Zəkat düşən malların bir şərti də artma, gəlir gətirmə xüsusiyyətlərini daşıması və zəruri ehtiyaclardan olmamasıdır. Son dövrlərdə ictimai və texnoloji inkişafın bir nəticəsi olaraq fabrik, dəzgah, icarə bina, şadlıq sarayı, hotel, təyyarə, avtobus, taksi və s. kimi gəlir gətirən yeni mallar meydana çıxmışdır. Bu mallar həm qazanc gətirir, həm də zəruri ehtiyaclara daxil deyildir. Elə isə bu mallardan da zəkat verilməlidir. Bu məsələdə İslam alimləri də eyni fikirdədir.
Lakin bu malların zəkatı hansı üsulla müəyyənləşdirilməlidir? Bunlar alış-veriş yolu ilə əl dəyişdirmədiyinə, icarə və istifadə yolu ilə gəlir gətirdiyinə görə ticarət əmtəəsi sayılmır. Elə isə onların dəyərinin 2,5%-ni zəkat kimi almaq olmaz. Bunların gəliri hərəkətli sərmayənin gəlirləri ilə müqayisə olunmamalıdır. Çünki sıradan çıxma, köhnəlmə kimi xüsusiyyətləri var. O halda bu malların zəkatı nədən verilməlidir, mayasından, yoxsa gəlirindən? Gəlirlərindən veriləcəksə, xərclərini çıxmağa ehtiyac varmı? Məhz bu məsələlərlə bağlı müasir alimlər fərqli fikirlər irəli sürmüşlər. Bir qisim din alimləri bunları əkin yerlərinə bənzədərək deyirlər ki, əgər fabrik gəlirlərinin satışı məlumdursa, 10%, məlum deyilsə, 5% zəkat tələb olunur. Digər alimlərin fikrincə, fabrikin amortizasiya xərcini çıxdıqdan sonra sənaye sərmayəsinin bazar qiymətinin 2,5%-i zəkat verilməlidir. Nəticə etibarilə, Əbu Zəhra, Xallaf, Qardavi kimi alimlər tətbiqi asan olsun deyə, əkin yerinin özündən yox, məhsulundan zəkat alınmasını əsas götürərək bütün xərcləri və illik amortizasiya dəyərini çıxandan sonra illik xalis gəlirin 10%-nin, ümumi gəlirin isə 5%-nin zəkat verilməsi fikrini daha məqbul hesab etmişlər.[1]
[1] Əli Özək, (Heyət), “Zəkat”, 96; Qardavi, “Zəkat”, 1/462 vd.