3. 028 dəfə oxunub ,   0 şərh   Çap et

Müasir cəmiyyətdə üzləşdiyimiz problemlərdən biri də stressdir. Yaşadığımız dövrdə fərqində olmasaq da hər kəs az və ya çox stress yükü daşıyır. Stress halında ən mülayim insan belə qeyr-adi davranışlar sərgiləyir. İnsanlar arasında münaqişəlilərin, ər-arvad arasında söz-söhbətin, kriminal hadisələrin, müəyyən xəstəliklərin altında yatan amillərdən biri stressdir.   

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Əgər stressi düzgün şəkildə istifadə etsək, istiqamətləndirsək çox lazımlı və həyati əhəmiyyətli özəlliyimiz olduğu görərik. Qorxu, xəyal qurmaq, ağıl və düşüncə kimi…

İnsana bəxş edilən bədən “kompleksi”

İnsanı araşdıran bir çox elm sahələri artıq etiraf edir ki, insan sadəcə ət və sümük yığınından ibarət deyil. İnsanın fiziki bədəni ilə yanaşı ondan da daha mükəmməl ruh və hislər dünyası var. Yəni insan bədəni ruh adlı varlığın sarayı hökmündədir. Bütün duyğu və hislərin təsir etdiyi əsas mərkəz ruhdur. Məsələn, gözlər bədən sarayında açılmış iki pəncərədir, ruh aləmi bu iki pəncərədən seyr edir.

İnsan ruh və bədənin vəhdətindən ibarətdir. Kənar təsir qarşısında ruh və bədəndə meydana gələn reaksiyalar əslində bir-biri ilə əlaqəlidir.

Uca Allahın insana bəxş etdiyi sevgi, hörmət, həyəcan, kədər, qorxu və xəyal kimi qabiliyyətləri istifadə etmədən yaşamaq mümkün deyil. Bütün bu cihazlar insana dünya həyatını lazımı şəkildə başa vuraraq, eləcə də buranı bir tramplin kimi istifadə edərək əbədi həyatı qazanmaq üçün verilmişdir. Bəzən kənar təsirlərdən, bəzən də cahillik, özünüdərkin azlığı ucbatından insan ona bəxş edilən bu qabiliyyətləri mənfi yöndə istifadə edir. Məsələn, insan atomu parçalayaraq onu elektrik enerjisinə çevirməyi və ya ondan bomba hazırlayaraq bəşəriyyəti məhv etməyi də düşünə bilər.

Başqa bir misal: qorxu hissinə baxaq. İnsan həyatının davamı üçün vacib hislərdən biridir. Bu hiss olmadan insan özünü  qoruya bilməz. Qorxu hissi qarşılaşacağımız təhlükələri sovuşdurmaq və tədbir görmək üçün rəhməti sonsuz Allah tərəfindən vücudumuza yerləşdirilən mənəvi bir cihazdır. İnsan kiçik-böyük hər şeydən və hər kəsdən qorxar, özünə görə xəyali təhlükələr ortaya qoyarsa, o zaman qorxu bizim üçün işgəncə vasitəsinə çevrilər. Ancaq “mən heç nədən qorxmuram” deyərək şüursuzca ortaya atılan şəxs də çox keçmədən ağır itki ilə üzləşə və durduğu yeri də itirə bilər. Bütün hisləri istifadə edərkən tarazlığı, orta yolu, istiqaməti qorumaq şərtdir. Stress də bədənimizə dərc olunan belə bir “mexanizm”dir.  

Stress mənfi bir şeydir?        

Hədəfini vurmaq istəyən nişançı oxunu yaya yerləşdirdikdən sonra kirişi yaxşı çəkməlidir. Çətin, ancaq əhəmiyyətli bir işdə müvəffəqiyyət əldə etmək üçün insan bütün fiziki və zehni qüvvəsi ilə səy göstərməlidir ki, yönəldiyi işdə nailiyyət qazansın. İnsanın bu şəkildə bir işə diqqətini verərkən yaşadığı gərginlik stressdir.

Finiş xəttinə yaxınlaşan idmançı, yeni bir alətin proyektini hazırlayan mühəndis, beynində canlandırdığı mənzərəni kağıza çəkməyə hazırlaşan rəssam, doğuşa hazırlanan ana, girəcəyi imtahandan yaxşı nəticə gözləyən tələbə və s.  hamısı az və ya çox gərginlik hissi yaşayırlar. Bu tərz gərginliyə pozitiv gərginlik və ya müsbət stress deyə bilərik.

Pusquda yatan cinayətkar,  qumar masasında əlində kart tutan oyunçu, qiymətləri artırmaq üçün malı anbarda saxlayan fürsətçi və s. də öz daxilində müəyyən gərginlik hissi yaşayır. Sadalananların içinə düşdüyü bu gərginlik isə neqativ stress halıdır.

