Sual: Elə insanlar var ki, qarşılaşdıqları bir çox hadisəni − ən xırda çətinlikləri belə cadu ilə əlaqələndirir, özlərinə cadu edildiyini düşünür, bundan qurtulmaq üçün qapı-qapı gəzərək “nəfəsi qüvvətli” adam axtarırlar. Bizim əqidəmizə görə bu nə dərəcədə doğrudur?
Cavab: Metafizik varlıqların gücündən istifadə edərək insanlara zərər yetirmək, aldatmaq və ya gəlir qazanmaq məqsədilə edilən gözbağlayıcılıq və hiyləgərliyə cadu deyilir. Cadu ərəb dilində “sehr” adlanır. Bununla yanaşı, metafizikanın fizikaya təsiri və ya metafizik varlıqlar vasitəsilə insanın qorxuya düşməsi, gözünə qəribə şeylərin görünməsini cadu adlandıranlar da olmuşdur. Cadunun maddi olaraq yox, yalnız qorxu ilə xəyali təsirinin olduğunu qəbul edənlər isə, onu bəzi qabiliyyətli insanların əl çevikliyi, gözbağlayıcılıq və bəzi fiziki qanunlardan sui-istifadə, narkotik və sərxoşedici vasitələr içərək müəyyən insanları ovsunlamaq və normal hadisəni qeyri-adi göstərmək kimi anlamışlar.
Tarixdə cadu və cadugərlik
Cadugərlik ta qədim zamanlardan mövcuddur. Belə ki, Hz. İbrahimin (ə.s) peyğəmbər olaraq göndərildiyi Babil xalqının əvvəllər ruhlara və mələklərə, sonralar da ulduzlar, ay və günəş üçün düzəldilmiş bütlərə sitayiş etdiyi bildirilir. Bu günə qədər gəlib çatan və xüsusilə də imanı zəif şəxslərin əqidəsinə çevrilən ulduz falı və ulduzların gücünə inanmağın kökləri məhz həmin dövrə gedib çıxır. Hz. İbrahimlə (ə.s) əlaqəli ayələrə nəzər salanda görürük ki, O, insanlara dini təbliğ edərkən ay, günəş və ulduzlardan nümunələr vermişdir.[1] Əslində bununla o dövrün insanları üçün əhəmiyyətli olan məsələlər nəzərə çatdırılmışdır. Babil xalqı cinləri köməyə çağırır, bəzi görünməz qüvvələrdən istədikləri kimi istifadə edə biləcəklərinə inanırdılar. Onların bu düşüncəsi Misir mədəniyyətinə də təsir etmişdir.
Babil mədəniyyətindən təsirlənən misirlilər falçılıq və cadugərlik məsələlərində daha da irəli gedərək bir çox işlərini sehrlə həll etməyə çalışır, gözbağlayıcılıqla məşğul olur və çox vaxt illuziyadan istifadə edirdilər. Qədim Misir gözbağlayıcılıqla məşğul sehrbazlar və onları bu işlərə təşviq edən özündənrazı Fironların hakimiyyəti altında idi.
Yəhudilər arasında da bir qrup cadugərliyə meylli insanlar vardı. Onlar cin çağırmaq, xəbis ruhları əsir almaq, görünməz qüvvələrdən istifadə, cadu və ovsun etməklə məşğul olurdular. Lakin onlar bunu Tövrat və İsrailoğullarından öyrənməmişdilər. Onların batil əqidələrinin kökləri tilsim və ovsunlarla güclərini göstərən, cadugərliklərlə dolu Kabbala mətnləri kimi Qədim Misirdəki bütpərəstliyə, Fironların cadugərliyinə əsaslanır, hətta qədim Babilə qədər uzanırdı.
Qədim Çində də cadugərlik yayılmışdı. Deyə bilərik ki, ta qədimdən bu yana əksər elmlər uzaq şərqdən dünyaya yayılmışdır. Buna görə də Rəsulullahın (s.ə.s) “Elm Çində belə olsa onu öyrənin”[2] hədisini sadəcə elmə təşviq mənasında anlamaq doğru deyil. Baxmayaraq ki, bəzi mühəddislər bu hədisin Rəsulullaha (s.ə.s) isnad edilən “uydurma” söz olduğunu və sənədindəki qopuqluqlardan dolayı hədis qəbul edilməyəcəyini bildirmişdir. Bəzi hədisçilər də “bu zəif hədisdir” demişdir. Bu sözü hədis qəbul etsək belə düşünə bilərik, Rəsulullah (s.ə.s) daha uzaq yeri işarə edə bilərdi. Lakin, Çinin adını çəkmişdir. Deməli, bir vaxtlar qədim Çində elm çox yayılıbmış. Elmlə yanaşı əfsanəvi şeylərə olan maraq da artmış, cadugərlik də inkişaf edibmiş.
Dinlər tarixində bildirilir ki, tənasüx inancının kökü qədim Misirdəki Hermesə və Pifaqor vasitəsilə qədim Yunanıstana qədər gedib çıxır. Ruh və görünməz qüvvələrə inam Pifaqor tərəfindən Misirdən İyonaya gətirilmiş, beləcə şərqdə olduğu kimi Yunan-Roma mədəniyyətində də falçılıq rəğbət qazanmışdır.
Harut və Marut
Rəsulullahın (s.ə.s) dövründə yaşayan yəhudilər arasında da caduya inananlar vardı. Onlar Hz. Süleymanın (ə.s) böyük cadugər olduğunu, hökmdarlığa sehr edərək gəldiyini, insanları və cinləri də bu üsulla idarə etdiyini iddia edir, bu yolla güclənəcəklərinə və başqa qəbilələri özlərinə tabe edəcəklərinı inanırdılar. Qurani-Kərimdə Hz. Süleymanın (ə.s) peyğəmbər olduğu bildirildikdə “Muhamməd Süleymanın peyğəmbər olduğunu zənn edir, halbuki, o bir sehrbazdır” (!) dedilər. Uca Allah Bəqərə surəsinin 102-ci ayəsində onların bu iddialarına cavab vermiş və belə buyurmuşdur:
“(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (Bəqərə, 2/102).
Bu ayədə Harut və Marut qissəsi də açıqlanır. Bəzi müfəssirlər onların mələk yox məcazi varlıq və ya simvol olduğunu bildirsələr də əsas qəbul olunan fikrə görə, Harut və Marut Süleyman (ə.s) peyğəmbərin dövründə Babildə insan surətində ortaya çıxan, insanlara sui-istifadə etməmək şərtilə cadugərliyi öyrədən və onlar üçün imtahan vəsiləsi olan iki mələkdir. Bu elmdən bəd niyyətlərini həyata keçirmək üçün istifadə edənlərin əksinə Harut və Marut, “Biz Allah tərəfindən göndərilmiş imtahan vəsiləsiyik. Həm qazandırarıq, həm də itirməyə səbəb olarıq. Yəni öyrədəcəyimiz məlumatlardan sui-istifadə etmək mümkündür. Lakin belə etmək küfrdür. Ağlınızı başınıza yığın və bu imtahandan üzüağ çıxın.”, − deyərək həmsöhbətlərini bu mövzulardan sui-istifadə etməməyə çağırırdılar.
Mərhum Almalılı Həmdi Yazırın da dediyi kimi, bu iki mələyin öyrətdikləri sehr deyildi. Ancaq insanlar həmin bilgilərdən sui-istifadə edərək küfrə düşə bilərdilər. Belə ki, ayədə “iki mələyə nazil olan şey” haqqında sehr deyilməmişdir.
Müsəlmanlar və cadu
Sehr, cadu İslamdan əvvəl Babil və Misirdə olduqca inkişaf etmiş, tədricən Çin və Hindistanda rəğbət görməyə başlamış və metafizik varlıqlara inanmağa meylli olan şərqlilər vasitəsilə Qərbə qədər gedib çıxmışdır. Mələklər və cinlərə inanmaqla metafizik varlıqlardan xəbərdar olan müsəlmanlar da qədim mədəniyyətlərlə tanış olmağa başladıqca cadugərlik, tilsim, muska və fala baxmaq kimi bidətləri onlardan öyrənmişlər.
İslam alimləri sehri müxtəlif növlərə ayırmışlar. Bunlar aşağıdakılardır:
Ulduzların təsirinə əsaslanan və “tilsim”,
Adətən Kəldanilərin istifadə elədiyi ruh çağırma,
Hipnoz və bənzər yollarla insanlara təsir etmə,
Cinlərin görünməz gücündən istifadəylə və xalq arasında cindarlıq adlanan əl çevikliyi və gözbağlayıcılıq,
İsmi-əzəmi bildiyini iddia edərək qarşısındakına psixoloji təsir etmək,
Şəxsin müəyyən əlamətlərini gizlincə öyrənərək ürəklərini oxuyurmuş kimi üzlərinə demək hoqqabazlığı və s. Cadunun buna bənzər bir çox növləri vardır.
Əhli-Sünnə alimlərinə görə, sehr həqiqətdir və bəzi növləri fiziki dünyaya təsir edir. Ancaq bu təsir cadugərin yox, o, səbəbləri yerinə yetirdiyi üçün Allahın yaratdığı təsirdir. Buxari və Müslimin hədis kitablarında Allah Rəsuluna (s.ə.s) sehr edildiyi xəbər verilir. Mötəzilə alimləri və bəzi müasir şərhçilər bunu qəbul eləməsələr də bu hadisə mötəbər mənbələrdə qeyd olunmaqdadır. Allahın bilmədiyimiz bir hikmətdən dolayı icazə verdiyi bu sehr səbəbilə Peyğəmbərimizdə (s.ə.s) “müqərrəbin xətası” adlanan bir-iki yanılmanın olduğu bəzi səhabələr tərəfindən də xəbər verilmişdir.
Səhabələr nübüvvətlə əlaqəli olmayan belə bir hadisəni gizlədə bilərdilər. Lakin, Rəsulullahda (s.ə.s) qısamüddətli olsa da təsirləri görünən bu hadisəni nəql etmişlər. Bununla sehrin Peyğəmbərimiz (s.ə.s) üzərindəki müvəqqəti təsirinin olduğunu bildirmiş, cadunun doğru əməl olmadığını və cadu edilənlərin nə etmələri gərəkdiyini sonrakı nəsillərə öyrətmişlər. Həmin sehrdən sonra Rəsulullahın (s.ə.s) bir neçə namazda “müqərrəbin xətası” adlandırılan kiçik xətalar etdiyinə şahid olmuşlar. Bu kiçik xətalar da bir insana axirət və təbliğ fəaliyyəti ilə əlaqədar dərin düşüncələrin içərisində olduğu zamanı müvəqqəti unutdurmasıdır. Bizdə belə hal baş versə, bəlkə də, bu bir fəzilət sayıla bilər. Çünki, həmin unutqanlığın arxasında təbliğ düşüncəsi var.
Rəsulullah (s.ə.s) özünə cadu edildiyinin fərqinə varınca dua edərək Uca Allahdan şəfa istəmişdir. Çox keçmədən Cəbrayıl və Mikayıl (ə.s) gələrək Rəsulullaha (s.ə.s) İbn Asam tərəfindən bir neçə tel saç və saqqal tükü və xurma çiçəyi ilə edilən cadunun Zərvan quyusuna atıldığı bildirmişdir. Peyğəmbərimiz (s.ə.s) də bir neçə səhabə ilə bərabər həmin quyunun olduğu yerə getmiş və quyunu doldurmuşlar. Hz. Aişə (r.anha) “Ey Allahın Rəsulu! Sehri çıxardınmı?” – deyə soruşduqda, Peyğəmbərimiz (s.ə.s), “Xeyr, çıxarmadım. İnsanlar arasında cadunun yayılmasından qorxduğum üçün cadunu açmadım”, – demişdir. Üstəlik Allahın özünə şəfa verdiyini və cadudan qurtulmaq üçün onu açmaq gərəkmədiyini bildirmişdir.[3] (Bəzi mənbələrdə Rəsulullahın (s.ə.s) cadunu quyudan çıxardığı, lakin insanlara bildirmədiyi qeyd edilməkdədir).
Cadu insanı küfrə aparır
İslamda sehr və cadu qəti qadağan olunmuşdur. Quranda sehrbazın hara gedir-getsin uğur qazanmayacağı, mətləbinə çatmayacağı bildirilir. (Taha, 20/69). “Düyünə üfürən sehr eləmiş, sehr edən isə şirkə düşmüşdür”[4], − deyən Peyğəmbərimiz (s.ə.s) sehrin insanı həlak edən yeddi böyük günahdan biri olduğunu bildirmişdir.[5] Bir hədisində ər və arvadın arasını vurmaq üçün ovsun və cadu elətdirməyin şirk olduğunu bildirən Peyğəmbərimiz (s.ə.s), başqa bir hədisində də “Kim falçı, qeybdən xəbər verən və sehrbazın yanına gedər və ondan nə isə soruşar, sonra onun dediklərinə inanarsa küfrə girmiş olar”, − buyurmuşdur[6]. Bu hədisləri dəlil olaraq qəbul edən bəzi alimlər sehbazların kafir olduğuna hökm vermişlər.
Bəli, gözbağlayıcılıq və əl çevikliyi ilə insanları aldatmaq kimi sehr növləri ilə məşğul olana təkfir etmək bəlkə də doğru deyil. Ancaq bu bir həqiqətdir ki, sehrin hər növü haramdır. Rəsulullah (s.ə.s) da sehrdə həqiqi təsirin olduğuna inanaraq Allahın güc və qüvvətini görməzlikdən gəlməyi, sehrbazlıqla pul qazanmağı və insanların mənəviyyatındakı boşluqları sehrlə doldurmağı küfr olaraq qəbul etmişdir.
Elə insanlar var ki, sehrlə əlaqəli metafizik məsələləri din kimi təqdim edirlər. Yoqa, meditasiya, ekstrasenslik, illuziya və metafizika ilə əlaqəli şeyləri dinin alternativi olaraq göstərməyə çalışırlar. Dinin vəd elədiyi xoşbəxtliyi bəzi üsul və yollarla qazanmağın mümkün olduğunu iddia edir, bununla insanları dindən uzaqlaşdırır, yoqa, meditasiya və heç bir sağlam əsası olmayan ruhi təcrübələri dinə alternativ olaraq göstərirlər. İnsanlar ilk baxışda qeyri-adi görünüən bəzi hərəkətlərlə müəyyən hallar yaşaya və bununla özlərini reklam eləyə, qeyri-adi insanmış havasına bürünməyə − açıq-aşkar deməsələr belə − özlərini peyğəmbər yerinə qoya bilər. Yoqadan mistikaya, meditasiyadan bəzi batil təriqətlərin ayinlərinə qədər bir çox sahədə belə sapıqlıqlara rast gəlmək mümkündür.
Əfsuslar olsun ki, cəmiyyətimizdə bu vəziyyətə düşənlər də var. “Namaz, oruc, həcc o qədər də əhəmiyyətli deyil. Bunlar simvolik məna daşıyır. Əsas məsələ vicdanlı olmaqdır və ya filan şeydir” deyərək füruata aid xüsusları qabardaraq dində hər mövzunun xüsusi yerinin olduğunu görməzlikdən gələn, Allahın əsas qəbul elədiyini heçə sayan, yəni Allaha qarşı həddini bilməyən bu insanlar saf zehinləri boş və mənasız şeylərlə doldurmağa çalışırlar. Üstəlik dinlə Allaha yaxınlaşa biləcək, mənəviyyatını zənginləşdirəcək, Allahın sevimli qulu olacaq neçə-neçə insanı mənasız şeylərlə məşğul edir, Allahdan uzaqlaşdırırlar.
