2. 230 dəfə oxunub ,   0 şərh   Çap et

Əsri-səadətdə, müsəlmanlar tərəfindən, Mədinənin ətrafında qazılan xəndəklərlə özlərini müdafiə etdiklərinə görə bu müharibə Xəndək müharibəsi (627 mart) olaraq tarixə düşmüşdür. Ordu Yəhudi və müşrik ( bütpərəst ) ərəb qəbilələrindən ibarət olduğuna görə, bu müharibəyə “Əhzab” müharibəsi də deyilmişdir.[1] Ordunun düzülüşü və hərəkət istiqaməti belədir:

Xeybər yəhudilərinin bir qrupu Məkkədəki Qureyşli müşriklərlə (bütpərəslərlə) birləşib Mədinədəki müsəmanlara son dəfə zərbə endirmək və onları tamamilə ortadan qaldırmaq qərarı vermişdilər. Bundan əlavə Bədir və Uhud müharibələrində məqsədlərinə çatmayan Məkkəli müşriklər də müsəlmanlara sonuncu ağır zərbəni vurmaq üçün hazırlaşırdılar. Qüreyşli müşriklərdən savayı Qatafan, Bəni Süleym, Bəni Əsəd, Bəni Mürrə, Əşca kimi ərəb qəbilələri də Xeybər xurmalıqlarının illik məhsulun yarısını almaq şərtilə razılığa gəlmişdilər. Bu əsnada Mədinədəki yəhudilər də müttəfiqlərin ordusuna qatılaraq iyirmi minə yaxın ordu toplamışdılar. Səbəblər yönündən baxanda müsəlmanların bu orduya qalib gəlməsi mümkün deyildi.

Peyğəmbərimiz (s.ə.s.) hərbi kəşfiyyata böyük əhəmiyyət verirdi. Bu məqsədlə strateji əhəmiyyətə malik nöqtələrə göndərdiyi (15-20 nəfərdən ibarət) kəşfiyyat qruplarından məlumat toplayırdı. Müttəfiq ordu yaxın bir zamanda Mədinəyə hücum edəcəkdi. Həzrət Məhəmməd (s.ə.s.) mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün bəzi sahabələrlə məsləhətləşmək qərarına gəldi. Çünki müttəfiq ordu sayıca müsəlmanlardan çox idi. Orda iştirak edən Salman Farisi (r.a.): “Ya Rəsulullah! Biz İranda düşmən tərəfindən mühasirəyə alınanda xəndək qazardıq”,[2] demiş, Peyğəmbərimiz(s.ə.v) də bu təklifi qəbul etmişdi.

Mədinənin bir tərəfindəki daş evlər, araları sıx xurma bağları qala vəzifəsini görürdü. Digər tərəfi də Sel dağı idi. Vulkan püskürməsi nəticəsində təpəliklərin üstü xırda, iti daşlarla örtülmüş, keçilməsi çətin təbii bir istehkam kimi idi. Buna görə də düşmənin buradan hücum etmək ehtimalı yox idi. Bu səbəblə şəhərin açıq qalan ön tərəfinin qazılması qərarlaşdırılır. Peyğəmbərimiz (s.ə.v) 300 səhabə ilə birlikdə Mədinənin girişinə gələrək qazılacaq yeri işarələdikdən sonra hər 10 nəfərə 20 metr yer ayırdı. Xəndəyin dərinliyi içərisinə düşən insanın çıxa bilməyəcəyi qədər dərin olmalıydı. Ən mahir süvarinin belə keçə bilməyəcəyi enə malikdi.[3] Xəndəklə əlaqəli tarixi rəvayətləri dəyərləndirən İslam tarixçisi Muhamməd Hamidullah  xəndəyin uzunluğunun 5.5 km, eninin 9 metr və dərinliyinin də 4.5 metr olduğu qənaətinə gəlmişdir.[4]

Xəndək qazılarkən Salman Farisinin çevikliyi hamının diqqətini cəlb edirdi. Onun bir neçə nəfərin görə biləcəyi işi təkbaşına görürdü. Onun belə çevik-çavak olduğunu görənlər  hər kəs “Salman bizdəndir!”, deyərək onu öz qruplarına aid etmək istəmişlərdi. Peyğəmbərimiz (s.ə.s.): “Salman bizdəndir. Əhli-beytimizdəndir.”[5]- deyərək ixtilafı aradan qaldırmış, Peyğəmbər fətanətini ortaya qoymuşdur.