Yuxarıda qeyd edilən dünyəvi gözləntilərdən fərqli olaraq metafizik və mənəvi gərginlik halı da var ki, bu, tamam başqa hisdir. Bu hissi ancaq könlü imanla dolu insanlar hiss edə bilər. Bu, inandıqdan sonra mahiyyətini dərk etdiyi bu gözəllikləri başqalarının da dadması, fərqində olması üçün çalışanların başqaları üçün çəkdiyi iztirab və gərginlikdir. Məhz bu hiss, həqiqi möminin sahib olması lazım gələn vəsflərdən biridir.

 Möminin dünyanın cəzbedici və nəfsinə xoş gələn, ancaq şəriətin qadağan etdiyi günah olan şeylər qarşısında həssas davranmasını, “amandır ilişib içinə düşərəm” deyə qıvrılmasını həmin metafizik gərginliyə misal göstərə bilərik. Bir möminin inandığı dəyərləri təbliğ edərkən yüz ölçüb, bir biçməsi, hər şeyi nəzərə alaraq davranması metafizik gərginliyin daha yuxarı səviyyəsidir. Haqqa bu şəkildə könül vermiş mömin qarşısındakı haqdan üz döndərər, uzaqlaşar qorxusu ilə tədbirli hərəkət edər. Bir də aqibətinin necə olacağını düşünərək bu əndişə ilə qıvrılan, üzündən heç bir zaman kədər əksik olmayan mömin var ki, o, həmişə yaşadığı həyatın Allah qarşısında hesabını necə verəcəyinin narahatlığını düşünər. Bunları metafizik gərginliyə, müsbət stressə nümunə kimi göstərə bilərik. Bir insanda bu cür stressin olması da faydalıdır.

Bunlar stressin müsbət və faydalı yönləridir. Stressin bundan əlavə yaşadığımız dövrdə insanın qayğılandıran, depressiyaya salan, ruhi çöküntüyə məruz qoyan yönü də var. Bu, stressin mənfi yönüdür.

Mənfi stressə məruz qalan şəxs içinə düşdüyü labirinti dolaşıb yenə eyni nöqtəyə gələr və bu dar məhbəsdən çıxa bilməz. Bütün yollar ona qapalı görünər, ümidini itirər.

Bu vəziyyətdən çıxmaq üçün bəzən əyləncəyə meyl edər, bəzən də zərərli vərdişlərə aludə olar. Əyləncə yerlərini sığınacaq yeri kimi görər. Allahın insana nemət olaraq bəxş etdiyi ağıl, hafizə və xəyal artıq ona əzab verən, işgəncə edən, vasitə kimi görünməyə başlayar.  Düşünməmək üçün beyni keyləşdirci vasitələrə əl atar.

Bəs, həlli yolu nədir?

Problemlərdən qaçaraq qurtulmaq mümkün deyil. Biz onlardan qaçmaq istəsək də onlar yaxamızı buraxmaq istəmir. Həll edilməli problem gün keçdikcə bir az da böyüyür. Belə olan halda da insan çıxış yolunu tapa bilmir və qurtuluşun mümkün olmayacağına inanmağa başlayır.   

Halbuki ölümdən başqa hər şeyin çarəsi tapılar. Əslində ölümün də çarəsi var. Necə? Öncəliklə qeyd edək ki, ruhən rahat olan insanlar, imanı mükəmməl olan insanlardır. Çünki iman insanı insan edər. Hətta insanı sultan edər. Həqiqi imanı eldə edən insan kainata meydan oxuyar. İmanın ölçüsü nisbətində hadisələrin təsirindən sıyrıla bilər.

Mövlanayə aid edilən belə bir söz var: “Əgər bir gün çox böyük bir dərdin olarsa: Rəbbinə yönəlib “Böyük bir dərdim var”, – demə. Dərdinə dönüb: “Böyük Rəbbim var”, – de.

Dinin əmrlərinə təslim olan, mənəvi yaşantısına diqqət edən şəxs həm maddi, həm də mənəvi yönündən tam təchizatlı olar. Həqiqi mömin dünyanın aldadıcı gözəlliklərinə bel bağlamaz, ülvi qayələrin ardına düşər. Başqalarını narahat etməmək bir yana, Allah rizası üçün ətrafındakı insanlara qarşı anlayışlı olar. Ən az özü qədər mömin qardaşını da düşünər. Möminləri axirət qardaşı qəbul etməklə yanaşı, digər insanları da dünya qardaşı qəbul edər, heç bir mənfəət ummadan onlara da əlindən gəldiyi qədərə yaxşılıq etməyə çalışra. Mömin eyş-işrətin, müvəqqəti əyləncələrin arxasınca düşməz. Ailəsinin və nəfsinin haqqını halal olan şeylərlə təmin edər. Əsla günaha yaxın durmaz. O yaxşı başa düşür ki, halal dairəsi genişdir və insana kafidir. Harama girməyə ehtiyac yoxdur. Qısaca, mömin dünyanı ləzzət və mükafat yeri kimi görməz. Ona görə dünya, əbədi aləm üçün yol üstündə qurulmuş bir dinlənmə yeridir.

