2. 105 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (sallallahu əleyhi və səlləm) uşaqların sirr saxlamağa alışmasına da diqqətlə yanaşmışdır. Çünki bu əxlaq uşağın kamil xarakterə yiyələnməsini, ailənin sağlamlığını, cəmiyyətin mühafizəsini təmin edir. Sirr saxlamağa vərdiş edən uşağın iradəsi güclü olur. Belə uşaq hər eşitdiyini, gördüyünü danışmaz, çətin anlarda təşvişə düşməz, cəsur və dözümlü olar. Bu xarakter və əxlaqı ilə də toplumun etimad və etibarını qazanar.

Abdullah ibn Cəfər (radiyallahu anh) nəql edir: “Bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) məni yanına çağırıb bir sirr verdi. Mən də onu heç kəsə açmaram”[1]

Bir dəfə Rəsulullahın (sallallahu əleyhi və səlləm) xidmətində olan Hz. Ənəs evlərinə gec gəlmişdi. Bunu görən anası:

– Niyə gecikdin?  – deyə soruşdu. Hz Ənəs:

–Rəsulullah (sallallahu əleyhi və səlləm) məni bir işlə əlaqədar bir yerə göndərmişdi, – dedi. Anası:

–Nə iş  idi o? –  deyə soruşdu. Hz. Ənəs:

–Bu, sirdir, – dedi. Bu cavabı eşidən ağıllı və bəsirətli qadının övladına dediyi sözlər uşağa sirr saxlamağı öyrətməkdə valideynlərə bir mənada yol göstərir:

–Elə isə Rəsulullahın (sallallahu əleyhi və səlləm) sirrini heç kəsə açma!”[2]

Sirr qarşısıalınmaz güc mənbəyi və məğlubedilməz ordudur. Sirr bir namusdur, onu qoruyan – istər özünün, istərsə başqalarının olsun – namusunu qorumuş olar. Onu faş edən isə şərəf və heysiyyətinə, əmanətə xəyanət etmiş sayılır. Elə şeylər var ki, onlarda sirr Xızıra bənzər, gizli qaldıqca ilahi inayət görər.

Sirr elə bir insana əmanət edilməlidir ki, onu öz namus və şərəfi kimi qorusun. Etibarlı olmayana əmanət, sirri öz namusu bilməyənə də sirr verilməməlidir.

Sirr saxlama və başqalarının sirrinə hörmət göstərmə iradə və idrakla bağlı insani məziyyətdir. İradəsizlərin sirr saxlamasını gözləmək, əməl və sözlərinin axırını, aqibətini dərk etməyən sa­də­lövhlərin də ağzıbütöv olmasını düşünmək əbəs bir işdir.

Bir insanın əmanət etdiyi sirləri bir neçə dəfə faş edənə təkrar sirr verməsi onun dərrakəsizliyini və sirdaş seçimində acizliyini göstərir. İnancla gözünü açmış insan həyatda bu qədər aldanmamalıdır!

İnsan ehtiyac olan yerlərdə lazımi məsələləri izah etməli, qəlbindəkiləri lüzumsuz yerə ortaya töküb öz sirlərini faş etməkdən də çəkinməlidir. Yerli-yersiz danışıb sirləri ortaya tökənlər bir gün həm özlərini, həm də cəmiyyəti qarşısıalınmaz təhlükəyə sürükləyər.

İnsan şəxsi sirlərini orda-burda dilə gətirməkdən çəkinməlidir. Üs­təlik bunlar çirkin, xoşagəlməz və nəticə etibarilə, faydasız şeylərdirsə, onları ağıza almaq heç doğru deyildir. Bu səbəbdən də belə hallar  çox vaxt dostları utandırıb düşmənləri sevindirir.

Qəlb sirlər üçün sandıq, ağıl onun kilidi, iradə də açarıdır. Bu kilid və açarda nöqsan olmasa,  sandığın içindəki cövhərləri kim­sə bilməz…

Başqasının sirlərini sizə açan sizin sirlərinizi də başqalarına çatdırar. Bunun üçün də belələrinin sizin ən kiçik xüsusiyyətlərinizi bilməsinə imkan verməməlisiniz.

Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir…Şəxsi sirrin ortaya tökülməsi şəxsi heysiyyətlə, ailə sirrinin faş olması ailənin heysiyyəti ilə, millətə aid bir sirrin üzə çıxması da milli şərəflə oynanılmasına zəmin hazırlayır. Buna görə də sirr nə qədər qəlbdədir, sahibi üçün bir qüvvətdir, faş olanda da başqalarının əlində sahibi əleyhinə silaha çevrilir. Atalar yaxşı deyib: “Sirr sənin əsirindir; ağızdan çıxdı, sən onun əsirisən!”.

Neçə-neçə qiymətli işlərin həyata keçirilməsində sirr saxlamaq vacib prinsipdir. Ancaq təəssüf ki, insanların sirr saxlaya bil­məməsi üzündən o işlərdə bir addım irəliyə getmək mümkün olmamış, hətta bəzən təşəbbüskarlar da ciddi təhlükələrlə üz­ləş­mişlər. Üstəlik bu iş millətin var olması və varlığını qoruyub saxla­ması ilə əlaqəli həssas mövzulardan biridirsə…[3]


[1]. Müslim, Heyz, 79; Əbu Davud, Cihad 44; İbn Macə, Təharət, 23; Darimi, Vudu 5; Əhməd ibn Hənbəl, Müsnəd, 1/204.

[2]. Buxari, İstizan 46; Müslim, Fədailus-səhabə 145 (2482).

 [3]. Sızıntı, mart 1983, 5/50.

 



Açar sözləri

ədəb sirr saxlama

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz