31. 889 dəfə oxunub ,   0 şərh   Çap et

Şəhid sözü ərəbcə bir kəlmədir. Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”.[1] Termin olaraq isə, Allah yolunda canından keçən müsəlmana şəhid deyilir. Şəhid sözünün kəlmə mənası ilə termin mənası haqqında müxtəlif izahlar mövcuddur. Bunlardan bəziləri,

Mələklər şəhidin Cənnət əhli olduğuna şahidlik edəcəyi üçün belə deyilmişdir.[2]

Onlar Allahın əmrində haqq uğrunda şahidlik elədiklərinə və bunun üçün canlarından keçdiklərinə görə bu ada layiq görülmüşlər.[3]

Şəhidlərin zahirən dünyadan imanla köçdüklərinə və ən gözəl şəkildə öldüklərinə şahidlik edildiyinə görə belə adlandırılmışlar.[4]

Ali-İmran surəsindəki şəhidlər haqqında olan ayənin səbəb-nüzulu (nazil olma səbəbi) belədir: Uhud müharibəsindən sonra Rəsulullah (s.ə.s) Cabir ibn Abdullahla qarşılaşdı. Onu kədərli görüb:

– “Niyə belə kədərlisən? Buna səbəb nədir?”, – deyə soruşdu. Cabir:

– “Atam şəhid oldu. Baxıma ehtiyacı olan uşaqları və borçları qalıb. Bunun üçün kədərliyəm.” – dedi. Rəsulullah (s.ə.s) ona:

– “Allahın atanı necə mükafatlandırdığını sənə xəbər verimmi?” – dedi. Cabir: “Bəli”, – deyincə, Rəsulullah (s.ə.s) belə buyurdu:

– “Allah, atan xaricindəkilərlə pərdə arxasından danışdı. Lakin atanla heç bir pərdə olmadan danışaraq ona belə dedi: “Ey bəndəm! Məndən nə istəyirsən dilə sənə verim. Abdullah ibn Cahş: “Ey Rəbbim! Məni yenidən dirilt ki, sənin yolundan yenidən canımdan keçə bilim”, – dedi. Allah ona: “Dünyada ölən kəsləri yenidən dünyaya qaytarmayacağımı əvvəlcədən bildirmişdim. Buna görə səni geri dünyaya qayıtmağın mümkün deyil.” – buyurdu. Abdullah ibn Cahş: “Ey Rəbbim! Onda mənim halımı və mənə lütf elədiyin nemələri mənim kimi şəhid olanlara da bildir.” – dedi. Bunun üzərinə Allah Ali imran surəsinin 169-cu ayəsini nazil etdi.”[5]

Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik  rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”( Ali-İmran, 3/169-171.)

Hz. Peyğəmbər (s.ə.s) isə şəhidlər haqqında belə buyurmuşdur: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz. Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzularlar.”[6]

“Məhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, Allah yolunda savaşmaq və öldürülmək, sonra savaşmaq və yenə öldürülmək, sonra yenə savaşmaq və öldürülmək istərdim.”[7]

Quranda şəhidlərin günahlarının bağışlandığı bildirilmişdir: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin (şəhid olanların) günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”( Ali İmran, 3/195)

Peyğəmbərimiz (s.ə.s) də peyğəmbər olmağına baxmayaraq şəhid olmağı arzulamış və bir hədisində, “…Muhammədin (s.ə.s) canı qüdrət əlində olan Allaha and olsun ki, nə qədər arzu edirəm, Allah yolunda səfərə çıxan hər orduya qoşulum, hər döyüşə gedən orduya qatılım və layiqincə mücahidə edəndən sonra öldürülüm. Sonra Allah məni yenidən diriltsin, yenə öldürülüm, sonra yenə diriltsin, yenə öldürülüm”.[8]– buyurmuşdur.

Şəhidləri üç qrupa ayrılır: 1. Həqiqi şəhid, 2. Dünya şəhidi, 3. Axirət şəhidi.[9]

Həqiqi şəhid

Həqiqi şəhidə dünya və axirət şəhidi də deyilir. Bu qrupa qeyri-müsəlmanlarla və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən, zülm və haqsızlıqla öldürülənlər aiddir. Müharibədə yaralanan və bu yara səbəbilə (başqa yerə aparılmadan) elə həmin yerdə ölənlər də bu qrupa aiddir.[10] Bunlar həqiqi şəhidlərdir. Heyz, nifas və cünubluqdan təmiz olaraq şəhid olanların üstündəki kürk, palto, gödəkcə, silah, məst və buna oxşar şeylər çıxarılır cənazəsi yuyulmur, kəfənlənmir və qanlı paltarları ilə dəfn olunurlar. Hədisdə: “Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar.”[11]– buyrulmuşdur. Hz. Peyğəmbərin əmri ilə Uhud şəhidləri yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı[12] da qılınmamışdır.[13]

Həqiqi şəhid sayılmaq üçün aşağıda sadalanan şərtlər olmalıdır:

Müsəlman olmaq.

Mükəlləf olmaq.

Təmiz olmaq.[14]

Zülmə məruz qalaraq öldürülmək.

Yaralandığı yerdə şəhid olmaq.

Qan bədəlinin olmaması.

Dünya şəhidi 

İnsanların şəhid bildiyi hər kəs əslində şəhid deyildir. Allah yolunda mübarizədə iştirak eləməyinə baxmayaraq, Allah rizası üçün yox, hər hansı başqa məqsəd üçün öldürülənlər dünya şəhidi sayılır. Ancaq onların həqiqətən şəhid sayılıb sayılmadığını Allah bilir. Dünyəvi olaraq şəhid statusunda olduqlarına görə, həqiqi şəhidə aid hökmlər dünya şəhidi üçün də keçərlidir. Bu cür şəhid olanların həqiqi məqsədini ancaq Allah bilir. Əgər məqsədləri həqiqətən Allah rizasını qazanmaq olmayıbsa həmin şəhidlər axirət müafatından məhrum olarlar. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Qiyamət günü ilk hesaba çəkilən bir şəhid olacaq. Hesaba çəkilmək üçün Allahın hüzuruna gətiriləcək. Allah-Təala verdiyi nemətləri ona xatırladacaq, o da bunların verildiyini etiraf edəcək. Allah: “Yaxşı, bütün bunların əvəzində sən nə etdin?” – buyuracaq. O da: “Şəhid olanacan Sənin yolunda cihad etdim”, – deyə cavab verəcək. Bu zaman Allah buyuracaq:

– Yalan deyirsən! Sən, sənə “necə igid adamdır” desinlər deyə vuruşdun və elə də dedilər”.

Sonra əmr edəcək ki, onu Cəhənnəmə atsınlar…[15]

Allah Rəsuluna (s.ə.s) müharibdə iştirak edən şəxslərin haqqında soruşmuşlar. “Bəzi insanlar qənimət, bəziləri məşhur olmaq, bəziləri göstəriş üçün vuruşur, bunların hansı Allah yolundadır? Allah Rəsulu (s.ə.s) “Kim Allahın adının ucalması uğrunda döyüşə iştirak edərsə o, Allah yolundadır.”[16]

 Axirət şəhidi

Həqiqi şəhidlərdə olan şərtlərdən ən az birini daşımayan və dünya şəhidi qrupuna aid olmayan şəhidlər axirət şəhidi sayılırlar. Döyüşdə yaralanan və həmin yerdə ölməyən, yeyib-içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra başqa yerdə həyata göz yumanlar bura daxildir. Müxtəlif hədislərdə Allah Rəsulunun (s.ə.s) xəbər verdiyi, müəyyən səbəblərdən ölənlər də bu qrupa daxildir. Axirət şəhidlərinə cənazə üçün lazım olan bütün qaydalar tətbiq olunmalıdır. Yəni yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və dəfn olunmalıdır.

Şəhidlər haqqında bəzi hədislər

Şəhidlər beş cürdür: vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər”.[17]

Malını qoruyarkən haqsız yerə öldürülənlər, canını qorumaq üçün özünü müdafiə edərkən haqsız yerə qətlə yetirilənlər, dinini tərk etmədiyi üçün öldürülənlər və ailəsinin namusunu və şərəfini qoruyarakən öldürülənlər şəhiddir”.[18]

“Bir nəfər Allah Rəsulunun (s.ə.s.) yanına gələrək:

– Ey Allahın Rəsulu! Malımı qəsb etmək və ələ keçirmək istə­yən adam mənə ilişsə, nə edim? – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.):

– Malını ona vermə! – deyə cavab verdi. Adam:

– Əgər mənimlə vuruşmağa cəhd göstərərsə? – deyə soruşdu.

– Sən də ona cavab ver! – dedi. Adam:

– Əgər məni öldürərsə? – dedi. Allah Rəsulu (s.ə.s.):

– Onda sən şəhid sayılırsan, – buyurdu. Adam:

– Yox əgər mən onu öldürsəm? – deyəndə Peyğəmbərimiz (s.ə.s.):

– O, Cəhənnəmdədir! – buyurdu”.[19]

Rəsulullah (s.ə.s) səhabələr, “Kimə şəhid deyirsiniz?” – deyə soruşdu. Səhabələr:

“Ey Allahın Rəsulu! Allah yolunda öldürülən şəhiddir”. Rəsulullah (s.ə.s) buyurdu:

“Elə isə ümmətimin şəhidləri azdır”. Səhabələr:

“Ey Allahın Peyğəmbəri! Bəs kimlər şəhiddir”, – deyə soruşdu.

