3. 415 dəfə oxunub ,   0 şərh   Çap et

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Sütrə etmək Sünnəyə əsaslanır. Belə ki, Allah Rəsulu bir hədisdə: “Bir sütrəyə tərəf namaz qılın, sütrəyə yaxın durun və qarşınızdan kiminsə keçməyinə imkan verməyin”, − buyurmuşdur.[1]

Allah Rəsulunun (s.ə.s) sütrəyə əməl etdiyinə dair bir çox hədis var. Bəzi hədislərdə Rəsulullahın Məscidi-Nəbəvidə namaz qıldırarkən özü ilə divar arasında yalnız bir qoyunun keçə biləcəyi qədər məsafə saxladığı,[2] bayram namazında və səfərdə önünə mizrağını sancdığı,[3] Məscidi-Nəbəvidə tək başına namaz qılarkən dirəklərdən birinə yönəldiyi[4] və səfərdə dəvəsinin yəhərini sütrə edərək namaz qıldığı bildirilir. Həmçinin səhabələrin də Məscidi-Nəbəvinin dirəklərinə tərəf yönəlib namaz qıldıqları nəql edilir.[5]

Bunlarla yanaşı Məscidi-Haramda Kəbəyə doğru namaz qılarkən Rəsulullahın önündə sütrə olmadığı və insanların onun qarşısından keçdiyi də nəql olunur.[6] Musa ibn Talha (r.a) deyir ki, namaz qılarkən önümüzdən heyvanlar keçirdi. Bunu Rəsulullaha (s.ə.s) dedik. Rəsulullah (s.ə.s): “Önünüzdə yəhər kimi bir şey olarsa (bu, sütrə sayılır)”, − buyurdu.[7]

Alimlər Rəsulullahın (s.ə.s) bəzən sütrə olmadan da namaz qıldığını[8] nəzərə alaraq sütrənin mütləq şərt olmadığını deyirlər.

Sütrəyə əməl etməyin hökmü hənəfilərə və malikilərə görə müstəhəb, şafeilərə və hənbəlilərə görə isə sünnədir. Hənəfilərə görə, namaz qılarkən qarşısından kiminsə keçmə ehtimalı olan şəxs sütrə etməlidir. Belə bir ehtimal yoxdursa sütrəni tərk edə bilər. Hənbəlilərə görə isə, namaz qılan şəxs önündən kiminsə keçmə ehtimalı olsa da, olmasa da sütrə etməlidir. Bütün alimlərə görə, sütrəsiz namaz qılmaq günah sayılmır.

Allah Rəsulu (s.ə.s) Minada namaz qıldırarkən İbn Abbas miniyi ilə Onun və camaatın önündən keçmiş, sonra minikdən enib camaat namazına qoşulmuşdu. Rəsulullah ona heç bir xəbərdarlıq etməmişdi.[9] Bu və bənzəri dəlillərə əsasən dörd məzhəbə görə, imama uyan şəxsin sütrə etməyinə ehtiyac yoxdur. Çünki imamın sütrəsi camaat üçün də kifayətdir. Sütrə etməyin əsas məqsədi odur ki, namaz qılan şəxs bütün diqqətini namaza versin və kimsə onun önündən keçərək günah qazanmasın.

Fəqehlər divar, ağac, dirək, əsa, ox və mizraq kimi dik duran və namaz qılan şəxsin diqqətini pozmayan nəsnələrin sütrə kimi istifadəsini caiz sayırlar. İnsan və ya heyvanın sütrə sayılıb-sayılmaması xüsusunda isə müxtəlif fikirlər var. Fəqehlərin bir çoxuna görə, arxası namaz qılan şəxsə tərəf olan insan sütrə qəbul edilir. Maliki və hənəfilərə görə, üzü namaz qılan şəxsə tərəf oturan insanı (və yad qadını) sütrə etmək doğru deyildir. Ancaq üzü qibləyə oturan şəxsi sütrə etmək olar. Şafei və hənbəlilərdə isə, oturan şəxs necə oturmasından asılı olmayaraq sütrə sayılır.[10] Hənəfi və hənbəlilərə görə, heyvan da sütrə hesab olunur.

Şafei, hənbəli və son dövr hənəfi fəqehlərinə görə, namaz qılan şəxs sütrə üçün əlverişli bir şey tapa bilmədikdə torpaq üzərinə cızıq çəkə bilər. Hətta bəzi alimlər səccadənin sütrə sayıla biləcəyini deyirlər. Malikilərə və ilk dövr hənəfi fəqehlərinə görə isə, yerə çəkilən cızıq sütrə sayılmır.

