1. 576 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bəzi insanlar xoşlarına gələn müəyyən məsələlərlə qarşılaşanda “Bu gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) olsaydı, O da belə edərdi” deyirlər. Əksinə xoşlarına gəlməyən bir mövzu ilə üzləşəndə “Mənim Peyğəmbərim belə deməz” deyərək həmin məsələ haqda rahatlıqla hökm verirlər. Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) bu cür yanaşmanı necə qiymətləndirirsiniz? Bu kimi sözləri dilə gətirmək mümkünsə, onu kimlər söyləyə bilər?

Cavab: Bu kimi fikirləri təhlil edərkən şəxsləri və onların nəyə əsaslandıqlarını nəzərə almaq lazımdır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Allahdan gələn vəhyi insanlara çatdıran bir rəsul, elçi olmaqla yanaşı, eyni zamanda qövli, feili və təqriri sünnəti ilə məsələləri izah edən və əsaslandıran bir müctəhiddir. Odur ki, dövr və şəraitdən asılı olaraq müəyyən problemlərin həllinə Peyğəmbərimizin müctəhidlik xüsusiyyətini nəzərə alaraq: “Əgər bu gün Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) olsaydı, bu məsələni bu cür həll edər, bu boşluğu belə doldurardı” şəklində yanaşmaqda bir qəbahət görmürəm. Hətta bu cür yanaşmaya məntiqli izah da vermək olar. Belə ki, zaman böyük bir müfəssirdir. Dövrün və şəraitin tələbinə görə bəzi məsələlərin izah və təfsirində ibrə rolunu oynayır. Başqa sözlə, Kitab və Sünnənin bəzi sahələri ictihadla istinbata, təvil və təfsiri də zaman müftüsünə[1] həvalə edilmişdir. Ancaq bu kimi məsələləri izah etməyə çalışan insanlar ilk növbədə Kitab və Sünnədə həmin mövzu haqqında konkret hökmün, dəlilin olub-olmadığını müəyyən etməli, araşdırmalıdır. Çünki bu iki əsas mənbədə – Qurani-Kərim və Sünnədə əksini tapan nəslərə zidd fikir irəli sürmək olmaz. O cümlədən əsaslı dəlillərlə hökm verən müctəhidlərin bir mövzu haqda ortaq qənaəti (icması) varsa, buna əks fikir də qəbulolunmazdır. Bəziləri icmanın höccət (dəlil, sübut) oduğunu qəbul etməsə də, o, Peyğəmbərimizin nurlu kəlamlarında buyurduğu kimi möhkəm və əsaslı bir höccətdir: “Ümmətim zəlalətdə ittifaq etməz” (İbn Macə, “Fitən” 8), “Allahın inayət və qüdrəti camaatla birlikdədir” (Tirmizi, “Fitən” 7), “Allahdan ümmətimin səhv yolda birləşməməsini istədim, O da qəbul buyurdu” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 6/396). Üstəlik qəlbi, ruhu, ağlı, vicdanı, zahiri və batini hisləri nöqsansız, kamil insanların bir mövzu ətrafında qərəzsiz, təmənnasız ittifaq etməsi məntiqi baxımdan da icmanın höccət olduğunu sübut edir.

Odur ki, ictihadda Kitab və Sünnə ilə yanaşı, Kitab və Sünnənin nəslərini izah edən icmaya da əks fikir söyləmək qəbuledilməzdir. Bu baxımdan əsas mənbələrə biganə qalıb həvaü-həvəsə[2] görə ortaya fikir atmaq başqa şeydir, əsas qaynaqlara və möhkəmata[3] sadiq qalaraq, dərin elm və biliklə bir mövzu haqda fikir söyləmək başqa şeydir. Dolayısilə, fərdi, siyasi, ictimai, iqtisadi, qısaca hər bir problemin həllində ilk növbədə Kitab, Sünnə və icmaya baş vurmaq lazımdır. Bu mənbələrdə bir çarə tapılmayanda isə, boşluğu doldurmaq üçün irəli sürülən fikirlərin möhkəmatla təzad təşkil etməməsinə diqqət edilməlidir.