Salman Farisi Suffə məktəbinin tələbələrindən idi. Bunların çoxu da Əhli-beytdən sayılırdı.[6] Xəndək qazma prosesində Hz. Peyğəmbər (s.ə.s.) – Hz. Əli başda olmaqla-ətrafındakılarla bərabər işləyirdi. Bir ay davam edən xəndək qazma prosesində əshab bütün günü işləyir, ancaq gecə ailələrinin yanına gedirdilər. Lakin Allah Rəsulu (s.ə.s.) xəndəyin yaxınlığında qurduğu çadırda istirahət etmiş və iş gedən yerdən heç vaxt ayrılmamışdır. Bu çadırın olduğu yerdə sonradan inşa edilə Zubab məscidi həmin tarixi xatirəni canlandırır.[7]

Allah Rəsulunun (s.ə.v) birbaşa xəndək qazma işində iştirakı Onun üstün şəxsiyyətini göstərməkdədir. Tarixi mənbələr Allah Rəsulunun (s.ə.v) səhabələri arasında onlardan biri kimi yaşadığını xəbər verir.

Salman Farisi qrup yoldaşları ilə xəndəyi qazarkən, qazdıqları yerdə ağ və parlaq qaya ilə qarşılaşdılar. Külünglərlə qayanı parçalamağa gücləri çatmadıqda Allah Rəsuluna (s.ə.v) xəbər verdilər. Hz. Muhamməd (s.ə.v) hadisə yerinə gələrək külüngü əlinə alaraq  qayanı parçalamağa başladı.[8] Düşmənləri onları tarix səhnəsindən silmək üçün bir araya gəlmişdi. Birləşik ordunun hücumundan müdafiə olunmaq üçün xəndək qazdırdılar. Bu əsnada, Allah Rəsulunun (s.ə.v) Bizans və Sasani torpaqlarının fəth ediləcəyi xəbərini verməsi onları ümidlə şahlandırmışdı. Vaxti gəldikdə xəbər verdiyi bu hadisələrin  gerçəkləşməsi, bir daha Onun (s.ə.s.) peyğəmbərliyini təsdiq edirdi. Və bu sözlər Əfəndimizin (s.ə.s.) qeybə aid söylədiyi sözlü möcüzələrdən biri idi.

Ərəblər tarixdə ilk dəfə şəhər ətrafına xəndək qazılmış müdafiə istehkamı ilə qarşılaşırdı. Bu qərar məşvərət nəticəsində ortaya çıxmışdı və təklifi Salman Farisi (r.a.) tərəfindən dilə gətrilmiş, başda Peyğəmbərimiz (s.ə.s.) olmaqla səhabə tərəfindən müsbət qarşılanmışdı.Hz. Muhamməd (s.ə.s.), Bədir və Uhud müharibələrindən əvvəl də əshabı ilə müharibə taktikaları barədə məşvərət etmişdi. Peyğəmbərimiz (s.ə.v) hərəkətlərini Allahdan aldığı vəhy ilə tənzimləyirdi. [9]  Ancaq hər fani kimi dünyadan köçüb getdiyində necə edəcəkləri xüsusunda, məşvərət, məsləhət edərək əshabına yol göstərir, davranışlarıyla insanlara nümunə olurdu. Məşvərət İslamda həyati əhəmiyyətə malik düsturdur. İslam tarixinə nəzər salsaq görərik ki, liderlər məşvərətlə aldıqları qərarlarla ölkələrini idarə etmişlər. Xəndək müharibəsi zamanı da sasanilərin, atəşpərəstlərin döyüş taktikasının qəbul edilməsi, müsəlman olmayanların elmindən istifadəyə təşviq məsələsində canlı misaldır. Ayrıca belə bir qərarın qəbul edilməsi, İslam dininin hər növ yeni, faydalı məlumatı qəbul etməyə açıq olduğunu  göstəriridi. Allah Rəsulu (s.ə.v), “Hikmət möminin itmiş malıdır. Onu harda taparsa götürər”, ifadələriylə elm və texnologiyanın dini və millətinin olmadığını, dünyada inkişaf edən həmin sahələrdən müsəlmanların da faydalanmasının zəruriliyinə işarə etmişdir.[10]