Şafei, hənəfi və hənbəlilərə görə, sütrə ən azı arşının[11] üçdə biri uzunluqda və düz olmalıdır. Qalınlığının ölçüsü yoxdur. Namaz qılan şəxsin ayağı və sütrə arasında üç arşın (138,6 sm) məsafə olmalıdır. Malikilərə görə isə, namaz qılan şəxsin səcdə edəcəyi yer və sütrəsi arasından bir qoyun və ya pişiyin keçəcəyi qədər yer qalmalıdır.[12]

Hədislərdə namaz qılan şəxsin önündən keçməyin böyük günah olduğu bildirilmişdir.[13] Bütün fəqehlərə görə, namaz qılan şəxs ilə sütrə(si) arasından keçmək günahdır. Ancaq sütrənin qabağından keçmək olar.

Sütrəsiz namaz qılan insanın önündən bilərək keçmək də günahdır. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur:

Namaz qılanın önündən keçən nə qədər günah işlədiyini bilsə, namaz qılanın qabağından keçməkdənsə qırx gün dayanıb gözləyər.”[14]

Sütrəsiz namaz qılanın önündən keçmək deyəndə onun səcdə etdiyi yerdən keçmək nəzərdə tutulur. Məscidlərdə namaz qılanın səcdə edəcəyi yer əsas götürülür. Yəni səcdə edəcəyi yerdən aralı keçmək lazımdır. Cümə və camaat namazlarında fərzdən sonra çıxanlar sütrəsiz namaz qılanların önündən keçməməlidir.

Hənəfi və malikilərə görə, namaz qılan şəxsin qabağından bilərək və üzrsüz keçmək haramdır. Şafeilərə görə isə, bu, düzgün davranış deyil. Onlara görə, sadəcə insanların keçdiyi yerdə sütrəsiz namaz qılmaq məkruhdur. Hənbəlilər də eyni qənaətdədir. Cərgədəki boşluğu doldurmaq üçün namaz qılanın qabağından keçmək (malikilər istisna bütün məzhəblərə görə) caizdir.

Camaat namazına gecikən, imamın salamından sonra namaza davam edən şəxs, əgər önündən insanlar keçəcəksə (bir ayağını yerdən qaldırmadan) sütrəyə (insanların önündən keçməyəcəyi yerə) yaxınlaşa bilər. İstənilən halda namaz qılan şəxslə sütrəsi arasından keçdikdə namaz pozulmur.

Namaz qılan şəxs özü ilə sütrəsi arasından keçməyə çalışan insan və ya heyvana mane ola bilər. Ancaq buna məcbur deyil. Belə ki, namaz qılanın önündən keçənə gözü, əli və ya başı ilə işarə etməsi, dayanmadıqda əli ilə mane olması şafei və hənbəlilərə görə sünnədir. Bunu edərkən ən asan olan seçilməlidir. Namazı pozacaq qədər çox hərəkət edilməməlidir.

Hənəfilərə görə isə, göz, əl və ya başı ilə işarə etməklə önündən keçənə mane olmamaq daha yaxşıdır. Mane olduqda isə, sadəcə “sübhanallah” demək yetərlidir. Namaz qılan qadın önündən keçənə mane olmaq üçün əllərini bir və ya iki dəfə bir-birinə vura bilər. Bundan artığını etmək caiz deyil.[15]

Kəbədə adətən izdiham olduğu üçün burada sütrə tətbiq olunmur. Bütün məzhəblərə görə, Kəbədə namaz qılanın önündən keçmək caizdir.

Qısacası, üzrsüz olaraq insanların keçdiyi yerdə sütrəsiz namaz qılmaq doğru deyil. Bu cür vəziyyətlərdə sünnəni yerinə yetirərək sütrəyə doğru namaz qılmaq lazımdır. Sütrəyə doğru namaz qılan şəxsin önündən keçmək caiz deyil. Məcbur qaldıqda insanların keçdiyi yerdə sütrəsiz namaz qılanın önündən keçmək olar.

[1] Buxari “Salət”, 100; Əbu Davud, “Salət”, 107.
[2] Buxari, “Salət”, 91.
[3] Buxari, “Salət”, 90, 92, 93.
[4] Buxari, “Salət”, 95.
[5] Buxari, “Salət”, 95.
[6] Əbu Davud, “Mənasik”, 88.
[7]Müslim, Salət, 242; Tirmizi, Salət, 248.
[8] Əbu Davud, “Salət”, 113.
[9] Buxari, “Salət”, 90.
[10] Abdurrahman Cezırî, Dört Mezhebe Göre İslâm Fıkhı, I, Çağrı yayınları, 7. Baskı, İstanbul, 1993: 363-366.
[11]Metrik ölçü sistemi qəbul olunanadək işlədilən uzunluq ölçüsüdür. Şəri arşın 46,2 sm-dir.
[12] Abdurrahman Cezırî, Dört Mezhebe Göre İslâm Fıkhı, I, Çağrı yayınları, 7. Baskı, İstanbul, 1993: 363-366.
[13] Buxari, “Salət”, 101.
[14]Müslim, “Salət”, 261; Tirmizi, “Salət”, 249
[15] Abdurrahman Cezırî, Dört Mezhebe Göre İslâm Fıkhı, I, Çağrı Yayınları, 7. Baskı, İstanbul, 1993: 366-368.


Açar sözləri

namaz sütrə

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz