5. 846 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Təəssüb nə deməkdir? Səlabətlə təəssübü bir-birindən hansı xüssusiyyətlər ayırır?

Cavab: Təəssüb ərəb sözü olub bir işin əvvəlini-axırını düşünmədən məsələlərə sırf şəxsi görüş və maraq aspektindən yanaşmaq, ağıla, məntiqə sığmayan, hətta dinin ruhuna zidd məsələlərdə belə inadkarlıq etmək, “dediyim dedik” sözü ilə ifadə edilən hərəkət və davranışlar nümayiş etdirmək deməkdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bəzi hədislərində bu davranışı “əsəbilik, hirslilik” mənasına gələn “əsəbiyyə” sözü ilə ifadə etmişdir. (Bax: Əbu Davud, “Ədəb”, 111; İbn Macə, “Fitən”, 7) Çünki təəssüb tamamilə əsəb və hislərdən qaynaqlanan bir davranışdır, qandan, damardan, cismanilik və heyvanilikdən “bəhrələnən” bir hiss və duyumun üzə çıxmasıdır. Odur ki, təəssüb bir insanın müəyyən bir mövzuda haqsız yerə ifrat inadkarlıq etməsi, iki ayağını bir başmağa dirəməsi, özündan savayı heç kimi saymaması və öz bildiyini eləməsi, mübsərat[1] aləmini görmədən, məsmuat[2] aləminə qulaq vermədən nəfsi ilə hərəkət etməsi kimi mənalara gəlir. Gördüyünüz kimi təəssüb məntiq və mühakimədən uzaq, hiss və ehtisasdan yoxsul bir davranışdır. Buna görə də təəssübkeş insanın düşüncə və mühakimə ilə hərəkət etməsi mümkünsüz olduğu kimi, vicdan mexanizminin daxili duyumu olan ehtisası işə salması da qeyri-mümkündür. Dilimizdə – nüans fərqləri olmaqla yanaşı- təəssüb sözünün əvəzinə “fanatizm” kəlməsi də işlədilir.

İmana əngəl törədən amil

İnkar və ilhad əhli inananlara qarşı həmişə təəssübkeşlik etmişdir. Məsələn, Səadət əsrində kafir və münafiqlər öz batil yollarının təəsübünü çəkmiş, ulduzların səki daşı kimi ayaqlarının altına sərildiyi Kainatın İftixarına biganə qalmış, kor olub Onu görməmiş, kar olub Onu eşitməmişlər. Halbuki Ona (əleyhi milyon milyon əssalatü vəssalam) təəssübsüz baxsaydılar, təəssübsüz baxanların gördüyünü görərdilər. Onun ləl-cövhər sözlərinə azacıq qulaq versəydilər, doğru eşidən möminlərin eşitdiyini eşidərdilər. Bəli, münkir və mülhidlər Onun (əleyhissalatu vəssalam) təbliğ etdiyi həqiqətləri azca düşünsəydilər, doğru görər, doğrunu anlayar və o doğru yola tabe olardılar. Ancaq təəssüf ki, təəssüb, qərəz, kin və nifrət gözlərini tutdu, bütün gözəlliklərin üstünə pərdə çəkdi və onları inkara çəkib apardı.

Kibir, zülm, yanlış baxışla yanaşı, insanın iman etməsinə əngəl törədən və ya iman dairəsindən çıxmasına səbəb olan amillərdən biri də doğruluğuna, yanlışığına baxmadan ata-babaların yolunu kor-koranə təqlid etməkdir ki, əslində bu da təəssübkeşliyin bir şəklidir. Cahiliyyə dövrünün insanları da sırf ata-babalarından miras qalan cahiliyyət arqumentləri ilə İslama qarşı çıxırdılar. Hüdeybiyyə sülhündən əvvəl Mədinədən Kəbəni təvaf etməyə gələn möminlərə məhz bu təəssübkeşlik hissi ilə mane olmuşdular. Qurani-Kərim onların bu davranışını cahiliyyə qeyrəti (hamiyyəti-cahiliyyə) adlandırır. Onlar ənənələrinə xələl gəlməsin, ogünədək riayət etdikləri adətlər pozulmasın və ərəb qəbilələrinin gözündən düşməsinlər deyə bu təəssüb yolunu seçmiş və müsəlmanları Məkkəyə buraxmamışdılar.

