2. 260 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun insanları infaqa (Allah yolunda vermək) təşviq etməsi

Hz. Cərir (r.a.) rəvayət edir: “Səhərin erkən vaxtında Allah Rəsulu ilə birlikdə oturmuşduq. Bu əsnada yalın ayaqlı və əyinlərində əba, bellərində qılınc bir dəstə mudarlı gəldi. Allah Rəsulu onların yoxsul halını görüncə kədərləndi, üzünün rəngi dəyişdi. İçəriyə girdi, sonra da çölə çıxıb Bilala azan oxumağı əmr etdi. Bilal da azanı oxuyub iqamə verdi. Allah Rəsulu (s.ə.s.) namaz qıldırdıqdan sonra insanlara bu ayələri oxudu: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” (“Nisa” surəsi, 4/1). “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (“Həşr” surəsi, 59/18)

Sonra da:

– Hər kəs əlindən nə gəlirsə: dinar, dirhəm, paltar, buğda, xurma, hətta yarım xurma da olsa, versin, – buyurdu. Çiynindəki xurmaları çətinliklə daşıyan bir nəfər ənsarlı gəldi: əlində bir kisə pul var idi. Sonra başqaları da yavaş-yavaş gətirməyə başladılar. Gətirilən ərzaq və geyimlər iki topa oldu. Bunu seyr edən Allah Rəsulunun üzü sevincdən parladı. Buyurdu:

– Kim İslamiyyətdə gözəl bir cığır açarsa, o etdiyi yaxşılığın mükafatını almaqla yanaşı, özündən sonra eyni yaxşılığı edənlərin də bir misil savabını qazanar. Heç kimin mükafatından da azalmaz. Kim İslamiyyətdə pis bir yol açarsa, öz günahı ilə birlikdə, o yolla  gedən insanların günahlarını da qazanar. Günah qazanan kəslərin günahları da azalmaz”.[1]

Rəsuli-Əkrəmin (s.ə.s.) və səhabələrinin infaq sevgisi

Həzrəti Ömər rəvayət edir: “Bir nəfər Allah Rəsulunun hüzuruna gəlib ondan bəzi şeylər istədi. Rəsulullah (s.ə.s.):

– Sənə verməyə heç nəyim yoxdur, ancaq get, mənim adıma al, borcunu ödəyərəm, – dedi. Mən dözə bilməyib:

– Ya Rəsulallah! Əlində olanı verirsən, buna heç kim heç nə deyə bilməz. Amma Allah səni olmayanı verməklə mükəlləf etməmişdir!- dedim. Peyğəmbərimizin sözlərindən xoşu gəlmədi. O əsnada bir nəfər ənsar ayağa qalxıb:

– İnfaq et, ya Rəsulallah! Uca Allahın sənə verdiyi lütfləri azaldacağından narahat olma! – dedi.

Allah Rəsulu  ənsarın bu sözünə sevinib təbəssüm edərək:

– Mənə məhz bunu etmək əmr olundu, – buyurdu”.[2]

Allah Rəsulunun Həzrəti Bilala infaqı əmr etməsi

İbn Məsud rəvayət edir: “Nəbilər Nəbisi (s.ə.s.) Həzrəti Bilalın yanına gəlmişdi. Bilalın evində bir yığın xurma gördü.

– Bunlar nədir, ey Bilal? – deyə soruşdu. Hz. Bilal:

– Sənin qonaqların üçün hazır saxlayıram, ya Rəsulallah, – dedi. Peyğəmbərimiz buyurdu:

– Sən özünə cəhənnəm odu hazırlamaqdan qorxmursan? Bunları infaq et, ey Bilal! Rəbbin azaldar deyə narahat olma!”[3]

Həzrəti Ömər, Həzrəti Əli və qənimət bölgüsü

Talha b. Ubeydullah rəvayət edir: “Həzrəti Ömərin xəlifəliyi dövründə qənimət malları gətirmişdilər. O da bunları müsəlmanlar arasında bölüşdürdü. Ancaq bir qədər artıq qaldı. Həzrəti Ömər artıq qalan hissəni nə etmək barədə camaatın fikrini soruşdu. Camaat da:

– Ehtiyacın olanda istifadə edərsən, – dedi. Bu vaxt Həzrəti Əli susur, heç nə demirdi. Həzrəti Ömər üzünü Həzrəti Əliyə çevirib:

