Mənəviyyata Açılan Pəncərə

Sədəqeyi-cariyə

Kainatda heç nə əbəs yerə yaradılmayıb. Hər şeyin bir yaradılış səbəbi və qayəsi var. Günəş hər gün təyin olunan şəkildə doğub-batır. Varlıqları öz işığı ilə işıqlandırır, istiliyini ilə isidir. Alma, əncir, üzüm kimi ağaclar günəşin yandırıcı istisində dadlı, şirin, rəngarəng meyvələr yetişdirir. Bal arısı pupdan çıxdıqdan qısa müddət sonra əvəzedilməz dada malik bal hazırlayır. Zərif ipəkqurdu sağlam ipək əyirir. İnək süd fabriki kimi işləyir. Buzov doğulduqdan bir az sonra ayağa qalxır və süd əmməyə başlayır. Bu misalların sayını artırmaq da olar. Diqqətlə baxsaq görərik ki, hər bir varlıq ona təyin olunan proqramı, görəcəyi işi bilərək dünyaya gəlir.

İnsan isə bütün varlıqlardan fərqlidir. İnsanın yaradılış qayəsi Uca Allahın tanımaq, bilmək, Ona layiq bəndə olmağa çalışmaqdır. Uca Allah insanı məhz bunun üçün yaratdığını bildirir: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[1] Möminin əsas məqsədi Allahın razılığını qazamaq, itirilmiş cənnətə təkrar qovuşmaq olmalıdır. Onun razılığını qazanmaq üçün isə bütün imkanları səfərbər etmək lazımdır.

Əbədi mükafat

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır…[2]

İnsan Allah yolunda Onun razılığını qazanmaq üçün yeri gələndə canını və malını əsirgəməməlidir. 60-70 illik fani dünya həyatında can və mal ilə edilən fədakarlıqlarla əbədi axirət həyatını qazanmaq mümkündür.  Allahın razılığının nəticəsi əbədi Cənnət və Onun camalını müşahidə etməkdir.

Yaradanın rizasını qazanmaq üçün can, mal, elm və s. ilə fədakarlıqlar onları əbədiləşdirər. Onun yolunda sərf edilən ömür zahirən çürümüş kimi görünsə belə baqi meyvələr verər.

İnsanın mənəvi olaraq həmişə canlı qalması Allah yolunda mütəmadi etdiyi cəhdlərdən asılıdır. Bunu edərkən haqq sahiblərinin haqqını da unutmaq olmaz. Çünki insanın üzərində bbinin, nəfsinin və ailəsinin haqqı var. Hər haqq sahibinin də haqqını vermək lazımdır.

Allahın razılığını qazanmaq

O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.[3]

Ayədə imandan sonra namaz və infaqa diqqət çəkilir. İnfaq Allahın verdiyi imkanları Onun razılığını qazamaq üçün istifadə etməkdir. Yəni hər kəs öz imkanları nisbətində – varlı malı, elm sahibi elmi ilə və s. – Allahın xoşnudluğunu qazana bilər.

Bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Üç şey var ki, onlar haqqında and içib sizə təminat verirəm: Diqqətlə dinləyin və yadınızda saxlayın. Sədəqə verməklə qulun mal-mülkündən heç nə azalmır. Allah haqsızlığa məruz qalıb səbir edənin izzətini artırır. Dilənçilik qapısını kim açarsa, Allah da ona yoxsulluq qapısını açar. Yenə sizə bir şey də deyəcəyəm, onu da yaxşı yadda saxlayın. Dünyada dörd cür insan var:

Birincisi, Allahın sərvət və elm verdiyi insandır. Belə insanlar təqva dairəsində hərəkət edir, qohum-əqrəbaya baş çəkir, kömək olur, mülkün həqiqi sahibi Allahın verdiyi sərvətdə ilahi haqq olduğunu dərk edib onun tələbini yerinə yetirir, zəkatını verir. Bu adamlar ən yüksək  məqamda olan insanlardır.

 İkincisi, Allahın elm verib, mal-mülk nəsib etmədiyi təmiz qəlbli insanlardır. Bunlar xoş niyyətlə: “Əgər Allah mənə mal versəydi, mən də filankəs kimi onu Haqq yolunda sərf edərdim,” – deyirlər. Onlar gözəl niyyətlərinin mükafatını alır. Bu qibtə və xoş niyyətlə həmin imkanlı adamın qazandığı sədəqə savabı qədər savab qazanırlar: ikisinin savabı bərabər olur. (Həmçinin, o xoş niyyətli adamın əlavə olaraq faydalı elmi var.)

 Üçüncüsü, Allahın mal verib, ancaq elm bəxş etmədiyi adamdır. Bu cür insanlar cahillik, nadanlıq ucbatından sərvətini boş yerə xərcləyir, Allah qatında hansı məqamda olduğunun fərqinə varmır, qohum-əqrəba haqlarını yerinə yetirmir və ona əmanət verilən dünya malında Allahın haqqı olduğunu nə dərk edir, nə də etiraf. Halı ən pis olan insanlar bunlardır.

