Kimi məktəbdən gəlir, kimi işdən, kimi də səfərdən. Axşam ailənin bir yerə yığılması sevinmək üçün kifayət deyilmi? Əgər hər kəs bir yerə toplanırsa, böyüklü-kiçikli bir süfrə başına keçirsə, Allahın verdiyi halaldan yeyərək, bir-birinə qayğı göstərirsə, xoşbəxt olmaq üçün daha nə çatmır ki? Sizə bir həqiqəti söyləyim, siz də yaxşı-yaxşı düşünün: Heç diqqət etmisinizmi, insan oğlunun ən böyük arzusu hamı kimi olmaqdır, hamı kimi olanlar isə əksər hallarda nə qədər böyük nemətə, sərvətə sahib olduqlarının fərqinə vara bilmirlər. Bir işıqlı baxışın nə böyük nemət olduğunu gözündə işıq olmayanlaradan soruş; əl-qolunu yelləyə-yelləyə küçələri dolaşmağın nə böyük səadət olduğunu yataq xəstələri bilər; axşamlar ailəliklə bir süfrə başında cəmlənməyin nə böyük sərvət olduğunu kimsəsizlərdən və ya atılmışlardan öyrən… Yəni əksər hallarda insan oğlu unudandır və bir şeyin dəyərini ancaq onu itirdikdən sonra bilir. Uca ruhlu insanlar isə həm sahib olduqları əmanətin qədrini bilirlər, həm də hər şeydən bir fərəh vasitəsi, bir sevinc qapısı tapırlar.
Ailədə şükür düşüncəsinin olub-olmaması onun həyatının ən mühüm stimuludur. Niyə də olmasın axı? Axşam öz yaxınlarının, doğmalarının yanına gedirsən, öz sevənlərinin, sevdiklərinin arasında olursan. Onlar sənin təmənnasız sevdiklərin, sevənlərindir. Bir-birinizin qayğısına qalırsınız, bir-birinizə dəstək olursunuz. Birinin bir yeri ağrıdımı, ailəliklə səfərbər olursunuz. Birinə bir şey oldumu, üstündə titrəyirsiniz. Çünki insan oğlu sevdiyinin, sevəninin ağrımasına, inciməsinə razı olmaz.
Şükür düşüncəsi tərbiyə məsələsində vazkeçilməz ünsürdür, daha doğrusu hər şeyin üzərinə sərildiyi müstəvidir. Bu qədər sevdiklərin, bu qədər sevənlərin, bu cür evin, bu cür ailən var, Haqq yolundan kənarda deyilsən, vicdanının səsinə qulaq asa bilirsən, qonşuların səni görəndə salam verirlər, yoldaşların səni görməyəndə arayıb-axtarırlar, hər ay evinə gələn maaş dolanışığınıza yetir, hər ay evinə gələn maaşdan imkansız qohumlarına əl tutursan, bir az gecikən kimi evdə hər kəs narahat olur, bir az kefin pozulan olan kimi, evdə hər kəs “həyəcan təbili” çalır. Əmin olun ki, təkcə bu saydıqlarımız xoşbəxtlik üçün kifayətdir…
Şükür duyğusu xoşbəxtliyin meyvəsidir. Xoşbəxtlik isə xoşbəxtliyin nə olduğunu anlamaqdan başlayır. Əmin olun ki, aramızda çoxlarının xoşbəxt olmaq üçün lazım olan hər şeyi var. Sadəcə olaraq, xoşbəxtliyin nə olduğunu bilmirlər, ya da sadəcə olaraq xoşbəxt olduqlarını anlamırlar. Təkəbbürlü insanın gözü həmişə yuxarılarda olur, həmişə var-dövlət yığmağa, məqam-mənsəb tutmağa çalışır. Birini ələ keçirən kimi, o birinə can atır, birini ələ keçirən kimi, o biri üçün çırpınır. Dünyanı da versən, məmnun görünmür, aləmi də versən, rahatlığını itirir. Təvazökar insan isə həmişə üzərinə düşən işi görür, həmişə boynuna düşən vəzifəni yerinə yetirir. Ancaq qazancı az da olsa, şikayətlənmir. Ya da qazancı az da olsa, kifayətlənir. Çünki beləsi özünü yuxarılarla yox, “aşağılarla” müqayisə edir. Və ən əsası isə beləsi hər halına şükür edir…
Şükür duyğusundan məhrum yaşamaq çox ağırdır. Şükürsüzlük həyatı əzaba çevirir. Şükrün nə olduğunu bilən insan dünyaya sahib olsa da, könlündə dünyaya zərrə qədər də yer vermir. Şükürsüz insanın qəlbini isə dünya sevgisi işğal edir. Qəlbi dünya ilə işğal olanların isə üzü gülmür. Qəlbi Allah sevgisi ilə fəth edilənlər isə ləpəsiz ümman kimi olur. Tufan da qopsa, fırtına da başlasa, onun könlündəki rahatlığı, əmin-amanlığı poza bilmir. Birisinin ən adi hadisə qarşısında belə özünü itirməsi, çığır-bağır salıb miskinləşməsi həm də onun şükür duyğusundan uzaq olması ilə bağlıdır.
Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan. Düşünməlisən ki, sənin üçün xeyirli olan Allahın sənin üçün rəva gördüyüdür. Unutmayaq ki, varlı varlılığı ilə, kasıb isə kasıblığı ilə imtahandadır. Hər sərvət xeyirli deyil. Ona görə də, İslamda Allahdan bir şey istəyəndə xeyirli olanı istəmək ön planda tutulur. Çünki insan onun üçün nəyin xeyirli, nəyin zərərli olduğunu bilmir, bunu bilən ancaq Allahdır. Cahil insan bəzən Allahdan israrla bəla istəyir, ancaq sadəcə olaraq bunun fərqində olmur.
Əslində şükür duyğusu xoşbəxtliyin başqa adıdır. Çünki xoşbəxtliyin dadı şükür duyğusundadır. Yəni siz ailəni sükür atmosferinə daşımaqla əslində övladlarınıza xoşbəxtlik təlimi vermiş olursunuz. Məsələn, yeməkdən sonra şükrünüzü açıq dillə, hər kəsin eşidəcəyi bir səslə ifadə etsəniz və: “Allahım, verdiyin bu nemətlər üçün, hər şey üçün Sənə Sənin layiq olduğun qədər şükür olsun! Sən bizim Rəbbimizsən, Sahibimizsən, bizi Haqq yolundan azmağa qoyma! Lütfünü, inayətini üstümüzdən əskik etmə! Əlhamdulillah!” desəniz, daha gözəl olmazmı? Uşaqlarınız sizin dilinizdən eşitdikləri duanın təsiri ilə düşünsələr, düşündükcə də şükür iqliminə dalsalar, bunun nəyi pisdir ki?..
Şükürsüzlük mənəvi xəstəlikdir, həm də çox ağır xəstəlik. Şükürsüzlük Allaha etirazın bir variantıdır. Şükür nə qədər zənginlikdirsə, şükürsüzlük də o qədər məhrumiyyətdir. Şükür maddi-mənəvi hər cür nemətin, sərvətin “giriş qapısıdır”. Allah şükür edənlərin qismətini artırır.
Şükürlü olun, şükürlə yaşayın. Şükür elə bir mənəvi atmosferdir ki, nəinki başını, barmağını belə o iqlimdən çıxarsan, zərər görərsən.
Şükürlü insan hər şeydən (hətta, aldığı nəfəsdən də) bir qapı açıb Rəbbinə yönəlir, şükürsüzlər isə şükrə layiq hər cür nemət içində boğulsalar da, yenə gileylidirlər. Allah bizi şükrünü artıran qullarından eyləsin!
Təvəkkül, hər hansı işdə nəticə əldə etmək üçün lazımınca səy göstərdikdən sonra işin nəticəsini Allaha həvalə etmək deməkdir. Təvəkkül eyni zamanda Allaha imanın əməli göstəricisidir. Başqa sözlə, Allaha iman Ona olan güvən və etimadla düz mütənasibdir.
Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.
Ramazan orucu həqiqi və xalis, böyük və ümumi bir şükrün açarıdır. Çünki digər vaxtlarda insanların əksəriyyəti ac qalmağa məcbur olmadığı üçün bir çox nemətin qiymətini yaxşı anlamır.
Şükür Allaha lütf etdiyi nemətlərə görə təşəkkür etməkdir. Təşəkkür ümumidir, ya dil, ya qəlb, ya da davranışla edilir.
Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]
Mehriban , 10/04/2015 tarixində, saat 07:04
Allah razi olsun, aglayaraq, oxudum