1. 745 dəfə oxunub ,   0 şərh   Çap et

Ailədə və insanlararası münasibətlərdə müxtəlif konflikt və anlaşılmazlıqların şahidi oluruq. Bunun Quranda “muslihun” (vasitəçi, barışdıran) adlandırılan insanların azlığı ilə əlaqəsi var? Bunu necə düzəltmək olar?

Sülh kəlməsi əmin-amanlıq, dinclik, islah etmək, razılaşmaq, barışmaq və fəsadı aradan qaldırmaq mənalarındadır. Hər hansı bir anlaşılmazlığı aradan qaldırmaq üçün iki nəfər və ya iki tərəf arasında bağlanan müqavilə də sülh adlanır. 

Uca Allah Quranda “… sülh (barışmaq) daha xeyirlidir.”[1] − buyurur.

Sülh qanunu ümumidir. Elə İslam sözünün mənası da kökü etibarilə “silm” (sülh, salamatlıq), təslim, əmin-amanlıq, etibar deməkdir. Bu halda, onları tam təmsil etmədən həqiqi müsəlman olmağımız qeyri-mümkündür.

Ayədə bildirilən prinsip möminlər üçün çox əhəmiyyətlidir. Əslində ayə ər-arvad arasındakı problemlərin həlli ilə əlaqəli nazil olmuşdur. Ayədə Uca Allah ailədədaxili problemlərin sülh və barışıq yolu ilə həlini əmr etmişdir.

Ayədəki hökm insanlararası münasibətlərdəki bütün konflikt, ziddiyyət və anlaşılmazlıqların həllində  ümumi prinsip ola bilər. Çünki səbəbin xüsusiliyi hökmün ümumi olmasına mane deyil. Yəni bu ayə xüsusi bir məsələ haqda nazil olsa da, ayənin hökmü həm də ümumidir. Buna görə bizə istər ailə, istərsə də insanlararası münasibətlərdə ortaya çıxan anlaşılmazlıqlar zamanı barışmaq, sülh və razılığa gəlmək həll yolu kimi göstərilir.

İslamın ilk illərində belə müsəlmanlar rahatlıq və əmin-amanlığın təmin olunması üçün sülhə, barışığa böyük önəm verirdilər. Fərdlər və qruplar arasında asayişin və rahatlığın təmin olunması üçün əllərindən gələni edir, anlaşılmazlıqları sülh yolu ilə həll etməyə çalışırdılar. Müsəlman olaraq bizlər də Quranın bu prinsipini əvvəlcə öz aramızda və ya sözümüzün dinlənildiyi yerlərdə tətbiq etməyə çalışmalıyıq.

Müjdələnən insanların özəllikləri

Mövzu ilə əlaqəli bir hədisdə Allah Rəsulu (s.a.s.) belə buyurur:

İslam qərib başladı (qəriblərlə təmsil olundu) və başladığı kimi, bir gün yenə qürbət dövrü yaşayacaq. (Hər kəsin yıxıb dağıtdığı dövrdə abadlıq və quruculuq işlərini davam etdirən) qəriblərə müjdə olsun,”[2]

Hədisdəki “İslam qərib başladı” ifadəsini bu dinin üslubundan, yolundan, halından anlamayan cahillərlə dolu mühitdə yayılması və onu təmsil edənlərin bu cür “qürbət” dövrü ilə sınağa çəkilməsi şəklində anlamaq olar. Məlum olduğu kimi, o dövrdə Məkkə müşrikləri uzun müddət İslama qarşı çıxmış, bir ovuc müsəlmana boykotu və hər cür əzab-əziyyəti rəva görmüş, onlara etmədikləri zülüm və işgəncə qalmamışdı. Digər tərəfdən İslam ilk dövründə qəriblərlə təmsil edilmişdir. Bəli, o ilk mənsublar içində yüksək təbəqədən, demək olar ki, heç kəs yox idi. Allah Rəsulu (s.a.s.) Dihyətül-Kəlbi (r.a.) ilə Roma imperatoru Herakla məktub göndərəndə Herakl Əbu Süfyanı yanına çağırtmış və ona bəzi suallar vermişdi. O suallardan birində Peyğəmbərimizi nəzərdə tutaraq: “Ona daha çox kim tabe olur, zənginlər, yoxsa qəriblər?” – demiş, Əbu Süfyan da “Qəriblər” cavabını vermişdi. Elə bu qəriblər də cəmiyyətdə qərib qarşılanmış, çox qəribə, ürəkyaxan rəftarlarla üzləşmişdilər. Lakin o möminlər bunlara məhəl qoymadan hər maneəni aşaraq Allahla münasibətlərini nöqsansız davam etdirmiş və Allahın uca adını könüllərdə dalğalandırmışlar. Tarix ilk müsəlmanların etdiyi kimi misilsiz fədakarlıq görməmişdir.

Oxşar başqa bir hədisdə də Allah Rəsulu (s.a.s.) qəriblərin kimlər olduğunu soruşan səhabələrə belə cavab vermişdir:

Onlar əxlaqın çökdüyü dövrdə gözəl əxlaqı təmsil edənlərdir.[3]

Deməli, İslamın qürbət dövründə insanlar arasında ixtilaf, nifaq və fitnələr çoxalacaq. Bu ayrılıq və ziddiyyətlər ailədaxili və insanlararası münasibətlərdə, həmçinin cəmiyyətin fərqli təbəqələrində özünü göstərəcək. Məhz belə bir dövrdə bir qrup insanın bu cür konfliktlərdən uzaq qalması, hər cür ixtilaf və nifaqdan çəkinməsi, insanları ancaq birlik, bərabərlik və barışığa səsləməsi çox önəmlidir. İnsanları birliyə, sülhə və tolarantlığa çağırmaq həm də ilahi tövfiqə səsləməkdir. Bu düşüncələrlə öz cəhd və səylərini əsirgəməyən və üzərinə düşəni layiqi ilə yerinə yetirənlərə Uca Allah da inayəti ilə yardım edər. Hədisdə bildirilən qəriblər də məhz bunlardır.

“Qəriblər” hər şeyin əslindən uzaqlaşdığı, dəyərlərin unudulduğu, insanların bir-birinə yadlaşdığı dövrdə həmişə sülhün, tolarantlığın və xoş rəftarın tərəfdarı olacaqlar. Onlar hər cür münaqişə və mübahisələrə qarşı çıxacaq, mediadakı polemikalardan belə uzaq duracaqlar. Onlar müxtəlif qruplar arasında baş verən mübahisə və ya münaqişələrə əsla qarışmayacaq, əksinə sülh, barışıq və razılıq yolları axtaracaqlar. Qeyri-əxlaqi davranışlara onlara yaddır. Düşmənçilik, intiqam, nifrət kimi kəlmələrə isə onların lüğətində yer yoxdur.

Əslində sadalananlar dinin əsas prinsiplərinə də ziddir. İslama görə, insan ən gözəl şəkildə yaradılmışdır. Bir insanı öldürmək bütün insanlığı öldürmək qədər günahdır. Bu nöqteyi-nəzərdən insana zərəri olan bütün davranışların hamısı hədisdə bildirildiyi kimi “fəsad” adlanır.

İnsanlar arasında bütün fəsadların qarşısını almağa çalışan möminlərdən bir qrup olmalıdır. Bu qrup həmişə sülhü, əmin-amanlığı, tolerantlığı təmsil etməli, insanları barışdırmağa çalışmalıdır. Onların əsas missiyası sülhpərvərlik, ara düzəltmək və insanları barışdırmaq olmalıdır. Çünki cəmiyyətdə və insanlararsı münasibətlərdə baş verən anlaşılmazlıqların sadəcə qanunlarla tənzimlənməsi bir az çətindir. İnsanları məntiqən inandırmaq, onların qəlb və vicdanlarına səslənməklə bu mümkündür. Həmçinin fərdlərə insan sevgisini öyrətmək, onlar arasında sayğı və hörmət hislərini yaymaq, həmçinin sülh və tolerantlığın faydalarını izah etmək də lazımdır.

Bunlarla yanaşı insanlarda axirətə iman və orada hesab verəcəyi düşüncəsi də olmalıdır. Bu düşüncənin yerini heç nə doldura bilməz. Bu boşluq nə cəzalarla, nə də ki, cərimələrlə doldurula bilər. Dövrümüzdə mövcud qanun və qaydalara rəğmən oğurluq, fırıldaqçılıq, dələduzluq və s. cinayət əməllərinin qarşısını tam almaq mümkün deyil. Vicdanlara bir gözətçi təyin edənə qədər bunun öhdəsindən gəlmək bir az çətin olacaq. Çünki günahkarlar ən ağır qaydaları belə pozmağın yollarını tapır ağıla gəlməz əməllərinə davam edirlər.