Sehr və sehrbazlıqla əlaqəli gözbağlayıcılıq kimi müxtəlif fəaliyyətləri məkrli niyyətlər üçün istifadə etməyənlər bəlkə də kafir sayılmaz, amma bununla böyük günah işləmiş olarlar ki, bu, hədis şərhçiləri tərəfindən də bildirilmişdir. Lakin Peyğəmbərimiz (s.ə.s) sehr və sehrbazlığı küfr olaraq qəbul etmişdir. Xüsalə, sehrin bəzi növləri insanı küfrə aparsa da, sehrə ümumiyyətlə yaxınlaşmamaq məsləhətdir. Məsələn, qeybətin elə növü var ki, zinadan daha betərdi. Bəli, bir şəxsin qeybətini eləmək günahdır. Lakin bir cəmiyyətin, qrupun və ya qrupu təmsil edən şəxsin qeybətini eləmək daha böyük günahdır. Hətta zinadan daha təhlükəli və öldürücü günahdır. Bu bənzətmədə olduğu kimi, sehrin bəzi növləri və onların səbəb olduğu bəzi sapıq inanclar var ki, onlarla məşğul olmaq və inanmaq küfrdür. Buna görə də onlardan uzaq durmaq lazımdır. Rəsulullah (s.ə.s) da həmin məsələni izah edərkən hikmətlə hökm vermiş və “Sehr küfrdür”[7] demişdir.
Keşiş sehri
Məsələyə ümumi olaraq baxdıqda görərik ki, bəziləri sehri məslək halına gətirərək küfrə düşmüş, kimi də fərqinə varmadan Allahın güc və qüvvətini yanlış şeylərə aid etmiş, cadunu açdırmaq üçün qapı-qapı dolaşmışdır. Allahın onların etdiyi sehrə (haşa) mane olmayacağını düşünənlər belə olmuşdur. Yəni imanı zəif insanlar hər hansı probleminin həllində Allaha yönəlmək əvəzinə sehrbaz və ya cadugərə üz tutur. Beləcə eyni vaxtda bir neçə qapıya yönəlmək kimi fasid dairə içərisinə düşür. Ora-bura qaçır, gah ona, gah da buna yönəlir əqidəsi zədələndiyi üçün heç kim onun dərdinə dərman ola bilmir.
İşin ən acınacaqlı tərəfi cadu və sehr vasitəsilə insanlara psixoloji təsir edilməsi və qorxudulmasıdır. Əsrlər əvvəl Fironların və Kabbalistlərin istifadə elədiyi bu metodla insanlar aldadılmaqda və düz yoldan azdırılmaqdadır. Məsələn, “keşiş sehri” adlı sehr psixoloji silahdır. Mübaliğəli şəkildə ən təhlükəli sehr növü olaraq adlandırılan və yalnız keşiş tərəfindən açıla biləcəyi iddia edilən bu sehr dövrümüzdə cahil insanları təsir altına salmaq üçün istifadə olunan ən təsirli qorxu vasitəsidir. İnsanların dilində əfsanəyə çevrilən və “Filankəslərlə yaxşı rəftar elə. Onları əsəbləşdirmə. Keşiş sehri etsə qolunu belə tərpədə bilməzsən.” kimi ifadələr hiyləgər oyunun bir parçasıdır. Əfsuslar olsun ki, sayı az olsa da uşaqlığı məscidlərdə keçən lakin kilsədəki keşişlərdən mədət umanlar günbəgün artmaqdadır. Bu isə siyasi hiylənin baş tutduğunu göstərir.
