Mənəviyyata Açılan Pəncərə

Səhabələr dövrünün hadisələrinə bir baxış-3

Bu gün belə bir yanlış düşüncəyə malik insanlar, ola bilsin, İslam dünyasının ümumi vəziyyəti, ölkələrarası əlaqələr və mövcud şəraitə görə hər kəsin gördüyü və bildiyi yerlərdə bu çirkin fikirləri dilə gətirmirlər. Lakin müxtəlif hadisələrlə əlaqədar özlərini saxlaya bilməyib dilə gətirdikləri kin və nifrət dolu ifadələrə nəzər salanda onların bu çirkabdan təmizlənə bilmədiklərini və nəşət etdikləri mədəni mühit, istifadə etdikləri mənbələr baxımından bu çirkabdan yaxa qurtarmalarının da xeyli çətin olduğunu görürük. Çünki onlar bu mövzuda müəyyən metodologiya ortaya qoymuş və kitablar yazmışlar. Dolayısilə, ümumi etiqad və qənaətləri bu yöndə formalaşmışdır. Məsələn, Qazı Əbdülcabbarın “Üsuli-Xəmsə”si kimi onların etiqad əsaslarından bəhs edən kitaba nəzər yetirsək, onların imaməti iman əsasına çevirdiklərini görərik. Onların etiqadınca imam hökmən Həzrəti Əlinin nəslindən olmalıdır. Başqası qətiyyən imam ola bilməz. Onlar bu cür füruata aid məsələləri imanın şərti sayaraq dəhşətli ixtilaflara səbəb olmuşlar. Ələvilik Həzrəti Əliyə məhəbbət, Əhli-Beytə bağlılıqdırsa, onda biz hamımız ələvi sayılırıq. Bizim təsəvvüf kitablarımız, ədəbiyyat dünyamız da bunları sübut edir. Bunları götürüb tədqiq etsək, başdan-ayağa Əhli-Beyt sevgisi ilə dolu olduğunu görərik. Sırf füruata dair məsələləri ön plana çəkərək üsula aid məsələləri görməməzliyə vurmaq doğru deyil. Yeri gəldikcə dəfələrlə demişəm; yetişdiyim ailə mühiti mənə Həzrəti Əli sevgisi aşılayıb, məni ona sevgi ilə böyüdüb. Qəhrəman deyəndə birinci ağlıma o gələrdi. Xəyalımda qılıncını çəkəndə əlli nəfərin boynunu birdən vuran insan canlanardı. Şüurulatıma baxanda mən Həzrəti Əli vurğunu olmalıyam. Ruhumda Həzrəti Əli sevgisi elə kök atmışdır ki, uzun müddət mən Həzrəti Əlini digər xəlifələrlə eyni sıraya qoymaqda, bu məsələdə tarazlığı qorumaqda çətinlik çəkmişəm.

Paslı qıfılların açarı sevgidir…

Hazırda öhdəmizə düşən vəzifəyə gəlincə; keçmişdə baş vermiş bu hadisələrə baxmayaraq, bizim borcumuz Ələvi, Nəsturi, Süryani və s. arasında fərq qoymadan hər kəsə əl uzatmaq, xeyirxahlıq etmək və beləcə daxili-xarici qara qüvvələrin məkrli planlarını puça çıxarmaqdır. Qabaqlar da Şərq probleminin həlli barəsində demişdik: millətimizin ruh və təbiətində daşıdığı mərdliyi, açıqürəkliliyi bir daha ortaya qoymasına zəmin hazırlamalı və bunu mütəmadi şəkildə forma dəyişdirməklə uzunmüddətli proses halına gətirməliyik. Məsələn, mübarək gecələrdən yararlanaraq o bölgədə müxtəlif tədbirlər keçirmək olar. Əgər siz bir yerdəki camedə bir gecəni əhya etməklə onların gecəsinə nur çiləyir, qaranlığı işıqlandırırsınızsa, ortaq məxrəcə gəlmə, könülləri fəth etmə yönündə mühüm bir fəaliyyətə imza atmış olursunuz. Bununla yanaşı, bəsirətli valilər, bəsirətli polis şöbə müdirləri, bəsirətli həkimlər, bəsirətli din xadimləri oraya göndərilsə, onlar da xalqın qanayan yaralarını sarımağa çalışsa, tədricən bütün təxribatlar aradan qalxacaqdır. Bütün qapıları açmağa qadir olan məhəbbət və sevgi açarı ilə, Mövlana üslubu, Yunus Əmrə sistemi ilə və ümumbəşəri vicdanla məsələləri həll etməyə çalışmaq lazımdır. Bəli, problemləri kökündən həll etməyin bir yolu var, o da hər kəsə könül qapılarını açmaq və beləcə qəlblərə yol tapmaqdır.
Bəlkə də, güc tətbiq etməklə problemləri müvəqqəti yatırmaq olar. Ancaq indiyədək heç bir bəşəri problem güc tədbiqi ilə kökündən həll olunmamışdır. Siz bir tərəfdən zor tətbiq edərək problemi aradan qaldırsanız da, o başqa bir yerdən yeni qəlibdə üzə çıxacaq. Fitnələrdə bir mənada reankarnasiya xassəsi var. Dolayısilə, problem kökündən həll olunanadək fitnələr yeni don və qiyafələrə bürünüb bəşəriyyətə aman verməyəcək. O baxımdan güc ağıl və məntiqin öz potensialını ortaya qoymasına mane olan ən böyük əngəllərdən biridir. Yəni problemi kimisə əzməklə həll etməyi düşünürüksə, alternativ fikir irəli sürməkdə ağıl və məntiqdən hərtərəfli istifadə edə bilmərik. Şübhəsiz, güc həmişə olmalıdır, amma həmişə ağıl və məntiqin, bəsirət və fərasətin rəhbərliyində, vicdan və insafın nəzarətində işləməlidir. Zənnimcə, tarixdən gələn bir problemin həllində də eyni anlayışa üstünlük verilsə, ümidverici nəticələr əldə ediləcəkdir.

Son.

Exit mobile version