– Ya Əbul-Həsən! Sən niyə danışmırsan? – dedi. Həzrəti Əli:

– Camaat danışdı, mən nə deyim? – deyə cavab verdi. Həzrəti Ömər təkidlə:

– Xeyr, sən də danışmalısan! – dedi. Həzrəti Əli:

– Allah-Təala bu malın necə bölüşdürülməsini bəyan etmişdir, – deyib Bəhreyndən gələn qənimət malları ilə bağlı hadisəni danışdı, – Bəhreyndən qənimət gəlmişdi, ancaq axşam olduğuna görə Allah Rəsulu qənimətlərin hamısını bölüşdürə bilmədi. Gecəni məsciddə namaz qılmaqla keçirdi. Üzündən sıxıntılı olduğu görünürdü. Ancaq qəniməti bölüşdürəndən sonra rahatlıq tapdı.

Həzrəti Ömər də Həzrəti Əliyə:

– Bunu mütləq sən bölməlisən, başqa çarən yoxdur! – dedi.

Həzrəti Talha deyir ki, Həzrəti Əli qalan qənimət malını bölüşdürdü və mənə də səkkiz yüz dirhəm düşdü”.[4]

 Ümmü Sələmənin infaq mövzusunda rəvayəti

Ümmü Sələmə rəvayət edir: “Allah Rəsulu yanıma gəlmişdi. Üzü solğun görünürdü. Bir yeri ağrıyır deyə narahat oldum və:

– Ya Rəsulallah, bir sıxıntınız var ki, üzünüz solğundur?! – dedim. Peğəmbərimiz: “Dünən bizə gətirilən yeddi dinara görə narahatam. Gecəni o dinarlarla keçirdik,” – buyurdu.

Digər bir rəvayətdə isə, Rəsulullahın (s.ə.s.) “Bizə bu pullar gəldi, amma hələ Allah yolunda verməmişik” buyurduğu nəql edilmişdir.[5]

Həzrəti Osman yoxsulun infaqı haqqında

Həsən Bəsri rəvayət edir: “Bir nəfər Həzrəti Osmanın yanına gələrək belə dedi:

– Ey mal-mülk sahibləri, bütün savabları siz qazanırsınız! Sədəqə verir, kölələri azad  edirsiniz. Kəbəni ziyarət edirsiniz və Allah yolunda infaq edirsiniz.

Həzrəti Osman:

– Siz də bizə qibtə ilə baxırsınız? – deyə soruşdu. O da: “Bəli, düzü, sizə qibtə edirik,” – deyə cavab verdi. Həzrəti Osman:

– Vallah, çətin vəziyyətdə yaşayan bir insanın Allah yolunda infaq etdiyi bir dirhəm varlının bolluq içində infaq etdiyi on min dirhəmdən daha xeyirlidir! – dedi”.[6]

Həzrəti Əli və bir dilənçi 

Ubeydullah b. Məhəmməd nəql edir: “Bir dilənçi Əmirəl-Möminin Həzrəti Əlinin qapısını döydü. Həzrəti Əli də dərhal Həsən və ya Hüseynə:

– Ananın yanına get, altı dirhəm vermişdim, birini al gətir! – dedi. Həsən və ya Hüseyn getdi, tez də qayıtdı:

– Anam o altı dirhəmi un almaq üçün ayırdığını söyləyir, – dedi. Həzrəti Əli:

– Mömin bir şeyi Allah yolunda xərcləməyi öz əlində saxlamaqdan daha sevimli görmürsə, demək, onun imanında nöqsan var, – deyib həmin altı dirhəmin hamısını göndərməyi tapşırdı. Bu dəfə Həzrəti Fatimə pulun hamısını göndərdi. Hz. Əli də altı dirhəmi dərhal dilənçiyə verdi. Həmin yoxsul dilənçi heç uzaqlaşmamışdı ki, dəvəsini satmaq istəyən bir nəfər gəldi. Həzrəti Əli dəvənin qiymətini soruşdu. Dəvə sahibi:

– Yüz qırx dirhəm, – dedi. Həzrəti Əli:

– Bunu mənə ver, pulunu sonra ödəyərəm, – dedi.  Dəvənin yiyəsi razılaşıb dəvəni ora bağladı və çıxıb getdi.