Bir hökm verəndə ürəyimiz əsməlidir

Digər tərəfdən unutmayaq ki, həyatın müxtəlif sahələrində meydana çıxan problemlərə ictihadla bir çarə tapmaq üçün mütəxəssis olmaqla yanaşı, Allahın kəlamına və İlahi muradına zidd bir fikir söyləmək qorxusu ilə tir-tir əsən bir qəlbə də sahib olmaq lazımdır. Yoxsa dini həyatında laübalı və qeyri-ciddi olan, işin asanına qaçan, həmişə özünə sərf edəni danışan, məşhurlaşmaq arzusuna qapılıb özünü şirin göstərməyə çalışan və daima özündən danışılmasını istəyən, bu düşüncə ilə oturub-duran insanların “Peyğəmbərimiz olsaydı, O da belə edərdi” deməsi, ya da (nəfsinə) ağır gələn məsələlərlə qarşılaşanda “Allah Rəsulu olsaydı, belə etməzdi” deyə iddialı danışması, beləcə öz şəxsi fikirlərinə Allah Rəsulunu höccət göstərməsi şübhəsiz ki, qəbulolunmaz bir yanaşmadır. Əslində belələrinin sərf eləməyən bir məsələylə qarşılaşanda “Peyğəmbərimiz indi olsaydı, filan cürə edərdi” söyləməsi, haşa, bir mənada xəyali bir peyğəmbər təsəvvür etmək, həmin peyğəmbəri arzu-istəklərin “ağzı” ilə danışdırmaq, ondan şəxsi həva və həvəsə uyğun fətva almaq deməkdir.

Halbuki dünya və axirət səadətinə aid dini məsələlərə qeyri-ciddi, laübalı münasibət qəbulolunmazdır. Sələfi-salehin ictihad məsələsində o qədər həssas və diqqətliydi ki, bir mövzu haqda sual gələndə bəzən sırf həmin suala cavab vermək üçün Quranı bir neçə dəfə xətm edərdilər. Məsələn, İmam Əzəm Əbu Hənifə həzrətləri bir məsələni həll eləmək üçün tələbələri ilə günlərlə fikir mübadiləsi və müzakirə aparmışdı. Onun müzakirəsini indiki televiziya kanallarında gördüyünüz mübahisələrlə qarışdırmayın. Zira, müzakirə (münazirə[4]) höcətləşmək və qarşı tərəfin inadına əks fikri müdafiə etmək deyil, müəyyən bir mövzunun oxşarını tapıb ortaya qoymaq deməkdir. Yəni dini bir məsələni müzakirə etmək “bu məsələ filan nəssə daha çox uyğun gəlir, filan ayəyə daha yaxındır…” kimi mülahizələrlə həmin məsələnin oxşarını üzə çıxarmaq və ona istinadən həll yolu tapmaqdır. Bəzən müzakirə və münazirələrdən sonra tələbələri Əbu Hənifənin görüşü ilə razılaşır, “Bu məsələ sizin dediyiniz kimidir” deyirlər. Ancaq Əbu Hənifə səhərədək nəsləri təkrar gözdən keçirir, təkrar mütaliə edir, düşünüb-daşınır, fikirlərini bir daha ölçüb-biçir, səhər açılınca tələbələrinin yanına gedib “Axşam siz mənimlə razılaşdınız, ancaq filan nəslər gözümdən yayındığı üçün yanılmışam. Sizin dediyiniz doğrudur” deyərək haqpərəstlik edir, öz fikrinə deyil, tələbələrin qənaətinə üstünlük verir.

Bir örnək də Əbu Həsən əl-Şazəlidən verək: Quran və Sünnəyə vaqif olan, güclü natiq və xatib Əşari həzrətləri bir vaxtlar əhli-etizalın[5] arasındaydı. Ancaq ehtimal ki, kiminsə vasitəsilə, birdən-birə düşüncəsi dəyişir, müasir dövrdə geniş yayılan “hər kəs öz əməlini yaradır” fikrindən uzaqlaşır. Yüksək elmə malik, şöhrəti dildən-dilə gəzən İmam Əşari həzrətləri xalqı toplayıb “Mən bu günə qədər filan mövzuda nə demişəmsə, hamısı yanlışdır. Doğru isə budur” deyir və əhli-sünnə əqidəsinə yönəlir.

Həvaü-həvəsini ilaha çevirənlər

Təəssüf ki, indi sözü gedən mövzu ilə bağlı elə qeyri-ciddi yanaşmalar var ki, təsəttür (hicab, örtünmə) kimi Kitabda açıq-aydın əmr edilən, səhabə və tabiunun hərtərəfli – təfərrüat və icrası ilə – izah etdiyi bir məsələnin Qurani-Kərimdə yer almadığını iddia-inkar edənlər var. Bu günədək biz sələfi-salehinin həmfikir olduğu (icma) bu kimi məsələləri inkar edənlər haqqında tədbir və təmkinimizdən dişimizi sıxıb bir söz deməsək də, ayələrlə açıq-aydın bildirilən bu kimi məsələləri inkar etməyin hökmü hər kəsə məlumdur.