İnsanların əqidəsinin necə sui-istifadə edildiyini, saf zehinlərin necə kirlədildiyini, xürafələrin inancla əvəzləndiyini görmək üçün falçılara, cadugərlərə rəğbət edənlərə baxmaq kifayətdir. Hətta elə insanlar var ki, Allaha, Peyğəmbərə, dinə inanmır, lakin hər hansı bir vəzifəyə gəlib-gəlməyəcəyini öyrənmək üçün falçının yanına gedir. Bəlkə də bunu edənlər ömürlərində bir dəfə olsun ən böyük həqiqət olan “La ilahə illallah Muhammədun Rasulullah” kəlməsini anlamamış, bu həqiqətə inanmamışlar. Falçılara inandıqları qədər Allaha inana bilməyən yazıq və biçarələr…
Əfsuslar olsun ki, özlərini falçı, münəccim, sehrbaz, ekstrasens kimi adlarla təqdim edən bir çoxları bütün imkanlarını səfərbər edərək telekanallara çıxır, qəzetlərdə yazılar yazır və bir çox fəaliyyətlərlə öz əməllərinə haqq qazandırır və insanların fikirlərini dəyişdirmək üçün əllərindən gələni edirlər. Halbuki, dediklərinin əksəriyyətinin dinlə əlaqəsi yoxdur. Amma bunu elə danışırlar ki, görənlər onların dindar olduğunu, dediklərinin də dində öz əksini tapdığını düşünür.
Əlbir olan falçılar
Sehr bir həqiqətdir. Ancaq hər şeyi sehrlə əlaqələndirmək doğru deyildir. Fikrimcə müsibətləri sehrlə əlaqələndirməyi tamamilə unutmalıyıq. Cadu edilibmi, edilməyibmi? Cin vurubmu, vurmayıbmı? Bunlar kimlərinsə başına gələ bilər. Lakin sehr ehtimalına qarşı qapını açıq qoysaq ən kiçik çətinliklərimizin belə cadu ilə olduğunu düşünərik. Belə olduqda isə başı ağrıyan, ürəyi bulanan, evlənə bilməyən, valideynləri və həyat yoldaşı ilə yola getməyən, uşağına söz keçirməyən, işlərində problemləri olan hər kəs ətrafındakıların da təsiri ilə özünə sehr edildiyini düşünməyə başlayar və buna inanar.
Özünə sehr edildiyinə inanan insanlar gündə bir sehrbazın yanına gedir. Hiyləgər və sehri aça bilməyən sehrbaz da onu başqasına yönləndirir, o da bilmədikdə “Filankəs məndən daha yaxşı bilir. Elə bir dua yazır ki, ətrafdakı bütün cinlər uzaqlaşır”, deyə başqasının yanına göndərir. Beləcə heç nədən xəbəri olmayan insan hiyləgərlərin toruna düşür və hamısına nə isə verməli olur. Onlara olan inamına görə bir neçə günlük psixoloji olaraq sakitləşir. Üstəlik yanına gələnlərə “Filankəsin duası sayəsində sağaldım, yaxşılaşdım” deməyə başlayır ki, bu da dildən-dilə dolaşaraq, bəlkə də məsələ ilə heç bir əlaqəsi olmayan, sehrin müalicəsini anlamayan, məqsədi saf insanları “soymaq” olan bir şəxsin məşhurlaşmağına səbəb olur. Lakin üzərindəki bu müvəqqəti təsir keçəndən sonra yenə əvvəlki vəziyyət bərpa olunur, qorxular yenidən baş qaldırır. Bu dəfə daha güclü falçı axtarmağa başlayır. Və beləcə heç özü də fərqində olmadan falçılığın yayılmasına, inkişafına və falçıların məşhurlaşmasına səbəb olur. Yəni şeytanın toru sayılan falçılıq sektoru qurulur. Əslində heç (bir xəstəliyi) nəyi olmayan sadəcə olaraq imani boşluqdan özünə cadu edildiyinə inanan saf insanlar tərəfindən falçılıq sektoru güclənməkdə davam edir. Qeybdən xəbəri olduğunu, cadu və cinlərlə əlaqəli çox şeyi bildiyini iddia edən hiyləgərlər də insanları necə tora salmağın yolları haqqında düşünürlər. Nəticədə zərər saf insanlara dəyir. Onların verdikləri sayəsində kimlərsə yaxşı yaşayır.