İslam Peyğəmbəri (s.ə.v) xəndək qazarkən əshabı ilə bərabər işləyərək özündən sonra gələnlərə də öndərlik etmiş, yol göstərmişdir. O (s.ə.v) bu hərəkətilə əshabına mənəvi dayaq olmaqla yanaşı, həm də tövsiyə etdiklərini hamıdan çox özü icra edərək davranışlarıyla göstərmişdir.[11]

Xəndək müharibəsi Uhud müharibəsindən iki il sonra, müttəfiq ordusunun Mədinə yaxınlığına gəlməsi ilə baş vermişdir. Müsəlmanlar üçün bu müdafiə döyüşü sayılırdı. “Xəndək”, iki il əvvəl Uhud döyüşündə şəhid olan 70 səhabənin intiqamını almaq üçün düşmən üzərinə hücum məqsədli bir mübarizə deyildi. Allah Rəsulu (s.ə.v) bütün ömrü boyu heç bir hadisəyə görə, hətta özünə hücum edən ən qatı düşmənlərinə qarşı da kin və düşmənçilik bəsləməmişdir.[12] Məkkəli bütpərəstlərinin liderliyi altında iyirmi mindən çox insanın təşkil etdiyi müttəfiq ordusu müharibə üçün gələrkən xəndəklə qarşılaşması nəticəsində demək olar ki, qan axıdılmamışdır. Bu müharibədə xəndəyi aşaraq müsəlmanlar tərəfə keçən atlılardan (bunlar dörd nəfər idi ki, Hz. Əli (r.a.) ilə təkbətək döyüşərkən öldürülmüşdülər) və digər yolla cəmi səkkiz düşmən ölmüşdür. Müsəlmanlardan isə altı səhabə şəhid olmuşdur.[13]

Allah Rəsulunun (s.ə.v) xəndək qazdırmasıyla 20.000 nəfərlik orduya qarşı 3.000 nəfərlik ordunun mübarizəsi nəticəsində onlarla insanın qanının axıdılmasının qarşısını almışdır.[14] Xülasə: Müdafiə taktikası qurararaq Peyğəmbərimiz (s.ə.v) müharibəni əlindən gəldiyi qədər uzatmağa çalışırdı. Buna da müvəffəq oldu. Müharibəni uzatmağın müsəlmanlara bir çox faydası vardı ki, bunlardan bəziləri:

Qış fəsli yaxınlaşırdı. Qureyş və müttəfiqlər qışa hazır deyildilər. Bir az da orda qalsaydılar qış fəsli gələcək və mühasirəni yarımçıq qoyub geri qayıtmalı olacaqdılar.

Hər gün 20.000 insana baxmaq məcburiyyətində qalan düşmən, vaxtın uzanmasıyla ərzaq böhranı ilə üzləşirdi. Aclıq, susuzluq və soyuq dözülməz idi.

Qəbilələr arasında olan müttəfiqlik uzunmüddətli ola bilməzdi. Çünki, onların bu dostluğu Allah Rəsuluna (s.ə.v) olan düşmənçilikdən qaynaqlanırdı. Keçən hər gün bu dostluğu zəiflədir və pozulmağa gətirib çıxarırdı. Lakin müsəlmanlar isə hər gün daha da güclənirdilər.