Bu cür düşünən və yaşayan mömin dünyanın ən xoşbəxt  insanıdır. Qəlbi hüzurla doludur, üzü həmişə mütəbəssümdür. O, digər insanların məruz qaldığı stressə məruz qalmaz. Allaha etimadı tamdır. Hər işində Ona təvəkkül edər. Dinindən heç vaxt vaz keçməz. İnancına zidd arzularına qalib gəlmişdir. Ətrafındakı insanların dəyərlərinə və inancına zidd fikirlərindən, təkliflərindən də təsirlənməz. Bir çətinliyə məruz qalanda  səbir edər.[1] Səbirli olmaq üçün də sağlam iman, güclü iradə lazımdır. Heç vaxt ümidini itirməz. Nəticənin gözəl olacağına inamı tamdır. Allahın yaratdığı hər bir şey gözəldir. Bəzən gözəllik elə ilk baxışda görünür. Bəzən isə işin nəticəsində ortaya çıxır. Belə olan hallarda da səbir göstərmək və Haqqa təslim olmaq lazımdır.

Stressin altında yatan gerçəklik

İmanın stress üzərindəki müsbət təsirini anlamaq üçün altında yatan hisləri təhlil etmək lazımdır. Adətən stressin təməlində narahatlıq, yox olmaq, itirmək qorxusu dayanır.

Bəzən insan sahib olduğu şeyləri itirmək qorxusu ilə stressə düşür. Bu vaxt iman insanın imdadına yetişir.

Məsələn, bir yaxınını itirən insan bilir ki, əvvəl-axır ona qovuşacaq, çünki Axirət var. Ola bilsin ki, mərhum bu dünyadan günahkar köçüb və buna görə narahatdır. Belə olan halda da duaya sarılır. Malı tələf olanda: “Allah verdi və Allah aldı”, – deyir, səbir qəhrəmanı Əyyubu (ə.s.) xatırlayır, dərdi yüngülləşir.[2]

Bu məqamda tabeunun məşhur simalarından Ürvə ibn Zübeyr ibn Avvamı xatırmadan keçmək olmur. Ürvənin dərin zöhd və təqvası vardı və sözün əsl mənasında Allah dostu idi. Yaşlı vaxtlarında ayağı qanqren olur, təbiblər “kəsilməlidir” deyir. Allahın verdiyi bir üzvü kəsdirib-kəsdirməməkdə tərəddüd edir, ancaq qanqren xeyli ağırlaşınca çar-naçar kəsilməsinə razı olur. Ayağı mişarla kəsiləndə “of” belə demir. Dodaqlarından Həzrət Musanın Həzrət Xızırla görüşündə dediyi sözlər süzülür:  لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَذَا نَصَباً “Bu səfərimizdə bir az çətinlik çəkdik![3]Aradan bir qədər keçir, bu dəfə dörd oğlundan birinə tövlədə at təpik vurur və oğlu vəfat edir. Böyük İmam Kəbənin qarşısında əllərini qaldırır və:

– Allahım! Sən mənə iki əl, iki ayaq olmaqla dörd üzv və dörd övlad verdin. Sənin lütfün nə qədər genişdir ki, bunlardan üçünü mənə saxlayıb təkcə birini aldın. Sənə minlərlə həmd olsun, ey Rəbbim!” – deyir.[4]

Əslində stress insana ruhunu dar məhbəsdən qurtarmaq üçün verilib ancaq insan, öz mənliyini bu məhbəsə itələyərək özü-özünə girdab yaradır.

Ölüm qorxusu və stress

Ölüm qorxusu da stressin ən önəmli səbəbidir. Əgər insan ölümdən sonrakı həyata inanmırsa, günahlarının ağırlığından vicdanı sızlamırsa, axirət üçün sərmayəsi yoxdursa, deməli, şiddətli dərəcədə ölümdən qorxur. Ona görə ölüm sahib olduğu hər şeyi bir dəfəlik itirməkdir.