Az sonra başqa bir adam gəldi və:

– Bu dəvə kimindir? – deyə soruşdu. Həzrəti Əli: “Mənim,” – deyincə adam:

– Mənə satarsan? – deyə soruşdu. Həzrəti Əli də: “Sataram,” – dedi. O da: “Neçəyə satırsan?” – dedi. Həzrəti Əli də: “İki yüz dirhəmə satıram,” – dedi. Həmin adam qiymətlə razılaşdı və iki yüz dirhəm verib dəvəni aldı. Həzrəti Əli də dəvəni aldığı adama yüz qırx dirhəmi verib borcunu qaytardı. Yerdə qalan altmış dirhəmi də Fatiməyə gətirdi. Həzrəti Fatimə dirhəmləri görüncə:

– Bu nədir? – deyə soruşdu. Həzrəti Əli onun sualına ayə ilə cavab verdi: “Bu, Allahın Peyğəmbəri ilə bizə vəd etdiyi mükafatdır: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər”. (“Ənam” surəsi, 6/160)[7]

Həzrəti Aişənin və bacısı Əsmanın səxavəti

Abdullah b. Zübeyr (r.a.) rəvayət edir: “Həzrəti Aişə və bacısı Əsmadan (r.a.) səxavətli
qadın görmədim. Onların səxavəti bir-birindən fərqli idi. Həzrəti Aişə az-az yığardı, çoxalan kimi kasıblara paylayardı. Əsma da sabaha bir şey saxlamaz, dərhal möhtaclara infaq edərdi”.[8]

Yusuf Qandəhləvinin  “Həyatus-Səhabə 2” kitabından


[1] Müslim, Sahîh, 2/704 (1017)

[2] İbn Kesîr, el-Bidâye, 6/56.

[3] Ebû Nuaym, Hilye, 1/149

[4] Heysemî, Mecmau’z-Zevâid, 10/ 414 (17754)

[5] Heysemî, Mecmau’z-Zevâid, 10/ 414 (17752)

[6] Beyhaki, Şuabu’l-Îmân, 3/251 (3456)

[7] el-Hindî, Kenzu’l-Ummâl, 6/887 (16976)

[8] Buhârî, Edebu’l-Müfred, 1/106 (280)



Açar sözləri

slider

Bənzər məqalələr

Daha çox savab qazanmaq üçün başqa nə edə bilərik?

1. Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsiniz? Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd b. Xaliddən rəvayət edilən hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sanki, ramazan ayını iki qat oruclu keçirməyin yolunu göstərir: “Kim bir orucluya iftar verərsə, o orucluya verilən savab […]

Bütün orqanlarla oruc

Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə

Namazın mahiyyəti və mənası

CAVAB: Namaz, əslində bir duadır, ancaq digər ibadətlərin xülasəsini ehtiva edən bir dua. Bundan əlavə, edilən duaların müəyyən qismi də namazla əlaqədardır. Namaza başlayarkən müəyyən dualar oxuduğumuz kimi, namazın müxtəlif rüknlərində və  salam verib namazı bitirdikdən sonra da bəzi dualar oxuyuruq. Ancaq namazın mahiyyəti Haqq-Təalanı təsbeh etmək – “Subhanallah” demək, Ona şükür etmək – “Əlhamdulillah” demək […]

Televiziya proqramlarından qazanılan pul halaldırmı?

CAVAB: televiziya proqramlarında təşkil edilən yarış proqramlarının hamısından qazanılan mükafatların halal yoxsa  haram olduğu haqda ümumi bir hökm vermək doğru deyildir. Şans və qumar xarakterli olmayıb, insan haqlarına hörmətlə yanaşan, yarışa qatılanların arasında obyektiv və adil seçim edilərək müəyyən bir məlumat və bacarığın yoxlandığı yarış proqramlarından qazanılan mükafatın alınması caizdir, halaldır.

Yeni qurulmuş ailənin ilk illərində nələrə diqqət edilməlidir?

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Sənə faydalı olan şeyin arxasınca get və onu əldə etmək ucun Allahdan komək dilə. Əsla acizlik etmə. Başına bir iş gələndə də: “Kaş belə edəydim, belə olardı,” – demə. Yalnız: “Bu, Allahın təqdiridir, O dilədiyini edər,” – de. Cunki “kaş” deyib heyifsilənmək şeytana qapı acar, soyləyəni zərərə salar”.


Şərh yaz