Dördüncüsü, Allahın nə mal, nə də elm verdiyi insanlardır. Belə insanlar: “Əgər mal-mülküm olsaydı, mən də filankəs kimi dünyadan zövq alardım.” Bu insanlar da niyyətə görə cəzalandırılacaq. O da qibtə etdiyi bədxərc və israfçı adam qədər məsul olur (günah qazanır).”[4]

Mömin bir çox xeyir əməl ilə Allahın razılığını qazana bilər. Ancaq elə kəslər var ki, onların əməl dəftəri vəfatından sonra da bağlanmır və savablar yazılmağa davam edir. Bu necə mümkündür?

Sədəqeyi-cariyə

Allah Rəsulu (s.ə.s.) bir hədisində bu haqda belə buyurur:

İnsan vəfat edəndə əməl dəftəri bağlanır; ancaq bu üç əməl istisnadır: sədəqeyi-cariyə, insanların faydalandığı elm və ya mərhuma xeyir-dua edən əməlisaleh övlad.”[5]

Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidq-ürəkdən yaxşılıq etmək sədəqə adlanır. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır.

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir. İnsanlar bunlardan faydalandıqca həmin şəxsin əməl dəftərinə savab yazılar və o tikili fəaliyət göstərdikcə əməl dəftərinin bağlanmaz.

Hədisdə bildirilən, insanların faydalandığı elm isə insanları elm və fəzilətlə maarifləndirmək, onlara faydalı biliklər öyrətmək, onların istifadəsi üçün kitab təminatını və elmi fəaliyyətləri gerçəkləşdirmək, hər cür səmərəli elmi fəaliyyəti həyata keçirmək, elmə xidmət etməkdir. Allah Rəsulu (s.ə.s.) başqa bir hədisində belə buyurur:

İki adama həsəd (qibtə) etmək zərərli deyil: bəxş olunan dünya malını Allah yolunda xərcləyən imkanlı şəxsə və Allahın verdiyi elmə əməl edib onu başqalarına da öyrədən insana.”[6]

Əməl dəftərinin bağlanmasına vəsilə olan üçüncü amil isə saleh övladdır. Allah Rəsulu (s.ə.s.) başqa bir hədisində belə buyurur: “Vəfatından sonra insanın dərəcəsi artar. Bəndə Allahdan bunun necə olduğunu, savabın hardan gəldiyini soruşar. Uca Allah ona belə deyər: “Arxanda buraxdığın xeyirli və əməlisaleh övladın sənin üçün dua elədi.[7]

Bəli, əməlisaleh övlad da insanın axirət sərmayəsidir. Dua edən faydalı övlad böyütmək də ölümdən sonra əməl dəftərinin açıq qalmasına səbəb olur. İnsanın doğma övladı ilə yanaşı, böyüməsində, təhsil almasında, yetişməsində əməyi olan başqa insanların övladları da bura daxildir. Yəni bu cür yardım etməklə mənəvi övladların sayını artırmaq mümkündür. Bu cür xeyirxah əməllərlə vətənə, millətə və insanlığa faydalı şəxlərin yetişməsinə kömək edənlər onların qazandıqları savablara ortaq olarlar. Çünki bir xeyirli işə və yaxşılığa səbəb olan onu etmiş kimi və ya edənlərin savabı qədər savab qazanır. Həmin əməli işləyənlərin savabından da heç nə azalmır.[8]

Bu sadəcə maddi imkanı yaxşı olanlara aid deyil. Hər kəs öz imkanları nisbətində bunu edə bilər. Məsələn, müəllim əlavə vaxtını ayıraraq dərs keçə, əxlaq və davranışları ilə gözəl nümunə olaraq eyni savabı qazana bilər.

Savab ortaqlığı

Bəzi işləri köməkləşərək, birgə görmək lazımdır. Məsələn, binanı bir nəfər tək tikmir. Biri bənnalıq edir, o biri daş daşıyır, digəri suvaq vurur və s. Bir işi köməklərəşək görmək onun savabına ortaq olmaq deməkdir. Məsələn, bir sahibkarın tikdirdiyi məktəbdə müəllim haqqını verərək işini görər və əxlaqı ilə şagirdlərə gözəl nümunə olarsa, şagird də ona yardılan şəraitin qədrini bilər, dərslərin yaxşı oxuyar, insanlara faydalı olmaq üçün elm öyrənərsə, savabdan nəsibini alar. Həmin müəssisə nə qədər fəaliyyət göstərərsə, buna səbəb olanlar savab qazanmağa davam edərlər. Vəfat etsələr belə, əməl dəftərləri bağlanmaz.

