Mənəviyyata Açılan Pəncərə

Təmizlik imanın yarısıdır

Namaza başlamazdan əvvəl edilən təmizlik namazın açarıdır. Bu səbəbdən bu təmizliyini yerinə yetirə bilməmiş insan demək ki namaza girə bilməmişdir. “İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” (Tövbə, 9/108) ayəsi namaza hazırlıq mövzusunda təmizliyə, bu səbəbdən dəstəmaza çox əhəmiyyət verən Quba əhli haqqında nazil olmuşdur. Hz. Ənəs (radıyallahu ənh), Allah Rəsulunun (sallallahu əleyhi və səlləm), Quba əhalisinə: “Allah təmizlik barəsində sizi öyür. Bu nədən irəli gəlir?” deyə soruşduqda, onların: “Biz istinca edərkən daş ilə suyu birləşdiririk. (əvvəl daşla silib ardınca da su ilə yuyuruq)” dediklərini rəvayət edir. (İbn Kəsr, Təfsir, 4/154.) Bəli, daxili təmizlik və təmizliyin dəstəmaz vasitəsi ilə bədənin xaricini də təmizləməsini təmin edən mömin nəticə etibarilə Allahın sevdiyi bir insandır.

Yerinə yetirilən təmizlik ilə bir yandan əl-ayaq, saç-saqqal.. kirdən-pasdan təmizlənərkən, digər yandan da dopdolu olduğu məna ilə qəlb, pis əxlaqa aid xüsusiyyətlərdən sıyrılıb yüksəklərə qanad açar. Beləcə sirr, Cənabi-Haqqdan gələn şeylər qarşısında mücəlla(parlaq) bir şahid halına gələr və saflığını qoruyar. Məhz belə bir təmizlik ilə imanın yarısı əldə edilmiş olar ki, Allah Rəsulunun: “Təmizlik imanın yarısıdır.” (Müslim, Təharət 1; Tirmizi, Daavat 91) sözünün həqiqəti burada ortaya çıxır. Geriyə qalan yarısı isə, imanın könüldə yaradılması məsələsidir ki, o da bütünlüklə Cənabi-Haqqa aiddir. İnsan Rəbbinə ibadət etmə niyyəti ilə belə bir təmizlik içərisinə girdikdə içindəki his-pas silinər və iman etməyə mühəyya(hazır) hala gələn bu qəlbdə də Cənabi-Haqq iman məşəlini alovlandıracaq.

Exit mobile version