süleymin ağacdan oyulub düzəldilmiş bir bardağı var idi. Anam deyirdi ki, Allah Rəsuluna (s.ə.s) hər çeşid məşrubatı – suyu, bal şərbətini, süd və şərbəti həmin bardaqda verib[3].

Həzrət Aişə də Peyğəmbərimizin içdiyi məşrubat haqqında belə deyir: “Biz Allah Rəsulu üçün bir qabda şirə hazırlayardıq. Bir ovuc xurma və ya quru üzümün üzərinə bir qədər su tökərdik. Səhər hazırladığımız şirəni axşam, axşamkını da səhər içərdi[4].

Süd

Allah Rəsulunun ən çox sevdiyi məşrubatdan biri də süddür. Allah Rəsulu (s.ə.s) meracda ona təqdim edilən üç içəcək arasından südü seçmişdir. O (s.ə.s) isti havalarda südə soyuq su qatıb içərdi[5].

Allah Rəsulunun (s.ə.s) süddən xoşu gəlirdi. Hətta bir dəfə südün həm qidalandırıcı, həm də susuzluğu yatıran məşrubat olduğunu demişdir. Abdullah ibn Abbasdan (r.a) rəvayət edildiyinə görə, bir gün Allah Rəsuluna (s.ə.s) kələrdən[6] hazırlanmış yemək gətirilir. Xoşlamadığı üçün yemir. Ona görə də süd gətirirlər. Allah Rəsulu (s.ə.s) südü içir və belə buyurur: “Yemək yeyərkən “Allahım! Bunu bizə bərəkətli et və bizə bundan daha xeyirlisini yedir” deyə dua edin. Süd içərkən “Allahım! Bunu bizə bərəkətli et və bizə daha çoxunu ver” deyə dua edin. Çünki süddən başqa (həm aclığı, həm də susuzluğu keçirən) yemək və içəcək yoxdur, − buyurur”[7].

Su

Allah Rəsulu (s.ə.s) içdiyi suyun keyfiyyətinə diqqət edərdi. Hədisi-şəriflərə nəzər salanda görürük ki, məcbur qalmadıqca hər suyu içməz, Mədinə ətrafından şirin su gətizdirərdi. Həzrət Aişə (r. anha) nəql edir: “Allah Rəsuluna Mədinədən iki günlük məsafədə yerləşən “Büyutus-suqya” adlı bulaqdan şirin su gətirilirdi[8]. Mədinə ətrafında yeddi belə bulaq olduğunu, gənc səhabələr növbə ilə həmin bulaqlardan su gətirdiyini rəvayətlərdə görürük[9].  

Cabir ibn Abdullah nəql edir: “Ənsardan bir nəfər (Əbül-Heysəm) bostanını sulayırdı. Allah Rəsulu Əbu Bəkirlə birlikdə onun bostanına girdi. Allah Rəsulu ona: “Yanındakı su qabında gecədən qalmış (soyumuş) su varsa ver, yoxdursa, elə bu sudan içərik”, − buyurdu.

Əbül Heysəm:

– Köhnə bir tuluqda gecədən qalmış su var, − deyib talvara sarı getdi. O, tuluqdan bardağa bir az su süzüb üstünə qoyun südü əlavə etdi. Allah Rəsulu suyu içdi. Sonra Əbu Bəkir üçün də su süzüb üstünə süd əlavə elədi[10].

Rəsulullahın (s.ə.s) soyuq məşrubatdan xoşlandığını Həzrət Aişə anamız belə nəql edir: “Allah Rəsulu (s.ə.s) ən çox soyuq və şirin şərbətləri xoşlayardı”[11].

Yeməklər kimi, içəcəklərin də içilmə ədəbi var. Bu ədəb qaydalarını belə sadalaya bilərik:

İçməzdən əvvəl “bismillah” demək

Su və digər məşrubatı içməzdən əvvəl “bismillah” deyilməli və içəndən sonra Allaha həmd edilməlidir. Allah Rəsulu (s.ə.s) suyu və digər məşrubatı üç nəfəsə içər və bu barədə belə buyurardı:

– Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə “bismillah”, içəndən sonra isə “əlhəmdulillah” deyin[12].

Sağ əllə içmək

Abdullah ibn Ömərdən (r.a) gələn bir rəvayətdə Allah Rəsulu belə buyurmuşdur: “Sağ əlinizlə yeyib-için, çünki şeytan sol əli ilə yeyib-içər”[13].

