22. 701 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (s.ə.s) fərz və ya vacib namazlardan başqa qıldığı namazlara nafilə namazlar deyilir. Sünnət sayılan nafilələr Allah Rəsulunun (s.ə.s) mütəmadi qıldığı namazlardır. Rəsulullahın (s.ə.s) bəzən bunları tərk etməsinin səbəbi insanlara fərz olmadığını bildirmək idi.

Başqa bir təsnifə görə müəyyən bir vaxtı olan nafilə namazlara “Rəvatib sünnələr” deyilir. Bunlar, müəyyən bir tərtib, düzən içərisində beş vaxt fərz namaz və ya cümə namazı ilə birlikdə qılındığı üçün bu adı almışdır. Bunlardan bəzisi müəkkəd, bəzisi də qeyri-müəkkəd sünnədir.

Müəkkəd sünnələr

Beş vaxt namaza və ya cümə namazına bağlı olaraq qılınan namazların bir qismi müəkkəd sünnədir. Bunlar Ümmi Həbibə, Hz. Aişə, Əbu Hüreyrə, Əbu Musa əl-Əşari və İbn Ömərin (r.a) rəvayət etdiyi bir hədisi-şərifdə belə bildirilir: “Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim gün ərzində fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət”.[1]

Fərz namazların müəkkəd sünnələri

  1. Səhər namazından əvvəl qılınan iki rükət sünnə. Bu ən qüvvətli sünnələrdəndir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sizi atlar qovsa da sübh namazının iki rükət sünnəsini tərk etməyin.”[2]Sübh namazının iki rükət sünnəsi dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir.[3] Hz. Aişə (r.a) belə demişdir: “Rəsulullah (s.ə.s) günortadan öncə dörd və sübh namazından öncə iki rükət namazı heç vaxt tərk etməzdi.”[4] Hz. Hafsa də Rəsulullahın (s.ə.s) səhərə yaxın evdə sübh namazının fərzindən öncə iki rükət namaz qıldığını bildirmişdir.[5] Bundan əlavə Allah Rəsulunun Xeybər qəzvəsindən dönərkən yoldakı dayanacaqda günəş doğandan sonra öncə iki rükət namaz qılıb sonra fərzi qıldırdığı nəql edilmişdir.[6] Bu və bənzəri hədislərə görə səhər namazını qıla bilməyən şəxs zəval vaxtından (günorta namazının vaxtı girmədən) qabaq fərzlə bərabər səhər namazının sünnəsini də qəzasını qılmalıdır. Bir şəxs səhər namazının sünnəsini qılmadan camaat fərzə başlayar və ikinci rükətə çatarsa, həmin şəxs fərzə çatacaqsa sünnəni qılmalıdır. Əgər fərzin ikinci rükətinə çatmayacağını anlayarsa sünnəni tərk edərək imama tabe olar və artıq fərzdən sonra sünnəni qəza etməz. Hənəfilərə görə səhər namazını dan yeri ağaranda qılmaq daha fəzilətlidir. Şafeilərə görə isə, camaatla fərzi qılandan sonra səhər namazının sünnəsini qıla bilər.
  2. Günorta namazından öncə qılınan dörd rükət sünnə: bu da müəkkəd sünnələrdəndir. Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) günortadan öncə dörd, sübh namazından öncə də iki rükət namazı heç tərk etmədiyini bildirmişdir.[7] Hz. Əlinin belə dediyi nəql edilmişdir: Rəsulullah (s.ə.s) günorta namazından qabaq dörd, sonra da iki rükət namaz qılardı.[8]
  3. Günorta namazından sonrakı iki rükət namaz. Bu iki rükət müəkkəd sünnədir, dörd rükət qılınması məndubdur.

Abdullah İbni Ömər belə demişdir: “Mən Rəsulullah (s.ə.s) ilə birlikdə günortadan öncə iki, sonra da iki rükət namaz qıldım.”[9] Başqa bir hədisdə belə buyurulur: “Hər kim günorta namazından öncə dörd, sonra da dörd rükət namaz qılarsa, Allah onun cəsədini cəhənnəm oduna haram edər.”[10]

  1. Axşam namazından sonra iki rükət namaz: bu da Rəsulullahın (s.ə.s) davam etdiyi gündəlik on iki rükət müəkkəd sünnələrdəndir.
  2. Yatsı namazından sonra qılınan iki rükət: bunun dəlili müxtəlif səhabələrdən rəvayət edilən: gündüz və gecə on iki rükət nafilə namaza davam edənə cənnətdə Allahın bir ev tikəcəyini bildirən hədisdir. Bu on iki rükətdən ikisi də yatsı namazının son sünnəsidir.[11]

Qeyri-müəkkəd (məndub) sünnələr

Hz. Peyğəmbərin çox vaxt qıldığı, ancaq bəzən tərk etdiyi sünnələr bunlardır:

  1. Günorta namazından sonra qılınan iki rükət müəkkəd sünnəyə əlavə olaraq qılınan iki rükət namaz.
  2. İkindi namazından öncə tək salamla qılınan dörd rükət namaz. Bu haqda Rəsulullah belə buyurmuşdur: “İkindi namazından öncə dörd rükət namaz qılana Allah rəhmət eləsin!”[12]
  3. Yatsı namazından öncə qılınan dörd rükət namaz. Bunun dəlili isə Hz. Aişədən rəvayət edilən bu hədisdir: “Hz. Peyğəmbər yatsıdan öncə dörd rükət namaz qılar, yatsı namazından sonra qalxaraq dörd rükət qılar, sonra yatardı.”[13]

 İnsan fərzlərlə yanaşı Rəsulullah (s.ə.s) tərəfindən qılınması bu qədər əhəmiyyətlə vurğulanan sünnə namazları da qılmalıdır. Çünki, sünnə namazlar fərzlərdə buraxılan nöqsanları tamamlayıcı mahiyyətdəri. Bu namazlar həm də insanın diqqətinin fərz namaza yönəlməsini təmin edir.

[1]Tirmizi, Səlat, 189, h. No:415, Səlat, 203, h.no. : 433: İbni Macə, İqamə, 100, H. No: 1140-1142: Əbu Davud, Tətəvvü, 1, H. No: 1250, Nəsai, Qiyamul-Leyl, 66, H. No:  1792-1801. Nəsainin rəvayət etdiyi ilk hədisdə “bu namazları qılan cənnətə gedər” ifadəsi mövcuddur.

[2]Ə. İbn Hənbəl, II, 405: Əbu Davud, Tətəvvü, 3, h. No: 1258.

[3]Müslim, Müsafirin, 96, 97: Tirmizi, Səlat, 190.

[4]Əbu Davud, Tətəvvü, 1, h. No: 1253.

[5]Nəsai, Qiyamul-Leyl, 57, h. No:1758.

[6]Əbu Davud, Səlat, 11, h. No. 435-443: Nəsai, Məvaqit, 54-55: İbn Hənbəl, IV, 444: Təhanəvi, İlaus-Sünən, II, 126.

[7]Əbu Davud, Tətəvvü, 1, h. No: 1253. Nəsai, Qiyamul-Leyl, 56.

[8]Tirmizi, Səlat, 198. h. No. 424.

[9]Tirmizi, Səlat, 198. h. No. 425.

[10]İbni Macə, İqamə, 100, 108: Nəsai, Qiyamul-Leyl, 66.

[11]Tirmizi, Səlat, 189, H. No: 415: İbni Macə, İqamə, 100, H. No: 1140-1142: Əbu Davud, Tətəvvü, 1, H. No:1250; Nəsai, Qiyamul-Leyl, 66, H. No. 1792-1801.

[12]Tirmizi, Səlat, 301.

[13]Zeyləi, Nəsbur-rayə, II, 145; Şövkani, Neylul-Əvtar, III, 18.



Açar sözləri

nafilə sünnət namazlar

Bənzər məqalələr

Nafilə İbadətlər

“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.


Şərh yaz