Düşmən cəbhəsində bir çox lider var idi ki, bunlar da öz aralarında heç vaxt biri-birinə tabe olmazdılar. Vaxt keçdikcə eyni mövqedə olan liderlər arasındakı münasibətlər soyumağa başlayırdı. Məkkə müşriklərinin liderliyi altında toplanmış müttəfiq ordusuna qarşı xəndəklə müdafiə olunmaq, qarşı tərəflə “dialoq üçün atılan ilk addım idi” demək olar. Dünya tarixində qala divarlarının arxasında gizlənərək özlərindən güclü olan ordulara qarşı özlərini müdafiə edən millətlər olmuşdur. Amma burda xəndəyin qazılması diqqəti cəlb edir. Xəndəyin qazılaraq müdəafiə taktikasının qurulmasını, aciz insanların güclüdən qorxaraq qaçıb evində, qalasında gizlənməsi və qapını arxadan bağlaması kimi deyildi. Arada xəndək olsa da iki tərəf qarşı-qarşıya durmuşdu. Hər iki tərəf gördü ki, müharibədə qalib gəlmək üçün əsgər sayı və təchizatdan daha çox uyğun taktikanın qurulması və əsgərlər arasında bu işə inam və qardaşlıq daha mühimdir. Müsəlman əsgərlər nəyin bahasına olursa olsun müttəfiq ordu ilə qarşı-qarşıya gələ bilərdirlər. Xəndəyin qazılması, iki ordunun qarşılaşaraq daha çox qan tökülməyin qarşısını almışdır. Bədir müharibəsində müşriklərin məğlub olması, onlardakı kin və düşmənçilik hisslərini alovlandırsa da, Uhudda nisbi üstünlüyün onların tərəfində olması gərginliklərini azaltmışdı. Xəndək müharibəsində də əgər məğlub olsaydılar yenidən kin və düşmənçilikləri artacaq, qan davasında olduğu kimi illərlə müharibələr davam edəcəkdi. Ancaq müharibənin baş tutmaması, xəndəyin qarşı tərəfində duraraq müsəlmanları təhqir etmələri bir nöqtədə onları rahatlatmışdı. Müşriklərin bu hərəkətlərinə qarşı, Peyğəmbərin (s.ə.s.) qəti təlimatlarına tabe olan müsəlmanların cavab verməməsi də gərginliyi azaltmışdır. Əvvəllər bir-birinin üzünü görmək istəməyən hər iki tərəf, xəndəklə qarşılaşmaları və müharibə olmadan ayrılmaları ardından  baş verəcək Hüdüybiyyə sülh müqaviləsi üçün əlverişli şərait hazırlamışdır. Hüdeybiyyədəki danışıqlardan sonra imzalanan sülh müqaviləsi müşriklərdən əksəriyyətinin vicdanında İslama qarşı rəğbət oyatmışdır. Bu da sonralar bir çoxunun müsəlman olmasına səbəb olmuşdur.[15]

Xəndək müharibəsində Allah Rəsulunun (s.ə.v) izlədiyi strategiya Hüdeybiyyə sülhündən əvvəl qarşı tərəflə dialoq mahiyyətindədir. İslam dinində insanlar arasında sülh əsas şərtdir. Ancaq “millət və ya dövlətin varlığını təhdid edən, onu yox etməyə çalışana qarşı özünü müdafiə xarakterli mübarizəyə icazə verir və bəzi vəziyyətlərdə də bunu əmr edir.”

Yuxarıda anlatdıqlarımıza baxaraq deyə bilərik ki, Allah Rəsulu (s.ə.v) apardığı bütün mübarizələrdə insan qanının boş yerə axmasını azaltmaq üçün əlindən gələn hər şeyi etnişdir[16]. Onun bu siyasətinin uğur qazandırdığına tarix şahiddir. Günümüzdə də bizlər də bu prinsiplərə riayyət edərək bəşəriyyətə, insanlığa dinimizin gözəlliklərini göstərə bilərik.