Camaata içəcək paylayan özü ən axırda içməlidir

İnsanlara su və digər məşrubat paylayan şəxs həmin içəcəkdən axırıncı içməlidir. Bunu Rəsuli-Əkrəmin (s.ə.s) hədislərindən öyrənirik. Əbu Qatadənin (r.a) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Camaata su paylayan özü ən axırıncı içsin”[14].

Müsəlmanlar bir dəfə səfərdən qayıdırdılar. Çox yorulmuşdular, üstəlik suları da qurtarmışdı. Bunu görən Allah Rəsulu (s.ə.s) qumqumasını istəyir. Qumqumanın içində bir az su var idi. Sonra Əbu Qatadə (r.a) (Haris ibn Malik) bir bardaq gətirir. Peyğəmbərimiz (s.ə.s) bardağa su süzür. Orada olan səhabələr sudan doyunca içirlər. Rəsulullah bardağı bir də doldurur və Əbu Qatadəyə uzadıb: “Sən də iç” buyurur. Həzrət Qatadə: “Ey Allahın Rəsulu, siz içmədən içə bilmərəm”, – deyir. Rəsulullah da: “Camaata su paylayan özü axırda içməlidir” – buyurur.

İçəcəkləri üfürməmək

Su və digər içəcəkləri içərkən qabın içinə üfürmək doğru deyildir. Əbu Səid əl-Xudridən (r.a) rəvayət edildiyinə görə, “Allah Rəsulu (s.ə.s) məşrubatın içinə üfürməyi xoş qarşılamamışdır. Bunu eşidən bir nəfər:

– Suyun içinə çör-çöp düşsə, nə edim? − dedi.

– Qaba düşən şeyi yerə tök, − buyurdu.

Bu dəfə:

– Bir nəfəsə içəndə sudan doymuram, (nə tövsiyə edərdiniz) − dedi.

Peyğəmbərimiz :

– Onda su qabını ağzından çək, nəfəs al, − buyurdu”[15].

Peyğəmbərimiz (s.ə.s) qabın içinə üfürməyi və nəfəs verməyi xoş qarşılamamışdır. Adətən qaynar içəcəkləri ağzımızı yandırmasın deyə üfürürük. Allah Rəsulu (s.ə.s) “Qabın içinə çör-çöp düşsə, onda nə edək?” sualına “Çör-çöp olan hissəni yerə tök” cavabını vermişdir. Bu gün belə hallarda qaşıq və digər əşyalardan istifadə etmək olar. Qaba üfürməklə suyu soyutmaq və ya çör-çöpü uzaqlaşdırıb suyu içməyə çalışmaq kifayət eləmir. Çirklənmiş hissə atılmalıdır. Elə üfürməyin xoş qarşılanmamasının səbəblərindən biri də budur. Xəstə qaba üfürəndə mikroblar içəcəyə qarışır. Nəticədə, eyni qabdan istifadə edənlər xəstəliyə yoluxurlar. Burada xəstəliyə qarşı qabaqlayıcı tədbirlərə də diqqət edildiyini görürük.

Suyu üfürmədən içməyin ən yaxşı yolu üç nəfəsə içməkdir. Üç nəfəsə içəndə adam suyun içinə nəfəs verməyə məcbur qalmır. Çünki nəfəs tükənənədək su qurtarmış olur.

Həmin adam suyu bir nəfəsə içəndə doymadığını demişdi. Peyğəmbərimiz (s.ə.s) də ona qabı ağzından uzaqlaşdırmağı tövsiyə etmişdi. Diqqət yetirsək, Allah Rəsulu suyu bir nəfəsə içməyi yasaqlamır. Ona görə də suyu bir nəfəsə içmək günah deyil. Ancaq ən gözəl üsul üç nəfəsə içməkdir. Bu həm də insana sünnət savabı qazandırır. Su bir nəfəsə içilsə belə, mümkün qədər qabın içinə nəfəs verilməməlidir. Bununla yanaşı, idmanla məşğul olan, futbol oynayan insanın tərli-tərli bir nəfəsə su içməsi də sağlamlığa çox zərərlidir.

Üç qurtuma və aramla içmək

Peyğəmbərimizin (s.ə.s) əməl və tövsiyə etdiyi əhəmiyyətli mövzulardan biri də məşrubatın içilmə ədəbidir.