Bir neçə dəqiqə sonra bıçaq altına yatacaq olan bir qoyuna, bir tutam ot verildikdə o otu ləzzətlə yediyini bəlkə də çoxumuz görmüşük. İnsan isə fərqlidir. Ən qəddar cinayətkarı edam stoluna oturtmadan öncə önünə, dünyanın ən ləzzətli yeməkləri belə qoyulsa dönüb baxmaz. Bu vəziyyətdə olan bir insanın içində fırtınalar qopar, bütün həyatı film kadrı kimi gözünün önündən keçər.  

Ölümün sadəcə məkan dəyişikliyi olduğuna inanmayan insan stressin əsas səbəblərindən biri olan ölüm qorxusundan qurtulmaq üçün iki yoldan birini seçər: ölüm fikrinə alışmaq, digəri isə ölümü düşünməməkdir. Bu iki yolu da ifadə etmək asan olsa da, tətbiq etmək çox çətindir. Çünki ölüm fikrinə alışmaq hər kəs üçün asan deyil. Ölümü heç düşünməyən insan özünü dəvəquşunun vəziyyətinə salmış olar. Dəvəquşu ovçunu görüncə qaçmaz, başını quma soxar. Ona görə ovçunu görünmürsə, deməli yoxdur.

İnsan beyni keçmiş zamanın çətinliklərini, gələcəyin qayğılarını, indiki zamanda həlli lazım olan problemləri eyni anda zehnində cəmləşdirir.

Ölüm qorxusundan necə qurtulmaq olar?

O zaman sual yaranır, ölüm qorxusundan və əsasən stressdən necə qurtulmaq olar?

İnsanı ölüm qorxusundan qurtaracaq, yaxud ölüm qorxusunu azaldacaq əsas şey ölümün heçlik olmadığına inanmaqdır. Bunun adı Axirətə imandır. Ruhun ölümsüz olduğunu qəbul edən bir insan ölüm qorxusunu xeyli azaltmış olar. Bu qorxunu tamamən aradan qaldırmaq çox çətindir. Bu ancaq imanı yəqin mərtəbəsinə yüksəlmiş şəxslər üçün mümkündür. Məsələn, Mövlanə ölümə şəbi-aruz kimi baxmışdır. İnsanlığın iftixarı Peyğəmbərimiz (s.a.s.) ölümü “ilə rəfiqul-ala” Uca Dosta qovuşmaq kimi qarşılamışdır.

Qurana görə ölüm də həyat kimi yaradılmışdır.[5] Ölüm həyatın məşəqqətlərindən qurtuluşdur, bir növ əsgərin hərbi xidmətdən tərxis olması kimi bir şeydir. Ölüm, finiş xətti deyil, yeni bir estafetin başlanğıcıdır. İnsanın qarşısında müəmma kimi görünən ölüm səddini aşmağın ən asan yolu, dinə, inanca sığınmaqdır.

Stressdən qurtulmaq üçün

  1. Yaradılış qayəmizi təkrar düşünməli, bu dünyaya nə üçün göndərildiyimizin fərqinə varmalıyıq.
  2. Stress insana bəxş edilmiş hislərdən biridir. Problemlərin həllində diqqətimizi bir yerə yənlətməyimizə kömək edir.
  3. İnanclı insanlar stressdən daha tez xilas olurlar. Onlar kainatı idarə edən, qüdrəti sonsuz Allahın hadisələr üzərində əsas səbəbkar olduğunu bilir, Ona təvəkkül edərlər. Bununla yanaşı şövqlərini itirmədən səbəblərə də riayət edərək üzərilərinə düşən bütün məsuliyyətləri yerinə yetirərlər.
  4. Ümidlərini heç vaxt itirməzlər.
  5. Unutmayaq ki, insan həyatda hər zaman uğur qazanmaya bilər. Uşaq belə yeriməyə başladıqda dəfələrlə yıxılır. Ancaq heç vaxt əzmini itirmir.
  6. Şüur altında yatan ölüm qorxusunu insan Axirətə imanla aşa bilər. İnanclı insanın ölüm qorxusu imanı nisbətində azalar.

[1] Bax: Bəqərə surəsi 2/155-156.
[2] Ənbiya surəsi 83-84; Sad suresi 41-43
[3] Kəhf surəsi, 18/62; Əbu Nuaym, Hilyətül-övliya, 2/178.
[4] Əbu Nuaym, Hilyətül-övliya, 2/179.
[5] Bax: Mülk surəsi 67/2.



Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Gələcək əndişəsi

Əndişə sözü narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu, fikir, qayğı, dərd çəkmə mənalarına gəlir. Gələcək əndişəsi ifadəsi ilə gələcəyə aid qayğılar, istiqbalın təminat altında olması, baş verəcək hadisələrlə maraqlanmaq, ola biləcək mənfi halları düşünərək qorxuya, təlaşa düşmək nəzərdə tutulur.


Şərh yaz