Mənəviyyata Açılan Pəncərə

Səcdə

Səcdə nədir?

Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də səcdə kəlməsi ilə eyni kökdən törəmişdir. Məscid “Allaha səcdə və ibadət edilən yer” mənasındadır və müsəlmanların ibadət etdiyi yerlərə deyilir.

Səcdə kəlməsi və törəmələri kəlmə və termin kimi Quranda 81 ayədə işlənib.[1]

Məşhur dilçi Rəğib əl-İsfəhani Qurandakı səcdəni qeyri-məcburi və məcburi olmaqla iki hissəyə ayırır:

  1. Qeyri-məcburi səcdə insan kimi iradəli və şüurlu varlıq məxsus, əvəzində mükafat vəd edilən səcdəyə deyilir. “Allaha səcdə qılın və ona ibadət edin“[2] ayəsi və buna bənzər ayələr iradi səcdə haqqındadır.
  2. Məcburi səcdə isə insan da daxil olmaqla canlı-cansız bütün varlıqların Allahın kainatda qoyduğu qanunlara tabe olmasıdır. “Göylərdə və yerdə olan məxluqlar da onların kölgələri də istər-istəməz Allaha səcdə edir“[3] ayəsi məcburi səcdə haqqındadır.[4] Müfəssirlərin fikrincə, varlıqların Allaha (məcburi) səcdə etməsi[5] onların yaradılışının qayəsidir, yəni Yaradanın onlar üçün qoyduğu qanunlara tabe olmaıdır.

Quran və Sünnədə səcdə

Allahdan başqasına səcdə etmək haramdır. Uca Allah mələklərə Hz. Adəmə səcdə etməyi əmr buyurur.[6] Müfəssirlər həmin səcdə haqqında iki fərqli fikir irəli sürmüşlər. Birinci izaha görə, həmin səcdə ibadət məqsədi daşımır. Sadəcə hörmət əlaməti olaraq edilmişdir. Məqsəd Hz. Adəmin yaradılışını tanımaqdan ibarətdir. İkinci fikrə görə isə, həmin səcdə yalnız mələklərə məxsus səcdə olub onun mahiyyətini insanlar üçün izah etməyə ehtiyac yoxdur.[7]

Həmçinin Quranda valideynləri və qardaşlarının hörmət əlaməti olaraq Hz. Yusifə (ə.s) səcdə elədiyi də bildirilir.[8] Müfəssirlər bunun ibadət mahiyyəti daşımadığını, həmin dövrdə hökmdar saraylarına xas salamlaşma şəkli olduğunu bildirirlər. Bununla yanaşı, bəzi alimlər hesab edir ki, onlar Hz. Yusifə (ə.s) qovuşduqlarına görə Allaha şükür məqsədilə səcdə etmişlər.

“Rüku və səcdə edənlər”[9] və “Onların əlaməti üzlərində olan səcdə izidir”[10] kimi Quran ayələri səcdənin müsəlman həyatının ayrılmaz bir parçası olduğunu göstərir.

Səcdə namazın əsas rüknlərindən biridir. Namazın hər rükətində rükudan sonra iki dəfə səcdə eləmək fərzdir. Səcdənin fərz hökmü Qurana[11] və Sünnəyə[12] əsaslanır.

Səcdə Allaha qarşı hörmət, təzim və təvazönün ən gözəl ifadəsidir. İnsanın Allaha mənən ən yaxın olduğu andır. Peyğəmbərimiz (s.ə.s): “Bəndənin Rəbbinə ən yaxın olduğu an səcdə anıdır”[13], − buyurmuşdur.[14]

“Səbbihismə Rabbikəl-alə” (ən uca Rəbbinin adını təsbeh et!)[15] ayəsi nazil olduqda Rəsulullahın əshabına Siz də bunu namazlarınızın səcdələrində söyləyin!” buyurduğu nəql edilmişdir.[16]

Səcdə üzvləri

Sünnədə səcdənin edilmə qaydası bildirilmişdir. Rəsulullah əksər hədislərində səcdənin alın, əllər, dizlər və ayaq barmaqları olmaqla bədənin yeddi üzvü ilə edildiyini[17] bildirmiş,  bəzi hədislərində isə “alın” sözündən sonra əli ilə burnunu da göstərmişir[18]. Yəni “burun”u da səcdə üzvləri arasında sadalamışdır.

