“Salam” sözü “sələmə” feilinin məsdər forması olub “qüsur və pisliklərdən uzaq xoşbəxt bir həyatın olsun” mənasına gələn duadır.
Allah (cəllə cəlaluhu): “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eyniylə sahibinə) qaytarın! Şübhəsiz, Allah (cəllə cəlaluhu) hər şeyi hesaba alandır” buyurur. (“Nisa” surəsi, 4/86)
Qurani-Kərimdə salamın sözləri də müəyyən edilmişdir. Bir müsəlman digərinə “Salam əleyküm” və ya “Əssalamu əleyküm” şəklində salam verməlidir. Hər iki şəkildə də salam verilə bilər. Amma əvvəlinə “əs” şəkilçisi artırmadan “Salam əleyküm” demək daha fəzilətlidir. Çünki Qurani-Kərimdə həm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm), həm də mələklərin möminə salamı “Salam əleyküm” şəklindədir. (bax. Ənam, 6/54; Əraf, 7/46; Rəd, 13/24; Nəhl, 16/32; Qəsəs, 28/55; Zümər, 39/73).
Bir müsəlmanın “Salam-əleyküm” şəklində salamını “Və əleyküm salam və rahmətullahi” deyə almaq daha gözəldir. Əgər salam verən “Səlam əleyküm və rahmətullahi” demişsə, salamı alan “Və əleyküm salam və rahmətullahi və bərakətuh” şəklində cavab verməlidir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu sonuncunun Həzrəti Adəmlə (əleyissalam) mələklər arasında salamlaşma şəkli olduğunu bəyan etmişdir.[1]
Müsəlmanlar arasında salamlaşma sünnətdir, dostluq və xeyirxahlıq əlamətidir. Salamı almaq da fərzdir. Bir hədisi-şərifdə belə buyurulur:
“Siz iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsınız. Sizə elə bir şey göstərim ki, onu etməklə bir-birinizi sevəsiniz: Aranızda salamı yayın.”[2]
Salam vermə ədəbi:
1. Camaatın arasına girərkən əvvəlcə “Əssəlamu əleyküm” deyə salam verilir.
2. Adam olmayan bir yerə girilərkən “Əssəlamu aleynə və alə ibadillahissalihin” deyilir.
3. Qarşılaşanda salam verildiyi kimi, vidalaşnda da salam verilə bilər. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Məscidə gələndə salam verdiyiniz kimi, çıxanda da salam verin, buyurmuşdur”.[3]
4. İnsanlar qarşılaşanda kiçik böyüyə, az adam çox adama, gənc yaşlıya, minik üstə olanlar piyadalara, hərəkət edənlər oturanlara, arxadan gələnlər qabaqdan gedənlərə salam verir.
5. Bir dəstə adama salam verilərkən bir nəfərin “Və əleykümüssalam” deyə salamı alması digərlərini məsuliyyətdən azad edir. Salamı heç kim almasa, salam verilənlərin hamısı məsul olur.
6. Bir yığıncaqdan ayrılarkən salam vermək gözəl davranışdır. Salam verilən şəxsin cavabında “Və əleykümüssalamu və rahmətullahi və bərakətuh” deməsi isə daha gözəldir.
7. Göndərilən salam “Əleykə və əleyhissalam” şəklində alınır. Məktubla salam göndərilmişsə, ya sözlə, ya da yazı ilə “Və ələykəssalam” cavabı verilir.
8. Qeyri-müsəlmanla qarşılaşanda əvvəlcə onların salam verməsini gözləmək, salamdan sonra “Və aleykə” demək lazımdır.
9. Tanıyıb-tanımamaqdan asılı olmayaraq hər kəsə salam verilməlidir.
10. Söz-söhbətə səbəb olmayacaqsa, qohum qadınlarla da salamlaşmaq olar.
11. Salama dərhal cavab verilməli, mümkün qədər, cavab salam verənə eşitdirilməlidir.
12. Salam verərkən və alarkən səs çox yüksəlməməli və ya qısılmamalıdır.
13. Salam verərkən və alarkən səs hörmət və ehtiram ifadə etməlidir.
14. Salam verən şəxsin salamı eşitməməzliyə vurulmamalıdır.
Bəzi hallarda isə salam vermək uyğun deyildir:
1. “Salam” Allah-Təalanın (cəllə cəlaluhu) gözəl adlarından biri olduğu üçün natəmiz yerlərdə söylənilməməlidir.
2. Bir haram əməli işləyənə salam verilməz.
3. Quran oxuyan, hədis danışan və elmi müzakirə ilə məşğul olanlara bu xeyirli işə mane olmamaq üçün salam verilmir. Ancaq qurtarmışsa, salam verilir.
4. Azan oxuyan, namaz qılan və iqamə gətirən kimsəyə salam verilmir.
5. Salam ancaq möminlər arasında haqdır. Bu səbəblə İslamı qəbul etməyənlərə salam verilmir. Ancaq onlar salam versələr, “və əleyküm” deyilir.
6. Bir insan salamı ala bilməyəcəksə, ona salam vermək məkruhdur.
7. İşlədiyi günahı açıq deməkdən çəkinməyənlərə salam vermək məkruhdur.
8. Salamlaşmaq dostluq və sevgi əlamətidir, amma salam verərkən əyilmək, yəni təzim etmək məkruhdur. Belə ki, bəzi alimlərə görə, salam verərkən rükuya qədər əyilmək hardasa səcdəyə bərabərdir.
[1]. Buxari, İstizan 1.
[2]. Müslim, İman 22; Əbu Davud, Salam 1; Tirmizi, İstizan 43.
[3]. Tirmizi, İstizan 15.