Həzrət Ənəs (r.a) Allah Rəsulunun (s.ə.s) məşrubatı üç nəfəsə içdiyini nəql edir[16].  

Abdullah ibn Abbas Allah Rəsulunun belə buyurduğunu nəql edir: “Suyu dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç qurtuma için. Su içməyə bismillahla başlayıb əlhəmdulillahla qurtarın[17].

Allah Rəsulu suyu aram-aram, udum-udum içərdi. Bəzən üç, bəzən də iki qurtuma içərdi. Bu suyun azlığından və çoxluğundan asılı olaraq dəyişirdi.

Ənəs ibn Malikdən (r.a) rəvayət edilən bir hədisi-şərifdə Allah Rəsulu belə buyurmuşdur: “Aram-aram, fasilə ilə su içmək həm həzmi asanlaşdırır, həm susuzluğu yatırır, həm də sağlamlığa faydalıdır”[18].

Peyğəmbərimiz (s.ə.s) suyun üç nəfəsə içilməsinin 3 faydasına toxunmuşdur:

1. Həzm prosesini asanlaşdırır

2. Susuzluq yanğısını yatırır.

3. Sağlamlıq və mədə üçün daha faydalıdır.

Rəsulullahın zamanında su qabları indiki kimi çox deyildi. Buna görə də adamlar eyni qablardan istifadə edirdilər. Qablarda sudan başqa süd və meyvə şirələri də içilərdi. Bəzən adam çox olanda bardağı növbə ilə bir-birlərinə ötürərdilər. Bəzən eyni bardaqdan 30-40 və ya daha çox insan su və ya başqa içəcəklər içərdi. Bəzən də məşrubat az olanda bir qaba tökülür və hər kəs ondan bir qurtum içirdi. Belə hallarda qabın içinə nəfəs vermək sağlamlığa zərərli olardı. Camaat arasında xəstə insanlar ola bilər. Buna görə də suyun içinə üfürmək xoş qarşılanmamışdır.

Nəfəsi qabın içinə verməmək

Allah Rəsulu (s.ə.s) su içilən qaba nəfəs verməyi xoş qarşılamamışdır. Əbu Qatadə (r.a): “Peyğəmbərimiz qabın içinə doğru nəfəs alıb verməyi qadağan etdi,” – deyərək bu yasaqdan söz açmışdır[19].

İnsan çox susayıbsa və böyük bir qabın suyunu bir dəfəyə içmək istəyirsə, nə etməlidir? Təbii ki, suyun hamısını bir dəfəyə içib qurtara bilməyəcək. Məcbur qalıb qabın nəfəsini içinə verəcək. Peyğəmbərimiz (s.ə.s) bu cür içməyi doğru saymamışdır. Nəfəsi qabın içinə verməmək üçün suyu və digər içəcəkləri üç qurtuma içmək lazımdır. Bir az içib ağzımızı qabdan çəkməli, nəfəs alıb yenidən içməliyik. Arada fasilə olduğu üçün nəfəsimiz tıxanmaz və qabın içinə getməz.

Camaata bir şey paylayanda böyükdən başlayıb onun sağından davam etmək

Bir məclisdə su, süd, limonad, şərbət və d. içəcəklər paylayan şəxs öz sağından başlamalıdır. Peyğəmbərimiz (s.ə.s) ona verilən məşrubatı içəndən sonra bardağı sağ tərəfində oturana ötürər və ötürülmə sağa doğru bu qaydada davam edərdi.

Ənəs ibn Malik (r.a) rəvayət edir: “Allah Rəsuluna su qatılmış süd gətirildi. Onun sağında bir bədəvi, solunda isə Həzrət Əbu Bəkir oturmuşdu. Südü içəndən sonra bardağı bədəviyə verdi və: “Hər kəs sağındakına versin,” – buyurdu[20].

Bu hədisin başqa bir rəvayətində həmin məclisdə Həzrət Ömərin olduğu da bildirilir. Həzrət Ömər (r.a) Peyğəmbərimizin (s.ə.s) düz qarşısında oturmuşdu. Allah Rəsulu Ona gətirilən südü içməyə başlayır. Süd bardağını ağzından çəkəndə Həzrət Ömər Peyğəmbərimizə (s.ə.s) üzünü tutub: “Qabı Əbu Bəkrə verə bilərsiniz?!” − deyir. Həzrət Ömər düşünürdü ki, Allah Rəsulu (s.ə.s) südü bədəviyə versə, Həzrət Əbu Bəkir inciyə bilər.