Səcdə haqqında hökmlər

Hənəfi məzhəbində alın və ayaqların (ən azı bir ayağın) yerə dəyməsi fərzdir. Şafei və Hənbəli məzhəblərində isə yuxarıda qeyd olunan yeddi üzvün hamısının, Maliki məzhəbində alının bir hissəsinin yerə dəyməsi fərzdir. Səcdədə alınla yanaşı, burunu da yerə toxundurmaq İmam Şafeiyə görə, namazın səhihlik şərtlərindən, Əbu Hənifəyə görə isə vaciblərindən biridir.

Səcdədə iki ayağı yerə qoymaq fərzdir. Səcdədə bir ayağın təkcə bir barmağını və ya ayağın yalnız üstünü yerə qoymaq kifayət etmir. Ancaq ayaqlardan biri alınla birlikdə “sübhənallah” deyəcək qədər yerə dəyər, sonra qalxarsa, səcdə tamamlanmış sayılır və  namaz pozulmur. Alın səcdədə olarkən hər iki ayaq havada qalarsa (yerə dəyməzsə), səcdə yerinə yetirilməmiş sayılır və namaz pozulur. Səcdənin səhih olması üçün alın səcdədə olarkən ayaq barmaqlarının ucları ən azı “sübhənallah” deyəcək qədər yerə dəyməlidir. Səcdədə bir dəfə “Subhənə rabbiyəl alə” dedikdən sonra ayaqlar yerdən üzülərsə, səcdənin səhih olduğunu deyənlər də vardır.

Səcdəyə gedərkən ardıcıllıqla dizlər, əllər və alın yerə qoyulmalı, qalxarkən də əvvəlcə alın, sonra əllər və dizlər qaldırılmalıdır. Bəzi alimlərə görə isə, bu ardıcıllıq əksinə olmalıdır: səcdəyə gedərkən: əllər, dizlər və alın, səcdədən qalxarkən: alın, dizlər və əllər.

Hənəfilər istisna olmaqla, digər üç məzhəb və İmam Əbu Yusifə görə, iki səcdənin arasında bir müddət gözləmək tədili-ərkana riayət etmək olduğu üçün fərzdir.

Səcdədə ən azı bir dəfə “subhənə rabbiyəl alə” deyəcək qədər qalmaq lazımdır. Səcdədə Allaha təzim məqsədilə üç dəfə “subhanə rabbiyəl alə” demək əksər alimlərə görə sünnə, hənbəlilərə görə isə bir dəfə demək fərz, üç dəfə demək isə sünnədir.

Səcdəyə gedərkən və səcdədən qalxarkən “Allahu Əkbər” demək sünnədir.

Səcdə edilən yer ayaqların durduğu yerdən on iki barmaqdan (təqribən 23 sm.) hündür  olmamalıdır. Bundan hündür yerə səcdə eləmək caiz deyil.

Cümə və bayram namazlarında camaatın çoxluğu səbəbi ilə yerə səcdə edə bilməyən möminlər ön cərgədəkilərin belinə və ya hər hansı əşya və s. üstünə səcdə edə bilərlər.

Paltarı təmiz yerə sərərək üstünə səcdə etmək olar. Səcdədə yerin sərtliyini hiss etmək vacibdir. Odur ki, yerin sərtliyinin hiss edilməsinə mane olan yastıq, pambıq və digər şeylərin üstünə səcdə etmək olmaz.

Sərtliyi hiss edilən yun, pambıq, saman və qar kimi şeylərin üstünə səcdə etmək caizdir. Lakin bunların üstünə alnı qoyarkən sərtlik hiss olunmursa, səcdə etmək caiz deyil.

Yerə sərilən təmiz taxta, həsir, xalça, səccadə kimi şeylərin üstünə səcəd etmək olar.

Səcdə yeri həddən artıq isti və ya soyuq olduqda və hər hansı üzrlü səbəbdən əllərin üzərinə səcdə etmək olar. Belə hallarda paltarın (palto, sarıq və s.) bir hissəsinin üstünə də səcdə etmək mümkündür. Həzrət Ənəs (r.a.) belə nəql edir: “Çox isti bir gündə Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə namaz qılırdıq. Qızmar qumun hərarətindən alnını yerə qoya bilməyənlər paltarını yerə sərir və onun üstünə səcdə edirdilər.”[19]

Kişilər səcdədə dirsəklərini böyürlərinə və yerə bitişdirməməlidir.

Qadınların səcdədə qollarını yerə və böyürlərinə yapışdırması isə müstəhəbdir.