 Dr. Səlim Arı
Bu yazı, açıq adresi göstərilən mənbədən alınaraq, bəzi əlavlərlə sadələşdirilmişdir.
http://www.sizinti.com.tr/konular/ayrinti/insani-degerler-yonuyle-peygamberimiz-ve-hendek-savasi.html

[1] Quranda Xəndək qəzvəsindən bəhs edilən ayələr haqqında bax: Əhzab 33/9-22.

[2]İbn Hişam, Əbu Muhamməd Əbdülməlik, əs–Sirətun–Nəbəvi, I–IV, Thk: M. Əli Əl-Qutub, Beyrut, 1992, III, 225; İbnul–Əsir, İzzəddin Əbul–Həsən Əli Əl-Cəzərî, Üsdul–Ğabə fî Mərifətis–Səhabə, I–XI, Beyrut, tarixsiz, II, 178; İbn Kəsir, Əbul–Fidaəl–Hafiz əd–Diməşqi, əl-Bidayə vən-Nihayə, I–XIV, thk:A. Əbu Müslim, Beyrut, 1989, IV, 96; İbn Sad, Muhamməd, ət-Tabaqatul–Kübra, I–VII, Beyrut, tarixsiz, II. 66.

[3]İbn Hişam, III, 226.

[4]Muhamməd Hamidullah, Hz. Muhammədin Savaşları ve Savaş Meydanları, İslam Hərb Tarixinə Dair Bir Tədqiq, tərcümə: Salih Tuğ, İstanbul 1991, s.118–119.

[5]Təbəri, Əbu Cəfər Muhamməd b.Cərir, Tarixu Üməm vəl–Muluk, I–XI, Beyrut 1988, III, 165, Zəhəbi, Şəmsəddin Muhamməd b. Əhməd b.Osman, Siyəru Aləmin–Nübəla, I–XXIII, thk:H. əl–Əsəd, Beyrut, l992, I, 450.

[6]H. Ülkü, İslam Tarihi, İstanbul, l982, 178. (Suffə, Hz. Peyğəmbərin (s.ə.v) Mədinəyə hicrətindən sonra tikilən Məscidi-Nəbəvinin yanında qurulan məktəbdir. Adətən bu məktəbdə Mədinəyə gələn, evi olmayan, subay mühacirlər elm öyrənirdilər.  Əsri-səadətdə suffə məktəbində qalaraq elm öyrənənlərlə yanaşı, başda Əhli-beyt, Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman kimi başqa səhabələr də vardı ki, bunlar sadəcə gündüz orda olurdular. Əsas müəllim Peyğəmbərimiz (s.ə.v) olmaqla birlikdə, Onun təyin etdiyi başqa müəllimlər də vardı.)

[7]Hamidullah, e.a.ə., s.120

[8]İbn Kisir,IV.96; Vaqidi, Kitabul–Məğazi, thk, Mars Jones, Qahirə, 1965, III, 45

[9]Bax: Nəcm,53/3; Şura,42/38.

[10]Buti, Muhamməd Said Ramazan,Fıkhu Sirətün–Nəbəviyyə, Dəməşq, tarixsiz, 218.

[11]Buti, e.a.ə., 219.

[12]Qonrapa, 307.

[13]İbn Hişam, e.a.ə., III, 264.

[14]Əlavə məlumat üçün bax: İnsanlığın İftixarı-2.

[15]Ali Murat Daryal, İslamın Doğuş ve İlk Yayılışının Psiko-Sosyal Açıdan Təhlili, İstanbul, 1989, 97–109.

[16]Muhamməd Hamidullah, İslam Peyğəmbəri, İrfan Yayınları, Tərc: Salih Tuğ, İstanbul, 1980, I, 271.



Şərh yaz