Mənəviyyata Açılan Pəncərə

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir. Allah Rəsulunun (s.ə.s.) sünnətinə uyğun rüku şəkli belədir: rüku edərkən bel və baş bir düz xətt əmələ gətirməlidir. Rükuda dizlər dik tutulur, əllər diz qapaqlarının üstünə qoyulur və əl barmaqları diz qapaqlarını içinə alır. Rükuda ən azı üç dəfə “subhanə rabbiyəl-azim” deyilir. Mənası belədir:

Ehtişam və əzəmət sahibi Rəbbimi məxluqata aid bütün nöqsanlardan tənzih edərək (uzaq bilərək) Onu gözəl isimləri və sifətləri ilə təsbeh edir və ucalığını elan edirəm.

Mömin rükuda oxuduğu dua ilə sanki: “Ya Rəbbi, Sənə həmd olsun! Məni əyilib yeriyən məxluqat kimi deyil, əlif hərfi kimi dümdüz yaratdın,” – deyir. Dolayısilə, mömin bu halı ilə rüku halında olan bütün canlıların ibadətini də təmsil edir. Məlum olduğu kimi, yer üzündə əyilə-əyilə və dörd ayaq üstündə iməkləyə-iməkləyə yeriyən canlılar var. Fitrətin, yaradılışın qanunları çərçivəsində onlar da Rəbbin qarşısında yaradılış vəzifələrini yerinə yetirirlər. Çünki bu şəkildə yaradılış bir sıra vəzifələri yerinə yetirməyi tələb edir. Məhz insan onları bu vəziyyətdə görüncə: “Allahım! Varlıqlar içində ikiqat əyilib yeriyənlər də var. Bütün ömürləri boyu ikiqat olmuş vəziyyətdə və şüursuz yaşayırlar. Nə qədər şüursuz yaşasalar da, onlar Səni bilir, sezir və ya Sənin qanunlarınla o tərəf-bu tərəfə sövq olunurlar. Və beləcə yaşayırlar. Amma Sən mənə şüur, iradə vermisən,” – deyib rükuya gedir və “bütün bunları mənə lütf edən Sənsən, Səni təsbeh və təqdis edirəm” mənasında “Subhanə rabbiyəl-azim,” – deyir.

Peyğəmbərimiz (s.ə.s.) rükuda “subhanə rabbiyəl-azim” duası ilə yanaşı, başqa dualar da oxumuşdur. Namazlarımızda bəzən sadəcə “subhanə rabbiyəl-azim” duasını, bəzən də aşağıda qeyd etdiyimiz duaları oxuyuruq. Xüsusilə, nafilə namazlarında bir neçə duanı birdən oxuya bilərik. Çünki Peyğəmbərimiz (s.ə.s.) tək namaz qılarkən namazı uzadardı. Həzrət Aişənin rəvayət etdiyinə görə, (Rəsulullah) o qədər ayaq üstə dayanarmış ki, rükuya getməyəcəyini düşünərmişlər. O qədər uzun rüku edərmiş ki, bir də belini dikəltməyəcəyini zənn edərmişlər. Səcdəsi də eyni şəkildə uzun çəkər, ətrafdakılar da Onun bir daha səcdədən qalxmayacağını sanarmışlar. Peyğəmbərimizin təkbaşına qıldığı bu namazlar nafilə namazlardır. Çünki fərz namazlarını mütləq məsciddə camaatla birlikdə qılar və imamlığı da özü edərdi. Ona görə də müsəlmanlara namaz qıldırarkən  namazı çox uzatmazdı.

Rükuda oxunan digər dualar   

Birinci dua:

Oxunuşu: Subhanə zilcəbəruti vəl mələkuti vəl kibriyəi vəl azəməti subhanə rabbiyəl azim.

Mənası: Qüdrət, hökmranlıq, böyüklük və ucalıq sahibi Allahı bütün nöqsanlardan tənzih edirəm. Uca Rəbbimi bütün nöqsanlardan təqdis edirəm. (3-9 dəfə)[1]

İkinci dua

Həzrət Aişə (r. anha) belə demişdir: “Rəsuli-Əkrəm (s.ə.s.) rüku və səcdədə bu duanı çox oxuyardı:

Subhanəkə allahummə rabbənə və bihamdikə allahumməğfirli.

Mənası: Ya Rəbb, Sən Subhansan! Allahım, Sən nöqsan sifətlərdən, qüsurlardan, şərik və köməkçidən münəzzəhsən (uzaqsan), ucasan. Səni həmd və səna duyğusu içində təsbeh edirəm! Allahım, məni bağışla.[2]

Üçüncü dua

Oxunuşu: Subbuhun quddusun rabbul mələikəti vərruhi. Allahummə ləkə rakatu və bikə əməntu və ləkə əsləmtu, xaşəa ləkə səmii və bəsari və muxxi və azmi və asabi və məstəqallət bihi qadəməyyə lilləhi rabbil aləmin.

Mənası: Allahı hər cür nöqsanlardan tənzih edir və Ona həmd edirəm” (3 dəfə). “Allahım! Sən üluhiyyətinə yaraşmayan sifətlərdən bütünlüklə münəzzəhsən (uzaqsan). Sən bütün qüsurlardan və nöqsanlardan tamamilə uzaqsan, müqəddəssən. Sən mələklərin və ruhun Rəbbisən.[3]

“Allahım, Sənə rüku etdim, Sənə inandım və Sənə təslim oldum. Qulağım, gözüm, beynim, iliyim, sümüyüm, sinirlərim  və ayaqlarımın daşıdığı hər şey Aləmlərin Rəbbi Allaha boyun əymiş, itaət etmişdir.”[4]


[1] Əbu Davud, Salət, 151.
[2] Buxari, Əzan, 123,139; Müslim, Salət, 217.
[3] Müslim, Salət, 223; Əbu Davud, Salət, 151.
[4] Müslim, Müsafirin, 201; Əhməd ibn Hənbəl, Müsnəd, I, 119; Daraqutni, Sünən, I, 342.
Exit mobile version