Rəsulullahın səcdədə oxuduğu bəzi dualar

Rəsulullah (s.ə.s.) səcdələrində “subhənə rabbiyəl alə” duasından başqa dualar da oxumuşdur. Peyğəmbərimiz səcdədə çox dua etmiş və bizləri də çox dua etməyə təşviq edərək: “Bəndənin Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Elə isə səcdədə çox dua edin”[20], – buyurmuşdur. Bəndənin Allaha yaxınlaşmaqda məqsədi Onun mərhəmətinə yaxın olmaqdır. Peyğəmbərimiz məhz buna görə müsəlmanları səcdədə dua etməyə çağırmışdır. İndi də həmin duaların bir neçəsini qeyd edək:

Birinci dua:

Subhanəkə allahummə rabbənə və bihamdik əllahum məğfirli

Məalı: “Ey Rəbbim, Sən Subhansan! Allahım, Sən hər cür nöqsan və qüsurdan xalisən!  Sənə həmd və səna  edirəm! Allahım, məni bağışla.”[21]

İkinci dua:

Hz. Aişə (r. anha) nəql edir: “Bir gecə Rəsulullahın (s.ə.s.) yanımda olmadığını hiss etdim. Qaranlıqda ətrafı əlimlə yoxladım. (Onu axtararkən) əlim dabanına toxundu. Səcdədə belə deyirdi:

Allahummə inni əuzu biridakə min səxatikə və bimuafətikə min uqubətikə və əuzu bikə minkə lə uhsi sənəən aləykə əntə kəmə əsnəytə alə nəfsikə.

Məalı: “Allahım! Sənin qəzəbindən rizana, əzabından əfvinə sığınıram. Mən Səndən Sənə (cəlalından camalına) sığınıram. Mən Səni layiqincə mədhü-səna etməkdə acizəm. Sən özünü necə mədhü-səna etmisənsə, eləsən”.[22]

Üçüncü dua:

Subbuhun quddusun rabbul mələikəti vərruh.

Məalı: Allahım! Sən üluhiyyətinə yaraşmayan sifətlərdən bütünlüklə münəzzəhsən (uzaqsan). Sən bütün qüsurlardan və nöqsanlardan uzaqsan, müqəddəssən. Sən mələklərin və ruhun Rəbbisən”.[23]

Dördüncü dua

Subhanə zilcəbəruti vəl mələkuti vəl kibriyəi vəl azəməti subhanə rabbiyil azim.

Məalı: Qüdrət, hökmranlıq, böyüklük və ucalıq sahibi Allahı bütün nöqsanlardan tənzih edirəm.[24]

Səcdədə istənilən duanı etmək olarmı?

Hənəfi məzhəbinin alimləri Quranda olan duaları səcdədə oxumağı münasib saymırlar. Son dövrün alimləri isə nafilə namazlarda Quran və Sünnədən dua oxumağı caiz görürlər. Maliki və Şafei alimlərinə görə də səcdədə dua ədəbinə riayət etmək şərtilə Quran və Sünnədən dua oxumaq olar.

Səcdə ədəbi

Səcdələr sürətlə, Allah Rəsulunun (s.ə.s) ifadəsi ilə “xoruzun dən dənləməsi kimi tələsə-tələsə” edilməməlidir. Birinci səcdədən qalxdıqdan sonra oturmadan, yəni cəlsəyə[25] riayət eləmədən dərhal ikinci səcdəni etmək namazın ədəbinə ziddir.

Əbu Hüreyrə (r.a.) belə nəql edir: “Rəsulullah (s.ə.s) mənə üç şeyi qadağan etdi: Namaz qılarkən xoruzun dən dənləməsi kimi (tələm-tələsik) səcdə etməyi, ombanı yerə qoyub dizləri dikəldərək əlləri yerə qoymaqla itin oturuşu kimi oturmağı və tülkü kimi ətrafa baxmağı”.[26]

İki səcdə arasında dua oxumaq olar?

İki səcdə arasında bir dəfə “Subhanallah” deyəcək qədər dayandıqdan sonra ikinci səcdə edilir.

Rəsulullah bəzən iki səcdə arasında uzun müddət oturub dua etmişdir. Bir hədisi-şərifdə    Allah Rəsulunun rüku, səcdə və iki səcdə arası oturuşunun eyni müddət çəkdiyi bildirilir.  Peyğəmbərimiz iki səcdə arası oturuşlarda da müxtəlif dualar etmişdir. Bu dualardan bəziləri bunlardır:

Birinci dua:

Allahumməğfirli vərhamni vəcburni vəhdini vərzuqni

“Allahım, məni bağışla, mənə mərhəmət et, mənə sağlamlıq lütf eylə, mənə hidayət ver, mənə ruzi ehsan et!”[27]

İkinci dua:

Rabbiğfir li rabbiğfir li

“Rəbbim, məni bağışla, məni bağışla!”[28]

Digər səcdələr

Namazın hər hansı rüknü yanılaraq gecikdirildikdə və ya vacibi yerinə yetirilmədikdə edilən səcdəyə səhv səcdəsi deyilir.