Tariximizdə iz qoyanlar

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Tariximizə nəzər saldıqda yuxarıda qeyd olunan fikirlərin əyani nümunələrini görə bilərik. Sədəqeyi-cariyə olacaq işlər görən Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Nabat Aşurbəyova kimi xeyriyyəçilərimiz etdikləri xeyirli əməllərlə yaddaşlarda silinməz izlər buraxıblar. Onların insanlıq üçün etdiyi yaxşılıqlar, gördükləri işlər Qiyamətə qədər əməl dəftərlərinə savab olaraq yazılacaq. Onların sədəqeyi-cariyə olan əməllərindən bəzilərinə nəzər salaq.

Xeyriyyəçilərimizdən Hacı Zeynalabdin Tağıyev xalq üçün bir çox işlər görmüşdür. O, 1901-ci ildə 300 min manat vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirmişdir. Bu məktəb bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də ilk növbədə Tağıyevin adı ilə bağlıdır. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir. O, Mərdəkanda 50 şagirdlik məktəb tikdirmiş, 1901-ci ildə Bakıda qız məktəbinin açılmasına 5 milyon qızıl pul sərmayə qoymuş, 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) açılmasına maddi yardım göstərmiş, Bakıda ilk teatr tikdirmişdir… O, ehtiyacı olan insanlara kömək etməyi özünə şərəf bilir və deyirdi: “Allah mənə var-dövlət verib və bu biçarələri tapşırıb. Məni onlar üçün yaradıb.”

Ağa Musa Nağıyev də uzun illər azərbaycanlı tələbələrin müxtəlif təhsil ocaqlarında təhsil almaları üçün ildə 8 000 rubl miqdarında vəsait ayırmışdır. O, həmçinin hər il 25 müsəlman qızının ibtidai sinifdə oxuması üçün iri məbləğdə ianə verirdi… Bu gün Bakının mərkəzindəki böyük xəstəxanalardan biri də (keçmiş Semoşka) M. Nağıyevin maddi imkanları ilə inşa olunmuşdur.

Nabat Aşurbəyova da səxavəti və xеyirxahlığına görə ad qazanmış, nеft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürmüş, Tatar küçəsində (indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun gördüyü işlərdən ən böyüyü Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscididir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə еtmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş mеmarı olmuşdur.

Burada xeyriyyəçi milyonçularla yanaşı xalqın marifləməsində müstəsna rolu olan Həsən bəy Zərdabini də xatırlamaq yerinə düşər. Həsən bəy Zərdabi Moskva Universitetini fərqlənmə ilə bitirdikdən sonra doğma vətəninə qayıtmışdır. Onun əsas amalı müsəlman uşaqların təhsil alaraq cəmiyyətdə söz sahibi olması idi. Bu məqsədlə o bütün qəzları dolaşaraq varlı insanlardan kasıb uşaqların təhsil alması üçün ianə toplamışdır. Xalqın mariflənməsində müstəsna yeri olan Əkinçi qəzeti də onun fədakarlıqları nəticəsində ərsəyə gəlmişdir. İlk dövrlərdə uşaqların qalması üçün pansionat (yataqxana) olmadığı üçün öz mənzilində ona yaxın uşağı himayə etmişdir. Evində saxlayacağı uşalara qayğısına qalmaq və təhsillərinə kömək üçün Tiflis qızlar gimnaziyasının ilk müsəlman məzunlarından olan Hənifə Abayeva (Məlikova) ilə evlənmişdir.

Bakıda ilk qız məqktəbinin açılmasında Z. Tağıyev və H. Zərdabi ilə yanaşı o zamanın quberniya qazısı Mir Məhəmməd Kərim Ağanın da mənəvi rolu olmuşdur. O, müsəlman xeyriyyəçiləri və əhalini bu məktəbə dəstək olmağa çağırmışdır.

Xülasə, hər mömin öz gücü və qabiliyyəti nisbətində vəfatından sonra əməl dəftərinə savab yazdıracaq işlər görə bilər. İnsana qalan etdiyi yaxşılıqlar və qazandığı savablar olacaq:

Adəm oğlu elə hey “malım”, “mülküm” deyir. Ey insan oğlu! Yediyin, geyinib köhnəltdiyindən və ya sədəqə verib qazandığın savabdan başqa nəyin var ki?!”[9]


[1] Zariyət, 51/56.
[2] Tövbə, 9/111.
[3] Bəqərə, 2/3.
[4] Tirmizi, Zöhd, 17; Əhməd ibn Hənbəl, “Müsnəd”, IV, 231.
[5] Müslim, Vəsiyyət, 14.
[6] Buxari, Elm, 15.
[7] İbn Macə, Ədəb, 1; Əhməd ibn Hənbəl, Müsnəd, II, 509.
[8] Müslim, İmarə, 133; Zəkat 69; Tirmizi, Elm, 14
[9] Müslim, Zöhd, 3-4.

http://www.azerbaijans.com/content_760_az.html
İlk qız məktəbinin tarixi ilə maraqlananlar aşağıdakı linklərə baxa bilər:
https://news.milli.az/society/228253.html
https://azertag.az/xeber/Bakida_ilk_qiz_mektebinin_yaradicisi_kimi_tarixe_dusen_Henife_Melikova_Zerdabi-1135082
Exit mobile version