Peyğəmbərimiz (s.ə.s) İslama uyğun olmayan söz və təklifləri qəbul etməzdi. Məşrubatla bağlı İslamın qaydası qabı sağdakı adama ötürməkdir. Buna görə də Allah Rəsulu Həzrət Ömərin (r.a) təklifini qəbul etmir. Sonra isə: “Əvvəl sağındakına, sonra onun sağındakına” buyurur.

Səhl ibn Sad (r.a) nəql edir: “Allah Rəsuluna bir içəcək gətirdilər. O da içdi. Onun sağında bir uşaq, solunda isə yaşlı adamlar oturmuşdu. Allah Rəsulu üzünü uşağa tutub:

− Bunu böyüklərə verə bilərəm? – deyə soruşdu.

− Xeyr, vallah olmaz, Ey Allahın Rəsulu, Səndən gələn xeyri heç kimlə bölüşə bilmərəm, − dedi.

Allah Rəsulu (s.ə.s) da qabı ona verdi”[21]. Bu uşaq yad deyil, əmisi Abbasın oğlu Abdullah (r.a) idi. Abdullah ibn Abbas həmin vaxt on yaşlarında olardı.

Allah Rəsulu (s.ə.s) Abdullahdan (r.a) soruşmadan da bardağı solundakılara verə bilərdi. Uşaq olsa da, qəlbini qırmaq istəmirdi. Yəni “Növbə sənindir, amma istəsən, növbəni böyüklərə verə bilərsən” demək istəyirdi. Beləliklə, bir uşağı belə rəncidə etmir, insana verilən dəyəri göstərirdi. Həm də növbəsi gələn uşağa təklif etdiyinə görə, qaydanı pozmamış olurdu. Əgər Abdullah (r.a): “Buyurun, yaşlılara verin,” – desəydi, qayda yenə də pozulmamış olacaqdı.

Peyğəmbərimiz (s.ə.s) bu hərəkəti ilə məclis əhlinə və ümumən müsəlmanlara iki şeyi öyrədir: 1. Uşaq da olsa, insana dəyər verməyi, 2. Yaşından asılı olmayaraq, kiminsə xatirinə qaydaları pozmamağı.

Həzrət Abdullah ibn Abbasın Peyğəmbərimizin (s.ə.s) təklifini qəbul etməməsi itaətsizlik kimi anlaşılmamalıdır. O, Peyğəmbərimizin (s.ə.s) içdiyi bardaqdan içmək, dodaqlarını Onun mübarək dodağının dəydiyi yerə toxundurmaq və bununla savab qazanmaq arzusu ilə növbəsini verməyə razı olmamışdı.

Qızıl və gümüş qablardan su içməmək

Qızıl və gümüş qablarda su içmək olmaz. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu cür qablardan su içməyi xoş qarşılamamışdır. Həzrət Hüzeyfə (r.a) nəql edir: “Allah Rəsulu müsəlmanlara xalis ipək və atlas parçadan tikilmiş paltarları geyinməyi, qızıl və gümüş qablarda su içməyi qadağan etdi və belə buyurdu: “Bunlar dünyada kafirlərin, axirətdə isə sizin olacaq”[22].

Ümmü Sələmə (r.a) isə Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Gümüş və qızıl qablarda su içən qarnına Cəhənnəm atəşi doldurmuş olur”[23].

Ağzı sınıq qab və tuluqlardan su içməmək

Allah Rəsulu (s.ə.s) ağzı sınıq qablardan su içməyi qadağan etmişdir[24].

Hədis alimləri bu qadağanın haram deyil, tənzihən məkruh olduğunu deyirlər. Səbəb isə sınıq kuzə və ibriq kimi qablardan zəhərli və zərərli maddələrin bədənə daxil olma ehtimalıdır. Müasir tibb də təsdiqləyir ki, belə qabların sınıq yerlərinə mikrob yığışır və yumaqla təmizlənmir. Üstəlik çatlaq stəkanlarda çay və su kimi isti-soyuq içəcəkləri içmək təhlükəlidir. Çatlaq stəkanın sınması ilə qaynar çay dağılıb əl-ayağımızı yandıra, sınıq yer dilimizi, dodağımızı yaralaya bilər. Ona görə də sınıq və ya çatlaq qablardan istifadə etməmək daha məqsədəuyğundur.

