25. 357 dəfə oxunub ,   1 şərh   Çap et

İnsanı Allaha (c.c.) ən çox yaxınlaşdıran ibadət namazdır. Bu səbəbdəndir ki, Peyğəmbərimiz (s.a.s) namazdan “ən xeyirli əməl” (İbn Macə, Təharət, 4) kimi bəhs etmişdir. Bundan başqa,  qiyamət günü sorğu-suala çəkilən ilk əməlin namaz olacağını bildirmişdir (Tirmizi, Səlat, 188). Buna görə də namazın tərk edilməsinə icazə verilməyib. İma (göz hərəkətləri ilə işarə edərək) ilə də olsa, mütləq qılınmalıdır. Allah Rəsulu bir hədisində isə “Namazı qəsdən tərk edən Allahın himayəsindən uzaq olar.”(Əhməd b. Hənbəl, Müsnəd, VI. 421) buyurmuşdur.

Namazın rüknləri Quran və Sünnətdə bildirilmiş və qılınma şəkli də Allah Rəsulu (s.a.s.) tərəfindən əməli şəkildə göstərilmişdir. Namazın rüknləri iftitah (başlanğıc) təkbiri, qiyam, qiraət, rüku, səcdə və son oturuşdur. Allah Təala Qurani-Kərimdə: “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin

, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Hac, 22/77) buyurmuşdur.  Peyğəmbərimiz (s.a.s) namaz qılmağı öyrətdiyi bir sahabəyə ən axırda necə təşəhhüd edəcəyini göstərdikdən sonra “Bunu da etsən, namazın tamamlanar” buyurmuşdur. (Tirmizi, Sünən, Əbvabus-səlat, 226)
Namazın rüknlərindən hər hansı biri yerinə yetirilməsə, namaz səhih olmaz.Ancaq İslam dini heç kimi gücü çatmayan mükəlləfiyyətlərə məsul hesab etmir. (Bəqərə, 2/286) İnsanın taqətini  aşan hallarda nisbətən asan yollar təklif etmişdir. (Bəqərə, 2/185) Namazın rüknlərindən hər hansı birini yerinə yetirməyə əngəl olan rahatsızlıq da asanlaşdırma səbəbi sayılır.
Namazı normal vəziyyətdə ayaq üstə duraraq qılmağa gücü çatmayan bir kəs namazını oturaraq qıla bilər. Belə üzrlü insan namazını səhhəti necə imkan verirsə, ona uyğun – dizi üstündə, bardaş quraraq və yaxud ayaqlarını yana ya da qibləyə tərəf uzadaraq qıla bilər. Həzrət Peyğəmbər (s.a.s.) namazı necə qılacağını soruşan xəstə bir səhabəyə: “Namazını ayaq üstə qıl. Əgər gücün çatmasa, oturaraq, ona da gücün çatmasa yanın üstə uzanaraq qıl.” (Buxari, Təqsirus-Səlat, 19) buyurmuşdur.
*Ayaq üstə dura bilən və yerdə otura bilsə də, səcdə edə bilməyən insan namaza ayaq üstə başlamalı, rükudan sonra oturaraq səcdələri ima ilə yerinə yetirməlidir.
*Ayaq üstə dura bildiyi halda oturduqdan sonra ayağa qalxa bilməyənlər namaza ayaq üstə  başlamalı, səcdədən sonra namazını oturaraq tamamlamalıdır.
*Ayaq üstə durmağa və rükuya əyilməyə gücü çatdığı halda yerdə otura bilməyənlər isə namaza ayaq üstə başlamalı, rükudan sonra səcdəni stul və yaxud oxşar bir əşya üstündə oturaraq ima ilə qılmalıdır.
*Həm ayaq üstə durmağa, həm də yerdə oturmağa halı olmayanlar namazı stul, kürsü və oxşar əşya üzərində oturaraq qılmalı rüku və səcdələri ima ile yerinə yetirməlidir.

İnsan ibadət edərkən səmimi olmalı, dinin təyin etdiyi şəkil və şərtlərə tam riayət etməlidir. Diqqət və həssasiyyət göstərməli, Rəbbinə qarşı məsuliyyət daşıdığını bilməlidir. Kürsü, stul və bənzəri əşyalarda oturaraq namaz qılan insan üzrlü səbəbdən namazın bütün rüknlərini yerinə yetirə bilmədiyinə görə vicdanən narahatlıq hiss etməlidir. Namazın bütün rüknlərinin yerinə yetirilməsinə o qədər də mane olmayan xırda üzrlər bəhanə edilməməlidir.
Dini baxımdan  həqiqi üzrlü səbəb olmadan stulda və yaxud kürsüdə namaz qılmaq xoşagəlməz bir mənzərə meydana gətirir və camaat arasında yersiz mübahisələrə səbəb olur. Üstəlik bu vəziyyət ənənəvi məscid anlayışımıza da ziddir.

Nəticə etibarilə deyə bilərik ki, xəstəliyi və xüsusi üzrü olanların məcbur qalmadıqca namazlarını stulda deyil, yerdə oturaraq qılması daha uyğundur. Əgər üzr, xəstəlik, yorğunluq kimi hallar varsa, fərz namazlarını tam qaydada, nafilə namazları isə yerdə oturaraq qılmaq olar.



Açar sözləri

oturaraq namaz qılmaq

1 şərh yazılıb
  1. elmir , 08/09/2014 tarixində, saat 12:09

    Cox sag olun tesekkur.

Şərh yaz