Rəsulullah (s.ə.s): “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə[20] ölən şəhiddir”.[21]– buyurdu.

Kim malını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə edərkən öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə edərkən öldürülərsə o da şəhiddir”.[22]

Kimlər şəhid sayılır?

Döyüş meydanından başqa yerlərdə ölüb şəhid hökmündə olanların bəziləri hədisi-şəriflərdə qeyd olunur. Bunlar axirət şəhidləri sayılırlar.

Malını qoruyarkən[23]

Canını qoruyarkən[24]

Ailəsini[25] və ya dinini qoruyarkən[26] öldürülənlər.

Haqsız yerə və ya haqqını müdafiə edərkən öldürülənlər[27]

Taun və qarın xəstəliyindən ölənlər.[28]

Boğularaq ölənlər.[29]

Uçqun altında qalanlar.[30]

Hamilə ikən və ya doğum əsnasına ölən qadınlar.[31]

Yanğın zamanı ölənlər.[32]

Heyvanın üzərindən yıxılaraq və ya heyvan tərəfindən tapdanaraq ölənlər.[33]

Səhər üç dəfə “Əuzu billəhi minəş şeytanir racim” deyərək Həşr surəsinin son üç ayəsini oxuyan və həmin gün ölən şəxs (eyni hədis bunu axşam oxuyan üçün də keçərlidir).[34]

Xəstəlikdən ölən[35]

Zəhərli heyvan tərəfindən zəhərlənərək ölən.[36]

Qürbətdə ölən[37]

Səhvən özünü öldürən şəhid sayılırmı?

Səhvən özünü öldürənin şəhid sayıldığı bildirilir. Xeybər müharibəsində Amir ibn Əkva qılıncı ilə bir yəhudini vurmaq istədi. Qılınc qısa olduğundan özünün diz qapağına dəydi və qanaxmadan vəfat elədi. Bəzi şəxslər Amirin intihar elədiyini deyirdi. Əmisi haqqında deyilənlər Sələmə ibn Əkvanı narahat edirdi. Xeybərdən qayıdarkən Rəsulullah (s.ə.s) Sələmədən soruşdu: “Ey Sələmə! Sənə nə olub?”. Sələmə cavabında: “Atam anam sənə fəda olsun ya Rəsulallah! Bəzi şəxslər əmimin şəhid savabından məhrum olduğunu deyirlər. (Buna görə narahatam)”, – dedi. Rəsulullah (s.ə.s), “Bunu iddia edən yalan deyir. Amir üçün iki savab var. (Bunu deyərkən iki barmağını birləşdirərək) O, cahid və mücahiddir (yəni Allah yolunda mübarizə apardığı üçün bir, əlindən gələni elədiyi üçün də iki savab qazanmışdır). Ərəblərdən onun kimi olanlar çox azdır.” – buyurdu.[38]

Şəhidlərin dəfn edilmə şəkli

“Muhəmmədin canı əlində olan Allaha and verirəm ki, kim Allah yolunda yaralanarsa -ki Allah kimin öz yolunda yaralandığını bilir- qiyamət günü yaraları yaralandığı gün kimi  axaraq gələr. Onun rəngi qan rəngidir, qoxusu isə müşk qoxusudur.”[39]

– Allah Rəsulu (s.ə.s) Uhud şəhidlərini dəfn edərkən belə tapşırıq verib:

“Onları qanlarıyla dəfn edin, şübhəsiz Allah yolunda meydana gələn heç bir yara yoxdur ki, qiyamət günü həmin yara yeri qan rəngi, qoxusu isə müşk ətiri kimi olmasın.”[40]

Alimlər Peyğəmbərimizin (s.ə.s) tətbiqini əsas alaraq şəhidlər haqqında aşağıdakı hökmü vermişlər:

Şəhidlər bədəni yuyulmur, qanlı paltarı kəfəni sayılır. Buna görə də paltar qanlı olsa da dəyişdirilməz, yüyülməz. Ancaq başqa nəcis bir şey varsa o təmizlənir.

Şəhidin üzərindəki silah, bıçaq, su qabı bənzəri əşyalar götürülür.

Palto kimi qalın paltarlar, ayaqqabı və kəfən olmağa əlvərişsiz digər əşyaları üstündən çıxarılır.

Əgər əsas paltarı cəsədi tam örtməsə sünnətə uyğun şəkildə əksik tamamlanır.