Əslində, hal-hazırda da bu cür hadisələrlə qarşılaşırıq. Məsələn, elə ki siz dininizlə, səmavi dəyərlərinizlə özünüzü ifadə etmək istəyirsiniz, bəziləri dərhal hərəkələnir, heç cür başa düşülməyən sərtlik və kobudluqla sizə mane olmağa çalışırlar. Hətta siz dövlətinizi yer üzündə güclü mövqeyə yüksəltmək məqsədilə planlar cızıb layihələr ortaya qoysanız, ölkənizi dünyanın ən etibarlı, ən firavan, ən güclü dövlətinə çevirmək üçün çalışıb-çabalasanız, yenə də bəzi insanlar vərdiş etdikləri adətlərə toxunduğunuza görə sizə mane olmağa çalışacaq və sizin haqqınızda: “Bunlar ölkəni iqtisadi cəhətən gücləndirmək, maddi rifahı təmin etmək və ya bu milləti zirvələrə yüksəltmək bəhanəsi ilə dəyərlərimizə xələl gətirmək istəyirlər” deyəcəklər. Siz onların Marksist, Leninist, Stalinist və s. anlayışlarına bir söz deməsəniz, “ikona”larına ilişməsəniz də, sizin anlayış və düşüncəniz cəmiyyət tərəfindən qəbul edildiyinə görə onlar özlərini dəyərsiz hiss edəcək və sizin həyata keçirdiyiniz bu fəaliyyətlərlə onları və onların dəyərlərini qəsdən unutdurmağa çalışdığınızı düşünəcəklər. Hətta əgər siz birbaşa cənnətə aparan yollar açsanız, bəzi insanlar yenə də “Bununla bizim ideologiyamızı unutdurmağa çalışırlar”, deyəcəklər. Bu hərəkət və davranışların kökündə məhz cahiliyyə qeyrətindən qaynaqlanan təəssübkeşlik dayanır.

Hər tərəfə yayılan amansız mərəz

Bu cahiliyyə adəti ilə nəinki öz ölkənizdə, digər ölkələrdə də qarşılaşa bilərsiniz. Hətta belə demək mümkünsə, təəssübün konkret yeri-yurdu yoxdur. Bu çirkin xüsusiyyət fərqli anlayış və düşüncəyə malik insanlara da sirayət edə bilər. Hətta zahirən dindar olan bəzi insanlarda belə bu təəssübün təsirini görmək mümkündür. Belə ki, bəziləri Allah rizası üçün deyil, bəsit bilgilərinə əsaslanaraq hər şeyi dar görüş və dar düşüncəsi ilə qiymətləndirir və dolayısilə təfərrüata aid bir çox məsələlərə sərt münasibət göstərir.

Bu gün guya din uğrunda törədilən kamikadze cinayətləri də – əgər bəzi qüvvələr bu işi görənlərin ağlını, iradəsini dərman və ya illüziya ilə ələ keçirib robotlaşdırmamışsa – bu kor-koranə təəssübün nəticəsidir. Bəli, bu dəhşətli mərəzin köləsinə çevrilən insanlar “haqq” uğrunda özləri də bilmədən öz mənəvi həyatlarını məhv edirlər. Çünki üstünə bağladığı bombalarla intihar edib uşaq, qadın, qoca demədən məsum insanların canına qıyanlar cənnətə deyil, cəhənnəmə getməyə haqq qazanırlar. Cənnət yolunda olmaq və başqalarını da bu yola səsləmək dura-dura cəhənnəmə yuvarlanmaq nə acı aqibətdir!

Haqda səbat və ya dini səlabət

Əslində mömində təəssüb olmamalıdır. Çünki mömin haqpərəstdir. Onun vəzifəsi haqqı ayağa qaldırmaq, ucaltmaqdır. Odur ki, haqqa könül vermiş bir insanın haqqa qarşı çıxması, haqqa inadkarlıq etməsi, onu dəyərsiz görməsi mümkün deyildir. Bu, haqqa hörmətsizlik olardı. Buna görə də mömində təəssüb deyil, dini səlabət olmalıdır.

Səlabət bir məsələdə, işdə möhkəm və dözümlü olmaq, ayağı yerə möhkəm basmaq və beləcə zərrə qədər büdrəməmək üçün qətiyyət göstərmək deməkdir. Sərtlik və dözümsüzlük isə səlabət deyil. Dini səlabət bir insanın şərait və hadisələr nə qədər dəyişirsə-dəyişsin, İslamın bütün hökmlərinə əməl etməkdə qərarlı və səmimi olması deməkdir. Başqa sözlə, dini səlabət aləm dəyişsə də, bütün insanlar başqalaşsa da, hər kəs dünyanın cazibədar gözəlliklərinə uysa da, möminin bütün hərəkət və davranışlarında Allahın rizasını axtarması, dinin heç bir əmrinə biganə yanaşmaması və heç bir şəraitdə dəyişməməkdə qərarlı olmasıdır.