Ayaq üstə su içməmək

Məşrubatlar mümkün qədər ayaq üstə içilməməlidir.

Ənəs ibn Malik (r.a) Allah Rəsulunun (s.ə.s) ayaq üstə su içməyi xoş qarşılmadığını nəql edir. Hədisi Ənəs ibn Malikdən eşidib nəql edən Həzrət Qatadə deyir: Biz Ənəsdən “Bəs ayaq üstə yemək yemək necə?” deyə soruşduq. O da: “Ayaq üstə yemək daha pisdir”, − cavabını verdi[25].

Əbu Hüreyrənin (r.a) rəvayətinə görə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Heç kim ayaq üstə su içməsin. Əgər unudub içərsə, geri qaytarsın!”[26]

Ayaq üstə su içmək sağlamlığa da zərərlidir. Buna görə də həkimlər də su və digər içəcəkləri oturub içməyi tövsiyə edirlər. Bir məqalədə də oturub su içmək tövsiyə edilir: “Oturaraq içilən maye mədədə toplanır. Orada mayeyə qarışan turşular onu mikrobdan təmizləyir və sonra onikibarmaq bağırsağa ötürür. Oturaraq su içmək insanı bağırsaq infeksiyası da daxil olmaqla, bir çox xəstəliklərdən qoruyur. Mayeləri ayaq üstə içənlərdə isə bu cür xəstəliklərə daha çox rast gəlinir”[27].

Allah Rəsulunun su içmə tərzi

Bir üzrlü səbəb yoxdursa, su oturulub içilməlidir. Allah Rəsulu: “Heç kim ayaq üstə su içməsin. Əgər unudub içərsə, geri qaytarsın”, − buyurur.

Hədis kitablarında Allah Rəsulunun (s.ə.s) oturaraq su içməsindən daha çox ayaq üstə su içməsi barədə rəvayətlər var. Ancaq bu rəvayətlərə baxıb “Ayaq üstə su içmək sünnədir” qənaətinə gəlmək yanlışdır. Çünki bu barədə rəvayətlərin hamısı Allah Rəsulunun istisna hallarda ayaq üstə su içməsindən xəbər verir. Ona görə də istisnalara əsaslanıb ümumi hökm vermək olmaz. Rəsulullah (s.ə.s) həmişə oturub su içdiyinə və bu hal gün ərzində bir neçə dəfə təkrar olunduğuna görə oturub su içməsi haqqında rəvayətlər azdır. Allah Rəsulunun (s.ə.s) bu cür gündəlik həyatla bağlı davranışlarını adətən Onu ilk dəfə görən adamlar nəql etmişlər. Ancaq daima Onun yanında olan səhabələr fərqli və istisna davranışları rəvayət ediblər. Buna görə də ayaq üstə su içməsi haqqındakı rəvayətlər üstünlük təşkil edir. Xülasə: Allah Rəsulu (sallallahu aleyhi və səlləm) həmişə oturub su içərdi. Bəzi hallarda isə üzrlü bir səbəbdən ayaq üstə su içmişdir. Unutmayaq ki, Onun ayaq üstə su içməsi istisna haldır. İndi isə Allah Rəsulunun (s.ə.s) hansı hallarda ayaq üstə su içdiyinə nəzər salaq.

Allah Rəsulu hansı hallarda ayaq üstə su içmişdir?

Allah Rəsulu  (s.ə.s), əsasən, oturub içməyə bir maneə olanda ayaq üstə içmişdir. Hədislərdə aşağıdakı hallarda ayaq üstə su içdiyini görürük.

Dəstəmaz suyundan içməsi

Dəstəmazı adətən ayaq üstə və ya çömbəlib alırlar. Peyğəmbərimizin (s.ə.s) dövründə dəstəmaz alarkən ibriq, kuzə və s. kimi qablardan istifadə edilirdi. Bir nəfərin kuzədən su tökməsi ilə də dəstəmaz almaq olar. “Dəstəmaz alarkən kiminsə mənə kömək etməsini xoşlamıram,” – deyən[28]Allah Rəsulu (s.ə.s) adətən ayaq üstə dəstəmaz alardı. Ona görə də dəstəmaz suyundan da ayaq üstə içmişdir.