Xülasə, şəhidlik böyük nemətdir. Bir müsəlmanın İslamın hökmlərinə əməl edərək yaşaması və şəhid olaraq vəfat etməsi onun üçün böyük səadətdir. Ancaq şəhidlik çox az insana qismət olur. Ancaq qəlbində bu istəyin olması da şəhid savabı qazanmaq üçün kifayətdir. “Uca Allah səmimi qəlbdən şəhid olmağı istəyən şəxsi, yatağında ölsə belə şəhidlər dərəcəsinə yüksəldər.”[41]


[1] Buxari, Cənaiz, 75; Məğazi, 26.

[2] Əzhəri, Təzhibul-lüğa, VI, 73.

[3] Zəbidi, Tacul-arus, VIII, 255.

[4] Zəbidi, Tacul-arus, VIII, 255.

[5] Tirmizi, Hakim, İbni Macə, İbn-Hüzeymə, Təbərani, Beyhəqi.

[6] Buxari, Cihad, 6; Müslim, İmarə, 108, 109; Nəsai, Cihad, 33.

[7] Buxari, İman, 26; Müslim, İmarə, 103, 107; Nəsai, Cihad, 18, 30.

[8] Müslim, İmarə,103.

[9] Vehbe Zühayli, İslam fıkhı ansiklopedisi, III, 106.

[10] Hz. Ömər və Hz. Əli yaralanandan sonra başqa yerə aparılmış və aparıldıqları yerdə vəfat etmişlər. Bu səbəbdən onların cənazəsi yuyulmuşdur. Hz. Osman isə yaralandığı yerdəcə şəhid olmuş, buna görə də onun cənazəsi yuyulmamışdır. (Mehmed Zihni, Nimetil-İslam, 618).

[11] Əhməd ibn Hənbəl, Müsnəd, III, 299.

[12] Maliki, Şafei və Hənbəli məzhəblərinə görə şəhidlərin cənazə namazı qılınmır. Hənəfi məzhəbinə görə isə qılınır.

[13] Əhməd ibn Hənbəl, Müsnəd, III, 299, V, 431; Nəsai, Cənaiz, 82, Cihad, 37.

[14] Hənəfi məzhəbinə görə cünub, aybaşı və nifas halında ölənlər həqiqi şəhid sayılmır, belə şəxslərin cənazəsi yuyulmalıdır. Digər məzhəblərə görə isə, şəhidlik insanın mənəvi kirlərini də təmizləyicidir. Bu səbəbdən bu vəziyyətlərdə şəhid olanların cənazəsini yumağa ehtiyac yoxdur.

[15] Müslim, İmarə, 152; Nəsai, Cihad, 22.

[16] Buxari, Cihad, 15; Tövḥid, 28; Müslim, İmarə, 149-151

[17] Buxari, Cihad, 30; Müslim, İmarə, 164.

[18] Əbu Davud, Sünnə, 29; Tirmizi, Diyat, 21.

[19] Müslim, İman, 225.

[20] Hədisdəki “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə, qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir.

[21] Müslim, İmarə, 165. Tirmizi, Cənaiz, 65.

[22] Tirmizi, Diyət 22; Əbu Davud, Sünnə 32.

[23] Buxari, Məzalim, 34; Müslim, İman, 225, 226.

[24] Əbu Davud, Sünnə, 32.

[25] Tirmizi, Diyət, 22.

[26] Əbu Davud, Sünnə, 32

[27] Əhməd ibn Hənbəl, Müsnəd, II, 205 (II, 652).

[28] Müslim, İmarə, 164-166; Əbu Davud, Cənaiz, 15.

[29] Əhməd ibn Hənbəl, Müsnəd, II, 205 (II, 652).

[30] Nəsai, Cənaiz, 14, Cihad, 48.

[31] Əbu Davud, Cənaiz, 15; Nəsai, Cənaiz, 14, 112, Cihad, 36, 48.

[32] Əbu Davud, Cənaiz, 15; Nəsai, Cənaiz, 14.

[33] Əhməd ibn Hənbəl, Müsnəd, II, 441.

[34] Tirmizi, Səvabul Quran, 22.

[35] İbn Macə, Cənaiz, 62.

[36] Əbu Davud, Cənaiz, 15.

[37] Əbu Davud, Cənaiz, 15.

[38] Buxari, Məğazi, 39. Oxşar hədislər üçün bax: Əbu Davud, Cihad, 38, Cənaiz, 26-27; İbn Macə, Cənaiz, 28.

[39] Müslim, İmarə, 103/1876; həmçinin baxın Buxari, Vudu, 67

[40] Nəsəi, Cənaiz, 82

[41] Müslim, İmarə, 156-157; Əbu Davud, İstiğfar, 26; İbn Macə, Cihad, 15.




Bənzər məqalələr

Şəhidlər

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.


Şərh yaz