Dini səlabətə yiyələnmək üçün mömin təqlidi imandan təhqiqi imana keçməyə çalışmalı, sonra da imanda mütəmadi kamilləşməyə can atmalı və hər məsələni əqli-səlim və mühakimə süzgəcindən keçirərək möhkəm elmi əsaslara söykənməyi bacarmalıdır. Bu mərifət yoluna qədəm qoymuş bir insan hər hadisədə Allaha sığınar, təqvadan yapışar, səbəblərə riayət edər, hər addımını təmkinlə atar, hiylələrə aldanmaz və əsla hislərlə hərəkət etməz. Çünki onun ruhunda hər məsələdə ona yol göstərən mərifət, məhəbbət və eşqü-iştiyaq pətəyi var. Bu baxımdan təəssüb daha çox təqlidçilərin və qulaqdandolma məlumatlarla ömür sürənlərin hərəkət və davranışlarında özünü göstərir. Bəli, bir mömin həyatını təəssübdən uzaq, dini səlabət mehvərində davam etdirmək üçün ilk növbədə Quran və sünnədə keçən təməl əsasları çox yaxşı öyrənib mənimsəməli, sonra biliyini bu iki müqəddəs süzgəcdən keçirməli, sələfi-salehinin pak ictihad və istinbatlarını Kitab və sünnədən anladıqlarına əlavə etməli, başqa sözlə elm və fəzilətdə üstün üləmanın “mənəvi icma” sayılan ortaq fikirlərini nəzərə almalıdır. Bu mərhələləri arxada qoyandan sonra da əllərini uca dərgaha açıb: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə ilahi dərgahından bir mərhəmət bəxş et” (“Ali-İmran” surəsi, 3/8) duası ilə hər seçim və qərarında Cənabi-Allaha sığınmalıdır.

Təəssüb nə qədər çirkin xüsusiyyətdirsə, dini səlabət bir o qədər bəyənilən vəsfdir. Çünki səlabət dini yıxılmadan, yolu itirmədən, mətanətlə və əzmlə yaşamaq deməkdir. Əslində təəssübkeş bir insanın dini səlabətdəki qədər dözümlü və mətin olması, qətiyyət göstərməsi müşkül məsələdir. Çünki o məntiq və mühakimə ilə deyil, hisləri ilə hərəkət edir. Dolayısilə, bu gün bir ideologiya uğrunda təəssübkeşlik edənlər sabah da ayrı bir ideologiya naminə təəssübkeşlik edə bilərlər. Məsələn, belələri dünən hər şeyi cismaniyyət və madiyyatdan ibarət görən bir ideologiyanı təəssüblə müdafiə edirdilərsə, bir də baxırsınız ki, indi də spiritualizmin təbliğatı ilə məşğuldurlar. Ancaq Səadət əsrində yaşamış bir mömin əsas dəyərlər etibarilə hansı mövqedə dayanmışsa, dörd əsr sonra, on dörd əsr sonra gələn bir mömin də eyni mövqeyi davam etdirir.

Zamanın və şəraitin tələbinə görə ortaya qoyulan istinbat[3] və ictihatlara gəlincə, o, ayrı məsələdir və dini səlabətlə təzad təşkil etmir. Belə ki, Qurani-Kərim alimlərin istinbat etdiyini xəbər verir. (Bax: “Nisa” surəsi, 4/83) Bu səbəbdən Quran və Sünnəyə əsaslanaraq, sələfi-salehinin yol və metodundan istifadə edərək zamanın və şəraitin meydana gətirdiyi boşluqları doldurmaq inkişafın göstəricisidir. Ancaq bu inkişaf başqlaşmaqdan, özünü bəyəndirmək üçün fantaziyalar uydurmaqdan, bir məsələnin ağlabatan, məntiqli olub-olmamasına baxmadan təəssübkeşlik etməkdən tamamilə fərqlənir. O, məhdud nəslərlə[4] sonsuzluğa baş vurmaqdır, İslamiyyətin ümumbəşəriliyidir.

[1] Mübsərat aləmi – Gözlə görünən məxluqat aləmi.
[2] Məsmuat aləmi – Qulaqla eşidilən aləm.
[3] İstinbat – Müctəhid və ya böyük bir alimin ictihadla bir mənanı üzə çıxarması.
[4] Nəss – Quran və sünnədə açıq-aydın, dəyişməz, qəti hökmlər.




Şərh yaz