Xüsusilə əxlaqi dəyərlərin unudulduğu bir dövrdə, insanların qəlblərini Allaha bağlamadan və axirətə inandırmadan bu problemlərin həlli mümkün deyil. Qısacası, insanlar arasında sülh və əmin-amanlığın təmin edilməsi üçün onlara həqiqi imana gedən yolu göstərmək lazımdır.

Allahın əxlaqı ilə əxlaqlanmaq

Bir hədisdə Uca Allahın axirətdə iki möminin arasını düzəldəcəyi bildirilir. Bunlardan biri Allahın hüzurunda mömin qardaşında olan haqqını tələb edir. Allah qul haqqına girənin savabı qalmadığını bildirir. Haqq sahibi öz günahlarının ona yüklənməsini istəyir. Bu vaxt Allah ona Cənnətdən müəyyən mənzərələr göstərir və bildirir ki, bu nemətlər mömin qardaşını bağışladığı təqdirdə ona veriləcək. Bunu eşidən haqq sahibi haqqından imtina edir. Uca Allah ona belə deyir: “İndi qardaşının əlindən tutaraq Cənnətə daxil ol”. Rəsulullah (s.a.s.) bunu dedikdən sonra belə buyurur:

Allahdan qorxun və bir-birinizlə yaxşı rəftar edin. Şübhəsiz ki, Allah möminlərin arasını islah edər.[4]

Hədisdən ilhamlanaraq bəlkə də Allaha “Muslih” sifəti (ismi) aid etmək olar. Ancaq 99 Əsmaül-hüsna, Muhiddin ibn Ərəbinin bildirdiyi üç yüz isim və Cövşəndəki min isim arasında bu isim yoxdur. Əsmaül-hüsna tövfiqidir. Yəni Uca Allaha Quran və Sünnədə olmayan hər hansı sifəti və ya ismi aid edə bilmərik. Ancaq bəzi alimlərə görə, Quran və Sünnədə Allaha aid edilən feillərin mənasını isimləşdirərək Allaha aid etmək olar. Bir hədisdə də bildirilir ki, biz Allahın bütün isimlərini bilmirik.[5] Biz Uca Allahın şəxsi, ailəvi və ya ictimai həyatımızla əlaqəli isimlərini bilirik. Yəni bizim bildiyimiz isimlər bizimlə birbaşa əlaqəli olanlardır. Bunun xaricində məsələn, fiziki aləmlər var olduğu müddətcə təcəlli edən isimləri, üstəlik axirətdə təcəlli edəcək isimləri də bilmirik. Ola bilər ki, bizim bilmədiyimiz isimlər arasında Allahın “Muslih” adlı ismi olsun.

Xülasə, möminlərin əsas məqsədi Allahın əxlaqına bürünmək, etdikləri işlərdə islahedici və sülhpərvər olmaq olmalıdır. Möminlər küsülüləri barışdıraraq, mübahisələri sülhlə həll edərək, fərqli düşüncədəki insanları bir araya toplayaraq həyatın bütün sahələrində sülh və tolerantlıq mühiti formalaşdırmağa çalışmalıdırlar.


[1] Nisa surəsi, 4/128.
[2] Müslim, İman, 232; Tirmizi, İman, 13.
[3] Əhməd ibn Hənbəl, əl-Müsnəd, XXVII, 237.
[4] Hakim, əl-Müstədrək, IV, 620.
[5] Əhməd ibn Hənbəl, əl-Müsnəd, VI, 247.



Bənzər məqalələr

Sülhdə xeyir var

Qloballaşan dünyada “Sülhdə xeyir var.” ayəsini necə başa düşməliyik?

Tolerantlıq nədir?

Tolerantlıq fransızca kəlmədir və mənası “dözümlü olmaq, səbir eləmək, yaxşı qarşılamaq” deməkdir.

İslam sülh dini olduğu halda, Allah Rəsulu niyə döyüşmüşdür?

 İslam adından da göründüyü kimi, sülh və əmin-amanlıq dinidir. Bu dində bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsinə bərabər sayılır. İslam Peyğəmbəri Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) həyatı buna ən gözəl nümunədir. Sülhün əsas olmasına baxmayaraq, Peyğəmbər və müsəlmanlar döyüşə qatılmışsa, başqa çıxış yolunun olmamasından və məc­buriyyətdən irəli gəlir. Onsuz da, ilk döyüşlə bağlı […]

Öz dövrünə aid qeybi xəbərləri

Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: “Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var”, – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.


Şərh yaz