Divardan asılmış su qabından içməsi

Allah Rəsulunun (s.ə.s) divardan asılmış su qablarından ayaq üstə su içdiyinə dair iki rəvayət vardır. İki kasıb ailədə baş vermiş bu hadisədə, ehtimal ki, su içmək üçün başqa bir qab olmamışdır.

Ənəs ibn Malik (radiyallahu anh) nəql edir:

“Peyğəmbərimiz anam Ümmü Süleymi ziyarət etməyə gəlmişdi. Evin divarından su tuluğu asılmışdı. Allah Rəsulu ayaq üstə tuluqdan su içdi. Anam Ümmü Süleym də bərəkət vəsiləsi olsun deyə qalxıb tuluğun ağzını kəsdi[29].

Digər bir rəvayəti Həzrət Kəbşə (radiyallahu anha) nəql edir:

“Bir gün Allah Rəsulu bizə gəlmişdi. Divardan asılmış su tuluğundan ayaq üstə su içdi. Allah Rəsulu (s.ə.s) suyu içib oturandan sonra mübarək ağzının dəydiyi yeri kəsib xatirə kimi saxladım[30]. Kəbşə ənsar qadınlarından olub məşhur şair Həssən ibn Sabitin (radiyallahu anh) bacısı idi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bəzən ona baş çəkərdi[31].

Zəmzəm suyundan içməsi

Zəmzəm suyu Kəbənin yanında yerləşən bir quyudan çıxır. İndi üstü qapalı olan Zəmzəm quyusunun ağzı o dövrdə açıq idi. Quyunun ətrafı həmişə adamlarla dolu olduğu üçün oturmağa əlverişli yer deyildi. Buna görə də Allah Rəsulu (s.ə.s) Zəmzəm suyunu ayaq üstə içərdi.

Abdullah ibn Abbas (r.a) nəql edir: “Peyğəmbərimizə zəmzəm suyu verdim. Ayaq üstə içdi”[32].

Səfərdə su quyularından su içərkən diqqət etdiyi məsələlər

Allah Rəsulu (s.ə.s) səhabələrə təkcə evlərdə və ya bağçalarda deyil, çöldə, dağda, obada, yaylaqda da sudan necə istifadə etməyi öyrətmişdir. Həmçinin, dərələrdən, quyulardan, kəhrizlərdən su içmə qaydasına dair tövsiyələr vermişdir.

Abdullah ibn Ömər (r.a) rəvayət edir: “Peyğəmbərimizlə (s.ə.s) birlikdə səfərdə olanda bir su quyusuna rast gəldik. Əyilib suyu ağzımızla içməyə başladıq. Bunu görən Allah Rəsulu: “Bu cür əyilib ağzınızla su içməyin. Əllərinizi tərtəmiz yuyub ovuclarınızla için. Çünki əldən daha gözəl bir qab yoxdur”, − deyə xəbərdarlıq etdi[33].

Suyu bir ovucla içməyi də xoş qarşılamamışdır. Yenə Abdullah ibn Ömər nəql edir:

“Heç kəs suyu itin dilinin ucu ilə içdiyi kimi, (qabsız və ovuca almadan) dodaqları ilə içməsin. Allahın qəzəbinə düçar olmuş qövm kimi, bir əlin ovucu ilə də içməsin. Gecələr içinə baxıb yoxlamadan ağzı açıq qabdan su içməsin[34].

Əsasən isti ölkələrdə yaşayan insanların səfərdə suya daha çox ehtiyacları olur. Yol boyu qarşılarına çıxan quyu, kəhriz kimi su mənbələrindən istifadə edirlər. İlan, əqrəb və başqa zəhərli heyvanlar isti havalarda sərin yerlərə çəkilirlər. Buna görə də Allah Rəsulu (s.ə.s) uzanıb ağızı dayayaraq deyil, suyu ovucla götürüb içməyi tövsiyə etmişdir.

Həmçinin, Allah Rəsulu içi görünməyən qabları yoxlamadan su içməyi də doğru saymamışdır. Çünki ilan, əqrəb və d. heyvanlar su kuzəsi kimi qabların da içinə girə bilər.

Abdullah ibn Abbas (r.a) bir nəfərin başına gələn bir hadisəni nəql edir: “Allah Rəsulu tuluqların ağzını kənara qatlayıb və ya kuzəni başımıza qaldırıb su içməyi qadağan etmişdi. Bu yasaqdan sonra bir nəfər gecə qalxır, su tuluğunun ağzını kənara qatlayıb su içir. Elə bu vaxt tuluğun içindən bir ilan çıxır[35].