Tilavət səcdəsi

Bundan əlavə, Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən mömin səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Şükür səcdəsi

Bir nemətə qovuşan və ya müsibətdən qurtulan insanın şükür niyyəti ilə elədiyi səcdəyə deyilir. Rəsulullah (s.ə.s) şad xəbər alanda şükür səcdəsi edərdi.[29] Şafei və Hənbəli məzhəblərinə görə, şükür səcdəsi sünnə, Hənəfi məzhəbinə görə isə müstəhəbdir. Bundan əlavə Allahdan bağışlanma diləmək üçün edilən səcdə var ki, buna da istiğfar və ya tövbə səcdəsi deyilir. Belə ki, Rəsulullah (s.ə.s.) Hz. Davudun səcdəsindən[30] danışarkən onun elədiyi səcdənin[31] tövbə səcdəsi olduğunu bildirmişdir.[32]

[1] M. F. Əbdülbaqi, əl-Mucəm, “scd” maddəsi.
[2] Nəcm 53/62.
[3] Rad 13/15.
[4] Rəğib əl-İsfahani, əl-Mufrədat, “Səcdə” maddəsi.
[5] Nəhl 16/48-49, Həcc 22/18, Rəhman 55/6.
[6] Bəqərə 2/34; Əraf, 7/ 11; İsra 17/61; Kəhf 18/50
[7] İbn Aşur, I, 422.
[8] Yusif, 12/100.
[9] Tövbə, 9/12.
[10] Fəth, 48/29.
[11] “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin.” Həcc, 22/77.
[12] Buxari, “Əzan”, 133, 134, 137; Müslim, “Salət”, 226-230.
[13] Müslim, “Salət”, 215; Nəsai, “Dəavat”, 118.
[14] Əbu Davud, “Nikah”, 40.
[15] Əla, 87/1.
[16] Bax. Əbu Davud, “Səlat,” 147; İbn Macə, “İqamə”, 20; Darimi, “Səlat,” 69; Əhməd İbn Hənbəl, “Müsnəd” IV, 155; Elmalılı, e.a.ə., IX, 139.
[17] Müslim, “Salət”, 44; Əbu Davud, “Salət”, 150, 151; Tirmizi, “Salət”, 87.
[18] “Mənə yeddi üzv üzərinə səcdə etmək əmr olundu. Bunlar alın, (əlilə burnuna da işarə etdi), iki əl, iki diz və iki ayaqdır.”(Buxari, Azan, 133, 134, 137; Müslim, “Salət”, 226, 227, 229, 230; Nəsai, “Tətbiq”, 40, 43, 45, 56, 58; İbn Macə, “İqamə”, 19.)
[19] Əbu Davud, “Səlat”, 96; Buxari, “Əməl fis-Səlat,” 9; İbn Macə, “İqamə”, 64; Darimi, “Səlat”, 85.
[20] Müslim, “Səlat”, 215.
[21] Müslim, “Səlat”, 217.
[22] Müslim, “Səlat”, 222; Əbu Davud, “Səlat” 152.
[23] Müslim, “Səlat”, 223.
[24] Əbu Davud, “Səlat”, 151.
[25] Cəlsə: Namazda birinci səcdədən qalxandan ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq.
[26] Əhməd ibn Hənbəl, “Müsnəd” 2/311.
[27] Tirmizi, “Səlat”, 211; İbn Macə, “İqamə”, 23.
[28] Əbu Davud, “Səlat”, 151; İbn Macə, “İqamətüs-səlat” 23; Nəvəvi, “Əl-əzkar”, Beyrut, 1994, s.58
[29] Əbu Davud, “Cihad”, 174.
[30] Sad, 38/24.
[31] Bir dəfə Rəsulullah Sad surəsini oxuyarkən səcdə elədi və sonra belə dedi: “Davud, tövbə səcdəsi eləmişdi. Biz də şükür səcdəsi elədik.” (Darimi, Salət, 161; Əbu Davud, Salət, 332)
[32] Nəsai, “İftitah”, 48.
Exit mobile version