Ola bilər ki, bəzi insanlara həqiqətən sehr olunub, vəsvəsə, qorxu baş qaldırıb və ya xəbis ruhların hücumuna məruz qalıb. Bunlar adətən Allahdan uzaqlaşmaq, Rəsulullahın (s.ə.s) və Quranın mənəvi atmosferindən uzaq qaldıqda baş verir. Bunun dərmanı həmin mənəvi atmosferl(d)ə nəfəs almaq və Allaha yaxınlaşmaqdır. İnsan Allaha yaxın olmaq üçün bəhanələr axtarmalı, Rəsulullaha (s.ə.s) yaxın olmaq üçün çalışmalı, Qurana könül verməlidir ki, yalnızlığın təhlükələrindən qoruna və qorxulardan qurtula bilsin. Səmimi qəlblə Allaha yönəlməli, bütün istəklərini Ona ərz etməli, şəfanı da sadəcə Ondan istəməlidir ki, dualarına cavab verilsin. Bundan əlavə Uca Allahın yalnız Onun rizası üçün dua edən duası məqbul bəndələri vardır. Xəstənin adını çəkərən bir neçə gecə qalxar, səcdəyə qapanar və İlahi dərgaha yönələrək yalvararlar: “Ey Rəbbim! Həqiqi Şafi sənsən! Filan bəndənə şəfa ver. Onu hər cür bəla müsibətdən, xəstəliklərdən qoru. Onu çətin vəziyyətdə qoyma!”. Allah da diləsə həmin bəndəsinə şəfa verər. Bu yol peyğəmbərlər və övliyaların yoludur. Quran və Sünnə kimi insanı əsla yanıltmayan əsas mənbələri kənara qoymaq, yad qapılara yönəlmək nəyə gərəkdir? Yad qapılarda şəfa axtarmaq sadəcə aldanmaqdır. Bu hidayət rəhbərlərinə müraciət edənlər bütün dərdlərinə çarə tapa bilərlər. Dərdlərinin tam çarəsini tapmasalar belə səbir qalasına sığınar və müsibətin hardan gəldiyini bildikləri üçün mənəvi olaraq Allah dostları ilə eyni səviyyəyə yüksələrlər. Beləcə müvəqqəti olan dünya həyatında bir az çətinliklərlə qarşılaşsalar da axirət üçün tədarük görmüş olarlar.
Bizim müraciət edəcəyimiz iki əsas mənbə var ki, bunlar Quran və Sünnədir. İnsanları yanıltmayan rəhbərlər isə İnsanlığın İftixarının (s.ə.s) və onun davamçılarının yolu ilə gedən Quran və Sünnədən ayrılmayanlar əməlisaleh bəndələrdir. Bütün məsələlərdə olduğu kimi metafizika ilə əlaqəli məsələlərdə də bu iki əsas mənbəyə və həyat tərzi bu mənbələrə uyğun olan əməlisaleh rəhbərlərin göstərdiyi yol izlənməlidir.
Sual: Rəsulullah (s.ə.s) sehrdən qorunmaq üçün hər hansı dua oxuyub? Özünə cadu edildiyini düşünən insan hansı duaları oxumalıdır?
Cavab: Rəsulullah (s.ə.s) hər gecə yatmağa hazırlaşarkən iki ovucunu birləşdirər, İxlas, Fələq və Nəs surələrini oxuyaraq ovuclarına üfürər, sonra da başından və üzündən başlayaraq üç dəfə əlini bütün bədəninə sürtər və yatardı. Hz. Aişə (r.anha) bunu hər gecə üç dəfə etdiyini nəql edir.[8]
Rəsulullah (s.ə.s) özünə sehr ediləndə də bu surələri oxuyaraq Allahdan kömək diləmişdir. Əllərini açmış İxlas, Fələq və Nəs surələrini oxuyub ovucuna üfürərək bütün bədəninə çəkmişdi. Bunu 11 dəfə təkrar elədiyi və hər dəfə bir düyümün açıldığı bildirilir.