Bu mövzunu xülasə etsək: Müsəlman məşrubatı “bismillah” deyib sağ əllə içilməlidir. İnsanlara içəcək paylayanda isə özü axırda içməlidir. Məşrubatı içərkən qabın içərisinə üfürməməli, ayaq üstə su içməməlidir. Suyu üç nəfəsə içməli, qabın içinə nəfəsini verməməli, su paylayarkən sağdan başlamalı, qızıl və gümüş qablardan, ağzı sınmış qab və bardaqlardan istifadə etməməlidir.

[1]. Təbəqat – eyni əsrdə yaşamış, eyni elm sahəsi ilə məşğul olan, eyni məzhəb və təriqətin üzvü olan böyük şəxsiyyətlərin bioqrafiyası

[2]. Müslim, “Əşribə”, 9; Tirmizi, “Şəmail”, s. 163

[3]. Nəsayi, “Əşribə”, 58

[4]. Əbu Davud, “Əşribə”, 10; İbn Macə, “Əşribə”, 12

[5]. İbn Macə, “Əşribə”, 25

[6]. Kərtənkələ.

[7]. Əbu Davud, “Əşribə”, 21

[8]. Əbu Davud, “Əşribə”, 22

[9]. İbn Sad, “Təbəqat”, 1/503-506

[10]. İbn Macə, “Əşribə”, 25

[11]. Tirmizi , “Şəmail”, s. 169

[12] Tirmizi, “Əşribə”, 13

[13]. Müslim, “Əşribə”, 105

[14]. Tirmizi, “Əşribə” 20. Həmçinin baxın.: Müslim, “Məsacid” 311; Əbu Davud, “Əşribə” 19; İbn Macə, “Əşribə” 26

[15]. Tirmizi, “Əşribə” 15

[16]. Buxari, “Əşribə” 26; Müslim, “Əşribə” 123. Həmçinin baxın.: Əbu Davud, “Əşribə” 19; Tirmizi, “Əşribə”, 13; İbn Macə, “Əşribə” 18

[17]. Tirmizi, “Əşribə”, 13

[18]. Əbu Davud, “Əşribə”, 19; Tirmizi, “Əşribə”, 13

[19]. Buxari, “Vudu” 19; Müslim, “Təharət” 65, “Əşribə” 121. Həmçinin baxın.: Əbu Davud, “Əşribə” 20; Tirmizi, “Əşribə” 15, 16; Nəsayi, “Təharət” 42

[20]. Buxari, “Əşribə” 14, 18; Müslim, “Əşribə” 124. Həmçinin baxın.: Əbu Davud, “Əşribə” 19; Tirmizi, “Əşribə” 19; İbn Macə, “Əşribə” 22

[21]. Buxari, “Şirb vəl-müsaqat” 1, 10, “Məzalim” 12, “Hibə” 22, 23; “Əşribə”, 19; Müslim, “Əşribə”

[22]. Buxari, “Əşribə”, 28

[23]. Müslim, “Libas”, 1-2

[24]. Buxari, “Əşribə”, 22, 23; Müslim, “Əşribə”, 110, 111

[25]. Müslim, “Əşribə” 113. Həmçinin baxın.: Tirmizi “Əşribə” 11

[26]. Müslim, “Əşribə” 116

[27]. Hamid İspirlioğlu “Sızıntı”, 1-ci sayı, s. 16, fevral 1979

[28]. Münavi, “Künuzul-həqaiq”, 2/151

[29]. Tirmizi, “Əşribə”, 18, İbn Macə, “Əşribə”, 20; Darimi, “Əşribə”, 19

[30]. Tirmizi, “Şəmail”, s. 175. Həmçinin baxın. Darimi, “Əşribə”, 23

[31]. İbnül-Əsir, “Üsdül-ğabə” 5/536; İbn Hacər, “İsabə”, 4/394

[32]. Buxari, “Həcc” 76, “Əşribə” 76; Müslim, “Əşribə” 117-119. Həmçinin baxın.: Nəsayi, “Mənasiq” 166; İbn Macə, “Əşribə” 21

[33]. İbn Macə, “Əşribə”, 25

[34]. İbn Macə, “Əşribə”, 25

[35]. İbn Macə, “Əşribə”, 19

 

Exit mobile version