O halda fərdi, ailəvi, ictimai, iqtisadi, siyasi və idari sahələlərdə bir ictihada ehtiyac varsa, ilk öncə Qurani-Kərim və Sünnəni yaxşı bilməli, sələfi-salehinin ictihad və mütaliələrini gözdən keçirməliyik. Daha sonra təməl qaynaqlarda həmin məsələyə oxşar bir məsələnin, hökmün, əmrin olub-olmadığını araşdırmalı, arxasınca da dövrün və şəraitin tələblərini də nəzərə alaraq bir çarə tapmalıyıq.

Məsələn, Qurani-Kərim arası dəyən ər-arvadı barışdırmaq üçün hakim təyin etməyi tövsiyə edərkən “Sülh daha xeyirlidir” (“Nisa” surəsi, 4/28) buyuraraq tərəflərin əlinə vacib bir düstur verir. “Hücurat” surəsində isə bir-biri ilə vuruşan iki dəstəni barışdırmağı əmr edir. Bu nəsləri əsas götürərək böyük kütlələr, hətta dövlətlərarası münasibətlərdə meydana çıxan problemlərdə həmin prinsiplərə baş vurmaq olar. Çünki cəmiyyəti meydana gətirən “molekul” – ailədə sülh xeyirli sayılırsa, müxtəlif kəsimlər, mədəniyyətlər, axınlar və ya xalqlar arasında sülhün bərqərarı olması daha da xeyirlidir. Məsələ nə qədər böyükdürsə, sülh də o qədər əhəmiyyətlidir. Çünki ər-arvad arasında çıxan problemlər ailənin dağılmasına, uşaqların bir mənada yetim qalmasına səbəb olur. Amma iki toplum arasında çıxan problemlər sülh yolu ilə həllini tapmazsa, nəticəsi daha ağır olar. Dolayısilə möminlər nə səviyyədə olursa-olsun, buna bənzər ictimai problemləri həll etmək üçün imkan və ehtiyacları da nəzərə alaraq sülh yolları axtarmalı, dialoqa, uzlaşmaya zəmin hazırlamalı, lazımsa hakimlər heyəti qurmalıdır.

Sözügedən məsələyə bir mənada üsuli-fiqhin qiyas prinsipi ilə yanaşmaq da mümkündür. Bildiyiniz kimi, qiyas metodu termin kimi bir mövzu və bir əmələ aid hökmü ona bərabər və ya oxşar olan başqa bir mövzu və ya əmələ tətbiq etməkdir. Bu metod haqq və din naminə tətbiq edilirsə, xətaya yol verilsə belə, insana savab qazandırır. Çünki ictihad edən doğru hökm verərsə, ən az iki, niyyətinin xalisliyindən və məsələnin əhəmiyyətindən asılı olaraq yüz, bəlkə də, daha çox savab qazanar. Xəta edərsə, əməl dəftərinə göstərdiyi cəhdin savabı yazılar. Məsələlərə həvaü-həvəsinə görə yanaşanlara gəlincə, Quran onlar haqqında: “Nəfsini (həvaü-həvəsini) özünə ilah edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?” (“Casiyə” surəsi, 45/23) – deyir

Xülasə fərd, ailə və cəmiyyətə dair hər bir məsələdə söz haqqı Allaha, sonra da Peyğəmbərimizə aiddir. O müqəddəs kəlamlar olan yerdə bizim vəzifəmiz susmaqdır. Dolayısilə, bir insan Allaha və Rəsuluna aid bir bəyan ola-ola öz nəfsani arzu və həvəslərininin “dili” ilə danışırsa, bilsin ki, nəfsini özünə ilah etmişdir.

[1] Müftü – Fətva verməyə səlahiyyəti çatan böyük İslam alimi. İslami elmləri yaxşı bilən, məsələləri Kitab və Sünnəyə əsasən açıqlayan bilikli alim. (Müəllif burada zamanı müfütüyə bənzətmişdir – red.)
[2] Həvaü-həvəs – Müvəqqəti, keçici nəfsani arzu-istəklər.
[3] Möhkəmat – Quran və Sünnədə açıq, aydın mütəşabeh olmayan əsaslar, hökmlər.
[4] Münazirə – Müəyyən bir elmi mövzuda ədəb, əxla, qaydalara müvafiq aparılan müzakirə.
[5] Əhli-etizal – Haqq olmayan, batil məzhəbə (mötəzilə məzhəbi) mənsub inananlar.



Açar sözləri

sünnə

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.


Şərh yaz