Mənəviyyata Açılan Pəncərə

Satılan evdə təmənnasız qalmaq

Sual: Mən evimi satdım və pulunu da nəğd olaraq aldım, lakin evi satdığım şəxsə müəyyən bir müddətə (məsələn 3 ay və.s) təmənnasız olaraq qalmaq/yaşamaq şərtini qoydum? Bu caizdirmi? (Hökmü nədir?)

Cavab: Hənəfi məzhəbinə görə, əqdin gərəyi və alqı-satqı müqaviləsinə müvafiq, eləcə də adət-ənənədə olmayan və tərəflərdən hər hansı birinin xeyrinə olan bir şeyi müqavilə bağlanan zaman şərt qoşmaq caiz olmadığı üçün, həmin müqavilə fasiddir (etibarsızdır). Hənəfilərin bu mövzuda istinad etdikləri dəlil Hz. Peyğəmbərin (s.ə.s.) şərtli alqı-satqı müqaviləsini qadağan etməsidir (bax. Buxari, Büyu, 73; Təbərani, “əl-Mücəmül-kəbir”, IV, 248). Maliki və hənbəlilərə görə isə, əqdin gərəyi olmayıb, eyni zamanda ona zidd də düşməyən hər hansı bir şeyin şərt qoşulması caizdir. Çünki Rəsulullah (s.ə.s.) bir səfərində Hz. Cabirdən dəvəsini satın almaq istəmiş, o da Mədinəyə qədər minməsini şərt qoşaraq satacağını bildirdikdə, Rəsulullah (s.ə.s.) həmin şərti qəbul edərək dəvəni satın almışdır (bax. Müslim, Müsaqat, 113).

Odur ki, maliki və hənbəlilərə görə, satıcının özünün bir müddət təmənnasız qalması şərtilə evini satması caizdir. Qeyd edək ki, dövrümüzdə bu cür alqı-satqı adət-ənənə halına gəldiyi üçün hənəfi alimləri də bunun aradakı razılaşmaya əsasən caiz olduğunu bildirmişlər.

Anar Qurbanov

Exit mobile version