Şəkk günü oruc tutmaq olar?
Şaban ayının iyirmi doqquzundan sonrakı gün hava buludlu olar və həmin günün şaban yoxsa, ramazan ayına aid olduğu dəqiq bilinməzsə, bu günə şəkk günü deyilir. Ancaq göy üzü açıq olar və hilal görülməsə bu gün şəkk günü sayılmır.
Rəsulullah (s.ə.s.) şəkk günü oruc tutmağı qadağan etmişdir. Hənəfi məzhəbinə görə, şəkk günü oruc tutmaq təhrimən məkruhdur. Ancaq bir şəxsin ilboyu tutduğu (hər həftənin birinci və dördüncü günləri və s.) oruc həmin günə düşərsə, o gün nafilə oruc tuta bilər. Hənəfilərə görə bu caizdir. Maliki və hənbəlilərə görə isə, bu gün nafilə oruc tutmaq məkruh, şafeilərə görə isə haramdır.
Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ramazan ayını bir və ya iki gün əvvəldən orucla qarşılamayın. Ancaq kim ki, adəti üzrə bu günləri orucla keçirirsə o tutsun.”[1]
Şəkk günü “Əgər ramazan ayıdırsa, oruc tutmağa, deyilsə, oruc tutmamağa” şəklində niyyət edilərək tutulan oruc caiz deyil. Çünki oruca edilən niyyət qəti olmalıdır.
[1] Buxari, Savm, 5, 11, 14; Müslim, Siyam, 21; Əbu Davud, Savm, 10; Tirmizi, Savm, 2, 4, 38.