Belə bir vəziyyətlə qarşılaşanlar da İxlas, Fələq və Nəs surələrini 11 dəfə oxuyaraq eynilə Rəsulullah (s.ə.s) kimi etməlidirlər. Əlavə olaraq Fatiha surəsi, Ayətül-kürsi və mötəbər dua məcmuələrindəki Rəsulullahdan (s.ə.s) nəql olunan duaları da oxumaq olar. Məsələn cin vurduğu güman edilən şəxs Fatiha surəsini, Bəqərə surəsinin 1, 2, 1, 2, 3, 4, 5, 163, 164, 255, 284, 285 və 286-cı, Ali-İmran surəsinin 18-ci, Əraf surəsinin 54, 55 və 56-cı, Muminun surəsinin 116,117 və 118-ci ayələrini, Saffat surəsinin ilk on, Həşr surəsinin son üç ayəsini, Cin surəsinin üçüncü ayəsi ilə İxlas, Fələq və Nəs surələrini oxumalıdır. Bunları xəstənin özü oxuya biləcəyi kimi, ailə fərdlərindən biri də oxuya bilər. Əlavə olaraq əməlisaleh insanların da duasını almaq olar.
Şəfa verən Allahdır!
Duaları oxumaqdan daha əhəmiyyətli bir məsələ var ki, bu da sehrlə imtahan olunan şəxsin Allahın izni və inayətilə sehrdən qurtulacağına inanmasıdır. Əgər həmin şəxsin imanı zəifdirsə, Allahın şəfa verəcəyi haqqında şübhələri varsa, oxunanlar və edilən dualar təsir etməyə bilər. Ancaq Quranın bərəkəti ilə səmimi niyyətlə Allahdan istənilsə inşallah ki, həmin dərdin dərmanı tapılar və tezliklə sağalar. Biz Allahın hər şeyə gücünün yetdiyinə inanırıq. Bu xəstəliyi də Allahdan savayı kim sağalda bilər ki? Allah Özünə ürəkdən əl açıb yalvaranları əliboş qaytarmaz, onlara inayətilə yardım edər. Ona yönəlib, Ondan istəyənin başqa qapılara getməyinə ehtiyac qalmaz. Təki Allahı yeganə Müəssiri-Həqiqi qəbul etsin və Ona yönəlsin.
Bəli, “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (Şüara surəsi, 26/78-82) deyən Hz. İbrahim (ə.s) bu xüsusda bizim üçün çox gözəl nümunədir. Belə bir imanla hərəkət etməliyik. Ac, susuz qalsaq da, çətinliklərlə qarşılaşsaq, bəla müsibətlə üzləşsək də bir sözlə hər halımızda Allaha yönəlməli, yalnız Ondan istəməliyik. Çünki, Allahın inayət və yardımının olduğu yerdə başqa dəstəyə ehtiyac yoxdur.
Xüsalə, sehr və cadu həqiqətdir. Ancaq hər şeyin sehrlə olduğunu düşünmək doğru deyil. Sehrbazların qeyb aləminə aid məlumatları bildiyi və fövqəlbəşər qabiliyyətə malik olduğu inancı İslama ziddir. Sehrbazlığı, falçılığı doğruymuş kimi təqdim edərək insanları Allahdan, dindən uzaqlaşdırmaq, dinin əvəzinə boş və mənasız şeylərlə aldatmaq küfrdür. Sehrin haram olduğunu bilə-bilə iman zəifliyi səbəbilə sehr etmək və ya etdirmək böyük günahdır. Hər hansı şəxsi və ya ailəvi məsələdə sehr edilsə belə falçının yanına getmək, qapı-qapı gəzmək bu işlə məşğul olan hiyləgərlərə pul qazandırmaqdan başqa bir şey deyil. Din adı altında insanlara aşılanan şeylərə qarşı möminə yaraşacaq şəkildə mövqe sərgiləməli, sehr və cadu məsələsində də sələfi-salehinin yolundan ayrılmamalı, hər cür xürafələrə qarşı qapıları bağlamalıyıq. Allaha imanımız tamdırsa heç kimin və heç nəyin bizə zərər verə bilməyəcəyinə inanmalıyıq ki, bu bizim vəzifəmizdir.