3. 251 dəfə oxunub ,   0 şərh   Çap et

Şeytan və köməkçilərinin əsas məqsədi insanları doğru yoldan uzaqlaşdırıb Allahın razı olmadığı işlər gördürməkdir. Şeytan insanı gözü götürmədiyinə görə İlahi rəhmətdən məhrum olmuşdur. Elə buna görə, onun insanla düşmənçiliyi qiyamətə qədər davam edəcək.

Uca Allahın səcdə əmrinə qarşı çıxan, mələklər arasındakı mövqeyini itirərək yalnız qalan şeytan, intiqam hissi ilə Allahdan qiyamətə qədər möhlət istəmişdir. Və ona möhlət verilmişdir.  O isə, xətasını etiraf etmək və tövbə edib günahını bağışlatmaq əvəzinə daha da azğınlaşmışdır. Qiyamətə qədər insanları Allahın yolundan uzaqlaşdırmağı özünə peşə seçmiş, bunu əsas məqsəd halına gətirmişdir. Axı o, insan ucbatından ilahi rəhmətdən məhrum olmuşdu.

İnsana qarşı intiqam hissi güclü olan şeytan hər gün köməkçilərini başına yığaraq insanları yoldan çıxarmaq üçün planlar qurardı. Bir gün yenə köməkçiləri ilə bir yerdə idi. Onlara insanları Haqqdan uzaqlaşdırmaq üçün müxtəlif üsullar öyrədirdi. Sonra hərəsinə bir iş tapşırdı və həmin işləri görməyə göndərdi.

Vaxt tamam olanda şeytanın köməkçiləri onun hüzuruna toplaşdılar. Aralarından biri dedi:

− Əfəndim! Mən, bir insana vəsvəsə verərək içki içirə bildim. Bununla onu yoldan çıxardım.

Bu xəbər şeytanı o qədər də sevindirmədi. Sadəcə başını aşağı salmaqla kifayətləndi. Digər şeytan icazə istəyərək sözə başladı:

− Mən, bir insanın qumar oynamasına səbəb oldum. Evindən başqa bütün var-dövlətini qumarda uduzmuşdu. Ona, “Evini də qumara qoy. Əgər qazansan bütün uduzduqlarını geri alacaqsan”, − deyə vəsvəsə verdim. O da oynadı və evini də uduzdu. İndi ailəsi ilə bərabər evsiz qalıb.

Bu xəbər də şeytanın ürəyincə olmadı. O daha gözəl xəbər gözləyirdi. Növbə digər köməkçisinə çatdı.

− Əfəndim! Ailədə bir kişi ilə həyat yoldaşının arasına fitnə saldım. Aralarında sevgi bağlarını qopardım. Çox mehriban idilər. Sayəmdə indi bir-birindən küsüblər. Hətta boşanmaq istəyirlər. Bir-birini elə təhqir edir, elə acı sözlər deyirlər ki, yenidən bir yerdə yaşamaqları mümkün deyil.

Nəhayət şeytanın üzü güldü. Çünki bu xəbər şeytanın çox xoşuna gəlmişdi. Üzü güldü və belə dedi:

− Bax, gözlədiyim xəbər bu idi. Vəzifəni ən gözəl şəkildə yerinə yetirmisən. Səni təbrik edirəm. Məni çox sevindirdin.

Sonra şeytan onu çağırıb yanında oturtdu. Beləcə köməkçilərinə dərs vermək istəyirdi ki, mənim ən çox sevdiyim işlərdən biri evli cütlüyü ayırmaq və onlar arasında fitnə salmaqdır. Bunu bacaranlar mənim yanımda otura bilərlər. (1)

Hekayədən çıxan nəticə

Mömin şeytanın şərindən Uca Allaha sığınmalı və bunun üçün həmişə dua etməlidir. Buna görə gündə 1000 dəfə “rabbi əuzu bikə min həməzətiş-şeytan və əuzu bikə rabbi ən yəhdurun” (Ey Rəbbim! Şeytanların vəsvəsələrindən, onların başıma dolanmalarından Sənə sığınıram!) deməyə çalışmalıdır. Bu belə şeytanın şərindən qorunmaq üçün azdır. Çünki şeytanın hiylələrinin sayı-hesabı yoxdur. Allahın köməyi olmadan heç bir şəxs onun öhdəsindən gələ bilməz. Şeytan ancaq Allahın yardımı isə təsirsiz hala gələr. Onun işi insanların qəlbinə vəsvəsə toxumları atmaq və şər işlər görməyə səbəb olmaqdır. Həmin şər əməli yaradan şeytan deyil. Xeyri də, şəri də, işığı da, qaranlığı da yaradan Allahdır. Ona görə şeytanın hiylələrindən Allaha sığınmalı və daima gözüaçıq olmağa çalışmalıyıq.

Şeytanı ən çox sevindirən əməllərdən biri ailəyə nifaq toxumları səpmək, ər-arvadın arasını vurmaqdır. Müsəlman ailə quranda əslində həyatın bütün vəziyyətlərində birgə olmağa söz verir. Üstəlik əbədi həyatın varlığına yəni axirətə inanır. Bu dünyada etdiklərinin hesabını verəcəyini bilir. Bu düşüncə ilə ailə quranlar hər hansı problemlə üzləşəndə əsəblərinə hakim olmağı bacarmalıdır.

Hisslərinə qapılıb nə dediyini unutmamalıdır. Şeytan məhz belə məqamları fürsət bilir və ailəni dağıtmaq üçün əlindən gələni edir. Ər-arvad arasındakı bağların qopması bir-birini təhqir etməklə başlayır. Atalar demiş, “hər gün baxacağın üzə bir gün utanacağın sözü söyləmə”mək lazımdır. Dünyada və axirətdə bir-birini ən çox görəcək şəxs ər-arvaddır. İnsan ən çox gördüyü və sevdiyi insana qarşı heç vaxt, “Sənin heç nəyin yoxdur”, “Sən mənə yaraşmırsan”, “Hamıdan kasıbsan”, “Səninlə evlənib heç xoşbəxt olmadım” və s. ifadələrdən istifadə etməməlidir. Bu cür ifadələr ər-arvad arasında sağalması çətin yaralar meydana gətirir.

İnsan istənilən vəziyyətdə ağlı ilə hərəkət edib, ağzından çıxan hər sözün məsuliyyətini dərk etməyə çalışmalıdır. Unutmamalıyıq ki, düşünmədən danışmağın cəzası, danışdıqdan sonra düşünməkdir. Əfsus ki, ətrafımızda düşünmədən danışmağının cəzasını boşanaraq çəkən insanlar çoxdur.

(1) Müslim, Kitabu sifatil-Qiyamət vəl-Cənnətə vən-nar 65




Bənzər məqalələr

Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.


Şərh yaz